Məhkəmə qərarları › İş №2-1(112)-4696/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4696/2020

19.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4696/2020 19.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçı (ünvan 1 ünvanda qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X3 (Bakı şəhəri, Q.Qarayev prospekti, ev 51/57 ünvanda qeydiyyatda olan) iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “müharibə veteranı vəsiqəsinin yenisi ilə əvəz edilərək verilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə Şəxsi X10 Şəxsi Heyət Baş İdarəsinə qarşı (3-cü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi olmaqla) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx xxxxx 2020-ci il tarixli məktubunun əsassız hesab edilərək, Azərbaycan Respublikası Daxili işlər Nazirliyi tərəfindən ona verilmiş xx xxxxxx 2000-ci il tarixli 022692 nömrəli müharibə veteranı vəsiqəsinin yenisi ilə əvəz edilərək verilməsi tələbinə dair iddia ərizəsi ilə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsi əsasında cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi X10 əsl cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1965-ci ildə Ağdam rayonunun Kəngərli kəndində anadan olmuşdur. Hazırda qeydiyyatda olduğu ünvanda da ailəsilə birlikdə yaşayır. O 1992ci ilin oktyabr ayından Bakı şəhəri Xətai rayonu Mühafizə Polisinə əmr alaraq xidmətə başlamışdır. 1993-cü ilin fevral ayında iş yerindən əmr alaraq döyüş bölgəsi olan Ağdam rayonunun poliş şöbəsinə göndərilmişdir. Həmin şöbədən Ağdam rayonu ərazisi olan Yetimcinni kəndində olan Fərrux dağının ətəyində döyüş əməliyyatlarına göndərilmişdir. Daha sonra 1993-cü ilin mart ayından 2005-ci ilin sonunadək isə iş yeri dəyişdirilərək Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən Dövlət obyektlərinin Mühafizəsi idarəsində növbətçi köməkçisi vəzifəsində xidmət etmişəm. 2006cı ildən 2015-ci ilə kimi Baş Dövlət X8 növbətçi hissəsində növbətçi köməkçisi vəzifəsində çalışmışdır. 2015-ci ildən təqaüddədir və hazırda isə Bakı şəhəri Təcili yardım Avtobazasında işləyir. Qeyd edir ki, hazırda işlədiyi Bakı şəhəri Təcili yardım Avtobazasında ondan “Müharibə veteranı" vəsiqəsinin kiril əlifbası ilə yazılması və pozulma hissəsi olduğu üçün dəyişdirilərək yenisini təqdim elməyini istəmişlər. İddiaçı bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi X5 ərizə ilə müraciət etmiş və ona bildirdilər ki, Azərbaycan Respublikası DİN Baş Əməliyyat və X1 alınmış arxiv məlumatlarına əsasən Sizin öklənin suverenliyi və ərazi bütövlüyü üğrunda aparılmış döyüş əməliyyatlarında iştirakınız faktı müəyyən edilməmişdir. Bu səbəbdən də “Müharibə veteranı" vəsiqəsinin bərpa edilərək yenisi ilə əvəz edilməsi mümkün olmamışdır. Hesab edir ki, cavabdehin bu imtinası əsassız və qanunsuzdur. Cavabdeh özü imtina məktubundan bir ay əvvəl iş yerimin məktubuna cavab olaraq iddiaçının Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü üğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməyi və buna görə də həqiqətən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən “Müharibə veteranı" adı və xx.xx.2000-ei il tarixli, 022692 nömrəli vəsiqə verilmişdir. Hətta o hazırkı günədək “Müharibə veteranı" təqaüdü alır və vəsiqəsi də özündədir. İddiaçı hesab edir ki, cavabdehin ona verdiyi xx xxxxx 2020-ci il tarixli məktubu əsassızdır və cavabdeh “Müharibə veteranı" vəsiqəni bərpa edərək yenisi ilə əvəz etməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi X10 iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, sabiq polis əməkdaşı İddiaçı azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiyini əsas gətirərək, cavabdeh Daxili İşlər Nazirliyinə qarşı ona təkrar «Müharibə veteranı» vəsiqəsi verilməsi barədə iddia ərizəsi ilə müraciət etmişdir. Bildirirlər ki, vətəndaş H.X4 Nazirliyində fəaliyyət göstərən müvafiq Komissiyanın xx.xx.2000-ci il tarixli, 37 nömrəli protokolu üzrə “Azərbaycan Vətən Müharibəsi Veteranları” birliyinin vəsiqəsi əsasında “Müharibə veteram” adı və vəsiqəsi verildiyi müəyyən edilsə də, müraciəti ilə bağlı müvafiq sorğu əsasında Nazirliyin Baş Əməliyyat və X1 təqdim olunan sənədlərdə onun ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakı faktının təsdiqinə dair heç bir məlumat aşkar olunmamışdır. Eyni zamanda bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin tələblərinə əsasən «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş daxili işlər orqanları əməkdaşlarına verilir. Göstərilənləri nəzərə alaraq cavabdeh hesab edir ki, sabiq polis əməkdaşı İddiaçı iddiasının təmin edilməsi məqsədəuyğun deyildir. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi Məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Şifahi Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazda göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İşdə olan Azərbaycan Respublikası daxili İşlər Nazirliyi Şəxsi X10 Şəxsi Heyət Baş İdarəsi tərəfindən iddiaçıya verilmiş xx xxxxx 2020-ci il tarixli, 024-19971R-3220 saylı imtina məktubundan görünür ki, İddiaçı yararsız hala düşmüş «Müharibə veteranı» vəsiqəsinin yenisi ilə əvəz olunmasına köməklik göstərilməsi barədə Daxili İşlər Nazirliyinə ünvanladığı müraciətinə baxılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası DİN-ın Baş Əməliyyat və X1 alınmış arxiv məlumatlara əsasən ölkənin suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan doyuş əməliyyatlarında iştirakı faktı müəyyən edilməmiş, eyni zamanda, vaxtilə Daxili İşlər Nazirliyi tərəfindən ona "Müharibə veteranı" adının verilməsi “Vətən müharibəsi veteranları” adı ilə fəaliyyət göstərən ictimai birliyin vəsiqəsinə əsasən həyata keçirildiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli Qərarına əsasən yararsız hala düşmüş «Müharibə veteranı» vəsiqəsinin yenisi ilə əvəz olunması mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi X10 tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi Məhkəmə araşdırması zamanı xx.xx.1965-ci il təvəllüdlü İddiaçı döyüş əməliyyatlarına göndərilməsi barədə əmrlərin, həmçinin həmin dövrdə döyüş əməliyyatlarında iştirakını təsdiq edən sənədlərin təsdiq olunmuş surəti sorğu əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi X10 tərəfindən xx xxxx 2020-ci il tarixli 024-2925-1220 saylı məktubla İddiaçı arxiv şəxsi işindən çıxarılmış xidmətkeçmə siyahısının təsdiq edilmiş surəti məhkəməyə ünvanlanmışdır. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X2 Daxili İşlər Nazirliyinin Şəxsi X6 rəisinə ünvanladığı ***- *******20 saylı xx xxxx 2020-ci il tarixli məktubun mətnində qeyd edilmişdir ki, İddiaçı arxiv şəxsi işində döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyat aşkar olunmadığından arxivdə saxlanılan Xətai RMİ-nin və RPİ-nin 1992-1993-cü illəri əhatə edən və BMİ-nin Bakı şəhəri Dövlət idarələri və müəssisələri mühafizə edən polis alayının 1993-1994-cü illəri əhatə edən əmrlərinə baxılmış, lakin onun döyüş bölgəsinə ezam olunması barədə əmr müəyyən edilməmişdir. O cümlədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi X10 tərəfindən sorğu əsasında məhkəməyə ünvanlanan arxiv şəxsi işindən çıxarılmış xidmətkeçmə siyahısından müəyyən edilir ki, İddiaçı döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyat aparılmamışdır. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin normalarına əsasən hesab edir ki, cavabdeh orqanın imtinası əsaslıdır və iddiaçının hər hansı hüququnu pozmur. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar planları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bundan əlavə, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.1998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat»ın 1.6-cı bəndinə əsasən 1988-ci il fevralın 1-dən 1991-ci il oktyabrın 9-dək erməni milliyyətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində ... aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə ... - 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili işlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi X6 Azərbaycan Respublikası Səhiyyə X7 Avtobazasına ünvanladığı məktubda İddiaçı Yəhya oğlunun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi qeyd edilsə də, lakin məhkəmə araşdırması zamanı iddiaçının adının arxiv şəxsi işindən çıxarılmış xidmətkeçmə siyahısında döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyatın aparılmadığı, o cümlədən arxivdə saxlanılan Xətai RMİ-nin və RPİ-nin 1992- 1993-cü illəri əhatə edən və BMİ-nin Bakı şəhəri Dövlət idarələri və müəssisələrini mühafizə edən polis alayının 1993-1994-cü illəri əhatə edən əmrlərinə baxılmış və onun döyüş bölgəsinə ezam olunması barədə əmrlərin olmadığı müəyyən edilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya imtina edilməsi əsaslı olmuşdur. Beləliklə, məhkəmənin mövqeyinə görə, iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün əsas olmadığından, inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar