Məhkəmə qərarları › İş №2-1(112)-4692/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4692/2022

21.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4692/2022 21.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi ilə tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh 4 saylı Bakı “ASAN Xidmət” Mərkəsinə qarşı «iddiaçının istəyinə uyğun adın onun uşağının doğum akt qeydində qeydə alınması» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh 4 saylı Bakı “ASAN Xidmət” Mərkəsinə qarşı «iddiaçının istəyinə uyğun adın onun uşağının doğum akt qeydində qeydə alınması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı X2 ilə 2 may 2020-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, onların bu nikahdan 22 sentyabr 2021-ci il tarixdə bir oğul övladı doğulmuşdur. Onlar uşağa doğum haqqında şəhadətnamə almaq üçün cavabdeh 4 saylı Bakı «ASAN xidmət" Mərkəzində Qeydiyyat şöbəsinə müraciət etmişlər. Uşağın adının doğum haqqında akt qeydində "Muhamməd" yazılmasını istəsələr də, cavabdeh bu müraciətin təmin olunmasından imtina etmişdir. İmtinaya əsas kimi «Azərbaycan Respublikasında dövlət dili haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə istinad olunmuşdur. Belə ki, cavabdeh ona ünvanladığı 18 noyabr 2021-ci il tarixli məktubunda göstərmişdir ki, «Azərbaycan Respublikasında dövlət dili haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşlarının adları, atalarının adları və soyadları dövlət dilində yazılır, seçilən həmin ad Qanunun tələblərinə uyğun olmadığından, bu adın verilməsi mümkün deyildir. İddiaçı hesab edir ki, cavabdeh aşağıda qeyd edilənlərə əsasən mənim müraciətimdən imtina etməkdə haqlı olmamışdır. Həmin Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları dövlət dilində yazılır. Azərbaycan Respublikası vətəndaşlarının adları və soyadlarının dəyişdirilməsi müvafiq qanunvericiliklə tənzimlənir. İddiaçının övladını adlandırmaq istədiyi “Muhamməd” adının uşaqlara qoyulması hər hansı bir qanunla qadağan edilməyib və həmin adın yazılışı da Azərbaycan dilindədir. Hal-hazırda “Muhamməd” adının nadir hallarda qovulması da onun (iddiaçının) öz oğlunu bu adla adlandırmaqdan məhrum edə bilməz. Azərbaycan Respublikasında “Muhamməd” adının qoyulması halları olmuş və bu adlar Qeydiyyat şöbəsi tərəfindən doğum haqında akt qeydlərində qeydə alınmışdır. Lakin eyni tələb üzrə cavabdeh iddiaçının müraciətindən imtina etmiş, oğluna “Muhamməd” adı qoyulmasına razılıq verməmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə, İPM-in 2.2.3-cü maddəsinə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1, 12.1, 12.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nın 1.5-ci bəndinə əsaslanaraq, iddiaçının 22 sentyabr 2021-ci il təvəllüdlü oğlunun adının doğum haqqında akt qeydində “Muhamməd” kimi qeydə alınması öhdəliyinin cavabdeh 4 saylı Bakı "ASAN Xidmət” X1 üzərinə qoyulmasına dair qərar çıxarılması məhkəmədən xahiş olunur. 4 saylı Bakı “ASAN Xidmət” Mərkəsi Qeydiyyat şöbəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 19 yanvar 2022-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - «Azərbaycan Respublikasında dövlət dili haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. «Azərbaycan Respublikasında dövlət dili haqqında» Qanunun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları dövlət dilində yazılır. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası “Məhəmməd” adının onomatik adlar sistemində iki forması “Məhəmməd" və “Məmməd” adı ənənəvi fonetik prinsipə uyğun olaraq düzgün yazılış forması olmasını müəyyən etmişdir. Digər formalarda “Muhəmməd”, “Mühəmməd” və “Mohəmməd” formaları Azərbaycan dilinin ədəbi dil normalarına uyğun olmadığına görə düzgün yazılış forması kimi qəbul edilmir. 2013-cü ildə nəşr olunmuş “Azərbaycan dilinin orfoqrafıya lüğəti”ndə (səh.825) orfoqrafıya qaydalarına uyğun olaraq bu adın “Məhəmməd” və “Məmməd” formaları düzgün yazılış forması kimi göstərilmişdir. Eyni zamanda AMEA-nın Ədəbiyyat İnstitutu tərəfindən tövsiyə olunmuş adlar siyahısında qeyd olunan ad “Məhəmməd” kimi göstərilmişdir. Qeyd olunanlara əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 nömrəli 28 avqust 2007-ci il tarixli qərarı ilə «İnzibati orqanların Təsnifatıl» təsdiq edilmişdir və həmin Təsnifatda (29-1.1-ci bənd) Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzləri inzibati orqan kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinə əsasən Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.1-ci maddəsinə görə uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Həmin Məcəllənin 53.2-ci maddəsinə görə uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. Həmin Məcəllənin 53.4-cü maddəsinə görə valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. Həmin Məcəllənin 54.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. «Azərbaycan Respublikasında dövlət dili haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları dövlət dilində yazılır. Azərbaycan Respublikası vətəndaşlarının adları və soyadlarının dəyişdirilməsi müvafiq qanunvericiliklə tənzimlənir. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının doğum və nikah haqqında şəhadətnamələri, şəxsiyyət vəsiqəsi, əmək kitabçası, hərbi bileti və yalnız, ölkə daxilində etibarlı sayılan digər rəsmi və vahid nümunəli sənədlər dövlət dilində tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nın 1.3-cü bəndinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir. Qaydaların 1.4-cü bəndinə görə uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 noyabr 2012-ci il tarixli 277 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamə»nin 2.1-ci bəndinə görə Komissiyanın əsas vəzifələri aşağıdakılardır: - (2.1.10) müasir qloballaşma şəraitində Azərbaycan dilində müxtəlif dillərdən alınan beynəlxalq terminlərin sayının sürətlə çoxalmasını nəzərə alaraq, dilimizin milli köklərinin qorunması, həmçinin zənginləşdirilməsinin davam etdirilməsi məqsədi ilə eyni tarixi-mənəvi kökə malik türk xalqlarının ortaq terminoloji bazasının yaradılması, müvafiq termin yaradıcılığının unifikasiyası normaları və metodoloji prinsiplərinin müəyyənləşdirilməsi; - (2.1.11) orfoqrafiya lüğətinin təkmilləşdirilməsi məqsədi ilə yeni terminlərin, coğrafi adların və şəxs adlarının verilmə prinsiplərinin müəyyənləşdirilməsi. Nəzərə alınmalıdır ki, Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən bu qəbildən olan məsələyə şəxsi həyata və ailə həyatına hörmət hüququnu tənzimləyən «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 8-ci maddənin kontekstindən yanaşılır. Avropa Məhkəməsinin yerləşmiş president hüququna görə bir şəxsi adını (soyadını) dəyişdirməyə sövq edən ciddi səbəblər ola biləcəyini diqqətə alan Avropa İnsan Hüquqları Məhkəməsi “dövlət öz təşkilati sisteminin normal fəaliyyətini təmin etməyə yönəltmiş legitim marağa sahib olduğundan” mövqeyindən çıxış edərək, əhalinin dürüst qeydiyyatının aparılması, şəxsi kimliyin müəyyən olunması və müəyyən bir adı (soyadı) daşıyanların müəyyən bir ailə bağlılıqlarının qurula bilməsi kimi ictimai marağın tələbləri nəzərə alındığından ad (soyad) dəyişdirmə imkanına qanuni məhdudiyyətlər gətirilə biləcəyini qeyd etmişdir. Bununla belə, Avropa İnsan Hüquqları Məhkəməsi dəfələrlə ifadə etdiyi kimi, 8-ci maddənin əsl məqsədi qoruma altına alınan hüququn istifadə olunmasında dövlət orqanlarının istədiyi kimi müdaxilə etməsinə qarşı şəxsi qorumaqdır. Bu zaman dövlətlər əlavə olaraq həm də şəxsi həyatın qorunmasına “hörmət” göstərilməsini təmin edəcək pozitiv öhdəliklər də daşıyırlar. Oxşar işlər üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq qərarında göstərilən hüquqi mövqeyindən də görünür ki, ad və soyadın seçilməsi hər bir dövlətin özünəməxsus orfoqrafik qaydalarından asılı olduğundan, bu sahədə dövlət orqanlarına ad və soyadın qoyulmasına razılıq verilib-verilməməsi istiqamətində geniş səlahiyyətlər verilmişdir. Bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd etdiyi və hazırkı işin hallarına da uyğun olan əsas mövqeyi ondan ibarətdir ki, soyadların və adların verilməsi, tanınması və istifadəsi prosesi milli xüsusiyyətlərin ən güclü olduğu və Razılığıa gələn Dövlətlərin daxili qaydaları arasında praktik olaraq heç bir yaxınlaşma nöqtəsinin olmadığı bir sahədir. Bu sahə, Avropa Şurasına üzv dövlətlər arasındakı böyük müxtəlifliyi əks etdirir. Bu ölkələrn hər birində adların istifadəsi tarixi, dil, dini və mədəni mahiyyətli bir çox amildən təsirlənir ki, ortaq məxrəc tapmaq son dərəcə çətindir, hətta mümkünsüzdür. Nəticə etibarilə, dövlət orqanlarının bu sahədə istifadə etdikləri səlahiyyətlər həddi xüsusilə genişdir. Bununla yanaşı, bu sahədə Razılığa gələn Dövlətlər hər nə qədər geniş mülahizə səlahiyyətinə sahib olsalar da, Avropa İnsan Hüquqları Məhkəməsi şəxsi həyata və ailə həyatına hörmət hüququna gətirilən məhdudiyyətin “zəruriliyi”nin inandırıcı olub-olmadığını dəyərləndirmək üçün xüsusilə yerli icra hakimiyyəti orqanları tərəfindən təqdim olunan və yerli məhkəmələr tərəfindən müraciəti rədd etmək üçün istinad olunan əsası rəhbər tutmaqdadır. Beləliklə, Avropa İnsan Hüquqları Məhkəməsi adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı şəxslərin müraciətlərinin təmin edilməsindən dövlət orqanları tərəfindən imtina olunması məsələsinə yanaşmada onların şəxsi həyata hörmət göstərilməsi hüquqlarını istifadə etmələrinə müdaxilə təşkil etdiyi prinsipindən hərəkət edir. Müvafiq olaraq, Avropa İnsan Hüquqları Məhkəməsinin yerləşmiş president hüququna görə bu cür bir müdaxilə bir məqsəd ya da məqsədlərə çatmaq üçün “qanunla nəzərdə tutulduğu”, 8-ci maddənin 2-ci bəndi baxımından bir və ya birdən çox qanuni (legitim) məqsədə yönəlmiş olduğu və bu məqsədlərə çatmaq üçün “demokratik bir cəmiyyətdə zəruri olduğu” halda Konvensiyaya zidd hesab etmir. Hazırkı işdə “Muhəmməd” adı ilə onun ənənəvi fonetik prinsipə uyğun olan “Məhəmməd” və “Məmməd” adarı arasında böyük fərq yoxdur, lakin iddiaçının övladının adının “Muhəmməd” yox, məhz “Məhəmməd” olması Azərbaycan dilinin milli köklərinin və orfoqrafik qaydalarının qorunması məqsədi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət dilinin qorunması özlüyündə legitim məqsəddir və Avropa İnsan Hüquqları Məhkəməsinin və «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın yuxarıda əks olunan mövqeyindən də göründüyü kimi, müdaxilə legitim məqsədə yönəlmiş olduğu halda hüquq pozuntusu kimi qəbul edilə bilməz. Sözügedən legitim məqsədə çatmaq üçün cavabdeh inzibati orqan tərəfindən edilmiş müdaxilə iddiaçıya münasibətdə müəyyənm mənfi nəticə yaratsa da, qeyri-mütənasib hesab ediləcək, yaxud da Konvensiyanın pozulması kimi qiymətləndiriləcək hədd deyil. Odur ki, inzibati orqan tərəfindən belə halda müdaxiləyə yol verilməsi iddiaçının hüququnun pozulması kimi qiymətləndirilə bilməz. Bu qənaət ondan irəli gəlir ki, “Muhəmməd” adı ilə “Məhəmməd” və ya “Məmməd” adları arasında əhəmiyyətli fərq yoxdur, lakin iddiaçının uşağının adının “Muhəmməd” deyil, məhz “Məhəmməd” olması Azərbaycan dilinin köklərinin və dilin orfoqrafik qaydalarının qorunması məqsədi daşıyır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh 4 saylı Bakı “ASAN Xidmət” Mərkəsinə qarşı «iddiaçının istəyinə uyğun adın onun uşağının doğum akt qeydində qeydə alınması» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 62, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh 4 saylı Bakı “ASAN Xidmət” Mərkəsinə qarşı «iddiaçının istəyinə uyğun adın onun uşağının doğum akt qeydində qeydə alınması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar