Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4692/2020 06.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «gömrük rüsumu qismində ödənilmiş məbləğin qaytarılması»na dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxx” MMC cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «gömrük rüsumu qismində ödənilmiş məbləğin qaytarılması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilmişdir ki, “xxxxxx” MMC kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən hüquqi şəxsdir. Şirkət bu fəaliyyətini həyata keçirmək üçün müxtəlif kənd təsərrüfatı avadanlıqlarından istifadə edir və bu avadanlıqları və onun hissələrini xarici ölkələrdən idxal edir. Şirkətin idxal etdiyi belə avadanlıqlardan biri də meyvənin və ya başqa kənd təsərrüfatı məhsullarının təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün nəzərdə tutulan maşındır. Şirkət qeyd edilən maşının özünü 2013-cü ildə idxal edib. Bu zaman "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri" haqqında AR Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr zarixli 500 nömrəli Qərarının tələblərinə müvafiq olaraq, qeyd edilən maşın 8433 60 000 0 kodu altında idxal edilib və qeyd edilən Qərara müvafiq olaraq gömrük rüsumuna "0" % dərəcə ilə cəlb edilmişdir. Bundan sonra maşının bəzi hissələrinin sıradan çıxması səbəbindən, şirkət müxtəlif vaxtlarda həmin avadanlığın ehtiyat hissələrini də ölkə ərazisinə idxal edib və bu ehtiyat hissələri də AR NK-nın 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarının tələblərinə uyğun olaraq, 0% dərəcə ilə idxal gömrük rüsumuna cəlb edilmişdir. Lakin şirkətin qeyd edilən maşının 2020-ci ilin mart ayında idxal etdiyi ehtiyat hissələri heç bir 2535 andırma gətirilmədən 15% dərəcə ilə gömrük rüsumuna cəlb edilmişdir. Belə ki, şirkət xx xxxx 2020-ci il tarixdə Niderland Krallığında fəaliyyət göstərən "Altracon" şirkəti ilə alğı-satğı müqaviləsi imzalayaraq, meyvənin çeşidlənməsi və kalibrlənməsi üçün nəzərdə tutulan "Greef" adlı maşının müqavilənin 1 saylı əlavəsində göstərilən ehtiyat hissələrini Azərbaycan Respublikasına idxal etmişdir. İdxal edilmiş bu malların gömrük orqanına bəyan edilməsi zamanı şirkət tərəfindən AR NK-nın xx xxxxxx 2017-ci il tarixli 500 nömrəli qərarında göstərilmiş təsnifat kodlarına müvafiq olaraq, həmin mallar 8433 90 000 0 kodu ilə sinifləşdirilmişdir. Lakin gömrük orqanı tərəfindən təyin edilmiş ekspertiza tədqiqatı zaman heç bir əsaslandırılma gətirilmədən, idxal edilmiş meyvənin çeşidlənməsi və kalibrlənməsi üçün nəzərdə tutulan maşının ehtiyat hissələri AR NK-nın xx xxxxxx 2017-ci il tarixli 500 nömrəli qərarında göstərilmiş başqa təsnifat kodları altında sinifləşdirilərək 15% dərəcə ilə gömrük rüsumuna cəlb edilmişdir. Bu mallara tətbiq edilmiş gömrük rüsumunun qanunsuz olmasına baxmayaraq, məhsulun xarab olmasının qarşısını almaq üçün qeyd edilən maşının işlək vəziyyətdə saxlanılmasına ciddi zərurət olduğundan, tətbiq edilmiş 2.729,57 manat məbləğində gömrük rüsumu ödənilərək, idxal edilmiş mallar gömrük orqanından xx xxx 2020-ci il yatixdə təhvil alınmışdır. Hesab olunur ki, qeyd edilən mallara tətbiq edilən gömrük rüsumu əsassız olduğundan qanunsuz sayılmalı və ödənilmiş gömrük rüsumu şirkətə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri" haqqında AR NK-nın xx xxxxxx 2017-ci il tarixli 500 nömrəli qərarına əsasən 8433 60 000 0 kodu ilə sinifləndirilmiş yumurtaların, meyvənin və ya başqa kənd təsərrüfatı məhsullarının təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınlar və 8433 90 000 0 kodu altında sinifləndirilmiş bu maşınların hissələri idxal gömrük rüsumuna 0% dərəcə ilə cəlb edilir. İddiaçı "xxxxxx" MMC-nin Niderland Krallığının "Altracon" şirkəti ilə bağlamış olduğu alğı-satğı müqaviləsi əsasında xx xxx 2020-ci il idxal etdiyi mallar meyvənin çeşidlənməsi və kalibrlənməsi üçün maşının ehtiyat hissələri olduğundan, düzgün olaraq iddiaçı tərəfindən 8433 90 000 0 kodu altında bəya edilməmişdir. İddiaçının idxal etdiyi malların məhz meyvənin çeşidlənməsi və kalibrlənməsi üçün maşının ehtiyat hissələri olduğunu iddiaçı ilə Niderland Krallığının "Altracon" şirkəti ilə bağlamış olduğu x xxxx 2020-ci il tarixli alğı-satğı müqaviləsi, x xxxx 2020 tarixli, 03.03.20 saylı hesab və bu sənədlərə uyğun gətirilmiş malların özü təsdiq edir. Lakin gömrük orqanı tərəfindən təyin edilmiş ekspertiza heç bir əsaslandırma gətirmədən iddiaçının idxal etdiyi malların başqa kodlar altında sinifləndirilməli olduğuna qərar verilmişdir ki, bu da Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri" haqqında AR NK-nın xx xxxxxx 2017ci il tarixli 500 nömrəli qərarının tələblərini pozmuşdur. Bundan başqa, gömrük orqanının heç bir hüquqi əsas olmadan tətbiq etdiyi gömrük rüsumu "xxxxxx" MMC-nin mülkiyyət hüququna qanunsuz müdaxilə təşkil etmişdir. Xüsusilə də nəzərə alsaq ki, "xxxxxx" MMC fəaliyyət göstərdiyi sahəyə uyğun olaraq qeyd edilən malları mütəmadi olaraq idxal etməli olur, heç bir əsas olmadan həmin mallara gömrük rüsumunun tətbiq edilməsi iddiaçının mülkiyyət hüququnun davamlı pozulması halını yaradacaqdır. Odur ki, yuxarıda qeyd edilən səbəblərdən, iddiaçının x xxx 2020-ci il tarixdə idxal etdiyi mallara görə tətbiq edilmiş gömrük rüsumu qanunsuz hesab edilməli və ödənilmiş rüsum iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə və AR Gömrük Məcəlləsinin 266.2-ci maddəsinə, İPM-inm 45, 46-cı maddələrinə, «Dövlət rüsumu haqqında» AR Qanununun 5-ci maddəsinə əsaslanaraq, xxxxxx" MMC ilə Niderland Krallığının "Altracon" şirkəti arasında imzalanmış x xxxx 2020-ci il tarixli alğı-satğı müqaviləsi üzrə "xxxxxx" MMC-nin x xxx 2020-ci il tarixdə idxal etdiyi və sorğu nömrəsi **********8081 olan "Gömrük bəyannaməsi" ilə rəsmiləşdirilmiş bütün mallar 8433 90 000 0 kodu altında sinifləndirilməli olduğundan, həmin mallar üzrə tutulmuş 15% gömrük rüsumunun qanunsuz hesab edilərək, ödənilmiş 2.729,57 manat rüsumun iddiaçıya qaytarılması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məhkəməyə ünvanlanmış iddiaya qarşı yazılı etirazında aşağıdakılar qeyd olunmuşdur: - İddiaçı “xxxxxx” MMC-nin iddia mümkün sayılmamalıdır. İddiaçı “xxxxxx” MMC-nin iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının xx xxx 2020-ci il tarixli müraciət məktubu x xxxx 2020-ci il tarixdə Dövlət Gömrük Komitəsinə daxil olmuşdur. İddiaçı “xxxxxx” MMC xx xxx 2020-ci il tarixli iddia ərizəsindən görünür ki, iddia ərizəsi xx xxx 2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuşdur. Qeyd edilənlərdən müəyyən edilir ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də iddianın qanunla nəzərdə tutulmuş müddətdə verilməsidir ki, iddiaçı “xxxxxx” MMC qanunvericiliyin bu normasına riayət etmədən məhkəməyə müraciət etmişdir. Göstərilənlərə və İPM-in 35.1-ci maddəsinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının müddəalarına əsaslanaraq, iddianın mümkün sayılmaması barədə qərardad çıxarılması məhkəmədən xahiş olunur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsində göstərilənləri təsdiqlədiyini qeyd etdi, iddianı müdafiə etdi və bildirdi ki, iddia mümkün sayılmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədiyini qeyd etdi və iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə görə bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 39.1-ci maddəsinə görə inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 39.1, 73.1-ci maddələri tətbiq oluna bilər. Məhkəmə qeyd edir ki, iddiaçının məhkəməyə təqdim olunmuş iddia ərizəsinin tarixi xx xxx 2020-ci ilə, məhkəməyə daxil olma vaxtı isə xx xxx 2020-ci il tarixə tarixə təsüdüf edir. Nəzərə alınmalıdır ki, iddiaçı qaldırılan məsələ ilə bağlı məhkəmə icraatında məhkəməyə iddia ərizəsi verilməmişdən əvvəl cavabdehin imtina məktubunun olması, habelə onun inzibati orqana ən azı 35 gün əvvəl müraciət etməsini təsdiqləyən hər hansı sübutun təqdim etməmişdir. Bu isə o deməkdir ki, iddianın qaldırıldığı xx xxx 2020-ci il tarixə tərəflər arasında həmin məsələ ilə baölı inzibati mübahisə mövcud olmamışdır. Qeyd olunanlara əsasən belə qənaət yaranır ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən iddiaçı “xxxxxx” MMC-nin hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Beləliklə, məhkəmə hazırkı iddianı mümkün saymır. AR Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü və 9-cu bəndlərində vurğulanmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərəəsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə(Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4692/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4692/2020
06.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver