Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-470/2023 02.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi X3, iddiaçının vəkili X1, üçüncü şəxsin vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb olunmaqla) «cavabdehin 9 iyun 2009-cu il tarixli 215 saylı sərəncamının etibarsız sayılması və ərazinin boşaldılması»na dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı ŞİH-ə «cavabdehin 9 iyun 2009-cu il tarixli 215 saylı sərəncamının etibarsız sayılması və ərazinin boşaldılması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, Bakı ŞİH Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 21 sentyabr 2004-cü il tarixli 205300 saylı qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, R.Rza küçəsi, 39 saylı binada 1 otaqlı, sahəsi 11 kv.m olan 3 saylı mənzil, 12 may 2004-cü il tarixli 191981 saylı qeydiyyat vəsiqəsinə əsasən həmin binada 43.5 kv.m sahəsi olan 3 otaqlı mənzil, 6 may 2004-cü il tarixli 191380 saylı qeydiyyat vəsiqəsinə əsasən həmin binada 2 otaqlı, sahəsi 42 kv.m olan 13/14 saylı mənzil, 10 dekabr 2005-ci il tarixli 040318 saylı qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında ümumi sahəsi 140 kv.m olan 8 otaqlı, 5 saylı fərdi yaşayış evi, 28 aprel 2005-ci il tarixli, 036005 saylı qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında ümumi sahəsi 131,5 kv.m olan 8 otaqlı, 6 saylı fərdi yaşayış evi, Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 18 iyul 2006-cı il tarixli ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanda istifadəsində 0,08153 ha torpaq sahəsi olan 3 mərtəbəli binada yerləşən ümumi sahəsi 65,7 kv.m olan 2 otaqlı 28 saylı mənzil, 4 iyul 2006-cı il tarixli, ******* saylı reyestrdən çıxarışa əsasən Bakı şəhəri, Həzi Aslanov küçəsində istifadəsində 0,019821 ha torpaq sahəsi olan 2 mərtəbəli 74 saylı fərdi yaşayış evində, ümumi sahəsi 47.6 kv.m olan 3 otaq və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 30 sentyabr 2006-cı il tarixli ******* saylı reyestrdən çıxarışa əsasən Bakı şəhəri, R.Rza küçəsi 39 ünvanında, istifadəsində 0,08153 ha torpaq sahəsi olan 3 mərtəbəli binada 23 kv.m ümumi, 19 kv.m yaşayış sahəsi olan 2 otaqlı 6/2 saylı mənzil iddiaçının mülkiyyətindədir. Bakı ŞİH başçısının 9 iyun 2009-cu il tarixli 215 saylı sərəncamı ilə Bakı şəhəri, R.Rza və H.Aslanov küçələrinin kəsişməsində 346-cı məhəllədə, R.Rza küçəsi 39 ünvanında, iddiaçının da mülkiyyətində olan mənzillər daxil olmaqla yaşayış və qeyri-yaşayış sahələrinin yerləşdiyi 2.320 kv.m torpaq sahəsi icarə əsasında yüksəkmərtəbəli yaşayış binasının tikintisinin layihələşdirilməsi üçün "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Həmin sərəncamın 1.1-ci bəndinə əsasən ərazidə yerləşən yaşayış və qeyri- yaşayış sahələrinin əvəzinə vəsaitin ödənilməsi və sakinlərin mövcud qanunvericiliyə uyğun olaraq qarşılıqlı razılaşma əsasında köçürülməsi ‘"Gilan” MMC-yə tapşırılmışdır. Lakin bu günədək qeyd olunan sərəncamın icrası təmin edilməmiş, ərazidəki yaşayış və qeyri-yaşayış sahələri mülkiyyətçilərlə qarşılıqlı razılaşma olmadan və hər hansı vəsait ödənilmədən sökülmüş, yerində isə hər hansı bir yüksəkmərtəbəli bina tikintisi aparılmamışdır. Binalar güc göstərişi ilə özbaşına sökülərək boşaldılmış, ərazi hamarlanmış və hazırda ödənişli avtomobil dayanacağı kimi "xxxx" MMC tərəfindən istifadə olunur. Dəfələrlə müvafiq icra orqanlarına şifahi və yazılı formada müraciət olunmasına baxmayaraq, bu günədək iddiaçıya mülkiyyətində olan yaşayış sahələrinin sökülməsi ilə əlaqədar hər hansı ödəniş edilməmişdir. Bu barədə 10 iyul 2019-cu il tarixli məktubla cavabdehlərə müraciət olunsa dsa, müraciətə cavab verilməmişdir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 26 yanvar 2007-ci il tarixli 189/09 saylı məktubunda ünvan 2 ünvanda yerləşən binanın yerli əhəmiyyətli memarlıq abidəsi olduğu bildirilmiş, həmin binanın təqdim olunmuş eskiz layihəsi əsasında bərpa olunmasına razılıq verilmiş və bərpa işlərinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssislərinin nəzarəti altında aparılmalı olduğu bildirilmişdir. Lakin hansı əsaslarla memarlıq abidəsi olan bu binanın sökülməsinə Bakı ŞİH-nin razılıq verməsi və "xxxx" MMC-nin qanunsuz olaraq söküntü işlərini həyata keçirməsi aydın deyildir. Bakı ŞİH başçısının 9 iyun 2009-cu il tarixli 215 saylı sərəncamının qəbul edilməsindən 12 il müddət keçmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 77.1-ci maddəsinə əsasən icazənin verildiyi vaxtdan 3 il ərzində tikintiyə başlanılmadığı və ya tikinti 3 il ərzində dayandırıldığı hallarda, tikintiyə icazə qüvvəsini itirir. Hal hazırda "xxxx" MMC tərəfindən qanunsuz olaraq həmin ərazi ödənişli avtomobil dayanacağı kimi istifadə olunur və müvafiq qazanc əldə edilir. İddiaçı və həmin ünvanda olan mənzillərin digər mülkiyyətçiləri isə, 12 ildir mülkiyyətlərində olan mənzillərin və istifadələrində olan torpaq sahəsinin dəyərinin ödənilməsini, kompensasiya verilməsini və ya ərazinin geri qaytarılmasını gözləyirik. Ancaq bu günə kimi heç bir tədbir görülməmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 13, 25, 29, 43, 60, 68, 71, 79, 129-cu maddələrinə, Mənzil Məcəlləsinin 18, 31, 35, 36, 85-ci maddələrinə, Torpaq Məcəlləsinin 66, 67, 68-ci maddələrinə, Mülki Məcəllənin 17, 19, 152, 157, 203, 226, 227, 231, 384-cü maddələrinə, Şəhərsalma və Tikinti Məcəlləsinin 75, 77-ci maddələrinə, «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanunun 3-cü maddəsinə, İPM-in 2, 8, 11.1, 32, 36, 45, 46-cı maddələrinə, MPM-in 2.1, 9, 88, 217-ci maddələrinə, əsaslanaraq, məhkəmədən Bakı ŞİH başçısının Bakı şəhəri, R.Rza və H.Aslanov küçələrinin kəsişməsində 346-cı məhəllədə, R.Rza küçəsi 39 ünvanında, yaşayış və qeyri-yaşayış binalarının yerləşdiyi 2.320 kv.m torpaq sahəsinin icarə əsasında yüksəkmərtəbəli yaşayış binasının tikintisinin layihələşdirilməsi üçün "xxxx" MMC-nin istifadəsinə verilməsi barədə 9 iyun 2009-cu il tarixli 215 saylı sərəncamının etibarsız hesab edilməsi və həmin ərazinin dərhal boşaldılması barədə qərar qəbul edilmısi xahiş olunur. İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin qərardadı ilə "xxxx" MMC inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdeh Bakı ŞİH-in nümayəndəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış yazılı etirazında bildirilir ki, İddiaçı iddiası əsassızdır və onun məhkəmə icraatı mümkün hesab olunmamalıdır. İddiaçı tələbini onunla əsaslandırır ki, ünvan 2 evin 1 otaqlı 3 saylı, həmin binada 43,5 kv.m sahəsi olan 3 otaqlı, həmin binada 2 otaqlı, 42 kv.m sahə olan 13/14 saylı mənzillər, R.Rza küçəsi, 1-ci dalanda, ümumi sahəsi 140 kv.m olan 8 otaqlı, 5 saylı fərdi yaşayış evi, həmin ünvanda sahəsi 131,5 kv.m olan 6 saylı fərdi yaşayış evi, R.Rza küçəsi 39 saylı ünvanda 3 mərtəbəli binada 2 otaqlı 28 saylı mənzil, həmin ünvanda istifadədə olan 0,08153 ha torpaq sahəsində 3 mərtəbəli binada 2 otaqlı mənzil Bakı şəhəri, H.Aslanov küçəsi 2 mərtəbəli 74 saylı fərdi yaşayış evində sahəsi 47,6 kv.m olan 3 otaqlı mənzil onun mülkiyyətində olmuşdur. Bakı ŞİH başçısının 9 iyun 2009-cu il tarixli 215 saylı sərəncamı ilə Bakı şəhəri, R.Rza və H.Aslanov küçələrinin kəsişməsində 346-cı məhəllədə onun da mülklərinin yerləşdiyi 2.320 kv.m ərazi hündürmərtəbəli evlərin tukintisinin layihələndirilməsi üçün "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilmişdir. Lakin bu günədək sərəncamın icrası təmin olunmamış, ərazidə hündürmərtəbəli binanın tikintisi həyata keçirilməmiş, ərazidəki binalar özbaşına sökülərək ərazidə avtodayanacaq təşkil olunmuşdur. Mülklərin sökülməsi ilə əlaqədar olaraq onlara hər hansı bir vəsait ödənilməmişdir. Bununla əlaqədar 10 iyul 2019-cu ildə cavabdehə müraciət olunsa da, nəticəsi olmamışdır. İddiaçı qeyd edilən sərəncamın etibarsız hesab edilməsi və ərazinin boşaldılmasına dair qərar qəbul olunmasını xahiş edir. Cavabdeh hesab edir ki, iddiaçı tələbini əsaslandırmamış və mübahisələndirdiyi sərəncamın etibarsız hesab edilməsinin əsaslarını və səbəbini göstərməmişdir. Halbuki, iddiaçı tələbini əsaslandırmağa borclu olmuşdur. Bakı ŞİH başçısının 9 iyun 2009-cu il tarixli Ə215 saylı sərəncamının surətindən görünür ki, həmin sərəncamla müvafiq şəxslərin müraciətləri və rəyləri nəzərə alınaraq Nəsimi rayonu, R.Rza və H.Aslanov küçələrinin kəsişməsində 346-cı məhəllədə R.Rza küçəsi 39 saylı ünvanda yerləşən, 2000-ci ilin noyabr ayında baş vermiş zəlzələdən sonra qəzalı vəziyyətə düşmüş və hal-hazıdda sökülü vəziyyətdə olan yaşayış və qeyri-yaşayış evlərinin yerləşdiyi 2.320 kv.m torpaq sahəsinin icarə əsasında yüksəkmərtəbəli, birgirişli yaşayış binasının tikintisinin layihələndirilməsi üçün "xxxx" MMC-nin istifadəsinə verilməsinə qərar verilmişdir. Sərəncamın 1.1-ci bəndində nəzərdə tutulmuşdur ki, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin əvəzinə vəsaitin ödənilməsi və sakinlərin mövcud qanunvericiliyə uyğun olaraq qarşılıqlı razılaşma əsasında köçürülməsi "xxxx" MMC-yə tapşırılmışdır. Göründüyü kimi, qeyd edilən sərəncam yalnız inşaat pasportu ilə birlikdə layihələndirmə üçün əsas olmuşdur, başqa sözlə həmin sərəncamla hər hansı bir tikinti işlərinin yerinə yetirilməsinə icazə verilməmişdir. Təqdim olunan sənədlərdən hazırda iddiaçının mübahisələndirdiyi inzibati aktın etibarsız hesab edilməsinə əsas verən və «İnzibati icraat haqqında» Qanununun 65.1-ci maddəsi ilə müəyyən edilmiş hər hası bir halın mövcudluğu görünmür. Bununla yanaşı, iddiaçının özünün də qeyd etdiyi kimi sözügedən Bakı ŞlH başçısının 9 iyun 2009-cu il tarixli 215 saylı sərəncamı biləvasitə tikinti üçün deyil, tikintinin layihələndirilməsi üçün verilmişdir. İddiaçı ötən müddət ərzində sözügüdən sərəncamı mübahisələndirməməsinin səbəblərini də açıqlamamışdır. Belə ki, mübahisələndirilən 215 saylı sərəncam 9 iyun 2009-cu il tarixdə qəbul olunsa da, iddiaçı həmin sərəncamı 2019-cu ildə, on il keçdikdən sonra mübahisələndirməyə başlamışdır. Göstərilənlərə və İPM-in 35.1, 48.2-ci maddələrinə əsaslanaraq, iddianın mümkün sayılmamasına dair qərardad qəbul edilməsi məhkəmədən xahiş olunur. Üçüncü şəxsin təmsilçisinin (MMC-nin direktoru) iddia ilə bağlı məhkəməyə ünvanlanmış yazılı ərizəsində bildirilir ki, üçüncü şəxs İddiaçı iddiası ilə razı deyil, iddiaya qarşı etiraz edir. Hesab olunur ki, qüvvədə olan qanunvericiliyə görə iddiaçı iddia müdətini keçirdiyindən hazırki məhkəmə işi üzrə iddia müddəti tətbiq edilməli və iddia rədd edilməlidir. Belə ki, iddiadan görünür ki, İddiaçı Bakı ŞİH-ə qarşı iddia ərizəsi ilə müraciət edərək, Bakı ŞİH başçısının Bakı şəhəri, R.Rza və H.Aslanov küçələrinin kəsişməsində 346-cı məhəllədə, R.Rza küçəsi 39 ünvanında, yaşayış və qeyri-yaşayış binalarının yerləşdiyi 2.320 kv.m torpaq sahəsinin icarə əsasında yüksək mərtəbəli yaşayış binasının tikintisinin layihələşdirilməsi üçün "xxxx" MMC-nin istifadəsində verilməsi barədə 9 iyun 2009-cu il tarixli 215 saylı sərəmncamının etibarsız hesab edilməsi və həmin ərazinin boşaldılması barədə qərar qəbul olunmasını xahiş etmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsində göstərilir ki, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. İddiaçı tərəf son tarixdən, yəni 2009-ci ildən 13 il keçdikdən sonra, onun hüquqlarının pozulması barədə cavabdehə qarşı iddia qaldırmış və öz iddia müddətini hər hansı bir üzürlü səbəb olmadan ötürmüşdür. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375, 377-ci maddələrinə əsaslanaraq, məhkəmədən İddiaçı cavabdeh Bakı ŞİH və üçüncü şəxs "xxxx" MMC-nə qarşı «sərəncamın etibarsız hesab edilməsi» tələbinə dair inzibati iş üzrə iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qərar çıxarılması xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının və üçüncü şəxsin təmsilçiləri gəlmişlər, cavabdeh tərəf isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X2 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili Nümayəndə iddianın təmin olunmamasını xahiş etdi. O, qeyd etdi ki, hazırkı tələb üzrə iddiaya əvvəllər baxılmışdır. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı baxılır. İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. İPM-in 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 15.6cı bəndində qeyd olunmuşdur ki, İPM-in 45.5.1 və 78-ci maddələrində təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Qərarın 17-ci bəndində isə göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə qeyd edir ki, iş materiallarına əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4279/2019 saylı iş üzrə 6 dekabr 2019-cu il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı ŞİH-ə qarşı inzibati məhkəmə icraatına "xxxx" MMC üçüncü şəxs qismində cəlb olunmaqla) «cavabdehin 9 iyun 2009-cu il tarixli 215 saylı sərəncamının etibarsız sayılması» tələbinə dair iddiası mümkün sayılmamışdır. Göründüyü kimi, İddiaçı eyni cavabdehə qarşı eyni əsaslarla eyni tələbi üzrə mübahisə ilə bağlı məhkəmə aktı mövcuddur. İPM-in 45.5.1-ci maddəsi işin məhkəmənin icraatında olduğu dövrdə, 78-ci maddəsi isə qəbul olunmuş məhkəmə qərarı qüvvəyə mindikdən sonra iddiaçının eyni tələblə məhkəmədə inzibati məhkəmə icraatı qaydasında iddia qardılmasını istisna edir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən əvvəlki inzibati işlə bağlı 6 dekabr 2019-cu il tarixdə mübahisənin mahiyyətinə dair qərar deyil, “iddianın mümkün sayılmaması barədə” qərardad qəbul olunsa da, qərardadda iddianın mümkünsüzlüyü ilə bağlı göstərilmiş əsas da nəzərə alınaraq, hazırkı iddia tələbi (sərəncamın etibarsız sayılması) üzrə işə yenidən baxılması məsələsi analogiya tətbiq olunmaqla yolverilən deyil. Odur ki, iddia həmin hissədə mümkünsüzdür. İddianın “ərazinin dərhal bolaşdılması” hissəsinə gəldikdə isə, qeyd olunmalıdır ki, bu tələb publik mübahisə üzrə inzibati orqan Bakı ŞİH-ə qarşı deyil, mülki məhkəmə icraatında 9 iyun 2009-cu il tarixli 215 saylı sərəncamla müvafiq ərazi (torpaq sahəsi) ona ayrılmış şəxsə qarşı yönələ bilər. Belə olan halda məhkəmənin qənaətinə görə hazırkı halda bu tələb üzrə tərəflər arasında yaranmış mübahisə inzibati xarakterli olmadığından, iddia həmin hissədə də mümkünsüzdür. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-470/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-470/2023
02.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver