Məhkəmə qərarları › İş №2-1(112)-4689/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4689/2021

21.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4689/2021 21.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “sərəncamın dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh başçısının 17.03.2020-ci il tarixli 86 №-li Sərəncamında qismən dəyişiklik edilməsi, onun yaşayış yeri üzrə Cavabdehdə güzəştli şərtlərlə mənzil növbəsinə götürülməsinin 2008-ci ildən hesab edilməsi barədə Sərəncamın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun ailə tərkibi 6 nəfər olmaqla yaşayış yeri üzrə Nərimanov RİH-də 2-ci dərəcəli gözdən əlil kimi mənzil növbəsinə götürülməsi və güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin olunacaq ailələrin siyahısına daxil edilməsi 2008-ci ilin yanvar ayından hesab edilməklə cavabdeh Bakı şəhəri Cavabdeh başçısının 17.03.2020-ci il tarixli 86 nömrəli sərəncamının dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, 2-ci qrup gözdən əlil, 1993-cü ildən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin üzvüdür və əmək qabiliyyətsizdir. 1970-ci ildən ünvan 1 ünvanda yaşayış sahəsi 10,2 kv.m, köməkçi sahəsi 8,0 kv.m olan məhdud kommunal şəraitli özbaşına tikilidə yaşayır. Onun həyat yoldaşı da 2-ci qrup gözdən əlildir. Hər ikisinin kənar şəxslərin köməyinə böyük ehtiyacı vardır. 1974-cü ildə oğlu Vüqar dünyaya gəlib. Hal-hazırda ailə üzvlərinin sayı 6 nəfərdir. 10 kv.m-lik yaşayış sahəsi olan məhdud kommunal şəraitli mənzildə yaşamaları qeyri-mümkündür. O, 1993-cü ildən gözdən əlil olduğundan və adına digər yaşayış sahəsi olmadığından, 1993-cü il tarixdən qanunvericiliyin tələbləri qaydasında mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində yaşayış yeri üzrə Cavabdehdə 2-ci qrup əlil kimi güzəştli şərtlərlə mənzil növbəsinə götürülməli idi. O, 2005-ci ildən başlayaraq mənzil növbəsinə götürülməsi barədə dəfələrlə Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin rəhbərliyinə, Cavabdehə ərizə ilə müraciət etsə də, hər iki qurumun keçmiş rəhbərliyinin işçilərinin məsuliyyətsizliyi və süründürməçiliyi nəticəsində sənədləri it-bata salınmış və o, qanunla müəyyən edilmiş vaxtdan güzəştli şərtlərlə mənzil növbəsinə dayana bilməmişdir. Sözügedən sənədlərinin surətlərini özündə saxlamışdır. Onun və ailə üzvlərinin adına digər yaşayış sahəsi olmamışdır. Bu barədə o, Nərimanov RİH-ə müraciət etsə də, Nərimanov RİH başçısının 17.03.2020-ci il tarixli 86 №-li Sərəncamı ilə onu ailə tərkibi 6 nəfər olmaqla 2-ci dərəcəli gözdən əlil statusunda mənzil növbəsinə götürdülər və güzəştli siyahıya daxil etdilər. O, yenidən 1 fevral 2021-ci il tarixdə ərizə ilə Nərimanov RİH-ə müraciət edərək, onun Nərimanov RİH-də güzəştli şərtlərlə olan mənzil növbəliyinin 2007- 2008-ci ildən hesab ediməsinə dair Nərimanov RİH başçısının 17.03.2020-ci il tarixli sərəncamında qismən dəyişiklik edilməsini xahiş etmişdir. Cavabdeh 19.02.2021-ci il tarixli məktubla növbəliliyinin dəyişdirilməsinin məhkəmə predmeti olduğundan məhkəməyə müraciət etməyisini tövsiyə etdi. Cavabdehin imtinası əsassızdır və cavabdeh tərəfindən onun qanunvericiliklə müəyyən edilən hüquq və azadlıqları pozulmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 izahatında bildirdi ki, iddiaçı mənzil növbəsinə götürülməsi üçün 2008-ci ildə müraciət etmişdir, lakin digər müraciət edənlər və ərizələr ilə əlaqədar olaraq müvafiq araşdırmalar aparılır və bunun üçün müəyyən vaxt tələb olunur. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddiaçı və onun həyat yoldaşı gözdən əlildir, onların adına daşınmaz əmlak qeydiyyata alınmamışdır, iddiaçı ünvan 1 ünvanda yaşayış sahəsi 10,2 kv.m, köməkçi sahəsi 8,0 kv.m olan özbaşına tikilmiş evdə 6 nəfər ailə üzvü ilə birlikdə yaşayır. Qeyd olunanlar nəzərə alınmaqla Cavabdehin 17.03.2020-ci il tarixli 86 nömrəli sərəncamına əsasən iddiaçı ailə tərkibi 6 nəfər olmaqla yaşayış yeri üzrə Nərimanov RİH-də 2-ci dərəcəli gözdən əlil kimi mənzil növbəsinə götürülməsi və güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin olunacaq ailələrin siyahısına daxil edilməsi qərara alınmışdır. Qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 19 fevral 2021-ci il tarixli, S-14-068 saylı məktubda qeyd olunur: Sizin güzəştli şərtlərlə mənzil növbəsinə götürülməyinizə dair 2007-2008-ci illərdə Nərimanov RİH-ə müraciətləriniz nəzərə alınaraq, Nərimanov RİH başçısının 17.03.2020-ci il tarixli 86 №-li Sərəncamında qismən dəyişiklik edilməsi barədə yazmış olduğunuz ərizəyə tərəfimizdən baxılmışdır. Sizin 2-ci dərəcəli gözdən əlil kimi mənzil növbəliliyinizin 2007-2008-ci il tarixdən hesab edilməsi barədə mübahisə məhkəmə predmeti olduğundan ərizənizin təmin edilməsindən imtina edilir. İş materiallarında olan Bakı şəhəri Cavabdeh tərəfindən məhkəmə sorğusuna əsasən məhkəməyə təqdim edilmiş sənədlərdə olan Bakı şəhəri Cavabdehin 17.03.2020ci il tarixli 86 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ailə tərkibi 6 nəfər olmaqla yaşayış yeri üzrə Nərimanov RİH-də 2-ci dərəcəli gözdən əlil kimi mənzil növbəsinə götürülməsi və güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin olunacaq ailələrin siyahısına daxil edilməsi qərara alınmışdır. Həmin sənədlərdə olan Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF Nərimanov rayon Şöbəsinin 27 yanvar 2020-ci il tarixli arayışın surətindən görünür ki, H.Mirzəyev küçəsi, döngə 3, ev 36 ünvanda qeydiyyatda olan İddiaçı həqiqətən DSMF Nərimanov rayon Şöbəsində İİ qrup (ömürlük) əlilliyə görə 249 manat 31 qəpik məbləğində pensiya alır. Həmin sənədlərdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestrindən 03.02.2020 və 05.03.2020-ci il tarixli arayışlarından görünür ki, İddiaçı və X1 adına Azərbaycan Respublikası üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması ilə bağlı Milli Qeydiyyat Sistemində məlumat yoxdur. Həmin sənədlərdə olan Bakı şəhər İcra Hakimiyyəti MKTD Nərimanov rayon MKTBnin 30 saylı MKİS-nin 24.01.2020-ci il tarixli 050765 nömrəli forma 2 arayışının surətindən görünür ki, İddiaçı 6 nəfərdən ibarəd ailə üzvü ilə birlikdə ünvan 4 ünvanında yaşayır, özü - İddiaçı 1970-ci ildən, həyat yoldaşı X2 1951-ci ildən, oğlu X6 1990-cı ildən, gəlini X3 1997ci ildən, nəvəsi X7 2013-cü ildən, nəvəsi X4 2014-cü ildən həmin ünvanda qeydiyyatda olmaqla yaşayırlar. Həmin sənədlərdə olan Bakı şəhəri Nərimanov rayonu Nərimanov Bələdiyyəsinin 28.01.2020-ci il tarixli 04/025 saylı arayışının surətindən görünür ki, İddiaçı, X2, X6, X3, X7 və X4 H.Mirzəyev küçəsi, döngə 3, ev 36-da yaşayırlar və Nərimanov Bələdiyyəsi tərəfindən onların mülkiyyətlərinə torpaq sahəsi ayrılmamışdır. Həmin sənədlərdə olan Azərbaycan Korlar Cəmiyyətinin 27831 nömrəli üzvlük biletinin surətindəq görünür ki, İddiaçı 2-ci dərəcəli gözdən əlilldir və 1993-cü ildən Korlar Cəmiyyətinin üzvüdür. Həmin sənədlərdə olan 04273 nömrəli 12.07.2010-cu il tarixli üzvlük vəsiqəsinin surətindən görünür ki, xx.xx.1948-ci il təvəllüdlü, İİ dərəcəli əlil İddiaçı Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin üzvüdür. Həmin sənədlərdə olan Azərbaycan Respublikası ƏƏSMN Nərmanov rayon şöbəsinin 25.02.1995-ci il tarixli BTE-10 seriyalı 095547 nömrəli arayışının surətindən görünür ki, İddiaçı 2-ci dərəcəli gözdən əlildir və əmək qabiliyyətsizdir. Həmin sənədlərdə olan Azərbaycan Gözdən Əlillər Cəmiyyəti tərəfindən Cavabdehə ünvanlanmış 18.03.2021-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı 2002-ci ildən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs hesab edilərək güzəştli əsaslarla mənzil növbəsinə görürülməsi barədə müraciəti nəzərə alınmaqla Bakı şəhəri Cavabdehin 17.03.2020-ci il tarixli 86 nömrəli sərəncamına dəyişiklik edilməsi xahiş edilmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı 1993-cü il tarixdən 2-ci dərəcəli gözdən əlildir və əmək qabiliyyətsizdir. O, ünvan 1 ünvanda yaşayış sahəsi 10,2 kv.m, köməkçi sahəsi 8,0 kv.m olan özbaşına tikilidə 6 nəfər ailə üzvü ilə birlikdə yaşayır. İddiaçı mənzil şəraitinin yaxşılaşdırılması üçün cavabdeh orqana müraciət edərək onu mənzil növbəsinə götürülməsini xahiş etmişdir. Bakı şəhəri Cavabdehin 17.03.2020-ci il tarixli 86 nömrəli sərəncamına əsasən iddiaçının ailə tərkibi 6 nəfər olmaqla yaşayış yeri üzrə Nərimanov RİH-də 2-ci dərəcəli gözdən əlil kimi mənzil növbəsinə götürülməsi və güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin olunacaq ailələrin siyahısına daxil edilməsi qərara alınmışdır. «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun (31.05.2018-ci ilədək qüvvədə olan) 43cü maddəsinə əsasən əlillər dövlətin hesabına mənzillə təmin edilirlər. İ qrup əlillərə, sağlamlıq imkanları məhdud uşağın ailələrinə mənzillər növbədənkənar verilir. Əlillərin, sağlamlıq imkanları məhdud uşağın ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilməsinin əsasları, onlara mənzil verilməsinin növbəliyi Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə müəyyən edilir. Bu zaman 1 qrup əlillər, sağlamlıq imkanları məhdud uşağın ailələri, habelə İİ və İİİ qrup müharibə əlilləri ailədə adambaşına 9 kvadratmetr və daha az yaşayış sahəsi ilə təmin edilmiş olduqda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər sayılırlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 08.07.1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 01.10.2009-cu il tarixədək qüvvədə olan) 28-ci maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. Vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə (29-cu maddə) və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş əsaslara görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilirlər. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən aşağıdakı vətəndaşlar mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilirlər: 1) həmin rayonda, şəhərdə və ya digər yaşayış məntəqəsində mənzil sahəsi ilə təminat nəzərə alınmaqla, ailənin hər bir üzvü üçün rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetinin qərarı ilə müəyyən edilmiş səviyyədən aşağı olan mənzil sahəsinə malik vətəndaşlar; 2) dövlət və ictimai mənzil fondu evlərində əsas icarədardan icarəyə götürmək şəraitində və ya mənziltikinti kooperativlərinə məxsus evlərdə yaxud da fərdi mənzil fondu evlərində icarə müqavilələri üzrə uzun müddət yaşayan və başqa yaşayış sahəsi olmayan vətəndaşlar; 3) mövsümi və müvəqqəti işçilər, habelə təhsillə əlaqədar olanlar istisna edilməklə, yataqxanada yaşayan vətəndaşlar; 4) müəyyən edilmiş sanitariya tələblərinə, texniki tələblərə cavab verməyən yaşayış evində (yaşayış sahəsində) yaşayan vətəndaşlar. Böyük Vətən müharibəsi əlilləri, həlak olmuş və ya itkin düşmüş döyüşçülərin (partizanların) ailələri və müəyyən edilmiş qaydada onlara bərabər tutulan şəxslər üçün müvafiq yerli xalq deputatları Sovetləri onların mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar sırasına aid edilməsinin güzəştli şərtlərini nəzərdə tuta bilərlər. SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində nəzərdə tutulmuş başqa əsaslara görə də vətəndaşlar mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilə bilərlər. Həmin Məcəllənin 30-cu maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar, bir qayda olaraq, yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsində uçota götürülürlər. SSRİ Nazirlər Soveti və Azərbaycan SSR Nazirlər Soveti tərəfindən müəyyən edilən hallarda və qaydada vətəndaşlar yaşayış yerindən kənarda da uçota götürülə bilərlər. Göründüyü kimi iddiaçı 1993-cü il tarixdən 2-ci dərəcəli gözdən əlildir, 1970-ci ildən yaşayış sahəsi 10,2 kv.m, köməkçi sahəsi 8,0 kv.m olan özbaşına tikilidə 6 nəfər ailə üzvü ilə birlikdə yaşayır. Ona görə də onun mənzil şəraitin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində mənzil növbəsinə götürülməsi barədə cavabdeh inzibati orqana müraciəti əsaslıdır. Lakin işin hallarından müəyyən edildiyi kimi iddiaçı bu barədə 2007-2008-ci il tarixdə cavabdeh orqana müraciət etməsinə baxmayaraq, onun müraciəti yalnız 17.03.2020-ci il tarixdə təmin edilmişdir və həmin tarixdən 2-ci dərəcəli gözdən əlil kimi mənzil növbəsinə götürülmüş və güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin olunacaq ailələrin siyahısına daxil edilmişdir. Halbuki iddiaçı bu barədə cavabdehə müraciət etdiyi tarixdən mənzil növbəsinə götürülməli olduğu halda cavabdeh tərəfindən heç bir əsas gətirilmədən tələbi təmin edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsasldıır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı ailə tərkibi 6 nəfər olmaqla yaşayış yeri üzrə Nərimanov RİH-də 2-ci dərəcəli gözdən əlil kimi mənzil növbəsinə götürülməsi və güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin olunacaq ailələrin siyahısına daxil edilməsi 2008-ci ilin yanvar ayından hesab edilməklə cavabdeh Bakı şəhəri Cavabdeh başçısının 17.03.2020-ci il tarixli 86 nömrəli sərəncamı dəyişdirilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar