Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4695/2025 11.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X17 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Orconikidze (hazırda Suraxanı RİH) rayon X26 İcrarayə Komitəsinin xx.xx.1990-cı il tarixli qərarı əsasında 036165 saylı,xx.xx.1990-cı il tarixli orderlə mərhum X1 adına verilmiş ünvan 1 ünvanında yerləşən mənzil üzərində hüquqlarının dövlət reyestrində qeydə alınması, həmin mənzilə iddiaçının adına çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalı edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən 3 (üç) otaqdan ibarət olan mənzil Orconikidze (hazırda Suraxanı RİH) rayon X26 İcrarayə Komitəsinin xx.xx.1990-cı il tarixli qərarı əsasında 036165 saylı, xx.xx.1990-cı il tarixli orderlə iddiaçının mərhum X1 adına olmaqla iddiaçıdan, qardaşından və anasından ibarət ailə tərkibi nəzərə alınmaqla verilmişdir. Həmin orderdə qeyd olunmuş məlumatlardan görünür ki, 93 saylı mənzilə 036165 saylı, xx.xx.1990-cı il tarixli order atası Yaşar Əsədullayevin 1979-cu ildən yaşayış yeri üzrə mənzil növbəsində durması ilə bağlı boşalmış mənzil fondunun hesabına Orconikidze (hazırda Suraxanı RİH) rayon X27 İcrarayə Komitəsinin xx.xx.1990-cı il tarixli qərarı əsasında verilmişdir. Həmin mənzil alındığı gündən iddiaçının ailəsi bu mənzildə yaşamağa başlamışdır. Ailəsi 5 (beş) nəfərdən yəni, atası, anası, qardaşı X8 və bacısı X2 ibarət olmuşdur. İddiaçının atası Yaşar Əsədullayev xx.xx.2018-ci ildə, anası Siyarə Əsədullayeva isə xx.xx.2023-cü ildə vəfat etmişlər. Onlar ölən günə kimi bu mənzildə yaşamışlar. X18 xx.xx.2003-cü ildə, oğlanları X9 xx.xx.2017-ci ildə, digər oğlu X4 isə xx.xx.2005-ci ildə vəfat etmişlər. İddiaçı 93 saylı mənzil alınan gündən indiyə kimi kimi orada yaşayır. Hazırda da özü və ailəsi 93 saylı mənzildə yaşayırlar. 93 saylı mənzil qanuni əsaslarla onun ailəsinə verilmişdir. İddiaçı xx.xx.2024-cü ildə 93 saylı mənzilə çıxarışın alınması üçün 4 saylı Bakı “Asan Xidmət” Mərkəzinə müraciət etmişdir. 4 saylı Bakı “Asan Xidmət” Mərkəzi bu məsələnin həlli üçün müraciətini Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına göndərmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialından mənə göndərilmiş 02 iyul 2024cü il tarixli, 3-48-2F/2-Ə-3169-8-3337/2024 saylı məktubda qeyd olunmuşdur ki, keçmiş Orconikidze rayon XDS İK-nin (indiki Suraxanı RİH) arxiv fondu üzrə xx.xx.1990-cı il tarixli, 2 saylı qərarları Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin qərarlarda atası X13 barəsində heç bir məlumat yoxdur. X1 adına verilmiş 036165 saylı, xx.xx.1990-cı il tarixli orderdə həmin bu orderin verilməsi üçün əsas kimi birbaşa Yaşar Əsədullayevin 1979-cu ildən yaşayış yeri üzrə mənzil növbəsində durması və boşalmış mənzil fondunun hesabına Orconikidze (hazırda Suraxanı RİH) rayon X27 İcrarayə Komitəsinin xx.xx.1990cı il tarixli qərarı əsasında verilməsi qeyd olunduğu halda, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialından iddiaçıya göndərilmiş 02 iyul 2024-cü il tarixli məktubda isə qeyd olunmuşdur ki, xx.xx.1990-cı il tarixli qərarlarda X13 barəsində heç bir məlumat yoxdur. Qeyd olunanlardan başqa iddiaçı atasından miras qalmış 93 saylı mənzillə bağlı vərəsəlik işinin açılması üçün ərizə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 35 saylı notariat ofisinə müraciət etmişdir. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsi tərəfindən ona verilmiş cavabları tam qanunsuz və əsassız hesab edir. Ona görə ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 12 saylı evin 93 saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi üçün tam qanuni əsasların olmasına baxmayaraq 1 saylı Bakı Ərazi İdarəsi bundan qanunsuz və əsassız olaraq imtina edir. Ona görə də, iddiaçı məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət edir. Onu da bildirir ki, bacısı İsmayılova (Əsədullayeva) Şirinxanım Yaşar qızı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 12 saylı evin 93 saylı mənzildən ona çatası miras payından xx.xx.2024-cü ildə Bakı şəhəri 35 saylı notariat ofisində verdiyi ərizə ilə imtina etmişdir. Həyat yoldaşı X19, oğlu X14 Bakı şəhəri 34 saylı notariat ofisi vasitəsilə verdiyi ərizələrlə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 12 saylı evin 93 saylı mənzilin iddiaçının adına özəlləşdirilməsinə və reyestrdən çıxarış verilməsinə etiraz etmədiklərini bildirmişlər. X3 xx.xx.1992-ci ildə anadan olmuş, uzun illərdir ki, 1-ci (birinci) qrup əlildir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, müraciətə əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 3-48-2F/2-Ə-2xx-xx-3725/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubu ilə keçmiş Orconikidze rayon XDS İK-nın (indiki Suraxanı RİH) arxiv fondu üzrə xx.xx.1990-cı il tarixli, 2 saylı qərarlarının 2 (iki) qovluqdan 229 (iki yüz iyirmi doqquz) vərəqdən ibarət Dövlət Arxivinin Bakı filialında mövcud olduğu, lakin həmin qərarlarda X6 ev verilməsi barədə heç bir məlumatın olmadığı bildirilmişdir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinə uyğun məzmunda izahat verərək tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. -Orconikidze (hazırda Suraxanı RİH) rayon XDS İK tərəfindən verilmiş 036165 saylı, xx.xx.1990-cı il tarixli orderin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 5 ünvanda yerləşən 93 saylı, ümumi sahəsi 42.62 kv.metr sahədən ibarət, 3 otaqlı mənzil 3 nəfər ailə üzvü ilə birlikdə (özü, 2 oğlu və arvadı) X6 verilmişdir. -Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X13 və X15 nikahı haqqında 1961-ci ilin noyabr ayının 09-da 587 №-li akt qeydi tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer: Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi. Nikah bağlandıqdan sonra ərə “Əsədullayev”, arvada “Əsədullayeva” soyadı verilmişdir. -4 saylı Bakı “ASAN xidmət” Mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2018-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə, 836 № ilə qeyd edilmişdir. -Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2023-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə, 663 № ilə qeyd edilmişdir. -Bakı şəhəri Suraxanı rayon VVADQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2003-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2004-cü il tarixdə, 846 № ilə qeyd edilmişdir. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş ******* №-li arayışdan görünür ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı ünvan 6 ünvanında qeydiyyatdadır. -İddiaçının ailə üzvləri X19 və X14 tərəfindən notarial qaydada verilmiş ərizələrdən görünür ki, ünvan 7 ünvanında yerləşən 93 saylı mənzilin İddiaçı adına sənədləşdirilməsinə etiraz etmirlər. -X7 tərəfindən notarial qaydada verilmiş ərizədən görünür ki, o, X1 ölümündən sonra bütün miras əmlakından imtina etmişdir və vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində deyil. -X25 tərəfindən verilmiş, notarial notarial tərcümə və təsdiq edilmiş ərizədən görünür ki, o, X5 ölümündən sonra vərəsəlik hüququ üzrə haqqında şəhadətnamənin mirasqoyanın oğlu İddiaçı tərəfindən alınmasına etiraz etmir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. Həmin Qanunun: -10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunmalıdır (10.2.1). -11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. -15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda, bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü maddəsinə əsasən dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu) mənzil fonduna daxildir. Həmin Məcəllənin 5-ci maddəsinin 1-ci abzasına əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» AR Qanununun 1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 3-cü maddəsində yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması mənzil fondunun özəlləşdirilməsinin əsas prinsiplərindən biri kimi nəzərdə tutulmuşdur. Həmin Qanunun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 8-ci maddəsində göstərilir ki, vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınma əsaslarının dairəsini konkret müəyyən edir. Qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının atasının adına Orconikidze (hazırda Suraxanı RİH) rayon X26 İcraiyyyə Komitəsinin xx.xx.1990-cı il tarixli qərarına istinadən verilmiş 036165 saylı, xx.xx.1990-cı il tarixli order “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində göstərilən hüquqmüəyyənedici sənədlərə uyğun gəlir. İddiaçı həmin orderdə adı nəzərdə tutulmuş yeganə sağ qalan şəxs olmaqla uzun müddətdir orada yaşayır və mənzil onun istifadəsindədir. Həmçinin mənzildə faktiki yaşayan iddiaçının ailə üzvlərinin mənzilin iddiaçının adına özəlləşdirilməsinə razılıq ərizələri mövcuddur. Məhkəmə cavabdehin imtina dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında olan sənədlərdə Orconikidze rayon X26 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli qərarında iddiaçının X1 adına mübahisəli yaşayış sahəsinin ayrılması barədə qeydin mövcud olmadığı bildirilsə də, sonradan həmin qərar əsasında verilmiş 036165 saylı, xx.xx.1990-cı il tarixli orderdə həmin şəxsin və ailə üzvlərinin adı aydın şəkildə göstərilmişdir. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə qeyd olunan dəlillərin əksini sübut edəcək müvafiq sübutlar təqdim edilməmişdir. Odur ki, məhkəmə cavabdehin imtina dəlilini əsassız hesab edir. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, həm hazırda qüvvədə olan Mənzil Məcəlləsinin tələbinə, həm də keçmiş mənzil qanunvericiliyinin tələblərinə əsasən hazırkı tələb üzrə iddiaçının mübahisə predmeti olan yaşayış sahəsinə mənzil hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdehin imtinası qanunazidd hesab edilməli, iddia təmin edilməli və İddiaçı Orconikidze (hazırda Suraxanı RİH) rayon X26 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli qərarı əsasında verilmiş 036165 saylı, xx.xx.1990-cı il tarixli orderdəki ölçülərə uyğun olaraq ünvan 2 üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Orconikidze (hazırda Suraxanı RİH) rayon X26 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli qərarı əsasında verilmiş 036165 saylı, xx.xx.1990-cı il tarixli orderdəki ölçülərə uyğun olaraq ünvan 2 üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-4695/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4695/2025
11.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver