Məhkəmə qərarları › İş №2-1(112)-4699/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4699/2021

06.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4699/2021 06.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının vəkili və nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X3, Üçüncü şəxsin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı (3-cü şəxs: Dövlət Sosial Müdafiə Fondunun sosial sığorta və fərdi uçot üzrə mərkəzi filialı) “borcun silinməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirə görə 500 manat borc pulun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sözügedən 500 manat vergi borcu cavabdeh inzibati orqan tərəfindən hesablanmış 5.848,46 manat borcun tərkib hissəsidir. Nəzərə alınmalıdır ki, həmin 5.848,46 manat vergi borcunun bir hissəsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı əsasında silinmiş, 500 manat hissəsi isə qalıq borc kimi saxlanılmışdır. Sonradan cavabdehin nümayəndəsi vəsatətlə məhkəməyə müraciət edərəl cavabdehin əsl cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 13.04.2021-ci il tarixli qərardadı ilə vəsatətin təmin edilməsi, cavabdehin əsl cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsi ilə əvəz edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 22.06.2021-ci il tarixli qərardadı ilə Dövlət Sosial Müdafiə Fondunun sosial sığorta və fərdi uçot üzrə mərkəzi filialının iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək, muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirə görə 500 manat məbləğində hesablanmış sosial sığorta və işsizlidən sığorta haqqlarının şəxsi hesab vərəqəsindən silinməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən əsassız hesab edilən borc vergi borcu deyil, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcdur. Bu baxımından iddia ərizəsində qeyd edilən məhkəmə qərardadını hazırda mübahisələndirilən məbləğlə hər hansı əlaqəsi mövcud deyildir. O cümlədən bildirilir ki, iddia ərizəsində istinad olunan qərardad ilə iddiaçının qeyd etdiyi vergi borcunun silinməsi qərara alınmamış, qanunvericiliyə uyğun olaraq vergi borcunun məhkəmə qaydasında alınması qeyri-mümkün hesab edildiyindən (siyahıya alınmış əmlakın hərracda satılması istisna olmaqla) iş üzrə icraata xitam verilmişdir. Qeyd olunan 500 manat borca münasibətdə isə bir daha vurğulayırıq ki, sözügedən borc 23.02.2020-ci il tarixli bildirişdəndə göründüyü kimi, məcburi dövlət sosial sığorta üzrə hesablanmışdır. Bundan əlavə, iddia ərizəsində iddiaçıya hesablanmış məbləğin hansı dövrlər üzrə hansı qərar və ya cari bəyannamə əsasında hesablandığı aydınlaşdırılmamış, onun hüquqlarının hansı formada pozulması əsaslandırılmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, mübahisələndirilən borc məbləği məcburi dövlət sosial sığortası sahəsində idarəetmə Azərbaycan Respublikası Vergilər Nazirliyinə (hal-hazırkı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə) həvalə edilənədək Dövlət Sosial Müdafiə Fondu tərəfindən hesablanmış, hesablanmış borcun tərkibi barədə məlumat vergi orqanına ötürülmüşdür. İşin müəyyən olunan hallarından göründüyü kimi tərəflər arasında yaranmış mübahisənin səbəbləri – iddiaçı barəsində 01 yanvar 2019-cu il tarixədək məcburi sosial sığorta haqqları üzrə borcun mövcud olub-olmaması ilə bağlıdır. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsasını “Sosial sığorta haqqında” Qanunu və Vergi Məcəlləsinin müddəaları təşkil edir. Belə ki, “Sosial sığorta haqqında” Qanunun: 11-ci maddəsinə əsasən, sosial sığorta haqqını vaxtında ödəmək sığortaolunanların vəzifəsidir. 14.3.1-ci maddəsinə əsasən, sığortaedən tərəfindən ödənilən sığorta haqqı hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi dərəcəsi ilə ödənilir. 18-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. 21-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanları sığortaedənlər barəsində maliyyə sanksiyaları tətbiq etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 93.1-ci maddəsinə görə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. 93.2. Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər. Şərh olunan qanunvericiliyin müddəalarından görünür ki, sığorta haqqı dedikdə risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilndə sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği nəzərdə tutulur. Sığorta ilə bağlı münasibətlər, o cümlədən sığorta haqqlarının ödənilməsi qaydası və məbləği mülki qanunvericilik aktları ilə və sığortaçı ilə sığortalı arasında bağlanmış müqavilə ilə tənzimlənir. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun: 1-ci maddəsinə görə sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. 2-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir. 3.0-cı maddəsinə görə bu Qanunun 2-ci maddəsi nəzərə alınmaqla sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcların tənzimlənməsi aşağıdakı qaydada həyata keçirilir: 3.0.1. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi silinir; 3.0.2. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 30 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 70 faizi silinir; 3.0.3. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 50 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 50 faizi silinir 4-cü maddəsinə əsasən bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir Məhkəmə bildirir ki, məcburi ödənişlərin alınması da daxil olmaqla dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin, o cümlədən, məhdudlaşdırıcı müddətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir. Sözügedən dəyərlərin müdafiəsinə yönəlmiş təməl prinsiplərdən biri kimi hüquqi müəyyənlik prinsipi isə Azərbaycan Respublikasının Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi çıxış edir. Bu prinsip digər tələblərlə yanaşı, ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İşin hallarından göründüyü kimi, iddiaçı hesab edir ki, onun barəsində hesablanmış 500 manat məbləğində sosial sığorta və işsizlidən sığorta haqqları 5.848,46 manat vergi borcunun tərkib hissəsi olduğundan, həmçinin 5.848,46 manat vergi borcu ilə bağlı məhkəmə qərardadı qəbul edildiyindən, 500 manat məbləğində borc məbləği silinməlidir. Təkzib olunmaz haldır ki, hazırki iddia üzrə tərəflər qismində çıxış edən vergi ödəyicisi və inzibati orqanın arasında 5.848,46 manat vergi borcu ilə bağlı məhkəmə mübahisəsi olmuşdur ki, həmin mübahisənin nəticəsi olaraq məhkəmə tərəfindən vergi borcunun nəqliyyat vasitəsinə yönəldilməsi ilə bağlı iddia tələbi üzrə icraata xitam verilmişdir. Bundan sonra, vergi orqanı tərəfindən şəxsi hesab vərəqəsində mövcud olan 5.848,46 manat borc məbləğinin silinməsi həyata keçirilmişdir. Diqqətəlayiq məqamlardan biri odur ki, ümumiyyətlə iddiaçının mübahisələndirdiyi 500 manat borc 5.848,46 manat borcun tərkib hissəsi deyil. Çünki, sözügedən 5.848,46 manat məbləğində borc vaxtı ilə vergi borcu olmuşdur və vaxtı ilə Bakı şəhəri Vergilər Departamenti tərəfindən mübahisələndirilmişdir. 500 manat borca gəldikdə isə nəzərə alınmalıdır ki, cavabdehin iddia etdiyində görə həmin borc məcburi dövlət sosial sığorta haqqı üzrə hesablanmışdır ki, 01.01.2019-cu il tarixədək bu növ hesablamaların aparılması Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətində olmuşdur. Məhkəmə hesablanmış 500 manat muzdlu və qeyri-muzdlu əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun hesablanmasına əsas olmuş sənədlərin, qərarın, ən əsası isə həmin borcun hesablama qaydasında dair məlumatın təqdim edilməsi məqsədi ilə müvafiq olaraq aidiyyəti üzrə Dövlət Sosial Müdafiə Fonduna sorğu vermişdir. Sorğuya cavab məktubuna əlavə olunmuş xidməti məktubdan məlum olmuşdur ki, “X1 Sistemi”nin “Sığorta” (Hesabat) altsistemində İddiaçı 2007-ci və 2008-ci illərin 0700 olunduğu və həmin hesabatlarda borcun qeyd olunmadığı, lakin “Sığorta” (Hesabat) altsisteminin “Borclara baxış” bölümündə isə İddiaçı DSMF-yə 0700 fəaliyyət növünün kodu üzrə məcburi dövlət sosial sığorta haqları üzrə 500 manat borcunun olduğu göstərilmişdir. Məhkəmə bildirir ki, hər nə qədər də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsi iddiaçıdan 500 manat məbləğində borcun ödənilməsini tələb etsə də, o, həmin borc məbləğinin 01.01.2019-cu il tarixdən əvvəl yarandığını qəbul edərək (sorğuya cavab məktubunda qeyd etmişdir), borc məbləğinin yaranmasını təsdiq edən tutarlı və ən əsası mötəbər sübut təqdim edə bilməmişdir. Hətta, həmin dövrdə bu hesablamaları aparan Dövlət Sosial Müdafiə Fondu belə, “X1 Sistemi”nin altsistemindən əldə etmiş olduğu məlumat əsasında sığortaedən İddiaçı borcunun olmadığını göstərmiş, lakin “Boclara baxış” bölümündə sığortaedənin 500 manat borcun göstərildiyi halda, proqram təminatları təqdim olunmadığından, həmin hissədə araşdırmanın aparılmasını mümkün hesab etməmişdir. Qeyd olunmalıdır ki, vergi orqanı inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Vergi orqanı inzibati orqan kimi sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verməlidir. Lakin hazırkı halda vergi orqanı borc ilə bağlı araşdırma aparmadan, iş üzrə obyektiv həqiqətin üzə çıxarılması üçün əlavə sübutlar toplamağa çalışmadan “X1 Sistemi”nin “Boclara baxış” bölümündə göstərilmiş məlumatı mötəbər sübut kimi qəbul etməklə borcu əsas götürmüş, bununla da inzibati orqan kimi öz vəzifələrini düzgün icra etməmişdir. Məhkəmə, onun da qeyd edilməsini zəruri hesab edir ki, hazırkı vəziyyətdə inzibati prosessual qanunvericiliyin tələbləri əsasında 500 manat borcun yaranması ilə bağlı halları sübut etmək vəzifəsi iddiaçının yox, cavabdehin öhdəliyindədir. Cavabdeh isə həmin borcun yaranma əsaslarını sübut edə bilməmişdir. Məhkəmənin araşdırması zamanı da, istər həmin borcun ödənilməsini tələb edən vergi orqanına, istərsə də borcun hesablanması ilə bağlı informasiya sistemində məlumat yerləşdirmiş orqana sorğular göndərilmiş, borcun yaranma əsasları, hesablanma qaydasının təqdim edilməsi xahiş edilmiş, lakin hər iki orqanın borcla bağlı yeganə istinadı borcun mövcudluğu ilə bağlı olmuşdur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı vəziyyətdə hər hansı məlumatın əsası olmadan mövcudluğu vəziyyəti iddiaçının ziyanına dəyişmir. Borcun mövcudluğu barədə məlumat, həmin borcun yaranması, hesablanması ilə bağlı hallar müəyyən edilmədən, heç bir hüquqi əsası olmayan məlumatlardır. Hər nə qədər həmin borcun yaranma əsasları və s inzibati icraat üzrə araşdırma zamanı aparılmalı olsa da, məhkəmə özü də xidməti araşdırmasını həyata keçirmiş və elektron informasiya sistemində olan məlumatın mənbəyini müəyyən edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, borcun əsasında dayanan hal müəyyən edilə bilmirsə, deməli borcun mövcudluğundan söhbət gedə bilməz. Hazırkı vəziyyətdə mövcudluğu sübut edilməyən borc, iddia tələbinin təmini əsası qismində çıxış etməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirə görə hesablanmış 500 manat məbləğində sosial sığorta və işsizlidən sığorta haqqlarının İddiaçı şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyi cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar