Məhkəmə qərarları › İş №2-1(112)-4696/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4696/2025

18.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4696/2025 18.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqların dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 84 saylı binanın qarşısında yerləşən 3 mərtəbəli ticarət obyektinin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 116 kv.metr olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin qərardadı iddiaçının ərizəsinə əsasən iddia tələbi “Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 84 saylı binanın qarşısında yerləşən 3 mərtəbəli ticarət obyektinin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 115 kv.metr olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsi” dəqiqləşdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 84 saylı binanın qarşısında yerləşən 3 mərtəbəli ticarət obyektinin 1-ci mərtəbəsində ümumi sahəsi 116 kv.metr olan ticarət obyekti onun mülkiyyətinə verilmişdir. “Avrositi Holdinq" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən o, həmin qeyri yaşayış sahəsinin pulunu tam ödəmişdir və MMC-yə heç bir borcu yoxdur. Qeyri-yaşayış sahəsinin planı lisenziya əsasında fəaliyyət göstərən "xxxx" MMC tərəfindən də təsdiq edilmişdir. Onun binanın istismara qəbul edilməsi ilə bağlı dəqiq məlumat olmasa da, bildiyinə görə həmin binanın sakinləri artıq mənzilləri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına nail olmuşdurlar. Bu barədə məhkəmə qərarlarını təqdim edəcək. O, da özünə aid sənədlərini toplayıb qeyri-yaşayış sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etdi. Lakin, müraciətlərinə hər hansı cavab verilməmişdir. Təkrarən xx.xx.2024-cü il tarixdə həm cavabdehə, həm də məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Hesab edir ki, cavabdehin hərəkətsizliyi qanuna ziddir və təqdim etdiyi sənədlər qanunvericiliyə əsasən onun məxsus qeyri-yaşayış sahəsi üzərində hüquqların qeydiyyata alınması üçün əsasdır.

4. Cavabdeh tərəfindən imtinanın məzmununa uyğun iddiaya verilən etirazda bildirilir ki, müvafiq ünvanda yerləşən bina "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından qeyri-yaşayış sahəsinə dair MMC ilə iddiaçı arasında notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi təqdim edilməlidir. İddiaçı tərəfindən təqdim edilən qeyri-yaşayış sahəsinə dair "xxxx" MMC tərəfindən verilmiş müqavilə əsasında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində qeyri-yaşayış sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması nəzərdə tutulmamışdır. Mənzil Tikinti Kooperativi üzvlərinin iclas protokoldan çıxarış və maliyyə arayışı təqdim olunmalıdır. İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman qeyri-yaşayış sahəsinin ümumi sahəsinin 115.0 kv.m olduğu məlum olmuşdur.

5. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına və tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 84 saylı binanın qarşısında yerləşən 3 mərtəbəli ticarət obyektinin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 115 kv.metr olan qeyri-yaşayış sahəsi İddiaçı verilməsi təsdiq edilmiş və dəyəri “Alıcı” İddiaçı tərəfindən tam ödənilmişdir.

6. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, qeyri-yaşayış sahəsi hüquq müəyyənedici sənəd üzrə 116 kv.m, faktiki 115 kv.m təşkil edir. Qeyri-yaşayış binası 3 mərtəbə və + mansard mərtəbəsindən ibarətdir. Ərizəçinin hissəsi birici mərtəbənin bir hissəsində yerləşir. Həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın yarımzirzəmisinin və 1-ci mərtəbəsinin bir hissəsi, 2-ci mərtəbəsi, 3-cü mərtəbəsi və mansard mərtəbəsi bütövlüklə X2 adına qeydiyyatdan keçmişdir. 1-ci mərtəbənin bir hissəsinə isə X1 adına qeydə alınmışdır.

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazı müdafiə edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünküyü

9. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

10. İddia tələbi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsidir, iddiaçının yekun məqsədi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi olduğundan iddianın növü öhdəliyin icrasına dair iddiadır.

11. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

12. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

13. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

14. Məhkəmə tərəfindən müəyyən edildi ki, "xxxx" MMC ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, “Satıcı” ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Q. Qarayev prospekti 84 saylı binanın qarşısında yerləşən 3 mərtəbəli ticarət obyektinin 1-ci mərtəbəsində umumi sahəsi 116 kv.metrdən ibarət olan ticarət obyektini alıcının mülkiyyətinə verir. Qeyri-yaşayış sahəsinin dəyəri iddiaçı tərəfindən ödənilmişdir və qalıq borcu yoxdur. Nizami rayonu, Q.Qarayev prospekti, 84 saylı yaşayış binasının yaxınlığında İ səviyyə zirzəmili, 3+mansarda mərtəbəli qeyri-yaşayış binası Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/2268 nömrəli, xx.xx.2013-cü il tarixli razılıq məktubu nəzərə alınaraq "xxxx" MMC-nin adına Ö/002585 № li istismara hazırlıq aktına qəbul edilmişdir. İddiaçı həmin qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir.

15. Azərbaycan Respublikası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununa əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur; 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı;

16. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi:

101. Tikinti obyektinin istismarına icazənin məqsədi 101.1 Tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. 101.2 Tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir.

17. “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə (Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmişdir); (Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə ləğv edilmişdir):

31. Tikinti, nəqliyyat və rabitə sahələrində rayon, şəhər və şəhər rayonu icra hakimiyyəti başçısının səlahiyyətləri

1. İcra hakimiyyəti başçısının aşağıdakı səlahiyyətləri vardır: 1) rayonun, şəhərin və şəhər rayonunun planlaşdırılması sxemlərinin və layihələrinin hazırlanmasını təşkil etmək və onları təsdiq etmək, həyata keçirilməsini təşkil etmək, rayon və şəhərlərin ərazisində aparılan tikintilərin layihələrini və titul siyahılarını qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq etmək, sosial-məişət və mənzil tikinti obyektlərinin qəbul edilməsi üzrə dövlət komissiyaları yaratmaq və onların istifadəyə verilməsi haqqında aktları qəbul etmək.

18. Cavabdehin etirazının əsas dəlilləri ondan ibarətdir ki, müvafiq ünvanda yerləşən bina "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından qeyriyaşayış sahəsinə dair MMC ilə iddiaçı arasında notariat qaydasında təsdiq edilmiş alqısatqı müqaviləsi təqdim edilməlidir. İddiaçı tərəfindən təqdim edilən qeyri-yaşayış sahəsinə dair "xxxx" MMC tərəfindən verilmiş müqavilə əsasında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində qeyriyaşayış sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması nəzərdə tutulmamışdır. Mənzil Tikinti Kooperativi üzvlərinin iclas protokoldan çıxarış və maliyyə arayışı təqdim olunmalıdır. Eyni zamanda qeyri-yaşayış sahəsinin ümumi sahəsinin 115.0 kv.m olduğu məlum olmuşdur.

19. Məhkəmə, cavabdeh inzibati orqanın imtina üçün istinad etdiyi halları əsassız hesab edərək həmin halları hüquqların dövlət qeydiyyatından imtina üçün əsas hesab etmir. Belə ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin halları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilərək göstərilmişdir. Həmin maddəyə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

20. Sadalanan əsaslardan hər hansı birinin olması barədə cavabdeh tərəfindən məhkəməyə sübutlar təqdim edilməmişdir. İş materialları ilə də hər hansı halın mövcud olduğu müəyyən edilməmişdir. Cavabdeh inzibati orqan iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin və dəlillərin hüquqların dövlət qeydiyyatı üçün əsas olmadığını sübut edə bilməmişdir. Qanunvericiliyin tələbi baxımından həmin sənədlər hüquqların qeydiyyatı üçün əsasdır.

21. Məhkəmə cavabdehin "xxxx" MMC ilə iddiaçı arasında notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsinin lazımi olması dəlilinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə ilə MMC inşa etdiyi binadakı qeyri-yaşayış sahəsinin dəyərini almaqla satmışdır. Ona görə də həmin qeyri-yaşayış sahədinə dair MMC hüquq sahibi deyildir. Dəyəri tam ödənildiyi üçün 115 kv.m sahəyə mülkiyyət hüququ müqaviləyə əsasən iddiaçıya keçmişdir.

22. Məhkəmə cavabdehin qeyri-yaşayış sahəsinin ümumi sahəsinin 115.0 kv.m olması dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, məhz faktiki istifadəsində olan 115 kv.m sahəyə hüquqlarının qeydə alınmasını xahiş etmişdir.

17. Bununla yanaşı cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4706/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev küçəsi 84 saylı binanın qarşısında yerləşən 3 mərtəbəli ticarət obyektinin birinci mərtəbəsində yerləşən 230 kv.m. qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində X1 mülkiyyət hüququ üzrə qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

18. Həmin qərardan cavabdeh orqan tərəfindən apellyasiya şikayəti verilməmiş, qərar icra olunaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.

19. Göründüyü kimi cavabdeh inzibati orqan bərabərlik hüquqlarının təməl prinsipini pozaraq iddiaçıya münasibətdə fərqli mövqeyini nümayiş etdirmişdir ki, məhkəmənin qənaətinə görə bu hal iddiaçının mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirilir.

20. Beləliklə, cavabdeh inzibati orqan hüquqların dövlət qeydiyyatından imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədi. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.

21. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

22. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

23. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

24. Azərbaycan Respublikasının “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

25. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

26. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 84 saylı binanın qarşısında yerləşən 3 mərtəbəli ticarət obyektinin 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 115 kv.metr olan qeyri-yaşayış sahəsi üzərində İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar