Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4699/2024 21.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X5 Regional Təhsil İdarəsinə qarşı “əmək kitabçasında düzəliş edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ИТ- 1№2365825 saylı əmək kitabçasında doğum tarixinin “1964-cü il”, atasının adının “Osman” kimi qeyd edilərək həmin sənədin ona məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1964-cü ildə Cəbrayıl rayonunda anadan olmuşdur. X2 ilə ailə həyatı quraraq Füzuli rayonuna gəlin köçmüşdür. xx.xx.1984-cü ildə Cavabdeh nəzdində olan Uşaq bağçasında paltaryuyan vəzifəsində işə başlamış, sonradan həmin uşaq bağçası Füzuli rayon Təhsil şöbəsinin nəzdinə keşmişdir. Həmin bağçada paltaryuyan vəzifəsində işləməsi barədə ona ИТ-1№2365825 saylı əmək kitabçası açılmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2019-cu il tarixli 05-09-813/13 saylı məktubuna əsasən Rayon Təhsil şöbəsi üzrə 34 nömrəli xx.xx.2019-cu il tarixli əmri ilə əmək müqaviləsinə xitam verilmişdir. Bir müddətdən sonra əmək kitabçası iddiaçının özünə təhvil verilmişdir. Əmək kitabçası iddiaçıya təhvil verildikdə məlum olmuşdur ki, iddiaçının doğum təvəllüdü səhvən 1964cü il əvəzinə 1963-cü il yazılmışdır. Eyni zamanda atasının adı da səhvən Osman əvəzinə Müseyib kimi qeyd edilmişdir. Əmək kitabçasındakı yanlışlığı aradan qaldırmaq məqsədi ilə Füzuli Rayon Təhsil şöbəsinə müraciət etmiş, lakin ona bildirilmişdir ki, uşaq bağçasının müdiri vəfat etmişdir, əmr kitabı və s. sənədlər isə itirildiyinə görə əmək kitabçasında qeyd etmək mümkün deyildir və tövsiyə edilmişdir ki, iddiaçı məhkəməyə müraciət etməlidir. Ona görə də, iddiaçı hazırkı tələblə əlaqədar məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan iddiaçı tərəf məhkəməyə ərizə təqdim edərək cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X5 Regional Təhsil İdarəsi ilə əvəz edilməsini, həmçinin tələbin “Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-2444/2024 saylı qətnaməsini və Qaradağ Regional Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-29-38/2-627/2024 saylı arayışını nəzərə alaraq xx.xx.1984-cü il tarixdə tərtib edilmiş ИТ-1№ ******* saylı, iddiaçıya məxsus olan əmək kitabçasında doğum tarixinin “1964-cü il”, ata adının “Osman” kimi qeyd edərək düzəliş edilməsi barədə qətnamə qəbul edilməsi” kimi qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib iddianın mümkünülüyü məsələsinin müzakirə edilməsini zəruri saymış və iddiaçı tərəfin fikri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, tələbə mahiyyəti üzrə baxılmasını və təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında qeyd olunur ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İstinad olunan Ali Məhkəmənin Plenum Qərarında həmçinin vurğulanır ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (6.1, 6.2 və 7-ci bəndlər). Məhkəmə hesab edir ki, iddiaçının məqsədi mahiyyət etibarilə xx.xx.1984-cü il tarixdə tərtib edilmiş əmək kitabçasının ona məxsus olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsidir. Yaranmış mübahisə inzibati deyil, mülki xarakter daşıyır ki, iddiaçı bu hüququndan da istifadə etmiş və məsələyə hüquqi qiymət verilmişdir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-2444/2024 nömrəli qətnaməsindən görünür ki, iddiaçının ərizəsi təmin edilərək xx.xx.1984-cü il tarixdə tərtib edilmiş əmək kitabşasında doğulduğu il qrafasında “1963-cü il”, ata adı qrafasında isə “Müseyib qızı” yazılmış ИТ-1№2365825 nömrəli xx.xx.1984-cü il tarixli əmək kitabçasının xx.xx.1964-cü il təvəllüdlü İddiaçı məxsus olmasına dair hüquqi fakt müəyyən edilmişdir. Belə olan halda, sözügedən qətnamə iddiaçının hüquqi marağını təmin etdiyindən onun konkret halda hüquqi müdafiəyə ehtiyacı olduğu müəyyən edilmir. Qanunun tələbinə görə isə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Hazırkı tələb üzrə iddianın mümkünlük şərtlərinin ödənilməsi müəyyən edilmir. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Beləliklə, aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə belə qənaətə gəlir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 80.1-ci maddəsinə görə, bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-4699/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4699/2024
21.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver