Məhkəmə qərarları › İş №2-1(112)-4688/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4688/2021

17.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4688/2021 17.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8 qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzillə təmin edilmə” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Cavabdehnə qarşı üçüncü X7 göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, 26 Bakı Komissarı rayonunun X3 İcraiyyə Komitəsinin 31.05.1991-ci il tarixli, 10/1933 saylı qərarına əsasən İddiaçı Bakı şəhəri Səbail rayonu ərazisində mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 1951-ci ildə Azərbaycan SSR-də doğulmuşdur. 22.11.1969-cu il tarixindən 01.03.1989-cu il tarixinədək Azərbaycan SSR-də yerləşən SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib ehtiyata buraxılmışdır. Azərbaycan Respublikasının vətəndaşı olmuş, indiki Səbail rayonunun (26 Bakı Komissarları rayonu) hərbi komissarlığında hərbi qulluqçu kimi uçota alınmışdır. Bakı şəhəri Səbail rayon ərazisndə kirayədə yaşamış və qeydiyyata düşmüşdür. Bakı şəhəri 26 Bakı Komissarı rayonunun X3 İcraiyyə Komitəsinin 31.05.1991-ci il tarixli, 10/1933 saylı qərarına əsasən ehtiyatda olan hərbi qulluqçu kimi mənzil növbəsinə götürülmüşdür. Sözügedən qərara əsasən mənzil növbəsi ilə bağlı həmin 26 Bakı Komissarı rayon X6 icraiyyə Komitəsinin hüquqi varisi olan Bakı Şəhəri Cavabdehnə qarşı malik olduğu hüquqları və tələbləri tam olaraq İddiaçı güzəşt etmişdir. Bununla bağlı icra hakimiyyətinə bildiriş verilmişdir. Göstərilənləri nəzərə alaraq Bakı şəhəri 26 Bakı Komissarı rayonunun X3 İcraiyyə Komitəsinin 31.05.1991 -ci il tarixli, 10/1933 saylı qərarına əsasən İddiaçı Bakı şəhəri Səbail rayonu ərazisində mənzillə təmin edilməsi cavabdehdən xahiş edilmişdir. Lakin cavabdeh hərəkətsizlik edərək inzibati akt qəbul etməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə və üçüncü şəxsə təqdim edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil 06.03.2021-ci il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsilə məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, X5 üçüncü şəxs sırasından çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 09 mart 2021-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş və X7 iddia tələbində üçüncü şəxs sırasından çıxarılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. İddiaçının nümayəndəsi və vəkili 12.05.2021-ci il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəflərin fikirləri dinlənilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın mümkün sayılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi “tələbin güzəşti barədə müqavilə”nin kserosurəti iş materiallarına əlavə edilmiş, məhkəmə iclası zamanı həmin müqavilənin əsli və ya təsdiq olunmuş surətinin təqdim edilməsi təklif olunsa da, iddiaçı tərəfindən təqdim edilməmişdir. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçının əsaslandığı kimi “tələbin güzəşti qaydasında” mənzil növbələrinin addan-ada keçməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması qaydası “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Göründüyü ki, qanunvericilikdə digər kateqoriyadan olan şəxslərin mənzil növbələrinin addan-ada keçməsi nəzərdə tutulmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının “mənzillə təmin olunma” tələbi ilə çıxış etmək üçün hər hansı bir subyektiv hüququ yaranmamışdır. Bundan əlavə, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş, Bakı şəhəri Cavabdeh X1 ünvanlanmış eyni məzmunlu 28.01.2021-ci il və 12.02.2021-ci il tarixli məktublardan görünür ki, iddiaçı Cavabdehnə ünvanlanmış ərizədə X2 hərbi qulluqçu kimi mənzil ilə təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı, iddiaçıya cavabdeh orqana eyni tələblə müraciət etməsi ilə bağlı sənədin təqdim edilməsi təklif olunsa da, iddiaçı tərəfindən təqdim edilməmişdir. Göründüyü kimi, iddiaçı cavabdeh orqana X2 hərbi qulluqçu kimi mənzil ilə təmin edilməsi barədə müraciət etsə də, hazırkı iddia tələbində özünün mənzil ilə təmin edilməsini xahiş etmişdir. Başqa sözlə, iddiaçının cavabdeh inzibati orqana müraciəti ilə hazırkı iddiası uzlaşmır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia həm ümumi, həm də xüsusi mümkünlük şərtlərini ödəmədiyi üçün mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar