Məhkəmə qərarları › İş №2-1(112)-4679/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4679/2025

23.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4679/2025 23.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı3 Abdul qızının və İddiaçı7, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Abdul qızı, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “icra vərəqəsinin icra edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Abdul qızı, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 icra vərəqəsinin cavabdehə aid hissədə tam icra edilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.

2. Tələb onunla əsaslandırılmışdır ki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) ünvanlanmış ünvan 2 icra vərəqəsi hər dəfə müxtəlif bəhanələrlə icra olunmur. Sonuncu dəfə verilmiş 30 oktyabr 2024-cü il tarixli, 3-21-3-30/2-44073/2024, **********73 saylı imtina məktubla, səbəb "icra vərəqəsinin 5-ci hissəsində qeyd olunan əmlaklar üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması" göstərilməklə icra vərəqəsinin qeyd olunan hissədə icrasından imtina edilib. İddiaçılar cavabdeh idarənin məhkəmənin icra vərəqəsinin icrasından imtinasını əsasız hesab etdiyi üçün məhkəmə müdafiəsinə müraciət etməklə cavabdeh idarənin qanunsuz hərəkət və hərəkətsizliyindən müdafiə olunmaq, icra vərəqəsinin icrasının vəzifə öhdəliyi olaraq bu cavabdeh idarənin üzərinə qoyulmasını istəyirlər.

3. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6279/2022 saylı mülki işi üzrə xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən məhkəmənin 2(103)-6279/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi tələbkarlar İddiaçı1, İddiaçı2, İddiaçı3 Abdul qızı, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7, borclular "xxxx" MMC, X3 olmaqla, icra olunması üçün Yasamal rayon İcra şöbəsinə göndərilmişdir.

4. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı3 Abdul qızı və İddiaçı7 iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü

6. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

7. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.

9. Məhkəmə tərəfindən müəyyən edildi ki, ünvan 2 qətnaməsinə əsasən verilmiş icra vərəqəsində göstərilir ki, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində "xxxx" MMC tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli yaşayış binasında “E” blokunun 16-cı mərtəbəsindəki ümumi sahəsi 170 kv.m. olan 4 otaqlı mənzilin, ümumi sahəsi 141 kv.m. olan 3 otaqlı mənzilin, ümumi sahəsi 120 kv.m. olan qeyri-yaşayış sahəsinin, ümumi sahəsi 40 kv.m. olan anbar sahəsinin və iki ədəd avtodayanacaq sahəsinin 14/26 hissəsi üzərində X2, qalan 12/26 hissəsi üzərində isə qalan vərəsələrin— İddiaçı1, İddiaçı3 Abdul qızının, İddiaçı4, X7, İddiaçı6, X5, İddiaçı2 Ədbül oğlunun, Əbdülova Ruhiyə X1, X6, X8 və X2 əmlak hüquqları tanınsın.

10. Cavabdeh qurum tərəfindən xx.xx.2024-cü il tarixli məktubla məhkəmə qərarının icra olunmasından imtina edilmiş, bildirilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(103)-6279/2022 saylı icra vərəqəsinin 5-ci hissəsində qeyd olunan əmlaklar üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından icra vərəqəsinin müvafiq hissədə icrası mümkün olmamışdır.

11. İddiaçıların hüquqi marağı qətnamənin onların mülkiyyətinə keçən əmlaklar - Bakı şəhəri Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində "xxxx" MMC tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli yaşayış binasında “E” blokunun 16-cı mərtəbəsindəki ümumi sahəsi 170 kv.m. olan 4 otaqlı mənzilin, ümumi sahəsi 141 kv.m. olan 3 otaqlı mənzilin, ümumi sahəsi 120 kv.m. olan qeyri-yaşayış sahəsinin, ümumi sahəsi 40 kv.m. olan anbar sahəsinin və iki ədəd avtodayanacaq sahəsinin müvafiq hissələrinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində adlarına qeydiyyata alınmasına yönəlib.

12. Göründüyü kimi iddiaçılar cavabdehin hərəkətlərindən şikayət edərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-6279/2022 saylı qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə cavabdeh orqanın hərəkətlərini mübahisələndirir və qətnamənin tam icra olunmasını tələb edirlər.

13. X18 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, X18 Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı, § 40-a baxın).

14. Belə ki, məhkəmə hüquqların xəyali deyil, praktik və səmərəli qorunmasını həyata keçirir. Məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38).

15. Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24).

16. Məhkəmə qeyd edir ki, qüvvədə olan məhkəmə qərarının icrasının təmin edilməsi iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında həyata keçirilməlidir.

17. İPM-in müvafiq maddələrinə əsasən: 117.1.1. qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında; 117.1.3. məhkəmə qərardadı ilə təsdiq edilmiş barışıq sazişi əsasında icra həyata keçirilir. 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya inzibati məhkəmə icraatı iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər.

18. Məhkəmə hesab edir ki, hazırkı iddiaya icra icraatı qaydasında baxılmalı olduğundan iddia mümkün sayılmamalıdır.

19. Odur ki, tələbkarlara (iddiaçılara) qüvvədə olan yekun məhkəmə aktının lazımi qaydada icra olunmamasına dair ərizə ilə (həmin işlə bağlı) məhkəmə qərarını qəbul edən məhkəməyə (Yasamal rayon Məhkəməsinə) müraciət etmək hüququ izah olunsun.

20. İddiaçılara səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

21. Məhkəmə hesab edir ki, konkret halda iddia tələbinin mümkün sayılmaması hüquq müəyyənliyi prinsipinə xidmət edir və bu səbəbdən məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılması qanuni məqsəd daşıyır.

22. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

23. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar