Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4685/2022 01.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə (üçüncü şəxs X2) qarşı ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək X1 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin üzərinə qoyulması tələbi irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçının keçmiş əri X2 həmin mənzildə qeydiyyatdadır. Üçüncü şəxs uzun illər sözügedən mənzildə yaşamamasına baxmayaraq, formal şəkildə qeydiyyatda qalmışdır. X2 Bakı şəhəri 29 saylı Notariat Ofisində 11 dekabr 2020-ci il tarixdə bağlanmış müqavilə ilə aliment borclarının silinməsi əvəzi olaraq ünvan 1 ünvanından 1 ay ərzində qeydiyyatdan çıxmağı öhdəsinə götürmüş, mənzilə dair hüquqlarından imtina etmiş, gələcəkdə mənzilə dair hər hansı iddia irəli sürməyəcəyini bildirmişdir. Üçüncü şəxsin həmin mənzildə qeydiyyatda olması iddiaçının mülkiyyət hüququnun, şəxsi həyata və ailə həyatına hörmət edilməsi hüququnun pozulmasına, iddiaçı üçün əlavə xərclərin yaranmasına və nəticədə ona maddi və mənəvi zərər vurulmasına səbəb olur. Belə ki, üçüncü şəxsin mənzildə formal qeydiyyatda olması səbəbilə iddiaçı onun yerinə əlavə mənzil və kommunal xərclər ödəmək məcburiyyətində qalır. Eləcə də iddiaçı mənzili özgəninkiləşdirmək istədikdə qeydiyyatda olan şəxsin razılığının tələb ediləcəyi üçün mülkiyyət hüququnu sərbəst şəkildə həyata keçirməyinə mane olacaqdır. Digər tərəfdən üçüncü şəxsə ünvanlanmış poçt göndərişlərinin iddiaçının mənzilinə gəlməsi narahatlığa səbəb olur. İddiaçı Yasamal Rayon Polis İdarəsinə müraciət edərək X1 mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir, lakin Yasamal Rayon Polis İdarəsi müraciəti təmin etməkdən imtina etmişdir.
3. Şifahi dinləmələr (məhkəmənin baxış iclası) zamanı iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək bildirdi ki, X2 həmin evdə yaşamır.
4. Cavabdeh Yasamal rayon polis idarəsi tərəfindən məhkəməyə ünvanlanan 17.01.2022-ci il tarixli məktubunda iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmədən hazırki iş üzrə məhkəmə iclasında cavabdeh qurumun iştirakı olmadan keçirilərək qərar qəbul edilməsi xahiş edilmişdir. II. İddianın növü və mümkünlüyü
5. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.
6. Məhkəmə qeyd edir ki, iddiaçı mənzilin mülkiyyətçisidir.
7. İddiaçının cavabdeh orqana etdiyi müraciətə cavab olaraq verdiyi 26.11.2021-ci il tarixli cavabında (bundan sonra - cavabdehin imtinası) “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə istinadən həmin ünvan üzrə qeydiyyatdan çıxarılma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinin mülki qaydada məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında mümkünlüyü qeyd edilmişdir.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
8. Məhkəmənin hazırki iş üzrə 24.12..2021-ci il tarixli qərardadı ilə X2 üçüncü şəxs qismində cəlb olunmuşdur.
9. Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında 18.11.2021-ci il tarixli arayışdan görünür ki, X2 ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.
10. CMS-AZEMİS elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən X2 ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar.
11. X2 və İddiaçı arasında nikah 09.02.2015-ci il tarixdə pozulmuşdur.
12. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 qeydiyyat tarixi 26.11.2009-cu il olmaqla İddiaçı xüsusi mülkiyyətindədir.
13. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 14.01.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, X1 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 4, 76 nömrəli mənzilə dair istifadə hüququnun qeydə alınması ilə bağlı məlumat idarənin arxivində aşkar edilməmişdir.
14. Məhkəmə tərəfindən üçüncü şəxsə ünvanlanan məhkəmə aktı və bildirişlər geri qayıtmış, məhkəmə iclasında üçüncü şəxs iştirak etməmişdir. IV. Məhkəmənin mövqeyi
15. Məhkəmə tərəfindən müəyyən olunur ki, X2 iddiaçının (mülkiyyətçinin) keçmiş ailə üzvüdür (əridir).
16. Azərbaycan Respublikasının Mənzil Məcəlləsindən: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. 30.6. Məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı əsasında yaşayış sahəsindən istifadə edən keçmiş ailə üzvü bu Məcəllənin 30.2-30.4-cü maddələrində nəzərdə tutulmuş vəzifə və məsuliyyəti daşıyır.
17. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.09.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.
20. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə edilən hüquqi mövqeyinə əsasən: ...Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıbyaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur...
21. İddiaçı mümkünlük şərtlərinə cavab verən iddia predmeti üzrə inzibati məhkəməyə müraciət etdiyindən arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsini seçmədiyini və konkret halda hüquqi müdafiəyə ehtiyacı olmadığını iddia etmək olmaz. Lakin məhkəmə hesab edir ki, üçüncü şəxs X2 iddiaçının (mülkiyyətçinin) keçmiş ailə üzvü (əri) olduğundan onun həmin mənzilə istifadə hüququna xitam verilməsi haqqında məhkəmə qətnaməsi əsasında yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarıla bilər. Odur ki, cavabdeh qurumun hazırki imtinası qanunsuz deyil.
22. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva