Məhkəmə qərarları › İş №2-1(112)-468/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-468/2022

10.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-468/2022 10.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı sərəncamın ləğv edilməsi barədə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı Bakı şəhər İcra Hakimiyytinin 02 saylı, 03.01.2019-cu il tarixli sərəncamının ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin 328 saylı, 16.05.2018-ci il tarixli sərəncamı ilə İddiaçı MTK-ya (İddiaçı MMC-nin hüquqi varisi) ünvan 1 ünvanda yaşayış binalarının tikintisinə icazə verilmişdir. Həmin Sərəncamda Bakı şəhər İcra Hakimiyyətinin 07.02.2018-ci il tarixli Sərəncamına istinad edilir ki, bu Sərəncamda da İddiaçı MMC”-yə yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilməsi nəzərdə tutulmuşdur. Tikinti işlərinin qeydə alınması ilə bağlı Azərbaycan Respulikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “Tikintilərin Dövlət Reyestri Tikinti obyektlərinə verilən koda dair” AZE 001494 saylı Şəhadətnaməsi və 21.05.2018-ci il tarixli, 250 saylı “Xüsusi Nişan”ı da, verilmişdir. Sənədlərdən göründüyü kimi, ünvan 1 ünvanda 3 ədəd, 19 mərtəbəli yaşayış binasının tikintisi ilə bağlı bütün prosedurlara tam əməl olunmuş, bütün zəruri sənədlər və razılaşmalar əldə edilmiş, tikintinin aparılmasına icazə alınmış, binanın layihəsi və binanın tikintisi ilə bağlı 27.02.2018-ci il tarixli, 13355 saylı “İnşaat Pasport”u təsdiq edilmiş, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03- 8/1631 saylı, 17.05.2018-ci il tarixli məktubu ilə 52 saylı, 16.05.2018-ci il tarixli “Obyektin tikintisinə icazə” sənədi verilmiş, bütün orqanlardan və kommunal idarələrdən razılaşmalar alınmış, binanın istismara hazır olması barədə Azərbaycan Respublikası «Fövqəladə Hallar Nazirliyinin Ö/003582 saylı Aktı da, alınmışdır. Bina tam inşa edilərək sakinlərin istifadəsinə verilmiş və binanın bir hissəsində sakinlər artıq məskunlaşmışdır. İddiaçı MTK tərəfindən 25.09.2020-ci il tarixdə 228 saylı məktubla Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə binanın mühəndisqurğularının icra cizgilərinin qəbulu barəsində müraciət edilmiş və məlum olmuşdur ki, Bakı şəhər İcra Hakimiyyətinin tikintiyə icazə barədə 328 saylı, 16.05.2018-ci il tarixli Sərəncamı artıq qüvvədə deyildir. İddiaçı MTK tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə müraciət edildikdə 26.10.2020-ci il tarixli, 7-2002/17 saylı məktubla bildirilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin 328 saylı, 16.05.2018-ci il tarixli Sərəncamı Bakı şəhər İcra Hakimiyyətinin 02 saylı, 03.01.2019-cu il tarixli Sərəncamı ilə ləğv edilmişdir. Hesab edirlər ki, Sərəncamın Bakı şəhər İcra Hakimiyyəti təəfındən bu cür ləğvi formal xarakter daşımışdır. Belə ki, Bakı şəhər İcra Hakimiyyətinin 102 saylı, 28.03.2019-cu il tarixli Sərəncamına əsasən İddiaçı MTK-ya “Elektrik və qaz xəttlərinin çəkilməsi ilə əlaqədar asfalt örtüyünün sökülməsi və bərpası barədə” icazə verilmişdir və bu Sərəncamda görüləcək işlər bilavasitə qeyd edilmişdir. Halbuki, bu Sərəncam mübahisə predmeti olan Bakı şəhər İcra Hakimiyyətinin 02 saylı, 03.01.2019-cu il tarixli Sərəncamından 3 ay sonra verilmişdir. Əgər Bakı şəhər İcra Hakimiyyəti tikintiyə icazə barədə olan müvafiq Sərəncamı ləğv etmişdirsə, nə səbəbdən 3 ay sonra elə həmin binaya elektrik və qaz xəttlərinin çəkilməsi ilə əlaqədar asfalt örtüyünün söklməsi və bərpası barədə icazə vermək barədə Sərəncam qəbul etmişdir. Sonradan iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək, Bakı şəhər İcra Hakimiyyətinin 02 saylı, 03.01.2019-cu il tarixli sərəncamının 328 saylı, 16.05.2018-ci il tarixli sərəncamına aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsində göstərilən qaydada tərəflərə lazımı qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxıla bilər. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak etmiş şəxslərin mülahizələrinə və dəlillərinə qiymət verərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan İddiaçı MTK-nın Nizamnaməsinin surətindən görünür ki, Nizamnamə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanınd Milli Gəlirlər Departamentinin X8 Qeydiyyatı İdarəsi tərəfindən 24.05.2019-cu il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Nizamnamənin 1.1-ci bəndinə əsasən İddiaçı (bundan sonra – Kooperativ) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə, qüvvədə olan digər qanunvericiliyə və bu Nizamnaməyə müvafiq olaraq yaradılmış və fəaliyyət göstərir. Nizamnamənin 1.2-ci bəndinə əsasən Kooperativ 06.10.2006-cı il tarixdə, ********** nömrəsi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisidir. İşdə olan Azərbaycan Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən 24.05.2019-cu il tarixli, **********582600 nömrəli Çıxarışdan görünür ki, Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X8 qeydiyyatı idarəsi tərəfindən İddiaçı, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan Bakı şəhər İcra Hakimiyyəti başçısının 63 saylı, 07.02.2018-ci il tarixli İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” Sərəncamının surətindən görünür ki, Sərəncamın 1-ci bəndinə əsasən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin 27.01.2018-ci il tarixli, 03 saylı müraciəti və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 26.01.2018-ci il tarixli, Seriya RX № ******* saylı çıxarışı nəzərə alınaraq, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 103 saylı ünvanda İddiaçı MMC-nin təsisçisi vət.X2 mülkiyyətində olan 0.3498 ha torpaq sahəsində yaşayış binalarının tikintisinin layihələndirilməsinə həmin MMC-yə icazə verilmişdir. İşdə olan Bakı şəhər İcra Hakimiyyəti başçısının 328 saylı, 16.05.2018-ci il tarixli “Bakı şəhər İcra Hakimiyyətinin layihələndirmə ilə əlaqədar sərəncamını nəzərə alaraq, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə yaşayış binalarının tikintisinə icazə verilməsi haqqında” Sərəncamının surətindən görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin 14.05.2018-ci il tarixli, 33 saylı müraciətini, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 75.1 və 75.6-cı maddələrini və Bakı şəhər İcra Hakimiyyəti Başçısının 07.02.2018-ci il tarixli, 63 saylı sərəncamını nəzərə alaraq, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 103 saylı ünvanda yaşayış binalarının tikintisinə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə icazə verilmişdir. İşdə olan Bakı şəhər İcra Hakimiyyəti başçısının 102 saylı, 28.03.2019-cu il tarixli sərəncamının surətindən görünür ki, Memarlıq və Şəhərsalma baş idarəsi tərəfindən verilmiş sxemə, “Azəriqaz” İB-nin və "xxxx" ASC-nin verdiyi texniki şərtlərə əsasən, ünvan 4 ünvanda tikilən yaşayış binasına elektrik və qaz xətlərinin çəkilməsi məqsədilə İddiaçı MMC-yə elektrik və qaz xətlərinin çəkilməsi ilə əlaqədar asfalt örtüyünün sökülməsi və bərpası haqqında sərəncam qəbul edilmişdir. İşdə olan Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhrəsalma Baş İdarəsi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 18/04-116 nömrəli, 28.03.2018-ci il tarixli məktubun surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 07.02.2018-ci il tarixli, 63 saylı sərəncamı, 13355 saylı inşaat pasportu və 27.03.2018-ci il tarixli, 18/03-8/758 saylı məktubla razılaşdırılmış şəhərsalma əsaslandırılması əsasında Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 103 saylı ünvanda tikintisi nəzərdə tutulan yaşayış binalarının təqdim olunmuş memarlıq-planlaşdırmasının eskiz həllinə baxılaraq (3 ədəd 1 girişli 19 mərtəbəli + LMŞ,1-ci mərtəbələri – qeyri-yaşayış sahələri, ümumi 2 səviyyəli zirzəmi mərtəbəsi və həyətin altı – avtodayanacaq; "xxxx" MMC-nin işi, LBM M.Əsgərov) razılaşdırılır. Obyektin lisenziya əsasında memarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən hazırlanmış tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi razılaşdırılmaq üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim olunmalıdır. İşdə olan Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən İddiaçı MMC-yə ünvanlanış 18/04-139 nömrəli, 16.04.2018-ci il tarixli məktunun surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 07.02.2018-ci il tarixli, 63 saylı sərəncamı, 13355 saylı inşaat pasportu və 28.03.2018-ci il tarixli, 18/04-116 saylı məktub əsasında Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 103 saylı ünvanda tikintisi nəzərdə tutulan yaşayış binalarının təqdim olunmuş işçi layihəsinə baxılaraq (3 ədəd 1 girişli 19 mərtəbəli + LMŞ, 1-ci mərtəbələri – qeyri-yaşayış sahələri; ümumi 2 səviyyəli zirzəmi mərtəbəsi və həyətin altı – avtodayanacaq; "xxxx" MMC-nin işi, LBM M.Əsgərov) onun memarlıq hisəssi razılaşdırılır. İşdə olan Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhrəsalma Baş İdarəsi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 18/03-8/1631 nömrəli, 17.05.2018-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı MMC-nin 14.05.2018-ci il tarixli, 33 saylı məktubuna cavab olaraq, ünvan 5 ünvanda İddiaçı Məhdud Məsuliyyətinə yaşayış binalarının tikintisinə icazə verilməsi barədə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 16.05.2018-ci il tarixli, 328 saylı sərəncamı və 16.05.2018-ci il tarixli, 52 saylı “Obyektin tikintisinə icazə” 13355 saylı inşaat pasportuna əlavə edilməsi üçün İddiaçı MMC-yə göndərilmişdir. İşdə olan 52 saylı, 16.05.2018-ci il tarixli obyektin tikintisinə icazə sənədindən görünür ki, ünvan 7 ünvanında İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilmişdir. İşdə olan Fövqəladə Hallar Nazirliyinin Tikinti Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin nümayəndəsi, sifarişçi və podraçı İddiaçı MMCnin nümayəndəsi və layihəçi "xxxx" MMC-nin nümayəndəsi tərəfindən təsdiq edilmiş Ö/003582 nömrəli,17.02.2020-ci il tarixli istismara hazırlıq aktının surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin 16.05.2018-ci il tarixli, 52 saylı Tikintiyə İcazə sənədi əsasında ünvan 10 ünvada 3 ədəd, hər biri 1 girişli, 2 səviyyəli zirzəmi, 19 mərtəbəli yaşayış binalarının əsas göstəriciləri - 3 ədəd, hər biri 1 girişli, 2 səviyyəli zirzəmi, 19 mərtəbəli yaşayış binası: tikintialtı sahəsi S = 1904.1 m3, binanın ümumi sahəsi S = 47100.0 m2, həcmi V = 154771.1 m3, zirzəmi mərtəbədə qarajların ümumi sahəsi S = 5542.0 m2 qeyri-yaşayış sahəsi S = 1490.0 m2, mənzillərin ümumi sahəsi S = 30360.6 m2, yaşayış sahəsi S = 14320.8 m2, mənzil sayı 324 ədəd təsdiq edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura komitəsi tərəfindən “Tikintilərin Dövlət Reyestri Tikinti obyektlərinə verilən koda dair” AZE seriyalı, 001494 nömrəli Şəhadətnamənin surətindən görünür ki, şəhadətnamə İddiaçı MMC-nin yaşayış binalarına Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 103, 001494 nömrəli, 11 iyun 2018-ci il tarixli informativ və statistik xarakterli – 0010000-1-1101- 001494/0618 kodu verilmişdir. İşdə olan Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi “Tikinti işlərinə başlanılması üçün əsas olan” 250 saylı, 21.05.2018-ci il tarixli Xüsusi Nişanından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 7 fevral 2018-ci il tarixli, 63 saylı və 16 may 2018-ci il tarixli, 328 saylı sərəncamları, Memarlıq və Şəhərsalma Baş İdarəsinin 16 aprel 2018-ci il tarixli, 18/04-139 saylı məktubu, Azərbaycan Respublikası FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət Ekspertiza Baş İdarəsinin 1 may 2018-ci il tarixli, 37/34- 00754 saylı məktubuvə 26 aprel 2018-ci il tarixli, 25226 saylı müsbət rəyi əsasında Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 103 ünvanında yerləşən yaşayış binaları/3 ədəd 1 girişli 19 mərtəbəli (+liftin maşın şöbəsi), 1-ci mərtəbələri qeyri-yaşayış sahələri, ümumi 2 səviyyəli zirzəmi mərtəbəsi və həyətin altı avtodayancağa xüsusi nişan verilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən İddiaçı Mənzil Tikinti Kooperativinin sədrinə ünvanlanmış 09.10.2020-ci il tarixli, 02/4001 nömrəli məktubdan görünür ki, ünvan 10 ünvanında 3 girişli, 19 mərtəbəli yaşayış binalarının mühəndis-qurğularının icra cizgilərinin qəbulu barədə 25.09.2020-ci il tarixli, 228 nömrəli məktuba baxılaraq bildirilmişdir ki, yuxarıda qeyd olunan ünvanda yaşayış binalarının ərazidə yerləşdirilməsinin mümkünlüyünə dair işlənilmiş şəhərsalma əsaslandırılması həmçinin Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin 75.1-ci bəndinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, 75.1-1-ci bəndinə əsasən tikintiyə icazə üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, 75.2-ci bəndinə əsasən tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına müraciət və 75.2.1, 75.2.2, 75.2.3 və 75.3-cü bəndlərinin tələblərinə uyğun tikintiyə icazənin verilməsi üçün nəzərdə tutulan sənədlər tam tərkibdə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim edildikdən və həmin binalara müvafiq qaydada tikintiyə icazə verildikdən sonra qaldırılan məsələyə yenidən baxılacaqdır. İşdə olan Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatı tərəfindən İddiaçı MTK-nın sədrinə ünvanlanış 7-2002/17 nömrəli, 26.10.2020-ci il tarixli məktubdan görünür ki, müvafiq sərəncamın qüvvədə olub-olmaması barədə Bakı şəhər İcra Hakimiyyətinə daxil olmuş məktuba əsasən bildirirlər ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının ünvan 10 ünvanında İddiaçı MMC-yə yaşayış binalarının tikintisinə icazə verilməsinə dair 328 saylı, 16.05.2018-ci il tarixli sərəncamı Bakı şəhər İcra Hakimiyyəti başçısının 02 saylı, 03.01.2019-cu il tarixli sərəncamı ilə ləğv olunmuşdur. İşdə olan məhkəmənin sorğusuna əsasən Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatı tərəfindən 7-1554/17 nömrəli, 06.05.2021-ci il tarixli məktubla təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısının “Bakı şəhər İcra Hakimiyyətinin bir sıra sərəncamlarının ləğv edilməsi haqqında” 03.01.2019-cu il tarixli, 02 saylı sərəncamının təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 06.06.2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 2.6, 2.7 və 6.8-ci bəndlərini rəhbər tutaraq qərara alnmışdır ki: Bakı şəhər İcra Hakimiyəyti başçısı Aparatı rəhbərinin qanunvericiliyə əsasən imza səlahiyyəti olmadan imzaladığı 321 saylı, 10.05.2018-ci il tarixli; 322 saylı, 14.05.2018-ci il tarixli; 328 saylı, 16.05.2018-ci il tarixli; 329 saylı, 16.05.2018-ci il tarixli; 331 saylı, 18.05.2018-ci il tarixli; 337 saylı, 24.05.2018-ci il tarixli; 338 saylı, 24.05.2018-ci il tarixli; 339 saylı, 24.05.2018-ci il tarixli; 340 saylı, 25.05.2018-ci il tarixli; 347 saylı, 31.05.2018-ci il tarixli; 349 saylı, 06.06.2018-ci ilt arixli; 350 saylı, 06.06.2018-ci il tarixli; 351 saylı, 06.06.2018-ci il tarixli; 352 saylı, 06.06.2018-ci il tarixli; 353 saylı, 06.06.2018-ci il tarixli; 354 saylı, 06.06.2018-ci il tarixli; 357 saylı, 07.06.2018-ci il tarixli; 358 saylı, 07.06.2018-ci il tarixli; 359 saylı, 08.06.2018-ci il tarixli; 360 saylı, 08.06.2018-ci il tarixli; 363 saylı, 11.06.2018-ci il tarixli; 367 saylı, 29.06.2018-ci il tarixli; 371 saylı, 06.07.2018-ci il tarixli; 378 saylı, 10.07.2018-ci il tarixli; 382 saylı, 11.07.2018-ci il tarixli; 385 saylı, 13.07.2018-ci il tarixli sərəncamları və bu sərəncamların icrası istiqamətində aparılmış digər sənədləşdirmə işləri ləğv edilmişdir. İşdə olan Azərbaycan Respublikası Baş nazirinin müavini tərəfindən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinə ünvanlanmış 7-141/1 saylı, 20 iyun 2018-ci il tarixli məktubdan görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış 2/569 saylı, 14 iyun 2018-ci il tarixli məktuba cavab olaraq bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavini X10 20.07.2017-ci il tarixində vəfat etməsi ilə əlaqədar olaraq Bakı Şəhər İcra Hakimiyyətində tikinti sahəsi üzrə rəhbərliyin həyata keçirilməsi, bu sahə üzrə sənədlərin hazırlanması və aidiyyatı qurumlara ünvanlanmış məktubların imzalanması səlahiyyəti müvəqqəti olaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri X6 həvalə edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının müavininin səlahiyyətlərinin icrası müvəqqəti olaraq Rasim Quliyevə həvalə olunarkən Prezident Administrasiyasının rəhbərindən müvafiq qaydada razılıq alınmadığına görə üzrxahlıq bildirilərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavinin səlahiyyətlərinin müvəqqəti icrasının Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri X6 həvalə olunmasına razılıq verilməsi xahiş edilmişdir. İşdə olan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış 2/569 saylı, 14 iyun 2018-ci il tarixli məktubdan görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının rəhbəri Rasim Quliyev tərəfindən Şəhər İcra Hakimiyyətinin Başçısının müavini vəzifəsini müvəqqəti icra edən qismində Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Sərəncamının, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktubun və tikinti obyektinin istismarına icazənin imzalanması qanunvericiliyin kobud pozuntusu kimi qiymətləndirilir və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 06 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında” Əsasnamənin 2.7-ci bəndində yerli icra hakimiyyətinin başçısı olmadıqda, onun səlahiyyətlətinin Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə razılaşdırmaqla icra hakimiyyəti başçısının müəyyən etdiyi müavinlərindən biri həyata keçirildiyinin təsbit edildiyi nəzərə çatdırılmışdır. İşdə olan sənədlərdən görünür ki, Azərbaycan Respublikası Baş nazirinin müavini tərəfindən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinə ünvanlanmış 7-141/1 saylı, 20 iyun 2018-ci il tarixli məktuba əsasən, Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış 2/569 saylı, 14 iyun 2018-ci il tarixli məktuba cavab olaraq bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavini X10 20.07.2017-ci il tarixində vəfat etməsi ilə əlaqədar olaraq Bakı Şəhər İcra Hakimiyyətində tikinti sahəsi üzrə rəhbərliyin həyata keçirilməsi, bu sahə üzrə sənədlərin hazırlanması və aidiyyatı qurumlara ünvanlanmış məktubların imzalanması səlahiyyəti müvəqqəti olaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri X6 həvalə edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının müavininin səlahiyyətlərinin icrası müvəqqəti olaraq Rasim Quliyevə həvalə olunarkən Prezident Administrasiyasının rəhbərindən müvafiq qaydada razılıq alınmadığına görə üzrxahlıq bildirilərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısının müavinin səlahiyyətlərinin müvəqqəti icrasının Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri X6 həvalə olunmasına razılıq verilməsi xahiş edilmişdir. İşdə olan Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Baş Nazirinin müavininə ünvanlanmış 7-262/2g saylı, 25 iyun 2018-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri 14.06.2018-ci il tarixli, 2/569 saylı məktubla Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri Rasim Quliyev tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavini vəzifəsini müvəqqəti icra edən qismində aidiyyatı orqanlara ünvanlanmış məktubun və digər sənədlərin imzalanmasını Azərbaycan Respublikası Prezidenti Administrasiyası ilə razılaşdırılmadığından qanunvericiliyin tələblərinə ziddiyyət təşkil edərək, kobud qanun pozuntusu olduğunu bildirmişdir. Bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavini X10 20.07.2017-ci il tarixində vəfat etməsi ilə əlaqədar olaraq Bakı Şəhər İcra Hakimiyyətində tikinti sahəsi üzrə rəhbərliyin həyata keçirilməsi bu sahə üzrə sənədlərin hazırlanması və aidiyyatı qurumlara ünvanlanmış məktubların imzalanması səlahiyyəti Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 20.09.2017-ci il tarixli, 430 saylı sərəncamı ilə müvəqqəti olaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri X6 həvalə edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavini səlahiyyətlərinin icrası müvəqqəti olaraq Rasim Quliyevə həvalə olunarkən Prezident Administrasiyasının rəhbərindən müvafiq qaydada razılıq alınmadığını nəzərə alaraq, həmin vəzifənin müvəqqəti icrasının Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri X6 həvalə olunmasına razılıq verilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti Adminsitrasiyasının rəhbəri qarşısında məsələ qaldırılması xahiş edilmişdir. İşdə olan Azərbaycan Respublikası Baş Nazirinin müavini tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış 06 iyul 2018-ci il tarixli, 07/07/13 saylı məktubdan görünür ki, 7- 262/2g saylı, 25 iyun 2018-ci il tarixli məktubda qaldırılan məsələ Azərbaycan Respublikası Prezindenti Administrasiyasının rəhbəri ilə şifahi olaraq razılaşdırılmışdır. Beləliklə işin hallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 328 saylı, 16.05.2018-ci il tarixli sərəncamına əsasən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin 14.05.2018-ci il tarixli, 33 saylı müraciətini, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 75.1 və 75.6-cı maddələrini və Bakı şəhər İcra Hakimiyyəti başçısının 07.02.2018-ci il tarixli, 63 saylı sərəncamını nəzərə alaraq, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 103 saylı ünvanda yaşayış binalarının tikintisinə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə icazə verilmişdir. Həmin sərəncam Bakı Şəhər İcra Hakimiyyəti Başçısının digər 02 saylı, 03.01.2019-cu il tarixli sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatı rəhbərinin qanunvericiliyə əsasən imza səlahiyyəti olmadan imzaladığı əsası ilə ləğv edilmiş, həmçinin həmin sərəncamların icrası istiqamətində aparılmış digər sənədləşdirmə işləri də, ləğv edilmişdir. Hazırki iddia tələbi üzrə iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 328 saylı, 16.05.2018-ci il tarixli digər sərəncamının onlara aid hissədə ləğv edilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının 02 saylı, 03.01.2019-cu il tarixli sərəncamının ləğv edilməsini tələb edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı cavabdehə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyətinin 328 saylı, 16.05.2018-ci il tarixli sərəncamının qüvvədə olub-olmaması barədə məlumat verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən onun müraciətinə 7-2002/17 nömrəli, 26.10.2020-ci il tarixli məktubla cavab verilərək bildirilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının ünvan 10 ünvanında İddiaçı MMC-yə yaşayış binalarının tikintisinə icazə verilməsinə dair 328 saylı, 16.05.2018-ci il tarixlisərəncamı Bakı şəhər İcra Hakimiyyəti başçısının 02 saylı, 03.01.2019-cu il tarixli sərəncamı ilə ləğv olunmuşdur. Bundan sonra iddiaçı 06.11.2020-ci il tarixdə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının cavabdehin mübahisəli sərəncamından 26.10.2020-ci il tarixli məktubla məlumatlı olduğunu nəzərə alaraq, hesab edir ki, iddiaçı 06.11.2020-ci il tarixdə iddia qaldırmaqla 30 günlük iddia müddətini ötürməmişdir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 02 saylı, 03.01.2019-cu il tarixli sərəncamı qanunvericiliyin tələblərinə müvafiq olaraq qəbul edilmişdir, qanunidir və onun ləğv edilməsi üçün əsas yoxdur. İş materiallarında olan sənədlər əsasında müəyyən edildi ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının müavini səlahiyyətlərini müvəqqəti icra edərkən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 328 saylı, 16.05.2018-ci il tarixli sərəncamını imzalamış X3 həmin dövrdə göstərilən səlahiyyətləri icra etmək hüququ olmamış və sözügedən sərəncamı imzalamağa səlahiyyəti olmamışdır. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavini səlahiyyətlərinin icrası müvəqqəti olaraq Rasim Quliyevə həvalə olunarkən Prezident Administrasiyasının rəhbərindən müvafiq qaydada razılıq alınmamışdır. Bununla bağlı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri tərəfindən 2/569 saylı, 14 iyun 2018-ci il tarixli məktubla Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunaraq, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri Rasim Quliyev tərəfindən Şəhər İcra Hakimiyyətinin Başçısının müavini vəzifəsinin müvəqqəti icra edən qismində Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Sərəncamının, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktubun və tikinti obyektinin istismarına icazənin imzalanması qanunvericiliyin kobud pozuntusu kimi qiymətləndirilmişdir. Bundan sonra Azərbaycan Respublikası Baş nazirinin müavini tərəfindən 20 iyun 2018-ci il tarixli, 7-141/1 saylı məktubla Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinə müraciət olunaraq Azərbaycan Respublikasının Baş nazirinin müavini tərəfindən müvəqqəti icrasının Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri X5 həvalə olunmasına razılıq verilməsi barədə müraciət olunmuşdur və Baş nazirin müavini tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış 06 iyul 2018-ci il tarixli məktubla 20 iyun 2018-ci il tarixli, 7-141/1 saylı məktubda qaldırılan məsələnin Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri ilə şifahi olaraq razılaşdırıldığı bildirilmişdir. Göründüyü kimi X3 Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavini səlahiyyətlərini müvəqqəti icra edən qismində imzaladığı Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 328 saylı, 16.05.2018-ci il tarixli sərəncamını imzalamaq səlahiyyəti olmamışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 2.6-cı bəndinə əsasən yerli icra hakimiyyəti başçısının müavinləri vəzifə bölgüsünə əsasən şəhərin, rayonun və şəhər rayonunun ərazisində icra-idarəetmə fəaliyyətini həyata keçirir, icra hakimiyyəti başçısının tapşırıqlarını yerinə yetirirlər. Həmin Əsasnamənin 2.7-ci bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı olmadıqda, məzuniyyətdə və ya ezamiyyətdə olduqda, xəstəliyi və ya digər səbəblərlə əlaqədar öz səlahiyyətlərini icra edə bilmədikdə, onun səlahiyyətlərini Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə, Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri ilə razılaşdırmaqla icra hakimiyyəti başçısının müəyyən etdiyi müavinlərindən biri həyata keçirir. İşdə olan sənədlərdən görünür ki, X5 Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavini səlahiyyətlərinin icrasının həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin razılığı alınmamış, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 328 saylı, 16.05.2018-ci il tarixli sərəncamını qəbul edərkən, X3 həmin sərəncamı imzalamaq səlahiyyəti olmamışdır. Bununla da sözügedən sərəncam səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 57.2-ci maddəsinə əsasən yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Göstərilənlərə əsasən həmin dövr üzrə Bakı şəhər İcra Hakimiyyəti Başçısının müavini səlahiyyətlərini müvəqqəti icra edən X7 tərəfindən imzalanmış sərəncamlar, o cümlədən iddiaçıya münasibətdə qanunvericiliyə əsasən imza səlahiyyəti olmadan imzaladığı 328 saylı, 16.05.2018-ci il tarixli sərəncamı və bu sərəncamların icrası istiqamətində aparılmış digər sənədləşdirmə işləri haqlı olaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 02 saylı, 03.01.2019-cu il tarixli sərəncamına əsasən ləğv edilmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 02 saylı, 03.01.2019-cu il tarixli sərəncamı əsaslı və qanuni olduğundan, həmin sərəncamın ləğv edilməsi üçün əsas olmadığından iddia rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X4 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibat Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar