Məhkəmə qərarları › İş №2-1(112)-4698/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4698/2020

25.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4698/2020 25.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinə qarşı “190 manat birdəfəlik ödəmənin təyin edilməsi” barədə iddia tələbi üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinəqarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nazirlər Kabinetinin 149 nömrəli Qərarının hüquqi qüvvəsi ilə bağlı məlumat verilməsini və bu Qərarın linkini (elektron ünvanına) təqdim edilməsini; işsiz kimi qeydiyyata alınmış adında nəqliyyat vasitəsi olan bir qrup adamlara 190 manat birdəfəlik ödəmənin təyin olunması və işsiz kimi qeydiyyata alınmış adında nəqliyyat vasitəsi olan başqa bir qrupuna bu ödəmənin təyin olunmamasına aydınlıq gətirilməsini, nazirlikdən isə bu barədə izahat verilməsini; bu imtinanın Nazirlər Kabinetinin hansı Qərarı ilə tənzimlənməsi barədə məlumat verilməsini və ƏƏSMN-dan isə bu barədə məlumat verməsini; işi və xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar fəaliyyətini dayandırıldıqdan nəqliyyat vasitəsindən və heç bir yerdən gələrin olmadığını, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq, dövlət qurumlarından hər hansı bir ödəməni almadığını, işsiz kimi qeydiyyata alınan əmək qabiliyyəti şəxslər və aztəminatlı ailə olduğunu nəzərə alaraq, ailə üzvlərindən biri kimi iddiaçı və ya onun həyat yoldaşına 190 manat birdəfəlik ödəmənin (dörd dəfə) bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Baki İnzibati Məhkəməsinin 2-1(112)-4698/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinə qarşı iddiası “Nazirlər Kabinetinin 149 nömrəli Qərarının hüquqi qüvvəsi ilə bağlı məlumat verilməsi və bu Qərarın linkini (elektron ünvanına) təqdim edilməsi, işsiz kimi qeydiyyata alınmış adında nəqliyyat vasitəsi olan bir qrup adamlara 190 manat birdəfəlik ödəmənin təyin olunması və işsiz kimi qeydiyyata alınmış adında nəqliyyat vasitəsi olan başqa bir qrupuna bu ödəmənin təyin olunmamasına aydınlıq gətirilməsi, nazirlikdən isə bu barədə izahat verilməsi; bu imtinanın Nazirlər Kabinetinin hansı Qərarı ilə tənzimlənməsi barədə məlumat verilməsi və ƏƏSMN-dan isə bu barədə məlumat verməsi və iddiaçının həyat yoldaşına 190 manat birdəfəlik ödəmənin bərpa edilməsi” hissəsində mümkün sayılmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı və onun həyat yoldaşı X2 işsiz kimi qeydiyyata alınmışdırlar, lakin 2020-ci il 29 aprel tarixində onlara aztəminatlılıq meyarlarına uyğun gəlmədiklərinə görə 190 manat birdəfəlik ödəmənin təyin olunmasından imtina edilmişdir. Aztəminatlı ailə olmadıqlarına səbəb, həyat yoldaşının adında yalnız bir nəqliyyat vasitəsi olması olmuşdur. Nazirlər Kabinetinin 2020-ci il 07 aprel 127 nömrəli Qərarına əsasən koronavirus pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar aprel-may aylarında işsiz kimi qeydiyyatda olan adamlara 190 manat birdəfəlik ödəmə bir mənalı şəkildə təyin olunmalıdır. Bundan başqa xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar aprel-may aylarında yaşayış yerini tərk etmək qadağası olduğundan bu aylarda fəaliyyət dayandırıldığına görə nəqliyyat vasitəsindən istifadə olunmayıb və bu səbəbdən o, ailəyə gəlir qətirməyib. Belə olan halda nəqliyyat vasitəsi imtina üçün əsas olmamalıdır, çünki bu aylarda nəqliyyat vasitəsi ailəyə nə gəlir gətirib, nə də ki, ondan qida kimi istifadə olunmayıb. Ona görə də adında nəqliyyat vasitəsinin olması avtomatik olaraq qəlir, qazanc əldə etmək kimi başa düşülməməlidir. ƏƏSMN-i isə öz növbəsində hər bir ailəyə fərdi yanaşmalı, onun qəlirinin, qazancının olub-olmamasını, aztəmnatlı ailə olub-olmamasını əsas kimi götürməlidir. Ona görə də ƏƏSMN-i Nazirlər Kabinetinin 127 nömrəli Qərarına əsasən aztəminatlı ailələrə ödənişi etməlidir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinin nümayəndəsi X10 məhkəməyə təqdim etdiyi iddia ərizəsinə dair etirazda göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 07 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel,may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmçinin, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən işsiz şəxsin əsas meyarlarından biri olan işə başlamağa hazır olan şəxs kateqoriyasına aid olmamışdır. Onların müraciət etməkdə məqsədləri yalnız ödəmə ilə bağlı olmuşdur. Həmin qaydaya əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və sözügedən Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin həmin Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Əmək və X5, İqtisadi, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılmışdır. Beləliklə, İddiaçı arvadının mülkiyyətində FORD TRANSİT markalı nəqliyyat vasitəsi (özü də iddia ərizəsində qeyd etmişdir) olduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 2.3.10-cu yarımbəndinə uyğun olaraq aztəminatlılıq meyarına cavab verməməsi səbəbindən birdəfəlik ödəməni almaq hüququ yaranmamış və buna görə birdəfəlik ödəmənin ödənilməsindən imtina olunmuşdur. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinin nümayəndəsi X7 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia rədd edilməlidir. - AZE-7904617 saylı şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1958-ci il təvəllüdlüdür, ünvan 1 43 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X8 xx xxx 2020-ci il tarixli, 016-40169M-4220 saylı məktubun surətindən görünür ki, DİN-in Baş Dövlət X8 Qeydiyyat- İmtahan kompyuter uçot bazasına görə ünvan 2 ünvanında qeydiyyatda olan xx.xx.1958ci il təvəllüdlü İddiaçı adına və ya etibarnamə əsasında istifadəsində nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X8 xx xxx 2020-ci il tarixli, 016- 40185M-4220 saylı məktubun surətindən görünür ki, DİN-in Baş Dövlət X8 Qeydiyyat- İmtahan kompyuter uçot bazasına görə ünvan 2 ünvanında qeydiyyatda olan xx.xx.1962ci il təvəllüdlü X1 adında xx.xx.2019-cu il tarixdən hazıradək “FORD TRANSİT YÜK” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. - E-SOSİAL.AZ tərəfindən İddiaçı göndərilmiş SMS-in surətindən görünür ki, X4 aztəminatlılıq meyarına uyğun gəlmədiyi üçün (ərinizin(arvadınızın) adına nəqliyyat vasitəsi aşkarlandığı üçün) iddiaçıya 190 manat birdəfəlik ödəmə verilməsindən imtina edilmişdir. Beləliklə, Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarını rəhbər tutaraq, işsiz olduğu üçün, qanunvericiliklə nəzərdə tutulmuş 190 manat məbləğində birdəfəlik ödəmənin dörd dəfə olaraq ödənilməsi ilə bağlı öhdəliyin cavabdehin üzərinə qoyulmasını xahiş edir. İşin mübahisələndirilən halı odur ki, iddiaçı cavabdeh tərəfindən imtina məktubunu mübahisələndirərək (hazırki halda elektron SMS-i), iddiaçının həyat yoldaşının adında olan nəqliyyat vasitəsinin, onun işsiz kimi olmağına, həmçinin karantin müddətində maliyyə vəziyyətinin yaxşılaşdırılmasına təsir etmədiyini bildirir. Qeyd edilən mübahisənin həlli üçün Məhkəmə aşağıdakı normalara istinad edir: “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunun 1.1.6-cı maddəsinə əsasən, işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs işsiz şəxs hesab olunur. “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarının 1.1-ci, 1.2-ci və 1.4-cü maddələrinə əsasən, koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir. Birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi tərəfindən həyata keçirilir. Həmin Qərarın 2.1-ci bəndinə əsasən, birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Həmin Qərarın 2.3-cü bəndinə əsasən, Dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə (2.3.1); əmək pensiyaçılarına (2.3.2); aylıq müavinət alanlara (2.3.3.); aylıq təqaüd alanlara(2.3.4); özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə(2.3.5); işsizlikdən sığorta ödənişi alanlara (2.3.6); peşə hazırlığına görə təqaüd alanlara (2.3.7); 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə(2.3.8); əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara(2.3.9); əri və ya arvadı bu Qaydanın 2.3.1-ci - 2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə (2.3.10). “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli, 149 saylı Qərarın 2.3-cü bəndinə 2.3.11-2.3.15-ci yarımbəndlər əlavə edilmişdir: mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara (2.3.11); mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara(2.3.12); birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara(2.3.13); yaşı 18-dən aşağı olanlara(2.3.14); Azərbaycan Respublikasının Əmək və X5 Nazirlyi tərəfindən bu Qaydaların 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara. Həmçinin, 2.3.10-cu bəndində, bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15-ci yarımbəndlərində göstərilən şəxslərin əri və ya arvadı kimi qeyd olunması qərara alınmışdır. Göründüyü kimi, koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejimi tətbiq olunduğu zaman, işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi həyata keçirilirdi. Lakin, işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi üçün onlar müvafiq meyarlara uyğun olmalıdırlar. Nəzərə alsaq ki, bunun ilə bağlı Nazirlər Kabineti tərəfindən xx xxxxx 2020-ci il tarixdə Qərar qəbul edilmiş, sonradan xx xxxxx 2020-ci il tarixli Qərarla həmin Qərara dəyişiklik edilmiş, işsiz kimi qeydiyyatda olan, lakin səciyyəvi xüsuslara malik olan şəxslərə həmin birdəfəlik ödəmənin nəzərdə tutulması müəyyən edilmişdir. Hazırki iddia üzrə birdəfəlik ödəmənin imtinasının əsası odur ki, iddiaçının həyat yoldaşının mülkiyyətində avtonəqliyyat vasitəsi qeydiyyatda keçir. Məhkəmə qeyd etmək istəyir ki, cavabdeh tərəfindən sms vasitəsi ilə birdəfəlik ödəmənin təyin olunması ilə bağlı imtina məktubu iddiaçıya xx.xx.2020-ci il tarixdə saat 08:49:29 raddələrində göndərilmişdir. Həmin tarixdə isə artıq “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli, 149 saylı Qərarı qəbul olunmuş və icra üçün Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyinə göndərilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilərkən, həmin zaman dəyişiklikdən sonra qüvvədə olan Qərarın 2.3.10-cu və 2.3.12-ci bəndləri əsasında, iddiaçının həyat yoldaşının mülkiyyətində avtonəqliyyat vasitəsinin olması götürülmüşdür. Belə olan halda, Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın hər hansı bir qanunazidd hərəkəti olmamış və haqlı olaraq iddiaçının müraciətinə imtina edilmişdir. Bu səbəbdən Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin olunmamalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir(52-ci maddə). Bütün qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinə qarşı “190 manat birdəfəlik ödəmənin təyin edilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinə qarşı “190 manat birdəfəlik ödəmənin təyin edilməsi” barədə iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar