Məhkəmə qərarları › İş №2-1(112)-4695/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4695/2021

15.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4695/2021 15.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı MMC-nin qanuni təmsilçisi X8 və cavabdehin nümayəndəsi X9 iştirakları ilə İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair İddiaçı MMC-nin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının qanuni təmsilçisi X16 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, A.Ələsgər küçəsi, 2943 məhəllədə yerləşən qeyri-yaşayış sahəsinin faktiki sahəsinə uyğun dövlət reyestrində qeydiyyata alınaraq İddiaçı MMC-nin adına dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 1123 saylı, 25.09.1997-ci il tarixli sərəncamı ilə İddiaçı MMC-yə ünvan 1sində qeyriyaşayış sahələrinin tikintisinə icazə verilmişdir. Həmin qeyri-yaşayış sahəsinin eksiz layihəsi tərtib edilmiş və Bakı şəhəri, İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 24.12.2013-cü il tarixdə razılaşdırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yanğından Mühafizə və Cəza-Xilasetmə İşləri Baş İdarəsi Normallaşdırmaya və Tikintilərə Nəzarət şöbəsi tərəfidən 4315 saylı, 13.10.1997-ci il tarixdə müsbət rəy verilmişdir. Həmçinin 30.12.2005-ci il tarixdə Tikinti-Quraşdırma İşləri Başa X10 Qəbul edilməsi Haqda Qəbul Komissiyasının Aktı tərtib olunmuşdur. Cavabdehə ərizə ilə müraciət edərək, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair onun, İddiaçı MMC-nin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsini xahiş edilmişdir. Lakin cavabdeh müraciətdən imtina etmişdir. Cavabdehin imtinası tamamilə qanunsuz və əsassızdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, elektron kadastr baza məlumatına əsasən sözügedən torpaq sahəsinin daxilində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş fərdi yaşayış evi mövcuddur. Habelə əlavə tikililər inşa edilmiş və yerləşmə cizgisində qeyd olunan sahə ümumi ərazinin bir hissəsini əhatə edir. Həmçinin təqdim edilmiş istismara qəbul aktında ərazinin ölçüləri qeyd edilməmişdir. Hüquqi şəxsin təsis sənədləri və İddiaçı firmasının Məhdud Məsuliyyətli Cəmiyyətinə keçməsi ilə bağlı əlaqələndirici sənədlər təqdim edilməmişdir. Bununla bağlı İdarə tərəfindən İddiaçı MMC-yə **********49 qeydiyyat nömrəli 05 fevral 2021-ci il tarixli məktub ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin qanuni təmsilçisi X16 iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verib iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X17 iddiaya etriazın məzmununa uyğun izahat verərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X16 08.03.1969-cu ildə doğulmuşdur. - Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən verilmiş Kommersiya qurumunun dövlət reyestrindən çıxarışların surətlərindən görünür ki, təşkilati-hüquqi forması məhdud məsuliyyətli cəmiyyət olan İddiaçı MMC 22.02.1996-cı il tarixdə qeydiyyata alınmışdır. Əvvəlki qanuni təmsilçisi X11, hazırki qanuni təmsilçisi X12r. - 22.02.1996-cı il tarixdə, 28143 № ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmış "xxxx" Firmasının Nizamnaməsinin surətindən görünür ki, "xxxx" Firması adlanacaq Azərbaycan Respublikasının 01.07.94-cü il tarixli “Müəssisələr haqqında” Qanuna mövcud qanunvericiliyə qaydada, müxtəlif təsərrüfat, kommersiya və digər növ fəaliyyət gösətrmək məqsədilə yaradılmışdır. Müəssisənin təsisçisi X6r. - 15.10.2015-ci il tarixdə dövlət qeydiyyatına alınmış İddiaçı Nizamnaməsinin surətindən görünür ki, bu Nizamnamə 22.02.1996-cı il tarixdə Ədliyyə Nazirliyində 28143 nömrə ilə dövlət qeydiyyatına alınmış İddiaçı firmasının hüquqi varisi olan İddiaçı MMC-nin 2-ci redaksiya nizamnaməsidir. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən məhkəməyə ünvanlanmış 7-1637/17 nömrəli, 17.05.2021-ci il tarixli məktubuna əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısının 25.09.1997-ci il tarixli, 1123 nömrəli “Topraq sahəsinin ayrılması haqqında” sərəncamının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Xətai rayon İcra Hakimiyyətinin 04.03.1997-ci il tarixli, 1601 №-li məktubu nəzərə alınaraq İddiaçı firmasına Xətai rayonu, Aşıq Ələsgər küçəsindəki 2943-cü məhəllədə “SAZ” evinin layihələşdirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Xətai rayonu, Aşıq Ələsgər küçəsindəki 2943-cü məhəllədə, Xətai rayon Əhaliyə Məişət Xidməti İdarəsinə avtodayanacaq təşkili üçün ayrılmış sahə üzun müddət istifadə olunmadığından həmin sahənin ayrılması haqda Bakı şəhəri İcra Hakimiyyətinin 28.01.1992-ci il tarixli, 151 №-li sərəncamı öz qüvvəsini itirmiş hesab olunmuşdur. - Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalam Baş İdarəsi Şəhər Ərazisinin Tikinti Planlaşdırma İdarəsi tərəfindən 06.04.1998-ci il tarixdə təsdiq edilmiş İddiaçı firmasına ünvan 3də “SAZ” evi tikintisi umumi torpaq sahəsinin ayrılmasına dair 10383 nömrəli inşaat pasportun lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, 19.03.1998ci il tarixli, 98/75 nömrəli ayrıc aktına əsasən Bakı şəhər İcra Hakimiyyəti Aparatının Baş Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən Xətai rayonu, Aşıq Ələsgər küçəsi, 2943-cü məhəllədə İddiaçı Firmasına “Saz” evinin tikintisi üçün ayrılan 0,17 hektar torpaq sahəsi ölçülərək təhvil verilmişdir. Sahədə “SAZ” evi yerləşdirilməlidir. Sahə ilə bağlı Bakı şəhər Sanitariya və Gigiyena Mərkəzi, DİN-nin Baş yanğından mühafizə idarəsi, Bakı kanalizasiya idarəsi, Bakı Su kəməri istehsalat İdarəsi, “Bakıelektrikşəbəkə” İB ilə razılaşdırılmalar alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yanğından Mühafizə və Qəza- Xilasetmə İşləri Baş İdarəsi Normalaşdırmaya və Tikintilərə Nəzarət Şöbəsinin NTNŞ 4315 №-li, 13.10.1997-ci il tarixli rəyin surətindən görünür ki, ünvan 3 ünvanında “SAZ” Evinin layihələşdirilməsi üçün ayrılmış 0,18 ha torpaq sahəsi Azərbaycan Respublikası ərazisində qüvvədə olan Qanunvericilik və Normativ aktların, o cümlədən Azerbaycan Respublikası Torpaq Məcəlləsi, 2.07.01-89 “Şəhərsalma. Şəhər və X4 Planlaşdırılması və Tikintisi”, 2.05.06-85, "Maqistral boru kəmərləri", -11-106-79 “Neft və neft məhsulları ambarları" TN və Q, - "Tikintinti-X7 X5 Qaydaları”, EQQQ-nin və YTQ-05-86 2.5 bəndinə əsasən razılaşdırılmış ərazidən, yəni 0,18-dən artıq sahə mənimsəlinə bilməz və öz təyinatına görə istifadə olunmalıdır. - Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti Başçısının 351 №-li, 13.05.2005-ci il tarixli sərəncamından çıxarışın surətindən görünür ki, İddiaçı firmasına A.Ələsgər küçəsi 2943-cü məhəllədə «SAZ» evi tikintisi üçün ayrılmış sahədən tikilmiş binaların ərazisində təqdim edilmiş layihəyə müvafiq istehsalat sexi, iş otaqları, market və muzey tikintisinə tikilməsinə icazə verilmişdir. - Xətai rayonu Aşıq Ələsgər küçəsi 2943-cü məhəllə İddiaçı firmasının tikintisi üçün ayrılmış torpaq sahəsinin situasiya planının və layhiəsinin surətilərindən görünür ki, İddiaçı firmasının ərazisində tikinti üçün nəzərdə tutulan torpaq sahəsinin situasiya planı, 2 mərtəbəli tikilinin layihəsi tərtib edilmiş və Xətai rayonunun Baş Memarı E.Bağırov tərəfindən təsdiq olunmuşdur. - Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhər Ekspertiza Mərkəzinin D-/1-45 №-li, 16.01.2006-cı il tarixli məktubundan və ona əlavə olunmuş 1583-E/5 №-li, 14.12.2005-ci il tarixli rəyindən görünür ki, «Xətai rayonu, Aşıq Ələsgər küçəsi, 2943-cü məhəllədə yerləşən 2 mərtəbəli qeyri-yaşyış binası» layihəsinə ekspertizanın verdiyi iradların nəzərə alınması şərtilə layihəni razılaşdırmaq və tikinti üçün tövsiyə etmək olar. Tikinti işləri Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməli və obyekt layihədə nəzərdə tutulmuş təyinatı üzrə istifadə edilməlidir. - 30.12.2005-ci il tarixli tikinti-quraşdırma işləri başa X10 qəbul edilməsi haqda qəbul komissiyasının aktından görünür ki, Xətai rayonu, Aşıq Ələsgər küçəsi, 2943-cü məhəllədə İddiaçı firmasına məxsus “SAZ” evi tikintisi başa çatdığı üçün istismara tam yararlı hesab edilmişdir. Obyektin tikinti işlərinin layihəsi layihə smeta bürosu tərəfindən aparılmışdır. Obyektin tikinti-quraşdırma işləri 19.12.2005-ci ildə başa çatdırılmışdır. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış **********69 №-li, 30.03.2021-ci il tarixli məktubdan görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış **********63 №-li, 26.05.2021-ci il tarixli məktuba əlavə edilmiş ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair müvafiq sənədlərdən görünür ki, Xətai rayonu İcra Hakimiyyəti Başçısının “Məhəllədaxili ərazidə yaşayış evi tikilməsinə icazə verilməsi haqqında” 19.09.2000-ci il tarixli, 281 nömrəli sərəncamına görə Xətai rayon İcra Hakimiyyətinə İddiaçı i/k firmasının rəhbəri Ş.Mahmudova 24.08.2000-ci il tarixli, 09 saylı məktubla müraciət edərək firmanın işçisi X1 mənzil şəraitinin qeyri-qənaətbəxş olduğunu nəzərə alaraq BŞİHB-nın 1123 saylı, 25.09.1997-ci il tarixli sərəncamı ilə firmaya məxsus olan ərazidən 0,015 ha torpaq sahəsinin onun adına sənədləşdirilməsini və yaşayış evi tikintisinə icazə verilməsini xahiş etmiş, həmin məktub nəzərə alınaraq BŞİHB-nln 1123 saylı, 25.09.1977-ci il tarixli sərəncamı ilə A.Ələsgər küçəsi 2943-cü məhəllədə firmaya ayrılmış sahədən 0,015 torpaq sahəsi firmanın içşisi X2 adına sənədləşdirilməsi və fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Xətai rayonu, Aşıq Ələsgər küçəsi, 2943-cü məhəllə İddiaçı Firmasının ərazisində iki mərtəbəli yaşayış evinin layihəsi, həmin evin tikintisi üçün ayrılmış torpaq sahəsinin cizgisi Xətai rayon İH memarı tərəfindən təsdiq edilmiş, Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhər Ekspertiza Mərkəzi tərəfindən həmin layihə üzrə 115-E/5 saylı, 28 yanvar 2005-ci il tarixli rəy tərtib edilmişdir. Bakı şəhəri, Xətai rayonu İcra Hakimiyyəti Başçısının 28.02.2005-ci il tarixli, 145 nömrəli sərəncamından çıxarışa əsasən Əhmədli qəsəbəsi, Aşıq Ələsgər küçəsi, 3 “d” saylı evin vətəndaş X3 məxsus ümumi torpaq sahəsi 0,015 ha olan, yaşayış sahəsi 125,84 kvm., köməkçi sahəsi 85,15 kvm.-dən ibarət olan fərdi yaşayış evinin istismara qəbul edilməsi və hüquqi qeydiyyatdan keçirilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən ümümi sahəsi 210,99 kvm. fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə 03.10.2015-cü il tarixdən X13 məxsusdur. Həmin yaşayış evinin yerləşdiyi 0,01411 ha torpaq yaşayış məntəqələrinin topraqlarına aid olmaqla dövlətin mülkiyyətindədir. - İdarə tərəfindən iddiaçıya ünvanlanmış **********45 №-li, 25.12.2019-cu il tarixli məktubdan görünür ki, ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı ********** nömrəli, 21.11.2019cu il tarixli poçt vasitəsi ilə daxil olmuş ərizəsinə baxılmışdır. Nəzərinə çatdırılır ki, qeyriyaşayış binasına və torpaq sahəsinə dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər və hüquqi şəxsə aid sənədlər təqdim edilməmişdir. Bu səbəbdən də ərizsinin icrası tərəflərindən mümkün olmamışdır. - İdarə tərəfindən iddiaçıya ünvanlanmış **********86 №-li, 21.09.2020-ci il tarixli məktubdan görünür ki, ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış binasına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınmasına köməklik göstərilməsi barədə müraciətinə baxılmışdır. Bildirilir ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə uyğun olaraq qeyri-yaşayış binalarına münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı hüquqların qeydiyyata alınması üçün əsas kimi nəzərdə tutulmuşdur. Müraciətində qeyd edilən qeyri-yaşayış binasına dair təqdim edilmiş sənədlərin araşdırılması zamanı obyektin layihəsinin müvafiq qaydada razılaşdırılmadığı müəyyən edilmiş, bu səbəbdən hüquqların qeydiyyata alınması mümkün olmamışdır. - İdarə tərəfindən iddiaçıya ünvanlanmış **********49 №-li, 05.02.2021-ci il tarixli məktubdan görünür ki, ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair 16.10.2020-ci il tarixli, ********** nömrəli ərizəsinə tərəflərindən baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, elektron kadastr baza məlumatına əsasən sözügedən torpaq sahəsinin daxilində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş fərdi yaşayış evi mövcuddur, əlavə tikililər inşa edilmiş və yerləşmə cizgisində qeyd olunan ərazi sahənin bir hissəsini əhatə edir. Həmçinin təqdim edilmiş istismara qəbul aktında ərazinin ölşüləri qeyd edilməmiş və hüquqişəxsə aid olunan və “RAS" fisrmasının Məhdud Məsuliyyətli Cəmiyyətinə keçməsi ilə bağlı əlaqələndirici sənədlər təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsim təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinin 2-ci hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin 2-ci hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. - 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139-1.1.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 8.0.9-cu maddəsinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 1123 saylı, 25.09.1997-ci il tarixli sərəncamı ilə 22.02.1996-cı ildə qeydiyyata alınmış İddiaçı firmasına ünvan 1sində “SAZ” evinin layihələşdirilməsi və tikintisi üçün 0,17 ha torpaq sahəsi ayrılmış, buna dair 06.04.1998-ci ildə təsdiq edilmiş 10383 nömrəli inşaat pasportu tərtib edilmişdir. İddiaçı İddiaçı firmasının hüquqi varisidir və bu barədə cəmiyyətin nizamnaməsi 15.10.2015-ci ildə qeydiyyata alınmışdır. Firmanın istifadəsinə verilmiş 0,17 ha torpaq sahəsinin 0,015 ha hissəsi firmanın müraciətinə əsasən firmanın işçisi X3 müvafiq icra hakimiyyəti tərəfindən ayrılmış və həmin torpaq sahəsində 2 mərtəbəli, ümumi sahəsi 210,99 kv.m. olan fərdi yaşayış evinin tikintisinə və qeydiyyata alınmasına müvafiq icazə verilərək həmin yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Başçısının 1123 saylı, 25.09.1997-ci il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsində müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilmiş layihəyə uyğun qeyri-yaşayış sahəsini inşa etmiş, həmin qeyri-yaşayış sahəsi müvafiq icra hakimiyyəti orqan tərəfindən istismara qəbul edilmişdir. İddiaçı layihəyə uyğun inşa etdiyi qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana bir neçə dəfə müraciət etmiş, sonuncu dəfə cavabdeh inzibati orqan elektron kadastr baza məlumatına əsasən sözügedən torpaq sahəsinin daxilində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş fərdi yaşayış evinin mövcud olmasını, əlavə tikililər inşa edilməsini və yerləşmə cizgisində qeyd olunan ərazinin sahənin bir hissəsini əhatə etməsini, həmçinin təqdim edilmiş istismara qəbul aktında ərazinin ölçülərinin qeyd edilməməsini və hüquqi şəxsə aid olunan və “RAS" firmasının Məhdud Məsuliyyətli Cəmiyyətinə keçməsi ilə bağlı əlaqələndirici sənədlərin təqdim edilməməsini əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh inzibati orqanın imtinasının dəlillərdən biri kimi gətirdiyi müvafiq torpaq sahəsinin daxilində fərdi yaşayış evinin mövcud olması mübahisəli qeyri-yaşayış sahəsinin qeydə alınmasına mane olmamaqla imtinanın formalığını əks etdirir. Belə ki, həmin fərdi yaşayış evinin tikilməsi müvafiq icra hakimiyyətinin sərəncamı, təsdiqlənmiş layihə və istismara qəbul barədə aktla rəsmiləşdirilmiş, eləcə də bu sənədlər əsasında cavabdeh inzibati orqanın özü tərəfindən qeydiyyata alınmışdır. Cavabdeh inzibati orqanın iddiaçı tərəfindən təqdim edilmiş qeyri-yaşayış sahəsinin istismara qəbul aktında obyektinin ölçülərinin qeyd olunmaması ilə bağlı gətirdiyi dəlillə əlaqədar məhkəmə qeyd edir ki, istismara qəbul aktında istinad olunan layihə və digər sənədlərdə qeyri-yaşayış sahəsinin ölçüləri aydın şəkildə əks olunmuşdur. Həmin sənəddə qeyd olunan çatışmazlıq formal xarakterli hal kimi qiymətləndirilməli və bu hal sənədin mötəbərliyini şübhə altına qoya bilməz. Eyni zamanda iddiaçının hüquqlarının qeydiyyatını tələb etdiyi qeyri-yaşayış sahəsinin hazırki faktiki vəziyyəti ilə təsdiq edilmiş layihədəki göstəricilər arasındakı hər hansı ziddiyyətlərin və ya uyğunsuzluqların mövcudluğu ilə bağlı cavabdeh inzibati orqan heç tutarlı dəlil və sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Bundan əlavə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 1123 saylı, 25.09.1997-ci il tarixli sərəncamı ilə müvafiq torpaq sahəsi ayrılmış hüquqi şəxsin təşkilatı hüquqi formasının dəyişilərək hazırki iddiaçı kimi çıxış etməsi də məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən inşa edilmiş müvafiq qeyri-yaşayış sahəsi ilə bağlı “Daşınmaz əmlakın dövlət reyetrsi haqqında” Qanunun 8.0.9-cu maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olduğundan cavabdeh inzibati orqanın iddiaçının təqdim etdiyi sənədlər əsasında daşınmaz əmlak üzərində hüquqların qeydiyyatını aparmasından imtinası qanuna zidd sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, A.Ələsgər küçəsi, 2943 məhəllədə yerləşən qeyri-yaşayış sahəsinin faktiki sahəsinə uyğun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq İddiaçı MMC-nin adına müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, A.Ələsgər küçəsi, 2943 məhəllədə yerləşən qeyri-yaşayış sahəsinin faktiki sahəsinə uyğun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq İddiaçı MMC-nin adına müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar