Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4691/2022 14.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, iddiaçının nümayəndəsi, eyni zamanda vəkili Vəkil (Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 116, mənzil 35; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Bakı şəhəri 5 saylı Vəkil Bürosu, vəkil), cavabdehin nümayəndəsi X4 (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Əjdər Xanbabayev 1; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hüquq şöbəsində böyük məsləhətçi) iştirakları ilə, iddiaçı- İddiaçı cavabdeh - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 1 ünvanında mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış qeyri-yaşayış sahəsinin, həmin qeyriyaşayış sahəsinə dair tərtib edilmiş Texniki Pasportda əks edilmiş ölçülərə uyğun olaraq 184,8 kv.m. ölçüdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçının “Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 45 nömrəli sərəncamına və ona əlavə edilmiş texniki sənədlərə uyğun olaraq Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 12 (yeni qaydalarla: ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində göstərilmişdir ki, ünvan 8 yerləşən 29 və 30 saylı mənzillər ona məxsusdur. Hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışlar verilmişdir. Ona məxsus olan bu mənzillər binanın birinci mərtəbəsində yerləşmişdir. Qanunvericiliyə uyğun olaraq, mənzillərin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi ilə əlaqədar müvafiq sənədlər toplanmışdır. Belə ki, Layihə-Smeta Bürosu tərəfindən tərtib edilmiş eskiz layihəsi ilə müvafiq olaraq ərizə ilə Xətai Rayon İcra Hakimyyətinə müraciət etmişdir. Ərizə əsasında Xətai Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən X2 tərəfindən 26 fevral 2021-ci il tarixində qeyri-yaşayış sahəsinə keçilməsi ilə bağlı müsbət Rəy verildi. Elə həmin tarixdə həmin Komissiyanın 05 nömrəli Qəbul Aktı imzalandı. Hər iki sənəddə, faktiki ümumi sahənin 188,02 kv.m. təşkil etdiyi, ümumi sahədəki fərqin mənzillərdə aparılmış rekonstruksiya və təmir-bərpa işləri ilə əlaqədar olduğu bildirildi. Bu sənədlər əsasında təqdim etdiyi eskiz layihəsi təsdiq edildi və Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının 26 fevral 2021-ci il tarixli 45 saylı Sərəncamı ilə, mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 29 və 30 saylı mənzillərin birləşdirilərək qeyri-yaşayış sahəsi kimi istifadə edilməsinə icazə verildi. Sərəncamın 2-ci bəndinə əsasən, yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi sənədləşdirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən xahiş edilmişdir. Bundan sonra Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən başçının müavininin imzası ilə 10 mart 2021-ci il tarixli H- 41-162 saylı Bildiriş verildi. Toplanmış sənədlər, hüquqların dövlət qeydiyyatına alınması üçün iddia tələbləri üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri 1 saylı Bakı Ərazi İdarəsinə ********** saylı ərizə ilə təhvil verildi. Ərizə cavabdeh tərəfindən icra edilərək müvafiq Çıxarış və Texniki Pasport verildi. Sənədləri aldıqda mənzillərin qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınaraq, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi 46B ünvanının verildiyi, lakin, Texniki Pasport və Çıxarış arasında uyğunsuzluq olduğunu gördü. Belə ki, tərtib edilən Texniki Pasportda daşınmaz əmlakın ümumi sahəsi, faktiki sahəyə uyğun olaraq 184,8 kv.m. göstərilsə də, hüquqların dövlət reyestrindən Çıxarışda ümumi sahə 135,8 kv.m. əks edilmişdir. Belə olduqda bunun hansısa texniki səhv olduğunu zənn edərək, təkrar cavabdeh təşkilata müraciət etmişdir. Lakin, ərizəsinə cavab olaraq, xx.xx.2021-ci il tarixli, **********68 nömrəli cavab məktubu ilə texniki pasport və çıxarışın qanunamüvafiq qaydada tərtib edilərək təqdim edilmiş olması bildirildi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, eyni zamanda vəkili iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 12 (Yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 46B) İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətində ünvan 8 İddiaçı məxsus 1-ci mərtəbəsində yerləşən 29 və 30 saylı mənzillərin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair eskiz layihəsi razılaşdırılmışdır. İş materiallarından görünür ki, Xətai Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən X2sının Rəyində göstərilmişdir: “Müəyyən edilmişdir ki, 12 saylı evin 1-ci mərtəbəsində yerləşən, 29 və 30 saylı mənzillər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il və ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışlarına əsasən ümumi sahəsi 78.40 kv.m ibarət olmaqla vətəndaş İddiaçı məxsusdur. Komissiya üzvləri tərəfindən ünvanda aparılan yenidən ölçmə zamanı aşkar edildi kı, mənzillərin faktiki ümumi sahəsi 188.02 kv.m təşkil edir. Ümumi sahədəki fərq, mənzildə aparılmış rekonstruksiya və təmir-bərpa işləri səbəbindən yaranmışdır. Halhazırda mənzillərdən qeyri-yaşayış sahəsi kimi istifadə olunur və qonşu mənzillərdən təcrid olunmuş ayrıca giriş-çıxışı vardır. Xətai rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən X2 yuxarıdakıları nəzərə alaraq qərara alır: Komissiya, vətəndaş İddiaçı məxsus, Xətai rayonu. Afiyyədin Cəlilov küçəsi, 12 saylı evin, 1-ci mərtəbəsində yerləşən 29 və 30 saylı mənzillərinin ümumi sahəsi 188.02 kv.m ölçülər daxilində birləşdirilərək qeyri-yaşayış sahəsinə keçirilməsini məqsədəuyğun hesab edir.” İş materiallarından görünür ki, Xətai Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən X2sının Qəbul Aktında göstərilmişdir: “Yaşayış və ümumi sahələrdəki yaranmış fərq, mülkiyyətçi tərəfindən rekonstruksiya və yenidənqurma işləri aparılması səbəbindən yaranmışdır. Mənzillərin qonşulardan təcrid olunmuş ayrıca giriş-çıxışı mövcuddur. Bakı Şəhər Xətai Rayon İcra Hakimiyyəti nəzdində X5 Texniki Komissiyası yuxarıda qeyd olunanları nəzərə alaraq qərara alır: Komissiyanın keçirdiyi texniki baxış zamanı, vətəndaş İddiaçı məxsus Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi ev 12, 29 və 30 saylı nömrəli mənzillərin ümumi sahəsinin 188,02 kv.m hesab edilməsini nəzərə almaqla yaşayış sahəsindən qeyri- yaşayış sahəsinə keçirilməsini məqsədəuyğun hesab edir.” İş materiallarından görünür ki, Xətai Rayonu İcra Hakimiyyəti başçısının 45 nömrəli xx.xx.2021-ci il tarixli X3 Ramil Əqil oğluna xüsusi mülkiyyətində olan Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi ev 12, 29 və 30 saylı mənzillərin birləşdirilərək qeyri-yaşayış sahəsi kimi istifadə edilməsinə icazə verilməsi göstərilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyətinin İddiaçı ünvanladığı bildirişdən görünür ki, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 188.02 kv.m olan yaşayış sahəsi iaşə obyekti kimi istifadə olunması məqsədilə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş sənədlərə baxılaraq həmin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə 26 fevral 2021-ci il tarixli 45 saylı Sərəncam qəbul edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 7 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair Texniki Pasport tərtib edilmişdir. Texniki Pasportda qeyri-yaşayış sahəsinin ümumi sahəsi 184.8 kv.m göstərilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. Həmin Məcəllənin 20.3-cü maddəsinə əsasən çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. Həmin Məcəllənin 20.4-cü maddəsinə əsasən qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə o halda yol verilmir ki, belə sahə müəyyən edilmiş tələblərə cavab verməsin və ya bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmasın, yaxud bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edildiyi halda xeyrinə yüklülük müəyyən edilmiş şəxslərin razılığı olmasın. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi qaydası Mənzil Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir. Mənzil Məcəlləsinin 21.1-ci maddəsinə görə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. 21.2-ci maddə. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. 21.3-cü maddə. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. 21.4-cü maddə. Sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. 21.5-ci maddə. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq göstərilən qərarlardan birinin qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sahənin keçirilməsini həyata keçirən orqan ərizəçiyə həmin sənədi verməklə və ya göndərməklə yanaşı, qəbul edilmiş qərar barədə barəsində qərar qəbul edilən sahəyə bitişik olan sahələrin mülkiyyətçilərini məlumatlandırır. 21.6-cı maddə. Keçirilən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda bu Məcəllənin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir. 21.7-ci maddə. Əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. 21.8-ci maddə. Sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd həmin sənəddə nəzərdə tutulmuş müvafiq yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) siyahısı göstərilən digər işlərin ərizəçi tərəfindən görülməsi üçün əsasdır. 21.9-cu maddə. Bu Məcəllənin 21.8-ci maddəsində göstərilən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyriyaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. 21.10-cu maddə. Keçirilmiş sahə yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilərkən yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblərə, o cümlədən, çoxmənzilli binalarda qeyri-yaşayış sahələrinin istifadəsinə dair tələblərə riayət olunmalıdır. 23.1-ci maddə. Yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. 23.2-ci maddə. Yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” xx.xx.2010-cu il tarixli 272 nömrəli Fərmanının 1.2-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Məcəllənin 21.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları (dövlət mülkiyyətində olan qeyriyaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsinə münasibətdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinə münasibətdə isə həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin razılığı əsasında) həyata keçirir. Göründüyü kimi, mövcud qanunvericiliyə əsasən müvafiq səlahiyyətli orqanın qərarı ilə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi təsdiq edilməli, əgər keçirilən sahədə yenidənqurma və ya yenidən planlaşdırma işlərinin görülməsi tələb olunursa, sahənin keçirilməsinin təsdiq edilməsinə dair səlahiyyətli orqanın qərarında bu barədə göstərilməlidir. Yenidənqurma və ya yenidənplanlaşdırma işləri başa çatdıqdan sonra sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənməli, həmin orqan tərəfindən də dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. İşin hallarından mübahisəsiz qaydada müəyyən olunur ki, iddiaçı qanunvericiliyin sadalanan tələblərinə uyğun olaraq zəruri hərəkətləri həyata keçirmiş və yaşayış sahəsini qeyri-yaşayış sahəsinə keçirilməklə mənzillər birləşdirilərək yenidən planlama işlərinin həyata keçirilməsi barədə səlahiyyətli orqan qərar qəbul etmişdir. Belə ki, iddiaçının müvafiq müraciətindən sonra Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən X1 üzvləri tərəfindən mübahisəli mənzilə yerində baxış keçirilərkən mənzildə yenidənqurma işlərinin aparılması, mənzillərdən qeyriyaşayış sahəsi kimi istifadə olunması və qonşu mənzillərdən təcrid olunmuş ayrıca girişçıxışının olması müəyyən edilmiş, Xətai rayonu, Afiyyədin Cəlilov küçəsi, 12 saylı evin, 1ci mərtəbəsində yerləşən 29 və 30 saylı mənzillərin ümumi sahəsi 188.02 kv.m ölçülər daxilində birləşdirilərək (yenidən planlaşdırma) qeyri-yaşayış sahəsinə keçirilməsini məqsədəuyğun hesab edərək texniki rəy vermişdir. Həmin rəyə əsasən Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısı tərəfindən iddiaçıya məxsus mübahisəli mənzildə aparılmış yenidənqurma işləri və ayrıca giriş-çıxışının olması nəzərə alınaraq, mövcud ölçülərdə sənədləşdirilməsi və mənzilin həmin ölçüdə qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20.2-ci maddəsinə əsasən yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gedişgəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsinə yol verilmir. Mübahisə üzrə işin hallarından həmçinin müəyyən olunur ki, iş üzrə Mənzil Məcəlləsinin 20.2-ci maddəsində sadalanmış yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilməyən hallar hazırkı iş üzrə mövcud deyildir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (maddə 12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (maddə 12.2). MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.1). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir: “Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).” Məhkəmə qeyd olunan qanunvericilik normaları baxımından mübahisəyə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, ünvan 8 İddiaçı məxsus 29 və 30 saylı mənzillərin birləşdirilərək qeyri-yaşayış sahəsinə keçirilən sahədə (mənzildə) yenidənqurma və ya yenidən planlaşdırma işlərinin görülməsinə icazə verilməsinə dair səlahiyyətli orqanın qərarının, eləcə də həmin işlərin təsdiq edilməsinə dair sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktının mövcud olması, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətində ünvan 8 ünvanında İddiaçı məxsus 29 və 30 saylı mənzillərin birləşdirilərək qeyri-yaşayış sahəsinə keçirilməsinə dair eskiz layihəsinin razılaşdırılması, həmin mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında Xətai Rayonu İcra Hakimiyyəti başçısının 45 nömrəli xx.xx.2021-ci il tarixli Sərəncamının mövcud olması, həmçinin Mənzil Məcəlləsinin 20.2-ci maddəsində sadalanmış yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilməyən halların hazırkı iş üzrə mövcud olmaması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, hazırkı iddia tələbi əsaslıdır və təmin edilməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 45 nömrəli sərəncamına və ona əlavə edilmiş texniki sənədlərə uyğun olaraq Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 12 (yeni qaydalarla: ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 45 nömrəli sərəncamına və ona əlavə edilmiş texniki sənədlərə uyğun olaraq Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 12 (yeni qaydalarla: ünvan 2 ünvanda yerləşən qeyriyaşayış sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-4691/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4691/2022
14.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver