Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-468/2023 13.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi və mənzillə təmin olunma” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzilinin sökülməsinin əvəzi olan 30000 (otuz min) manat məbləğində kompensasiya verilməsi və sökülən qəzalı binanın yerində bina sakinləri üçün inşa olunmuş çoxmənzilli binadan 54,5 kv.m. tam təmirli mənzillə təmin olunması öhdəliyinin tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 42 ünvanında yerləşən 518 nömrəli mənzil Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 122 saylı Mənzil Kommunal istismar sahəsi ilə X3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında qanunsuz olaraq X2 verilmişdir. Bina 2018-ci ildən qəzalı elan olunub və sökülməsi ilə bağlı Nazirlər kabineti Qərar verib. Qəzalı olan və 2021-ci ilin fevralın əvvəlində sökülən binanın mənzili hansı əsasla sökülmədən 1 ay 10 gün öncə X2 müqavilə əsasında verilmişdir. İddiaçı ona məxsus otağa guya zavod tərəfindən verilmiş order barədə məlumatı isə ilk dəfə 2021-ci ilin əvvəlində binam sökməyə gələn Xətai Rayon İcra hakimiyyətinin nümayəndəsindən öyrənmişdir. Lakin buna ehtimal verməsə də Xətai Məhkəməsi tərəfindən mənzildən istifadə hüququna xitamla bağlı məhkəməyə dəvət olunduqda iş materiallarında belə bir orderin (xx.xx.1990 tarixli) və yenicə bağlanmış kirayə müqaviləsinin (xx.xx.2020) surətlərini görmüşdür. Həmin orderlər 90-cı illərdə mənzilləri alan şəxslər dəyişdikcə həmin şəxslərin adına dəyişirdi. Lakin iddiaçı 1993-94cü illərdə ailə üzvlərinin səhhəti ilə əlaqədar (qardaşının Çernobildan sonra ayağının amputasiya olunması və anasının ağır xroniki xəstə olması ilə əlaqədar olaraq liftin olmadığ) istifadə hüququnu və mənzilə qeydiyyatını saxlamaqla, bir sıra ev əşyaları da mənzildə saxlanmaqla, müvəqqəti başqa yerdə yaşamışdır, halhazırda da kirayədə yaşayır. İddiaçı 1994-ci ilə qədər faktiki orada olduğu halda, onun yaşadığı mənzil necə ola bilər ki, guya 1990-cı ildən X2 verilmiş olsun və sonradan sökülməsinə 1 ay 10 gün qalmış həmin şəxsin adına kirayə müqaviləsi bağlansın!? 1990-cı ildə verilmiş orderin üzərində X1 1995-ci ildə anadan olmuş uşağının adı zet işarəsinin üzərindən yazılmışdır. X2 verilmiş orderin üzərinə cızma-qara ilə sonradan əlavə olunmuş 518 saylı mənzilin ona verilməsinə dair heç bir iclas protokolu və ya digər sənədlər Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Departamentinin 1 saylı Xüsusi təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən balans saxlayıcı kimi bizə təqdim edilə bilməmişdir. Göründüyü kimi orderdə edilmiş müəmmalı bir-iki cızma qaraya görə 518 nömrəli mənzilin iddiaçıya məxsus olmadığını bildirən Xətai Rayon İH kompensasiya verməkdən imtina etmişdir. Zavod tərəfindən iddiaçıya mübahisəli mənzil verildiyindən, bu mənzilə görə iddiaçı zavodda işlədiyi dövrdə 1998-ci ilə qədər iddiaçıdan yataqxana ödənişinin tutulmasına dair arayış vardır. İddiaçı mənzili 520 saylı mənzilin sahibi X2 müvəqqəti göz-qulaq olmaq üçün vermişdir. Lakin o, iddiaçının etibarından sui-istifadə edərək ona məxsus mənzili xx.xx.2020 tarixli kirayə müqaviləsi ilə öz adına keçirməyə cəhd göstərmiş və hətta binanın sökülməsindən istifadə edərək ona qarşı istifadə hüququnun itirilməsi ilə bağlı iddia qaldırmışdır. Lakin bu iddia Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə rədd edilmişdir. Söküntüyə görə hər bir mənzil sahibinə 30 kvadrat metrə qədər sahəsi olduqda mənzilin sahəsi nəzərə alınmadan standard eyni miqdarda 30000 kompensasiya verilmişdir. İddiaçıya veriləcək kompensasiya X2 veriləcək kompensasiya miqdarında dəyişiklik etmir. Bu halda Xətai Rayonu İH-nin həm mənzilə istifadə hüququ olan, həm də orada qeydiyyatda olan iddiaçıya kompensasiya verməkdən imtina etməsi anlaşılmazdır. Daxili İşlər Nazirliyinin MAPS arayışından da göründüyü kimi X4 518 saylı mənzildə qeydiyyatda görünmür. Xətai Rayon İcra hakimiyyəti iddiaçıya məxsus otağa kompensasiya verməməklə və onu evlə təmin etməməklə onu kirayədə yaşamağa məhkum edir, iddiaçının qanunla qorunan hüquqlarını pozur.
3. Cavabdeh qurum tərəfindən iddiaçıya təqdim edilmiş imtina məktubunda bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin 07 may 2019-cu il tarixli, 7-214/7g saylı tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyinin "Azkommunlayihə” İnstitutunun 09 iyun 2020-ci il tarixli texniki rəyi ilə qəzalı vəziyyətdə olan ünvan 3 ünvanda yerləşən 5 mərtəbəli yataqxana binasında çıxarış və ya order üzrə sahəsi 30 kv.m və daha az olan ailələrin hər birinə 30.0 min manat və sahəsi 30 kv.m çox olan mənzillərin ümumi sahəsinin 1 kv.m üçün 1000 manat olmaqla birdəfəlik maddi yardım ayrılmışdır. Razılaşma aktını imzalayan mənzil sahiblərinə ayrılan birdəfəlik maddi yardımın hesabına Sifarişçi-Xətai Rayon İcra Hakimiyyəti və Podratçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kooperativ binada mənzil tikintisi haqqında müqaviləyə əsasən Gen.Şıxlinski küçəsi 42 ünvanında yerləşən istismar müddəti başa çatmış qəzalı vəziyyətdə binanın sökülərək yerində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin obyektin tikintisinə 63 nömrəli, xx.xx.2020-ci il tarixli icazə sənədi əsasında yaşayış binalarının tikintisi və payçıların (ailələrin) ümumi sahəsi 54.5 kv.m olan 2 otaqlı təmirli mənzillərlə təmin olunması, ilkin olaraq kirayə və köçürülmə üçün 500 (beş yüz) manat və mənzillər təqdim edilənədək hər ay 300 (üç yüz) manat mənzil kirayə haqqının bank hesabına ödənilməsi nəzərdə tutulmuşdur. Müəyyən olunmuşdur ki, 21 iyul 2005-ci ildən ünvan 4 ünvanında qeydiyyatdadır, lakin vaxtilə balansaxlayıcı Bakı Məişət Kondisionerləri Zavodu tərəfindən yataqxanada yaşayış sahəsinin ayrılınası barədə orderlə və dövlət reyestrindən çıxarışla təmin edilməmiş və qəzalı binanın sökülməsi ilə əlaqədar birdəfəlik maddi yardım ayrılmamışdır. Bakı Məişət Kondisionerləri Zavodunun xx.xx.1990-cı il tarixli orderi əsasında binada 18- 522 saylı otaqlar vətəndaş X1 adına sənədləşdirilmiş və binanın şökülməsi ilə əlaqədar 30500 (otuz min beş yüz) manat birdəfəlik maddi yardım ayrılmışdır.
4. İddiaçı iddia tələbini “ünvan 6 ünvanında yerləşən mənzilin sökülməsi əvəzi olan 30000 (otuz min) manat məbləğində kompensasiya məbləğinin qarşılığında sökülən qəzalı binanın yerində bina sakinləri üçün inş olunmuş sifarişçisi Xətai Rayon İcra Hakimiyyəti olan çoxmənzilli binadan 54,5 kv.m tam təmirli mənzillə təmin olunması öhdəliyinin cavabdeh Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması” kimi dəyişdirmişdir.
5. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X3 inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
6. İş materiallarında olan ВИКЗ yataqxanasında yaşayış sahəsinin tutulması haqqında orderə əsasən X3 25 nömrəli sexdə sürücü vəzifəsində işləmiş və ona zavodda işlədiyi müddətdə Gen.Şıxlinski küçəsi, ev 42, 518 nömrəli ünvanda yaşayış sahəsi verilmişdir.
7. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli 7 nömrəli arayışında bildirilmişdir ki, İddiaçı həqiqətən "xxxx" ASC-də xx.xx.1981-xx.xx.2018-ci ilə qədər işləmişdir. xx.xx.1997-ci ilə kimi ailəli yataqxanada ödənişi əmək haqqından tutulub.
8. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli 2(011)-485/2022 nömrəli qətnaməsinə əsasən ünvan 8 ünvanda yerləşən 518 nömrəli mənzilə dair Mənzil Kommunal Təsərrüfat Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 122 saylı MKİS ilə X3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə etibarsız hesab edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Xətai Rayon Məhkəməsi tərəfindən bildirilmişdir ki, həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2022-ci il tarixdə icra olunması üçün Bakı şəhəri Xətai Rayon İcra şöbəsinə göndərilmişdir.
9. DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışına əsasən İddiaçı ailə üzvləri – X7, X10 və X14 21 iyul 2005-ci il tarixdən ünvan 9 ünvanda qeydiyyatdadırlar.
10. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Departamentinin xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, əvvəllər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus olmuş ünvan 10 ünvanda yerləşən bina Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, 234 saylı sərəncamına əsasən Departamentin xx.xx.2003-cü il tarixli, 71 saylı sərəncamı ilə mövcud vəziyyətdə 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilmişdir. Bina balansa qəbul edilərkən X8 həmin binada yaşamamış, 1 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyində və binaya xidmət göstərən 122 saylı Mənzil-Kommunal İstismar Sahəsinin arxiv sənədləri arasında onun adına yaşayış sahəsi verilməsinə dair heç bir hüqüqmüəyyənedici sənəd (order, müqavilə və s.) aşkar edilməmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyinin "Azkommunlayihə" İnstitutunun xx.xx.2020-ci il tarixli texniki rəyinə əsasən Xətai rayonu, General Şıxlinski küçəsi, 42 ünvanında yerləşən 5 mərtəbəli, 4 girişli yataqxana binası qəzalı vəziyyətdə olduğundan orada yaşayan ailələrə (siyahı üzrə 146 ailə) ayrılmış birdəfəlik maddi yardımın hesabına Sifarişçi-Xətai Rayon İcra Hakimiyyəti və Podratçı- "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kooperativ binada mənzil tikintisi haqqında müqaviləsi ilə yataqxana binasının sökülərək yerində yeni yaşayış binasının tikintisi və sakinlərin mənzillə təmin olunması işləri həyata keçirilmişdir.
11. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxış iclası) iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) dəyişdirilmiş iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.
12. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmir.
II. İddianın növü və mümkünlüyü
13. İddianın növü İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
14. İddia inzibati orqanın hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi və mənzillə təmin olunma tələbinə dair iddiadır. İddia mümkündür.
15. Xalikovanın Azərbaycana qarşı işi üzrə Avropa Məhkəməsinin qərarında da ifadə edilən hüquqi mövqeyə uyğun olaraq mənzilin sökülməsi və mənzilə dair alqı-satqı müqaviləsinin bağlanmış olması onu həmin ədalətli kompensasiyanın ödənilməsi hüququndan məhrum etmir.
16. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
17. AİHM qərarlarında qeyd edir ki: -Böyük Palata, Palatanın etdiyi kimi, aşkar edilmiş pozuntular nəticəsində şübhəsiz ki, ərizəçinin zərər çəkdiyini və bu pozuntularla iddia edilən maddi zərər arasında aydın səbəb-nəticə əlaqəsinin olduğunu, o cümlədən maliyyə mənbələrin itirilməsinə görə kompensasiyanın olmasını qeyd edir. (bax: Salman işi § 137, və Z və X5rşı, yuxarıda adı çəkilən, § 119). Bununla belə, ərizəçinin bu başlıq altındakı iddialarının heç biri lazımi qaydada sənədləşdirilməmişdir. İddia edilən zərərə dəqiq hesablanması mümkün olmayan və ya elə məhdud sübutlara əsaslanan komponentlər daxildir ki, hər hansı qiymətləndirmə qaçılmaz olaraq müəyyən dərəcədə fərziyyəni ehtiva edəcək (bax, digər işlər arasında, bax: Sporrong və Lönnroth İsveçə qarşı (Maddə 50), 18 dekabr 1984-cü il tarixli qərar). , A seriyası № 88, səh. 14-15, § 32 və Akdivar və başqaları Türkiyəyə qarşı (Maddə 50), 1 aprel 1998-ci il tarixli qərar, Hesabatlar 1998-İİ, səh. 718, § 19). Buna görə də, Məhkəmə 41-ci maddənin tələb etdiyi kimi, onda olan bütün məlumatları nəzərə alaraq ərizəçinin maddi ziyanla bağlı iddialarını ədalətli əsaslarla qiymətləndirəcəkdir (bax: Öneryıldız Türkiyəyə qarşı § 166). - Konvensiyanın və ya onun protokollarının pozuntusunu tanıyan qərar, cavabdeh dövlətə bu pozuntuları dayandırmaq və pozulmadan əvvəlki vəziyyəti maksimal şəkildə bərpa etməklə onun nəticələrinə görə əvəz ödəmək kimi hüquqi öhdəliklər qoyur. Milli qanunvericilik pozuntunun nəticələrini aradan qaldırmağa icazə vermədiyi və ya yalnız natamam şəkildə icazə verdiyi təqdirdə, 41-ci Maddə Məhkəməyə zəruri hallarda zərərçəkən tərəfə müvafiq əvəzin ədalətli ödənilməsi qərarı qəbul etmək səlahiyyəti verir (bax: digər məsələlər arasında, Məhərrəmov Azərbaycana qarşı (əvəzin ədalətli ödənilməsi) no 5046/07, § 12, 09 may 2019, X13rşı (əvəzin ədalətli ödənilməsi), no 66209/10, § 15, 16 yanvar 2018 və Bitto və digərləri Slovakiyaya qarşı (əvəzin ədalətli ödənilməsi), no 30255/09, § 20, 7 iyul 2015).
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1100-cü maddəsinə əsasən, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
19. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 7.6-cı bəndinə əsasən, yerli icra hakimiyyətlərinin maliyyə mənbələri dövlət büdcəsindən ayırmalardan, büdcədənkənar vəsaitlərdən və qanunla qadağan edilməmiş digər mənbələrdən əldə olunan vəsaitlərdən ibarətdir.
20. Odur ki, qeyd edilən kompensasiyanın icra hakimiyyətinin büdcədənkənar vəsaitlərdən və qanunla qadağan edilməmiş digər mənbələrdən əldə olunan vəsaitlərdən ödəməsi mümkündür.
21. Məhkəmə araşdırması nəticəsində iddiaçının təqdim etdiyi orderin saxta, etibarsız və ya qüvvədən düşmüş olduğu müəyyən edilməmişdir. ünvan 12 ünvanda yerləşən 518 mənzillə iddiaçının bağlılığını təsdiq edən arayışlar, əmək kitabçası (iş yerinin təsdiqi olaraq), iddiaçının və onun ailə üzvlərinin qeydiyyat haqqında məlumatlar mövcuddur.
22. Məhkəmə eyni zamanda müəyyən etmişdir ki, Xətai rayonu, General Şıxlinski küçəsi, 42 ünvanında yerləşən 5 mərtəbəli, 4 girişli yataqxana binası qəzalı vəziyyətdə olduğundan orada yaşayan ailələrə (siyahı üzrə 146 ailə) ayrılmış birdəfəlik maddi yardımın hesabına Sifarişçi-Xətai Rayon İcra Hakimiyyəti və Podratçı-"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kooperativ binada mənzil tikintisi haqqında müqaviləsi ilə yataqxana binasının sökülərək yerində yeni yaşayış binasının tikintisi və sakinlərin mənzillə təmin olunması işləri həyata keçirilmişdir. Qəzalı vəziyyətdə olan ünvan 3 ünvanda yerləşən 5 mərtəbəli yataqxana binasında çıxarış və ya order üzrə sahəsi 30 kv.m və daha az olan ailələrin hər birinə 30.0 min manat və sahəsi 30 kv.m çox olan mənzillərin ümumi sahəsinin 1 kv.m üçün 1000 manat olmaqla birdəfəlik maddi yardım ayrılmışdır.
23. İddiaçıya ayrılan ünvan 12 ünvanda yerləşən 518 nömrəli mənzilin ümumi sahəsi 12 kv.m. olmuşdur.
24. X2 ünvan 12 ünvanda yerləşən 518 və 520 nömrəli mənzillərə görə kompensasiya ödənmişdir.
25. Məhkəmə qeyd edir ki, 518 və 520 nömrəli mənzillərin cəmi sahəsi 30 kv.m-dən az olduğundan və order üzrə sahəsi 30 kv.m. və daha az olan ailələrin hər birinə 30.0 min manat birdəfəlik maddi yardım ayrıldığından istənilən halda X2 ödənilən maddi yardımın həcmi (520 nömrəli mənzilə görə) dəyişmir. Odur ki, həmin binadakı order üzrə iddiaçıya məxsus olan sahəsi 12 kv.m. olan 518 nömrəli mənzilə görə iddiaçıya ödənilməli olan kompensasiyanın məbləği X1 hüquqi marağına toxunmur.
26. Qəzalı vəziyyətdə olan ünvan 3 ünvanda yerləşən 5 mərtəbəli yataqxana binasında çıxarış və ya order üzrə sahəsi 30 kv.m və daha az olan ailələrin hər birinə 30.0 min manat ödəndiyindən iddiaçıya münasibətdə fərqli yanaşma ayrı-seçkiliyə səbəb olmaqla bərabərlik hüququnun pozulması ilə nəticələnə bilər. Odur ki, iddiaçıya münasibətdə fərqli rəftarın X22 Konvensiyasının (AİHK) 14-cü maddənin (ayrı-seçkiliyin qadağan olunması) tələblərinə uyğun olduğu qənaətinə gəlmək üçün iddiaçıların fərdi situasiyası nəzərə alınmaqla "ağlabatan mütənasiblik əlaqəsi" mövcud olmuş olmalıdır. Konvensiyanın 14-cü maddəsi ilə ayrı-seçkiliyə qoyulan qadağanın yalnız o halda mənası ola bilər ki, ərizəçinin fərdi situasiyası olduğu kimi qəbul edilsin. Məhkəmə hesab edir ki, işin hallarına və iddiaçıların fərdi situasiyasına uyğun olaraq cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə tətbiq olunan fərqli yanaşma ilə bağlı "ağlabatan mütənasiblik əlaqəsi" mövcud deyil. X22 Məhkəməsi dəfələrlə qərarlarında qeyd etmişdir ki, istifadə olunmuş vasitələr və qarşıya qoyulmuş məqsəd arasında proporsionallığın olmaması, ərizəçinin məruz qaldığı fərqli davranışın obyektiv və ağlabatan əsaslarının olmaması ayrı-seçkilik hesab olunur (bax digərləri ilə yanaşı Fabris Fransaya qarşı [BP] - 16574/08 Qətnamə xx.xx.2013-cü il tarixli qərar [Böyük Palata]; X15rşı (Muñoz Díaz v. Spain), ərizə № 49151/07, xx.xx.2009-cu il tarixli qərar).
27. Odur ki, fərqli yanaşma bərabərlik hüququnun pozuntusu hesab edilə bilər və order üzrə sahəsi 30 kv.m və daha az olan ailələrə tətbiq edilən yanaşma iddiaçıya münasibətdə də şamil edilməlidir.
28. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
29. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
30. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı ünvan 12 ünvanda yerləşən 518 nömrəli mənzilin sökülməsi əvəzi olan 30000 (otuz min) manat məbləğində kompensasiya məbləğinin qarşılığında sökülən qəzalı binanın yerində bina sakinləri üçün inşa olunmuş sifarişçisi Xətai Rayon İcra Hakimiyyəti olan çoxmənzilli binadan 54,5 kv.m tam təmirli mənzillə təmin olunması öhdəliyi cavabdeh Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva