Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4699/2020 23.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Həsənova Arzu Mahmud qızının katibliyi İddiaçı İbrahim oğlunun Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «birdəfəlik ödəmənin ödənilməsi” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin xx.xx.2020ci il tarixli imtina aktının ləğv olunması, onun işsiz kimi qeydiyyata alınması və 190 manat birdəfəlik ödəmənin verilməsini cavabdehin üzərinə vəzifə kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək ƏƏSMN-nin xx.xx.2020-ci il tarixli imtina aktının ləğv olunması və dörd ay müddətinə hər ay 190 manat olmaqla, ümumilikdə 760 manat birdəfəlik ödəmənin verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı məhkəməyə ərizə təqdim edərək mülkiyyətində bir ədəd “Mersedes” markalı avtomobilin olduğunu bildirmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2018-ci ilin aprel ayına qədər fiziki şəxs kimi xidmət göstərmişdir. Vaxtlı-vaxtında hesabat verib, vergi ödəmişdir. xx.xx.2020ci il tarixdən etibarən VOEN-i müvəqqəti olaraq beş il müddətinə bağlatmışdır. Həmin vaxtdan heç bir iş yeri və əlavə gəlirləri olmamışdır. Belə ki, ƏƏSMN-i yanında Məşğulluq İdarəsinə müraciət etsə də, onu işsiz kimi qeydə almamışlar. 2019-cu ilin iyun ayında insult keçirtmiş, müalicə olunduğundan iş barədə düşünməmişdir. Hazırda beynində olan işemiya ocaqlarının müalicəsini davam etdirir. Bundan başqa kirayədə yaşayır, mülkiyyətində bir ədəd maşın var, hansı ki, o maşın oğluna məxsusdur. Belə ki, oğlu həmin maşını etibarnamə əasında almışdır, sonra maşın sahibini tapa bilmədiyindən və etibarnamə əsasında öz adına rəsmiləşdirə bilmədiyindən, onun adına rəsmiləşdirmişdir. Son dövrlər pandemiya ilə əlaqədar aztəminatlılıq meyarına uyğun olaraq işsizlərə 190 manat birdəfəlik ödəmə həyata keçirilmişdir. Aprel ayının 11-də göndərdiyi SMS-ə, 28.04 tarixində “aztəminatlılıq meyarına uyğun gəlmədiyiniz üçün (ərinizin (arvadınızın) adına iki və daha çox nəqliyyat vasitəsi aşkarlandığı üçün), Sizə 190 manat birdəfəlik ödəmə verilməsindən imtina edilmişdir” cavabı verilmişdir. O, 30.04 tarixində ƏƏSMN-nin binasına gəlmiş və onu qəbul edən əməkdaş: - “yəqin ki, anlaşılmazlıq olub”- deyərək dəftərdə qeydlər aparmışdır. Bu qəbul qeyri-rəsmi olmuş, belə ki, ərizəsini götürməmişlər ki, qəbul barədə isə heç bir qəbz verməmişlər. xx.xx.2020-ci il tarixdə yenidən gələndə onu H.Zərdabi küçəsində yerləşən Dövlət Sosial Müdafiə Fonduna göndərmişlər. Uzun növbədən sonra qəbula düşmüş və oranın əməkdaşı bildirmişdir ki, NK-nin qərarına əsasən, hətta istifadəsində etibarnamə ilə avtomobil varsa, ona düşmür. O, NK-nin qərarını ona göstərərək, qərarda onun dediyi bəndi göstərməsini tələb etsə də, lakin cavab ala bilməmişdir. Ona verdikləri ərizə formasında yazılı müraciət etmiş və ərizənin qəbulu haqda hər hansı qəbz verməkdən imtina etmişlər. Təəssüf ki, bu günə qədər də ona cavab verməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iddiaya dair xx xxx 2020-ci il tarixli, **********6 saylı etirazında bildirilmişdir ki, iddia ərizəsində göstərilən tələblər əsassızdır və məhkəmə tərəfindən iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmçinin “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən işsiz şəxsin əsas meyarlarından biri olan işə başlamağa hazır olan şəxs kateqoriyasına aid olmamışdır. Onların müraciət etməkdə məqsədləri yalnız ödəmə ilə bağlı olmuşdur. Həmin qaydaya əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və sözügedən Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin həmin Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı Nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılmışdır. Beləliklə İddiaçı mülkiyyətində nəqliyyat vasitəsi (özü də iddia ərizəsində qeyd etmişdir) olduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası’’nın 2.3.12-ci yarımbəndinə uyğun olaraq aztəminatlılıq meyarına cavab verməməsi səbəbindən buirdəfəlik ödəməni almaq hüququ yaranmamış və bu səbəbdən birdəfəlik ödəmənin verilməsindən imtina olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazda göstərilənlərə uyğun izahat verdi və iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin SMS portaldan çıxarışından görünür ki, İddiaçı İbrahim oğlunun mülkiyyətində nəqliyyat vasitəsi var. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İddiaçı telefonuna göndərilmiş SMS çıxarışdan görünür ki, iddiaçı aztəminatlılıq meyarına uyğun gelmediyi üçün (əri, arvadının) adına iki və daha çox nəqliyyat vasitəsi aşkarlandığı üçün 190 manat birdəfəlik ödəmənin verilməsindən imtina edilmişdir. Göründüyü kimi, iddiaçının mülkiyyətində və istifadəsində minik avtomobilin olması iş materialları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 1.4-cü bəndinə əsasən birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Həmin Qaydanın 2.3.12-ci bəndinə əsasən mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının mülkiyyətində və istifadəsində minik avtomobilin olması özünün izahatı və iş materialları ilə təsdiqini tapdığından, hazırkı iddia əsassızdır və təmin oluna bilməz. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı cavabdehin xx.xx.2020-ci il tarixli imtina aktının ləğv olunması və dörd ay müddətinə, hər ay 190 manat olmaqla, ümumilikdə 760 manat birdəfəlik ödəmənin verilməsi tələbinə dair iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏ R A R A A L D İ : İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-4699/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4699/2020
23.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver