Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4675/2024 16.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək istifadəsində olan 3 sot torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması və çıxarışın verilməsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələlər Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə bir vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Artyom rayon (indiki Xəzər rayonu) X6 İcraiyyə Komitəsinin xx.xx.1965-ci il tarixli 13 nömrəli qərarına əsasən atası X7 fərdi yaşayış ev tikmək üçün Bakı şəhər İcraiyyə Komitəsinin qərarı ilə Binə qəsəbəsi Bünyadzadə küçəsi 2-ci döngə 89 saylı sahədə 3 sot torpaq sahəsi ayrılmışdır. Atasının adına olan torpaq sahəsinin Artyom Rayon Dövlət arxivində qeydiyyatda olması barədə arxiv arayışı ASAN xidmətdən alınmışdır. Qeyd olunan torpaq sahəsinin üzərində hüquqların dövlət qeydiyyata alınması ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyata alınmasından imtina edilməsi barədə xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, həmin torpaq sahəsi Donuzkökəltmə sovxozunun ərazisində yerləşdiyindən o cümlədən Kadastr məlumatlarına əsasən torpağın faktiki ünvanı Rizvan Məmmədhüseynov olduğundan qeyd olunan torpağın dövlət qeydiyyatına alınması mümkünsüz hesab edilmişdir. Baxmayaraq ki atasına ayrılan torpaq sahəsinin Donuzkökəltmə sovxozuna heçbir aidiyyatı olmaması Xəzər rayon İcra hakimiyyətinin verdiyi yerləşmə sxemi ilə tam sübuta yetirilmişdir. Lakin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi yerləşmə sxeminin olmasına, həmçinin torpaq sahəsinin 1965-ci ildə verilmiş qərarına əsasən Bünyadzadə küçəsində yerləşməsini gözardı edərək əsassız olaraq qeydiyyata alınmasını imtina etmişdir. Atasına məxsus olan torpaq sahəsinə bitişik qonşusu X1 məxsus 0.0089 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi xx.xx.2022-ci il tarixdə qeydiyyata alınaraq çıxarış verilmişdir. Ona isə imtina məktubu yazılır. Bununla yanaşı torpağının qeydiyyata alınması ilə əlaqədar xx.xx.2023-cü il tarixdə müraciət etsə də ona imtina məktubu 4 aydan sonra göndərilir. Bir daha ona aydın oldu ki, yuxarıda qeyd etdiyi qurum qanunla ona verilmiş və uzun müddət istifadəsində olan torpaq sahəsini qeydiyyata almaq istəmir. Mən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələlər Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin bu özbaşnalığını görüb məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı müvafiq iddia tələbi ilə bağlı xx.xx.2021-ci, xx.xx.2022-ci il və və xx.xx.2023-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və müvafiq cavab məktubları ilə cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi Donuzkökəltmə Sovxozunun ərazisində yerləşir. Həmçinin təqdim edilən xx.xx.1965-ci il tarixli, 13 nömrəli qərarla ayrılmış torpaq sahəsinin ünvanı Bünyat-zadə küçəsi 2-ci döngə, 89 saylı sahə kimi qeyd olunsa da, elektron kadastr məlumatlarına əsasən torpağın faktiki ünvanı Rizvan Məmmədhüseynov küçəsidir. İdarənin mütəxəssisləri tərəfindən göstərilən torpaq sahəsinə yerli baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin faktiki ölçüsü 700 kv.m təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddələrini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Binə qəsəbəsi, Rizvan Məmmədhüseynov küçəsində yerləşən 300 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun mərhum atası X5 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icarata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 18 yanvar 2024-cü il tarixli, 3-48-2F/2-277/2024 nömrəli məktubu ilə göndərilmiş keçmiş Artyom rayon ZDS İK-nin arxiv fondu üzrə xx.xx.1965-ci il tarixli, 13/171 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışından görünür ki, Binə qəsəbəsindəki Bünyatzadə küçəsi, 1 №-li döngə, 16 №-li evdə yaşayan "Bakelektroavtomat" zavodunda işləyən X5 Binə qəsəbəsində fərdi ev tikməkdən ötəri, Bakı şəhər soveti icraiyyə komitəsinin qərarı ilə ayrılmış massiv Bünyatzadə küçəsi, 2N№-li döngə 89 №-li 300 kv. metrdən ibarət torpaq sahəsi təhkim edilsin. Məhkəmə sorğusuna cavab olaraq Xəzər rayon İcra Hakimiyyəti Baçşısının Binə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-12-6/2- 16/2024 nömrəli məktubunda bildirilmişdir ki, Binə qəsəbəsində (ayrı-ayrılıqda) Bünyatzadə küçəsi və Rizvan Məmmədhüseynov küçəsi mövcuddur. Bünyatzadə küçəsinin adı 2021-ci ildə dəyişdirilərək "Şah bulağı" küçəsi kimi adlandırılmışdır və Bünyatzadə küçəsinin adı Rizvan Məmmədhüseynov küçəsinin adına dəyişdirilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı şəhəri Xəzər Rayon icra Hakimiyyətinin başçısının İ müavininin xx.xx.2024-cü il tarixli 5-12/2-129/2024 nömrəli məktubu ilə göndərilmiş keçmiş Əzizbəyov rayon ZDS İK-nin arxiv fondu üzrə xx.xx.1965-ci il tarixli, 13/171 nömrəli Qərarı ilə Binə qəsəbəsində X5 ayrılmış 89 saylı torpaq sahəsinə dair tərtib edilmiş yerləşmə sxeminin təsdiq edilmiş surəti və ona əsas olmuş sənədlərdən görünür ki: -Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusu X4 xx.xx.2021-ci il tarixli 323 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri 31 saylı notariat ofisinə, xx.xx.1989-cu il tarixdə vəfat etmiş X9 miras qalmış Bakı şəh, Binə qəs, Bünyatzadə küç, dön., sahə № 89-da 300kv.m. torpaq sahəsinə dair vərəsə İddiaçı və X2 ərizəsi qəbul edilmişdir və vərəsə kimi tanınmışdır. İcraatda olan vərəsəlik işi ilə əlaqədar olaraq miras qalmış əmlaka dair mərhumun adına çıxarış verilməsinə etiraz etmirik. -Artyom rayon ZDS İK-nın 13/171 saylı xx.xx.1965-ci il tarixli qərarı ilə Binə qəsəbəsində X5 ayrılmış torpaq sahəsinin yerləşmə sxemindən görünür ki, torpaq sahəsinin koordinatları X=423559.63 Y=4478283.25, ümumi sahəsi 300 kv.m təşkil edir. Sxem Xəzər Rayon İcra Hakimiyyəti Təsərrüfat şöbəsinin memarı C.Ələkbərli və Xəzər RİHB-nın Binə İƏD üzrə nümayəndəsi vəzifəsini müvəqqəti icra edən Ə.Əlisoy tərəfindən imzalanmış və Binə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyə və Xəzər Rayon İcra Hakimiyyətinə aid möhürlə təsdiqlənmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim edilmiş xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 300 kv.m, faktiki 700 kv.m, 400 kv.m artıqdır. Torpaq sahəsinin sərhədləri mişar daşı ilə hasarlanıb. Yaşayış evi və həyət tikilisi mövcuddur. Məhkəmə sorğusuna cavab olaraq Xəzər rayonu İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 5-12/2-1285/2024 nömrəli məktubunda bildirilmişdir ki, sorğunuza əsasən Əzizbəyov rayon ZDS İK-nın xx.xx.1965-ci il tarixli, 13/171 nömrəli Qərarı ilə Binə qəsəbəsində X5 ayrılmış 89 saylı torpaq sahəsinə dair tərtib edilmiş yerləşmə sxeminin təsdiq edilmiş surəti və ona əsas olmuş sənədlər xx.xx.2024-cü il tarixli, 5-12/2-129/2024 nömrəli məktubla Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Qeyd olunan sənədlər təkrarən məhkəməyə təqdim olunur. Digər sorğunuzla əlaqədar bildiririk ki, Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məlumatına əsasən Əzizbəyov rayon ZDS İKnın xx.xx.1965-ci il tarixli, 13/171 nömrəli qərarı ilə İddiaçı (mərhum X5 ayrılmış) ayrılmış torpaq sahəsi (X-423559, Y-4478283) Xəzər rayonu, Binə qəsəbəsi, R.Məmmədhüseynov küçəsində yerləşir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-39810/2023 nömrəli məktubunda bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi Donuzkökəltmə Sovxozunun ərazisində yerləşir. Həmçinin təqdim edilən xx.xx.1965-ci il tarixli, 13 nömrəli qərarla ayrılmış torpaq sahəsinin ünvanı Bünyat-zadə küçəsi 2-ci döngə, 89 saylı sahə kimi qeyd olunsa da, elektron kadastr məlumatlarına əsasən torpağın faktiki ünvanı Rizvan Məmmədhüseynov küçəsidir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Hazırkı işdən müəyyən olunur ki, iddiaçı xx.xx.1989-cu il tarixdə vəfat etmiş X3 vərəsəsi olmaqla Bakı şəh, Binə qəs, Bünyatzadə küç, dön., sahə № 89-da 300kv.m. torpaq sahəsinə hüquqların qeydiyyatı ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh orqan iddia olunan torpaq sahəsinin Donuzkökəltmə Sovxozunun ərazisində yerləşdiyi və bu əsasdan sovxoz torpağının ayrılmasına dair hüquqmüəyyənedici sənədlərin təqdilm edilmədiyini, eləcə də təqdim edilən xx.xx.1965-ci il tarixli, 13 nömrəli qərarla torpaq sahəsinin Bünyat-zadə küçəsi 2-ci döngə, 89 ünvanında ayrıldığə qeyd edilsə də torpağın faktiki ünvanı Rizvan Məmmədhüseynov küçəsi olduğunu əsas gətirərək müraciəti təmin etməmişdir. Hazırkı tələbində iddiaçı cavabdehin imtinasının əsasızlığını iddia edərək sözügedən torpaq sahəsinə hüquqların mərhum X5 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını inzibati məhkəmə icraatında mübahisələndirir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin imtina dəlillərini əsassız hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndinə əsasən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elekton çıxarış tərtib edilir. Sadalanan normalardan müəyyən olunur ki, daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə arayış dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən vərəsənin müraciəti əsasında əmlak üzərində hüquq sahibi olan şəxsin hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etmədən öldüyü halda verilir. Dolayısı ilə müvafiq arayışın verilməsi üçün ilk növbədə vəfat etmiş şəxsin müvafiq əşya üzərində qanun, müqavilə və s. əsasında əmələ gəlmiş əmlak hüquqları (mülkiyyət, sahiblik, istifadə, məhdud əşya hüquqları və s.) mövcud olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; -8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: -1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar hüququn qeydiyyatı üçün əsas hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə sərəncamları torpaq sahələrinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Hazırkı iş üzrə məhkəmə icraatında tədqiq olunmuş materiallarından görünür ki, Əzizbəyov rayon ZDS İK-nin arxiv fondu üzrə xx.xx.1965-ci il tarixli, 13/171 saylı qərarı ilə X5 Binə qəsəbəsində fərdi ev tikməkdən ötəri Bünyatzadə küçəsi, 2-ci döngə 300 kv. metr ölçüdə 89 №-li torpaq sahəsi ayrılmışdır. Sözügedən qərarla mərhum X5 ayrılmış torpaq sahəsinin naturada yerləşmə cizgisi hazırkı yerli icra hakimiyyəti tərəfindən tərtib edilmiş və cizgi Xəzər Rayon İcra Hakimiyyəti Təsərrüfat şöbəsinin memarı və Xəzər RİHB-nın Binə İƏD üzrə nümayəndəliyi tərəfindən imzalanmış, nümayəndəliyə və Xəzər Rayon İcra Hakimiyyətinə aid möhürlə təsdiqlənmişdir. Məhkəmənin sorğusuna cavabında torpaqayıran qurum olaraq Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti sözügedən ərazidə yerləşən torpaq sahəsinin yerləşmə cizgisinin iddiaçının ərizəsi və təqdim etdiyi icra hakimiyyətinin sərəncamı, notariat ofisinin məktubu əsasında hazırlandığını bildirmiş, həmin cizgini, cizginin verilməsinə əsas olmuş sənədlərin surətlərini məhkəməyə təqdim etməklə hazırda da həmin cizginin qüvvədə olduğunu bilavasitə təsdiq etmişdir. Cavabdeh hazırkı iş üzrə iddia olunan torpaq sahəsinin Donuzkökəltmə Sovxozunun ərazisinə aid olduğunu qeyd etsə də həmin torpaq sahəsinin yerli icra hakimiyyətinin idarəçiliyinə qaytarılmış torpaq sahəsi olmaması ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, hazırkı halda Xəzər rayon İcra Hakimiyyəti iddiaçıya məhz Artyom ZDS İKnin 13/171 saylı xx.xx.1965-ci il tarixli qərarı ilə ayrılmış torpaq sahəsinin cizgisini tərtib etməklə həm adıçəkilən qərarın hüquqi qüvvəsini, həm də ayrılmış torpaq sahəsinin naturada sovxoz torpağı deyil, məhz yerli icra hakimiyyətinin idarəçiliyində olmuş torpaq sahəsi olduğunu qəbul etmişdir. Əksini iddia edən hal isə cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Cavabdehin mütəxəsissləri tərəfindən yerində baxış edilərək torpaq sahəsinin faktiki ölçüləri, yerləşmə koordinatları müəyyən edilmiş, göstərilən sahənin “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla torpaq sahəsinin xüsusi mülkiyyət kimi qeydiyyata alınması ilə bağlı məlumat təqdim edilməmişdir. Bununla əlaqədar məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmə sorğusu ilə cavabdeh orqan tərəfindən xx.xx.2024-cü il tarixdə təqdim etdiyi iddia edilən torpaq sahəsinin yaxınlığında ən yaxın məsafədə qeydiyyatdan keçmiş **********43-10301, **********56-10301, **********81-10301 reyestr nömrəli daşınmaz əmlaklara dair reyestr məlumatlarından və hüquqmüəyyənedici sənədlərdən məlum olur ki, sözügedən torpaq sahələrinin ayrılmasına dair ilkin torpaqayırma sənədləri sovxoza aid sənədlər(torpaqayırma barədə əmr, təhkim aktları və s.) olmamışdır. Göründüyü kimi iddiaçı ilə qonşu olan torpaq sahəsi də yerli icra hakimiyyətinin sərəncamı ilə ayrılmış, həmin torpaq sahəsinin də yerləşmə cizgisi yerli icra hakimiyyəti tərəfindən tərtib edilmiş və cavabdeh orqan həmin qonşu torpaq sahəsinin Donuzkökəltmə sovxoz ərazisinə aid olması ilə bağlı dəlil irəli sürmədən təqidm olunan yerli icra hakimiyyətinin, eləcə də texniki pasportlara əsasən torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatını aparmışdır. Belə olan halda cavabdehin hazırkı iddiaçıya münasibətdə hüququ qeydiyyata almaqdan imtina əsası öz təsdiqini tapmır və bu hal ən azı iddiaçıya münasibətdə “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsi ilə nəzərdə tutulmuş (İİQnun 12.2-ci maddəsi: İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.) bərabərlik prinsipini pozduğunu deməyə əsas verir. Cavabdehin qeyd etdiyi digər dəlil-təqdim edilən xx.xx.1965-ci il tarixli, 13 nömrəli qərarla ayrılmış torpaq sahəsinin ünvanı Bünyat-zadə küçəsi 2-ci döngə, 89 saylı sahə kimi qeyd olunsa da, elektron kadastr məlumatlarına əsasən torpağın faktiki ünvanı Rizvan Məmmədhüseynov küçəsi olmasına gəlincə məhkəmə hesab edir ki qeyd edilən dəlil iddiaçının iddia edilən torpaq sahəsinə hüququn məxsusluğu barədə arayışın verilməsinə mane deyildir. Belə ki, məhkəmə qeyd edilən bu dəlili ilkin torpaqayırma sənədinin xx.xx.1965-ci il tarixli olmaqla, həmin tarixdən keçən müddət ərzində küçə adlarında dəyişikliyin baş verməsinin mümkün olması, iddia olunan torpaq sahəsinə dair yerləşmə cizgisini təqdim edən hüquqi varis yerli icra hakimiyyəti orqanı olan Xəzər rayon İcra Hakimiyyətinin məhz faktiki Rizvan Məmmədhüseynov küçəsində yerləşən torpaq sahəsinə dair yerləşmə cizgisi tərtib etdməsi və məhkəmə sorğusuna cavab olaraq Əzizbəyov rayon ZDS İK-nın xx.xx.1965-ci il tarixli, 13/171 nömrəli qərarı ilə mərhum X5 ayrılmış torpaq sahəsinin Xəzər rayonu, Binə qəsəbəsi, R.Məmmədhüseynov küçəsində yerləşməsini təsdiq etdiyini, naturada göstərilən torpaq sahəsinin ətrafında qeydə alınmış əmlakların da Xəzər rayonu, Binə qəsəbəsi, R.Məmmədhüseynov küçəsində yerləşdiyini nəzərə alaraq əsassız və faktiki uzun müddət istifadədə olmaqla üzərində fərdi yaşayış evi tikilmiş torpaq sahəsinə dair öz əhəmiyyətini itirmiş dəlil kimi qiymətləndirir. Beləliklə, iddiaçının təqdim etdiyi torpaqayırma sənədləri (qərar və yerləşmə cizgisi) qüvvədə olmaqla həmin sənədlərin məhkəmə icraatında mötbərliliyini istisna edəcək hər hansı hala rast gəlinməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının daşınmaz əmlak üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində İnzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməli, Artyom rayon ZDS İK-nın xx.xx.1965-ci il tarixli, 13/171 nömrəli qərarı ilə ayrılmış Binə qəsəbəsi, Rizvan Məmmədhüseynov küçəsində yerləşən 300 kv.m ölçüdə 89 saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdehə həvalə ediıməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Artyom rayon ZDS İK-nın xx.xx.1965-ci il tarixli, 13/171 nömrəli qərarı ilə ayrılmış Binə qəsəbəsi, Rizvan Məmmədhüseynov küçəsində yerləşən 300 kv.m ölçüdə 89 saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə arayışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-4675/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4675/2024
16.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver