Məhkəmə qərarları › İş №2-1(112)-4686/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4686/2023

22.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4686/2023 22.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “pul vəsaitinin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin hesabına ödədiyi 5252,0 manat məbləğində pul vəsaitinin ona qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin əsl Cavabdeh ilə əvəz olunması barədə ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilmiş, cavabdeh əsl Cavabdeh (bundan sonra – Cavabdeh) ilə əvəz edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-3986/2022 saylı iş üzrə 22 iyul 2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan hüquqi şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin nəzdindəki səyyar-mexaniki dəstəsi tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 5244,26 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir. Elə həmin gün, yəni 22 iyul 2022-ci il tarixdə məhkəmə tərəfindən müəyyən edilmiş borc məbləğini elektron ödəmə vasitəsi ilə ərizəçi Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin hesabına köçürmüş və bununla da, ölkədən getmək hüququnun məhdudlaşdırılmasına xitam verilmişdir. Məhkəmə qətnamə qəbul edərkən ona əsaslanmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin nəzdindəki səyyar-mexaniki dəstəsinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 5244,26 manat olmaqla, ümumilikdə 5244,26 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixli **********745300 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Məhkəmə ərizədə göstərilən xüsusatları araşdırmadan ərizəni təmin etmiş, yaranmış vergi borcunun ondan tutulmasını təmin etmək məqsədilə ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qətnamə qəbul etmişdir. Bununla da qanunvericiliklə müəyyən edilmiş hüquqları kobud surətdə pozulmuşdur. Mübahisəli vergi borcu əmələ gəldiyi dövrdə o, pensiya yaşı çatdığına görə pensiyaya çıxmış, ədliyyə orqanlarında xidmətdən xaric edilmişdir. Əmək kitabçasının surətindən göründüyü kimi, 26 avqust 2013-cü il tarixdən pensiyaya çıxmaqla ədliyyə orqanlarında qulluq keçməyinə xitam verilmişdir, yəni müəssisənin vergi borcu yaranan dövrdə o, məsul şəxs olmamışdır. Ümumiyyətlə, məsul şəxs olsaydı belə müəssisənin vergi borclarını ödəmək barədə sərəncam vermək səlahiyyəti olmamışdır. Qətnamə 22 iyul 2022-ci il tarixində qəbul edilərək dərhal qüvvəyə mindiyindən və onun 27 iyul 2022-ci il tarixində xaricə müalicəyə getmək üçün bileti olduğundan, ölkə xaricinə getmək hüququnun məhdudlaşdırılmaması üçün göstərilən borc məbləğini ödəmək məcburiyyətində qalmışdır. Bununla ailə büdcəsinə böyük maddi zərər vurulmuşdur. Həmin borc məbləğinin ona aidiyyəti olmadığından ödədiyi vəsaitin reqres qaydada geri ödənilməsinə zərurət yaranmışdır. Cavabdeh iddiaya dair yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəf təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 2.1-ci bəndinə qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə istinad olunanları nəzərə alaraq hazırkı iddianın mümkünlüyünü yoxlayaraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia mümkünlük şərtlərinə cavab vermir. Belə ki, işdə olan 31 dekabr 1980-cı il tarixli iddiaçıya məxsus Əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1994-cü ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin nəzdindəki Səyyar-Mexaniki Dəstəsinin rəisi, xx.xx.2008-ci ildən xx.xx.2013-cü il tarixədək struktur dəyişikliyi nəticəsində Qəza şöbəsi adlandırılan həmin qurumun rəisi vəzifəsində işləmiş, xx.xx.2013-cü il tarixdə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” AR Qanununun 40.1.10-cu maddəsinə müvafiq olaraq penitensiar xidmətdə qulluqda olmama yaş həddinə çatdığı üçün pensiyaya çıxmaqla ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. İşdən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2015-ci il tarixli 2t-m nömrəli əmrinə əsasən Qəza şöbəsi ləğv edilmişdir. Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 13 fevral 2023-cü il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin nəzdindəki Səyyar-Mexaniki Dəstəsi” nin qanuni təmsilçisi İddiaçıdur. İşdə olan Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3986/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin maraqlı şəxs İddiaçı qarşı onun barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi təmin edilmiş, xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan hüquqi şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin nəzdindəki səyyar-mexaniki dəstəsi tərəfindən dövlət sosial müdafiə fonduna olan 5244,26 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri İddiaçı (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir. Səyyar-Mexaniki Dəstəsinin şəxsi hesab vərəqəsindən çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə 4895,15 manat və 349,11 manat olmaqla, cəmi 5244,26 manat məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borc məbləği ödənilmişdir. İddiaçı hazırda bu məbləği şəxsi vəsaiti hesabına ödədiyini iddia edərək, həmin məbləğin Səyyar-Mexaniki Dəstənin tabe olduğu cavabdeh Azərbaycan Respublikasının Cavabdehndən tutularaq ona qaytarılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarına əsasən mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə «MPM») 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə «İPM») 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 12-ci bəndinə əsasən inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Məhz qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, hazırkı iş üzrə yaranmış mübahisənin faktiki əsasları inzibati hüquq münasibətlərindən yaranmadığından ona inzibati mühakimə icraatı qaydasında baxılması mümkünsüzdür. Belə ki, iddiaçı Səyyar-Mexaniki Dəstəsinin rəisi vəzifəsini icra etsə də, xx.xx.2013-cü ildən ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmiş, bununla da onunla cavabdeh arasında xidməti hüquq münasibətlərinə xitam verilmişdir. İddiaçının ölkədən çıxışına Səyyar-Mexaniki Dəstəsinin dövlət büdcəsinə olan borcuna görə məhdudiyyət qoyulsa da, həmin borcun şəxsi vəsaiti hesabına ödənilməsi iddiaçının xidməti vəzifəsindən irəli gəlməmiş, həmin borcun ödənilməsi onun vəzifə öhdəliyi olmamışdır. Yəni borc ödənilən anda -xx.xx.2022-ci il tarixdə iddiaçı Səyyar- Mexaniki Dəstəsinin rəisi vəzifəsini icra etmiş olsaydı belə, həmin Dəstənin büdcəyə yaranmış borcuna görə onun şəxsən məsuliyyətinin yaranması istisna olunurdu. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.1-ci madəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Həmin Məcəllənin 431.3-cü maddəsinə əsasən əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, hazırkı mübahisə iddiaçı ilə cavabdeh arasında əvvəllər mövcud olan xidməti hüquq münasibətləri ilə bağlı yaranmamış, həmin pul vəsaitini ödəmək iddiaçının cavabdeh orqanla olan xidməti münasibətlərindən irəli gəlməmiş, iddiaçı vergi öhdəliyini Mülki Məcəllənin 431-ci maddəsinə uyğun olaraq cavabdehin əvəzinə icra edən üçüncü şəxs kimi çıxış etmişdir. Buna görə də, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının ödədiyi pul vəsaitinin cavabdeh tərəfindən qaytarılması ilə bağlı hazırkı mübahisə, hüquq münasibətlərinin xarakterinə görə inzibati mübahisə hesab olunmadığından ona inzibati məhkəmə icraatı qaydasında baxılaraq qiymət verilməsi mümkün deyildir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 15.1-ci maddəsində göstərilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır (Qərarın 15.2-ci bəndi). Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (Qərarın 15.3-cü bəndi). Qeyd edilənlərə əsasən məhkəmə işin məhkəmə aidiyyəti üzrə göndərilməsinin inzibati məhkəmə icraatında mümkünsüzlüyünü bildirməklə yanaşı iddiaçıya izah edir ki, iddiaçının hazırkı tələblə mülki mühakimə icraatı qaydasında aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək hüququ saxlanılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar