Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4694/2022 04.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hazırkı inzibati mübahisənin ərazi aidiyyəti məsələsinin müzakirəsini zəruri saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, hazırkı mübahisə inzibati orqanla (Azərbaycan Respublikası Müdafiə Nazirliyi) hərbi qulluqçular arasında mövcud olan (və ya əvvəllər mövcud olmuş) xidməti hüquq münasibətləri ilə bağlıdır. İPM-in 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Maddənin məzmunundan da göründüyü kimi inzibati orqanla hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı iddialara baxılmasının ərazi aidiyyəti aşağıdakı qaydada həll edilməlidir – 1) ərazi aidiyyəti ilk olaraq iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerlə, 2) belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yeri ilə, 3) bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerlə müəyyənləşdirilir. İddia tələbindən görünür ki, iddiaçı hərbi xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etdiyi üçün müharibə veteranı statusu və vəsiqəsinin verilməsini xahiş edir. Göründüyü kimi iddiaçının irəli sürdüyü tələb inzibati orqanla hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı olmuşdur ki, qanunverici bu cür mübahisələrdə məhkəmə aidiyyətini müəyyən edərkən bunu iddiaçının yaşayış yerindən asılı etmişdir. Nəzərə alınmalıdır ki, şəxsin “yaşayış yeri” dedikdə şəxsin qeydiyyatda olduğu yer başa düşülür. “Yaşayış yeri və olduğu yer üzrə” Azərbaycan Respublikasının Qanunun müddəalarına nəzər yetirdikdə məlum olur ki, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. (1-ci maddə) İş materiallarında olan iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, iddiaçının qeydiyyat ünvanı Ağdam rayonu ərazisində yerləşir. Buna görə də, hazırkı iddia tələbinə baxılması İPM-in 8.1.3-cü maddəsində göstərilən (iddiaçının yaşayış sahəsinin olduğu yer üzrə) aidiyyətin təsir dairəsinə düşür. Məhkəmə, eyni zamanda qeyd edilməsini zəruri hesab edir ki, AR İPM-nin 8.1.2-ci maddəsinə görə də hazırkı iddiaya baxılmasında Bakı İnzibati Məhkəməsi səlahiyyəti olmayan məhkəmə hesab edilir. Belə ki, həmin maddənin tələbinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinə ərazi aidiyyəti üzrə baxmağa səlahiyyətli olan məhkəmə iddiaçının yaşayış sahəsinin olduğu yer üzrə səlahiyyətli məhkəmə olan Gəncə İnzibati Məhkəməsidir. Belə ki, iddiaçının qeydiyyatda olduğu yer Ağdam rayonu inzibati ərazi vahidinə aiddir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati və kommerasiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Ağdam rayonu Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Bundan başqa nəzərə alınmalıdır ki, məhkəmə icraatı zamanı iddiaçı Bakı şəhəri ərazisində məskunlaşması ilə bağlı arayışı təqdim edilməsini təmin etməmişdir. Qeyd olunur ki, hətta bu arayışın təqdim olunsa idi belə, bu zaman Suraxanı rayonunda iddiaçının məskunlaşmaması da əhəmiyyət kəsb etmir. Belə ki, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı normativ xarakterli akt kimi Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati və kommerasiya məhkəmələrinin ərazi yurisdiksiyası ilə bağlı konkret qaydalar müəyyən etmişdir ki, rayonun həmin vaxt işğal vəziyyətində olub-olmaması, faktiki olaraq həmin yerin sakinlərinin məskunlaşmasında fərq müəyyən etməmiş, müvafiq rayon müvafiq məhkəmədə baxılmalıdır prinsipi ilə məsələyə yanaşmışdır. Əks halda, həmin Qərarda işğal olunmuş rayonlarının sakinlərinin faktiki vəziyyəti ilə bağlı fərqli qayda müəyyən edilərdi ki, həmin qayda müəyyən edilməmiş, həmin rayon sakinləri üçün xarakterik ola biləcək iddia tələblərinə eyni məhkəmədə baxılmasının təmini ilə bağlı şəxsiyyət vəsiqəsində məlumatlar nəzərə alınmaqla hər işğal altında olmuş rayon üzrə müvafiq məhkəmə müəyyən edilmişdir. Qeyd olunan səbəbdən də məhkəmə hesab edir ki, həmin məlumatların nəzərə alınması yuxarıda adıçəkilən Qərarla təsdiq edilmiş məhkəmələrin ərazi yurisdiksiyaları üzrə müəyyən edilən konkret qaydaların əhəmiyyətini azaldar. Məntiqi haldır ki, həmin normativ xarakterli akt qəbul edilərkən də həmin vaxt işğal olunmuş rayonlarda məskunlaşmanın olmaması bəlli idi. Bu zaman vətəndaşlara şəxsiyyət vəsiqələri verilərkən də real məskunlaşma yerinin işğalda olmuş rayon olmaması müəyyən idi. Lakin məhkəmələr üzrə ərazi yurisdiksiyası rayonun işğalda olması meyarı üzrə müəyyən edilməmiş, işğal altında olması və olmamasından asılı olmayaraq hər rayon üzrə müvafiq məhkəmənin səlahiyyətli məhkəmə olması müəyyən edilmişdir ki, bu səbəbdən də hazırkı iş üzrə işə Bakı İnzibati Məhkəməsinin işə baxmağa səlahiyyətli olmadığı aydın müəyyən edilir. Əks yanaşma qeydiyyat yeri işğal olunmuş rayon olan şəxslərin işinə baxarkən həmin məhkəmələrin səlahiyyətli olmaması ilə nəticələnir ki, qeyd olunan hal da Məhkəmə-Hüquq Şurasının yuxarıda adıçəkilən normativ xarakterli aktın tələblərinin pozulması deməkdir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, hazırkı iş baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. İPM-in 8.5-ci maddəsinə əsasən, bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanları nəzərə laraq və İPM-in 8.1, 8.2-ci və 8.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı İnzibati Məhkəməsinin icraatında olan hazırkı iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilsin Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim:Həsənov Orxan
Məhkəmə qərarları › İş №2-1(112)-4694/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4694/2022
04.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver