Məhkəmə qərarları › İş №2-1(112)-4684/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4684/2022

24.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4684/2022 24.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Miminat Tacib qızı Hacıbəyovanın sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 (İsmayıllı rayonunda qeydiyyatdadır, ixtisası-hüquqşünas, hüquq məsləhətçisi vəzifəsində işləyir) iştirakı ilə, iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin üzərinə ünvan 1 ünvanında yerləşən 88.70 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin iddiaçıya məxsus ½ hissəsini ayırmaqla həmin hissəyə dair ayrıca dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq cavabdehin üzərinə ünvan 1 ünvanında yerləşən 88.70 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin iddiaçıya məxsus ½ hissəsini ayırmaqla həmin hissəyə dair ayrıca dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********27-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 88.70 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinin ½ hissəsi iddaçıya məxsusdur. Yaranmış zərurətlə əlaqədar olaraq, qeyd olunmuş daşınmaz əmlakın ona məxsus olan hissədə payının ayrılması üçün onun tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət olunmuşdur. Ərizədə paylı mülkiyyətdə olan daşınmaz əmlakdan payın ayrılması ilə bağlı qanuni əsaslar qeyd olunsa da, reyestr xidməti xx.xx.2021-ci il tarixli, **********72 saylı cavab məktubunda konstruktiv cəhətdən vahid olan binanın iki əsas tikiliyə bölünə bilməməsi bəhanəsini gətirərək ayrıca çıxarışın verilməsindən imtina etmişdir. İddiaçı bu imtinanı əsassız hesab edir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin cavab məktubunun məzmunundan da göründüyü kimi, fərdi yaşayış evinin iddiaçıya məxsus olan hissəsinə ayrıca çıxarışın verilməsindən imtinanın lehinə olan arqument əsaslandırılmadan, ümumi və mücərrəd şəkildə qeyd olunmuşdur. Buna görə də cavabdehin imtinası heç bir halda əsaslı deyil. Fərdi yaşayış evi ayrı-ayrı girişlərə malik, bir- birindən təcrid olunmuş iki ayrı yaşayış sahəsindən ibarətdir ki, bu da ondan asanlıqla payların ayrılmasına imkan verir. Qeyd edir ki, iddia ərizəsinə əlavə edilən texniki pasportun surətindən də göründüyü kimi, sözügedən fərdi yaşayış evinin quruluşu əşyaya tənasübsüz zərər vurmadan ondan naturada payın ayrılmasına yol verir. Mülki Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. İddia ərizəsinə əlavə edilən 35 saylı Mənzil Kommunal İstismar Sahəsinin 019423 nömrəli Arayışının əslindən də göründüyü kimi, mənzilin digər paylı mülkiyyətçisi X8 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Ədliyyə Nazirliyinin elektron məlumat sistemində aparılmış axtarışın nəticəsində müəyyən olunmuşdur ki, mərhum X3 adına indiyə qədər vərəsəlik işi açılmamışdır. Beləliklə, iddiaçıdan asılı olmayan səbəbdən ümumi mülkiyyətdə olan əmlakdan ona məxsus olan payın ayrılması ilə bağlı digər paylı mülkiyyətçi ilə razılığa gələ bilmir. Başqa sözlə, ümumi mülkiyyətə olan əmlakdan payın ayrılması ilə bağlı digər paylı mülkiyyətçi ilə fikir ayrılığı mövcud deyil. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada məhkəmə sərəncamına əsasən iddiaya dair təqdim etdiyi etirazında cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi bildirmişdir ki, sərəncamın icrası zamanı aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan fərdi yaşayış evinin iddiaçıya məxsus hissəsi ilə digər payçıya məxsus hissələri bir dam altında yerləşir. Fərdi yaşayış evi vahid konstruktiv yükgötürən divarlara malik olmaqla vahid tam örtüyündən ibarətdir. Konstruktiv cəhətdən vahid olan bina iki əsas tikiliyə bölünə bilinmədiyindən müraciətdə qaldırılan məsələnin həlli mümkün olmamışdır. İddia tələbində qeyd olunan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 88.70 kv.m. ümumi sahədən ibarət olmaqla **********27-10301 reyestr nömrəli Çıxarışa əsasən ½ hissəsi iddaçının, ½ hissəsi isə X4 mülkiyyətindədir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir. Cavabdehin nümayəndəsi məhkəmədə iddia ərizəsinə etirazda göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassızdır. İş materiallarında olan: İddiaçının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********27-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 88.70 kv.m. ümumi sahədən ibarət olmaqla ½ hissəsi iddaçının, ½ hissəsi isə X4 xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********72 saylı cavab məktubuna əsasən, qeyd olunan fərdi yaşayış evinin iddiaçıya məxsus hissəsi ilə digər payçıya məxsus hissələri bir dam altında yerləşir. Fərdi yaşayış evi vahid konstruktiv yükgötürən divarlara malik olmaqla vahid tam örtüyündən ibarətdir. Konstruktiv cəhətdən vahid olan bina iki əsas tikiliyə bölünə bilinmədiyindən müraciətdə qaldırılan məsələnin həlli mümkün olmamışdır. Nərimanov rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi 35 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin 019423 nömrəli arayışına əsasən, X9 xx.xx.2019cu il tarixdə vəfat etmişdir. Vəfat edən günə kimi İ.Dadaşov küçəsi, 45 nömrəli evdə qızı X2 və oğlu X7 ilə birlikdə yaşamış və qeydiyyatda olmuşdur. Vərəsəlik işlərinin açılıb-açılmaması barədə elektron sistemdə olan məlumatına əsasən, X6 aid vərəsəliik işinə dair məlumat aşkar edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 11/10374 inventar nömrəli, xx.xx.2012-ci il tarixdə tərtib edilmiş texniki pasportuna əsasən, hüquq subyekti X10 və başqaları olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi – torpaq sahəsinin tikinti altı sahəsi 114.00 kv.m, ümumi sahəsi 88.70 kv.m, yaşayış sahəsi 60.10 kv.m, köməkçi sahəsi 28.60 kv.m göstərilmişdir. Məhkəmənin sorğusuna əsasən, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli məktubu ilə birlikdə tələb olunan sənədlərin surətləri təqdim edilmişdir, o cümlədən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış, xx.xx.2019-cu il tarixdə ölmüş X5 vərəsəsi İddiaçı ünvan 1 ünvanında yerləşən miras əmlakdan 1/1 hissədə pay alması barədə xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə, sözügedən fərdi yaşayış evinin ½ hissəsinin X5, ½ hissəsinin isə X4 xüsusi mülkiyyətində olması barədə ******* nömrəli xx.xx.2012-ci il tarixli Çıxarış, iddiaçının cavabdehə ünvanladığı xx.xx.2021-ci il tarixli müraciət ərizəsi və buna cavab olaraq cavabdeh orqanın göndərdiyi məktubun təsdiq olunmuş surətləri, həmçinin digər sənədlərin surətləri təqdim edilmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda götərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Konstitusiyanın 29-cu maddəsinin Vİ hissəsinə əsasən, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Mülkiyyət hüququ dedikdə, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.(152.3.) İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.(152.4.) Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 213.4-cü maddəsinə əsasən ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən əşyalar bölünər və bölünməz ola bilər. Təyinatı dəyişdirilmədən bölünə bilməyən və ya qanunun göstərişinə görə bölünməli olmayan əşyalar bölünməz əşyalardır. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. İşin faktiki hallarına əsasən iddiaçının iddia ərizəsində qeyd edilən daşınmaz əmlak iddiaçılar ilə yanaşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən şəxslərin də paylı mülkiyyətindədir, iddiaçıların adına həmin əmlak üzərində paylı mülkiyyət hüququ da daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Yəni göründüyü kimi əmlakın hüquqi rejimi paylı mülkiyyət kimi müəyyən edilmişdir. Qanunvericilikdə isə paylı mülkiyyət kimi hüquqi rejimi müəyyən edilmiş əmlakın bir hissəsinin ayrıca əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması nəzərdə tutulmamışdır “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 1 ünvanında yerləşən 88.70 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin iddiaçıya məxsus ½ hissəsini ayırmaqla həmin hissəyə dair ayrıca dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 1 ünvanında yerləşən 88.70 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin iddiaçıya məxsus ½ hissəsini ayırmaqla həmin hissəyə dair ayrıca dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar