Məhkəmə qərarları › İş №2-1(112)-4683/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4683/2021

24.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4683/2021 24.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçı və üçüncü şəxslərin nümayəndəsi İddiaçı1 iştirakı ilə, İddiaçı1 cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə (üçüncü şəxslər İddiaçı2, İddiaçı3 və İddiaçı4) qarşı “mənzil kirayəsi haqqının ödənilməsi” tələbi üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları

1. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)- 3338/2019 saylı qərarı ilə İddiaçı1 cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddia tələbi təmin edilmiş, iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrinin veteranı kimi yaşayış yeri üzrə mənzil uçotuna alınması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

2. Qərarın icrası məqsədilə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti xx.xx.2020-ci il tarixdə “Vətəndaşların yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində güzəştli şərtlərlə uçota alınması haqqında” 27 nömrəli Sərəncam vermiş, Sərəncamın 10.1-ci bəndinə əsasən ehtiyata buraxılmış hərbi qulluqçu Bayramov X1 rayon İcra Hakimiyyətində yaşayış yeri üzrə 3 nəfər ailə tərkibi ilə (özü, arvadı, oğlu) yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmış və güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan şəxslərin siyahısına daxil edilmişdir.

3. Bundan sonra İddiaçı1 (bundan sonra –İddiaçı) Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, ehtiyatda olan hərbi qulluqçu kimi ona və ailə üzvlərinə mənzil kirayəsi haqqı ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir.

4. Cavabdeh B-24-068 nömrəli, xx.xx.2021-c il tarixli cavab məktubunda iddiaçının ehtiyatda olan hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasına dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2- 1 (82)-3338/2019 saylı qərarında ehtiyata buraxılmış hərbi qulluqçu kimi ona və ailə üzvlərinə (boşanmış qızına və nəvəsinə) mənzil kirayəsi haqqı ödənilməsi öhdəliyinin rayon İcra Hakimiyyətinin üzərinə qoyulmadığını əsas gətirərək müraciəti təmin etməkdən imtina etmişdir.

5. 01.03.2021-ci il tarixdə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Məşdi qızı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ailə üzvlərinə mənzil kirayəsi haqqının ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

6. Daha sonra iddiaçıların ərizəsinə əsasən Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2- 1(112)-4683/2021 saylı qərardadı ilə İddiaçı2, İddiaçı3 və İddiaçı4 Məşdi qızının iddiaçı qismində iştirakına xitam verilmiş, onlar üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər, habelə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilərək iddia tələbi “ehtiyata buraxılmış və mənzil uçotuna götürülmüş hərbi qulluqçu kimi, mənzil kirayəsi xərclərinin ödənilməsi məqsədilə mənzil sahəsi alanadək hər ay ona və onunla birlikdə yaşayan ailə üzvləri İddiaçı2, İddiaçı3 və İddiaçı4 Məşdi qızına müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” şəklində qəbul edilmişdir. II. Tərəflərin əsaslandırması

7. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, hazırda dörd nəfər ailə üzvü ilə birgə kirayə müqaviləsi əsasında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli V yaşayış massivi, ev 5, mənzil 107-də yaşayır. Mənzilin yaşayış sahəsi 30,05 kv.m. təşkil edir. X4 Suraxanı Rayon Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli 2(010)- 126/2017 saylı qətnaməsinə əsasən boşanmış və azyaşlı uşağı ilə birlikdə onunla yaşayır. Beş nəfər ailə tərkibi (özü, arvadı, oğlu, qızı və nəvəsi) ilə 30 kv.metrlik yaşayış sahəsi olan mənzildə yaşamaq çətinlik yaradır. Cavabdeh orqanın 27 nömrəli, xx.xx.2020-ci il tarixli Sərəncamı ilə Suraxanı rayon İcra Hakimiyyətində yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində ailə tərkibi ilə birgə uçota alınmış və güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan şəxslərin siyahısına daxil edilmişdir.

8. Məhkəmənin müvafiq sərəncamı ilə cavabdehdən iddiaya qarşı öz münasibətinin yazılı şəkildə bildirilməsi tələb olunmuş, lakin cavabdeh yazılı etirazını məhkəməyə təqdim etməmişdir.

9. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.

10. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, cavabdeh öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bununla bağlı məhkəməyə məlumat verməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). III. Məhkəmənin mövqeyi

11. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

12. Çünki iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmişdir.

13. İddia həm də qismən əsaslıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarəsinin xx.xx.2019-cu il tarixli, 408 nömrəli Arayışına əsasən 1966-ci il təvəllüdlü ehtiyatda olan baş gizir İddiaçı1 həqiqətən xx.xx.1991-ci il tarixdən 16.11,2016ci il tarixədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətində hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xx.xx.2016-ci il tarixli əmri ilə ehtiyata buraxılmışdır.

14. İş materiallarında olan xx.xx.2020-ci il tarixli kirayə müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı1 X3 ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzili xx.xx.2030-cu il tarixədək hər ay 400 manat kirayə haqqı ödəmək şərti ilə kirayəyə götürmüşdür.

15. İşdə olan Suraxanı rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 62 saylı Mənzil Kommunal İstismar Sahəsinin məhkəmənin müvafiq sorğusuna cavab olaraq təqdim edilmiş 499 nömrəli, xx.xx.2021-ci il tarixli arayışına əsasən İddiaçı1 və üçüncü şəxslər İddiaçı2, İddiaçı3 və İddiaçı4 Məşdi qızı ünvan 2 ünvanında qeydiyyatda olsalar da, həmin ünvanda deyil, ünvan 3anında yaşayırlar.

16. Hazırkı məhkəmə qərarının 1-4-cü hissələrində qeyd edilənlərdən aydın olur ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-3338/2019 saylı qərarı ilə 25 il xidmət etmiş hərbi qulluçu kimi İddiaçının mənzil uçotuna götürülməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, cavabdeh də 3 nəfər ailə tərkibi ilə birlikdə İddiaçını yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almış və güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan şəxslərin siyahısına daxil etmişdir. Daha sonra İddiaçı mənzil sahəsi alanadək hər ay ona və ailə üzvlərinə kirayə haqqı üçün kompensasiya ödənilməsini xahiş etsə də, cavabdeh məhkəmə tərəfindən onun üzərinə belə bir öhdəlik qoyulmadığını əsas gətirərək iddiaçıya imtina cavabı vermişdir.

17. Lakin işdə olan cavabdehin “Vətəndaşların yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində güzəştli şərtlərlə uçota alınması haqqında” 27 nömrəli 25 fevral 2020-ci il tarixli Sərəncamının 10.2-ci bəndindən görünür ki, Cavabdehin özü həmin sərəncam ilə mənzil uçotuna götürülmüş vətəndaş İddiaçı1 müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada kompensasiya ödənilməsinin təmin edilməsi barədə göstəriş vermişdir.

18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

19. Məhkəmə qeyd edir ki, Cavabdehin adı çəkilən sərəncamının 10.2-ci bəndinin geri çağrılması, ləğv olunması və ya qüvvədən düşməsi iş materialları ilə müəyyən edilmir, Cavabdeh bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.

20. Belə olan halda müəyyən olunur ki, iddiaçının hazırda məhkəməyə müraciət etdiyi tələb - müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya ödənilməsi ilə bağlı cavabdeh orqan inzibati akt qəbul etsə də, həmin aktı icra etməyərək müvafiq kompensasiyanı ödəmir. Belə olan halda İddiaçı onun barəsində qəbul edilmiş və qüvvədə olan əlverişli inzibati aktın icra edilməsi, yəni həmin kompensasiyanın ona ödənilməsi barədə hazırkı tələbi irəli sürməkdə haqlıdır.

21. İddiaçının belə bir tələb hüququ həm də hərbi qulluqçuların statusu haqqında qanunvericiliyin tələblərindən irəli gəlir.

22. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin birinci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Dördüncü abzasına əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər.

23. Eyni zamanda “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarının 1-ci hissəsinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat. 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. Həmin Qərarın 2-ci hissəsinə əsasən müəyyən edilmişdir ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir.

24. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012ci il tarixli 174 nömrəli Qərarı yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya ödənilməsini nəzərdə tutsa da, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin 4-cü bəndi ehtiyata və ya istefaya buraxılmanın əsasını fərqləndirmədən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil sahəsi əldə edənədək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi hüququnu nəzərdə tutur.

25. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi ehtiyata buraxılmış və mənzil uçotuna götürülmüş hərbi qulluqçu kimi, mənzil kirayəsi xərclərinin ödənilməsi məqsədilə mənzil sahəsi alanadək hər ay İddiaçıya və onunla birlikdə yaşayan ailə üzvləri İddiaçı2 və İddiaçı4 Məşdi qızına müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilməsi hissəsində əsaslıdır.

26. İddiaçının qızı İddiaçı3 üçün müvafiq kompensasiya ödənilməsinə gəldikdə isə, məhkəmə aşağıdakıları qeyd edir.

27. Yuxarıda istinad olunan qanunvericilikdən müəyyən olunur ki, hərbi qulluqçu ilə yanaşı onunla birlikdə yaşayan hər bir ailə üzvünə də müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilməlidir.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarının 3.1-ci bəndindən görünür ki, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular uçota götürüldükdə onlarla birlikdə yaşayan ailə üzvləri haqqında məlumat Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir və ödəniş də həmin məlumata uyğun olaraq həyata keçirilir.

29. Hazırkı məhkəmə qərarının 2-ci hissəsindən isə görünür ki, Cavabdeh İddiaçını 3 nəfər ailə tərkibi ilə (özü, arvadı, oğlu) yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almış, İddiaçının qızı İddiaçı3 uçota alınmamışdır.

30. Bundan başqa Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

31. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında göstərmişdir ki, “Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir.”

32. İş materiallarından görünür ki, İddiaçı3 30 sentyabr 2014-cü il tarixdə nikaha daxil olmuş, daha sonra Bakı şəhər Suraxanı rayonu Məhkəməsinin 2(010)-126/2017 nömrəli, 25 yanvar 2017-ci il tarixli qətnaməsi ilə nikahı pozulmuşdur.

33. Yuxarıda göstərilənlərə münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı3 Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinə müvafiq olaraq yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olmadığından o, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə aid edilə bilməz.

34. Həmçinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsinin birinci hissəsinə əsasən yaşayış yeri Azərbaycan Respublikasının vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edildiyindən və İddiaçı3 ünvan 2 ünvanında qeydiyyatda olduğundan (AZE seriyalı ******** nömrəli (FİN xxxxxxx) şəxsiyyət vəsiqəsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışına əsasən) onun İddiaçı ilə birlikdə yaşaması də iş materialları ilə müəyyən edilmir.

35. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

36. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia qismən təmin edilsin. Ehtiyata buraxılmış və mənzil uçotuna götürülmüş hərbi qulluqçu kimi, mənzil kirayəsi xərclərinin ödənilməsi məqsədilə mənzil sahəsi alanadək hər ay İddiaçı1 və onunla birlikdə yaşayan ailə üzvləri İddiaçı2 və İddiaçı4 Məşdi qızına müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar