Məhkəmə qərarları › İş №2-1(112)-47/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-47/2025

11.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-47/2025 11.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Lehiş bağ massivində yerləşən 2851 saylı bağ sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişlə iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, bağ sahəsi daşınmaz əmlakin dövlət reyestrində qeydiyatdan keçmiş qonşu bağ sahələrinin nömrə ardıcıllığı ilə uyğunsuzluq təşkil edir. Bundan əlavə bildirişdə idarənin arxivində eyni nömrə ilə digər fiziki şəxsin adına müqavilə mövcud olduğu göstərilmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ təsərrüfatının inkişafı Departamentinin X4 və İstismarı Birliyi tərəfindən Sabunçu rayonunun Ləhiş ərazisindəki 0,12 ha sahəsi olan 2851 nömrəli bağın onun istifadəsinə verilməsi haqqında xx.xx.2004-cü il tarixdə bağlanmış 33342 saylı müqaviləyə əsasən faktiki sahibliyində və istifadəsində olmuş bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ təsərrüfatinin inkisafi Departamentinin X4 və istismarı Birliyi tərəfindən Sabunçu rayonunun Ləhiş ərazisindəki 0.12 ha sahəsi olan 2851 nömrəli bağın iddiaçıya istifadəyə verilməsi haqqında xx.xx.2004-cü il tarixdə 33342 saylı müqavilə bağlanmışdır. Bu yaxınlarda həmin bağ sahəsində naməlum şəxslər tərəfindən inşaat işlərinin aparıldığının şahidi olmuş və orada çalışan fəhlələrə bağ sahəsinin ona məxsus olduğunu bildirmiş və işləri dayandırmalarını tələb etmişdir. Daha sonra bağ sahəsinə mülkiyyət hüququnun qeydiyata alınması üçün cavabdehə müraciət etmişdir, ona imtina cavabı verilmişdirş Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda göstərilən dəlillərə istinad edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş etmiş və bildirmişdir ki, iddiaçı tərəfindən göstərilən bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş qonşu bağ sahələrinin nömrə ardıcıllığı və bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Həmçinin idarənin arxivində eyni nömrə ilə digər fiziki şəxsin adına (X3) xx.xx.1990-cı il tarixli, 12690 nömrəli müqavilə mövcuddur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi iddianı müdafiə etdilər və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 233 saylı sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində icarəyə, bağtikinti koorperativlərinin və bağçılıq yoldaşlıqlarının tərkibində bağ sahəsi götürmək istəyən vətəndaşların növbəyə götürülmələri və bağ sahələri ilə təmin edilmələri barədə” Əsasnamənin 1-ci hissəsində qeyd olunmuşdur ki, İcarəyə, bağ-tikinti koorperativlərinin və bağçılıq yoldaşlıqlarının tərkibində bağ sahəsi götürmək istəyən vətəndaşlar X4 və istismarı birliyində növbəyə götürülürlər. Bu məqsədlə Bağlar təsərrüfatı birliyinin nəzdində komissiya təşkil olunur. Komissiya vətəndaşlar tərəfindən Birliyə tədqim olunmuş sənədlərə baxır və vətəndaşların bağ növbəsinə götürülmələri barədə müvafiq Protokol imzalayır. Protokol imzalanan vaxtdan həmin protokolda qeyd edilmiş vətəndaşlar bağ növbəsinə götürülmüş hesab edilirlər. Həmin Əsasnamənin 2-ci bəndinə əsasən Bakı şəhərində bağ sahələrinin verilməsi hazırkı Əsasnamə ilə həyata keçirilir. Vətəndaşlara bağ sahələri ya idarəyə, ya da bağtikinti koorperativlərinin və bağçılıq yoldaşlıqlarının tərkibində ayrılır. Dövlət imtiyazlı vətəndaşlar bağ sahələri ilə təmin edilmələrində müəyyən üstünlüklərə malikdirlər. Həmin Əsasnamənin 4-cü hissəsinə əsasən rəsmi sənədi olmadan 10 ildən artıq müddət ərzində bağ sahəsi götürüb abadlaşdıran vətəndaşların sənədlərinə Bakı şəhər İcra Hakimiyyəti aparatının nəzdində təşkil olunmuş komissiya tərəfindən baxılır və müvafiq sərəncam qəbul edilir. Sərəncama əsasən ümumi torpaq sahəsi 0,12 hektara qədər olduqda həmin bağ sahəsi (yaxud artıq olduqda 0, 12 hektarlıq hissəsi) aidiyyəti vətəndaşın adına təhkim edilir. İş materiallarında olan Ləhiş bağlar sahəsindəki 101 saylı kooperativin xx.xx.1990-cı il tarixli 07 nömrəli orderindən görünür ki, Bakı Şəhər İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 9/333 nömrəli qərarı ilə Ləhiş bağlar sahəsində 101 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 2851 saylı bağ ayrılmışdır. İddiaçının xx.xx.2004-cü il tarixdə Bakı şəhəri Bağlar Təsərrüfatının birliyinə ünvanlanmış ərizəsindən görünür ki, 101 saylı BTK-nın tərkibində X8 verilmiş Ləhiş sahəsindəki 2851 saylı bağ sahəsinin onun adına keçirilməsini xahiş etmişdir. X1 Bakı şəhəri Bağlar təsərrüfatı Birliyinə ünvanlanmış ərizəsindən görünür ki, Ləhiş ərazisində mənim adımda olan 2851 saylı bağ sahəsinin İddiaçı adına keçirilməsinə göstəriş verilməsini xahiş etmişdir. “Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, vətəndaşlara bağ sahələrinin ayrılması barədə X4 və İstismarı Birliyinin xx.xx.2004-cü il tarixli 90 saylı protokolundan görünür ki, vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələri aşağıdakı vətəndaşların adlarına sənədləşdirilmişdir: 1.171. Ləhişdəki 2851 №li bağ (BTK 101) – İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 251 saylı sərəncamından görünür ki, “Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, vətəndaşlara bağ sahələrinin ayrılması barədə X4 və İstismarı Birliyinin xx.xx.2004-cü il tarixli 90 saylı protokolu təsdiq edilmişdir. X4 və istismarı Birliyinin Bağın istifadəyə verilməsi haqqında 33342 saylı, xx.xx.2004cü il tarixli müqavilədən görünür ki, Birlik Sabunçu rayonunun Ləhiş ərazisində 0,12 hektar torpaq sahəsi olan 2851 nömrəli bağı müqavilədə göstərilən tikintilər, qurğular və ağaclarla İddiaçı vermiş, sonuncu isə həmin bağı istifadəsinə götürmüşdür. İstinad olunan sənədlərdən göründüyü kimi, həmin dövrün qanunvericiliyinə uyğun olaraq iddiaçı və mübahisəli bağın sahibi bağ sahəsinin onun adına sənədləşdirilməsi üçün səlahiyyətli orqana ərizə ilə müraciət etmiş, həmin orqan protokolla 2851 saylı bağın iddiaçının adına sənədləşdirilməsini qərara almış, daha sonra bu protokol sərəncamla təsdiq edilmiş və son olaraq həmin bağ sahəsinə dair iddiaçı ilə icarə müqaviləsi bağlanmışdır. İddiaçı hazırda bu sənədlərə istinadən 2851 saylı bağa dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. İddiaçı bu sənədlərdən bağ sahəsinin ona verilməsi ilə bağlı müvafiq sərəncam və icarə müqaviləsini təqdim etmişdir. Məhkəmə qeyd edir ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Məhz buna görə xx.xx.2007-ci il tarixdə bağlar təsərrüfatı idarələri ləğv edilərkən onlara məxsus arxiv sənədlərinin daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparan və bu qeydlərin dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdeh olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Bununla dövlət yalnız mühafizə üçün verilən sənədlərə təminat verməklə, həmin qeydlərin dəqiqliyinə görə məsuliyyəti öz üzərinə götürmüş və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsində də həmin tarixədək verilmiş sənədlərə əsasən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsbit etmişdir. İşin istinad olunan hallarından məlum olur ki, 2851 saylı bağ sahəsinin iddiaçıya ayrılması barədə müvafiq dövlət qurumuna təhvil verilmiş etibarlı sənədləri mövcuddur (həm sərəncam, həm də müqavilə arxiv saxlayıcılarında mövcuddur). Həmin sənədlər ləğv edilməmişdir və hazırda qüvvədədir. İddiaçının deməsinə əsasən ona ayrılmış bağdan həmin tarixdən etibarən fasiləsiz istifadə etmişdir, iş materiallarında bu halı təkzib edən hər hansı bir sübut mövcud deyil. Belə olan halda aydındır ki, iddiaçının qanuni əsaslarla ona ayrılmış və istifadəsində olan bağ sahəsinə hüquqlarının qeydə alınmasını tələb etmək hüququ mövcuddur. İşdən görünür ki, cavabdeh də iddiaçının tələbini təmin etməkdən imtina edərkən onun təqdim etdiyi sənədlərin mötəbərliyini mübahisələndirməmiş, aşağıdakı dəlillərə istinad etmişdir:

1. iddiaçı tərəfindən göstərilən bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş qonşu bağ sahələrinin nömrə ardıcıllığı və bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir;

2. idarənin arxivində eyni nömrə ilə digər fiziki şəxsin adına (X3) xx.xx.1990-cı il tarixli, 12690 nömrəli müqavilə mövcuddur. Məhkəmə cavabdehin bu dəlilləri ilə razılaşmır. Belə ki, işdə olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, sözügedən ərazidə hasarlanma işləri plan üzrə (bölgü sxeminə uyğun) aparılmadığından və həmçinin bağ sahəsi koordinat sistemində verilmədiyindən, bağ sahəsinin dəqiq koordinatlarını təyin etmək mümkün olmadı. Göründüyü kimi, ekspert özü qəbul edir ki, ərazidə hasarlama işləri bölgü sxemə uyğun aparılmamışdır. Belə olan halda qonşu bağ sahələrinin nömrə ardıcıllığına əsasən iddiaçının göstərdiyi ərazinin 2851 saylı bağ sahəsinə uyğun gəlməməsini müəyyən etmək mümkünsüzdür. Cavabdehin digər dəlilinə gəldikdə, məhkəmə qeyd edir ki, işdə olan xx.xx.1990-cı il tarixli 12690 saylı bağın icarəyə verilməsi haqqında müqavilədən görünür ki, X9 bala qızına Ləhiş bağ massivində 0,25 ha sahəsi olan 2851 saylı bağ sahəsi ayrılmışdır. Göründüyü kimi, iddiaçıya ayrılmış bağ sahəsi 101 saylı BTK tərkibində olan bağ sahəsi, X2 verilmiş bağ sahəsi isə müqavilə əsasında BTK-dan kənar verilmiş bağ sahəsidir. Belə olan halda həmin bağ sahələrinin nömrələrinin təkrarlanma halı, hər iki şəxsə eyni bağ sahəsinin ayrılması mənasına gəlmir. Çünki işdə olan oktyabr 2004-cü il tarixli 2851 saylı bağ barədə arayışdan görünür ki, həmin tarixdə bağ sahəsindən istifadə olunmuş, digər şəxsə aid olmamışdır. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı qüvvədə olan etibarlı hüquqmüəyyənedici sənədləri təqdim etməklə istifadəsinə olan bağ sahəsinə yaranmış mülkiyyət hüququnun qeydə alınmasını tələb etməkdə haqlı, cavabdeh isə bu hüququn qeydə alınmasından imtina etməkdə haqsız olmuşdur. Buna görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual

qərara aldı:

İddia təmin olunsun. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən sahəsi 0,12 ha olan “2851” saylı bağ sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar