Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4701/2021 25.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Təhsildə X2rşı «cavabdehin imtinasının qanunsuz sayılması, iddiaçının diplom üzrə ixtisasının tanınması və şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati mübahisəyə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Təhsildə X2rşı «cavabdehin imtinasının qanunsuz sayılaraq ləğv edilməsi, iddiaçıya verilmiş müvafiq ixtisas üzrə diplomun tanınması və nostrifikasiya edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı 2009-cu ildə Bakı şəhərində orta məktəbi bitirib, Türkiyə Respublikası Bilkent Universitetində “beynəlxalq münasibətlər” ixtisası üzrə təhsil almaq hüququ əldə etmiş və 2009 – 2014-cü illərdə həmin Universitetdə təhsil almışdır. 8 avqust 2014-cü il tarixdə bakalavr pilləsi üzrə diplom almışdır. Bu diplom əsasında İsveçrə Konfederasiyasında Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Universitetinin “beynəlxalq münasibətlər” ixtisası üzrə magistr pilləsinə daxil olmuş və magistr təhsili almaq məqsədilə həmin ilin sentyabr ayından İsveçrəyə getmişdir. Onun bakalavr təhsili barədə diplomunun ekvivalentliyi 2016-cı ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir. O, magistr təhsilini başa vurmaq üçün zəruri hesab edilən dərs yükünü (diplom işi və təcrübə proqramı) bitirmədən 2015-ci ilin avqust ayında Azərbaycana qayıtmış, həmin ilin oktyabr ayında hərbi xidmətə getmişdir. Hərbi xidmətini 2016-cı ilin oktyabr ayında başa vurduqdan sonra təhsilini başa çatdırmaq üçün təcrübə proqramını yerinə yetirmək üçün müxtəlif təşkilatlara müraciət etmişdir. 2018-ci ilin sentyabr və oktyabr aylarında Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayındəliyində təcrübə keçmiş və bundan sonra diplom işini tamamlamaq üçün İsveçrəyə getmək qərarına gəlsə də, müəyyən səbəblərdən həmin ölkəyə yalnız 2020-ci ilin fevral ayında getməyə nail olmuş və təhsilini başa çatdırmaq üçün zəruri hesab edilən dərsləri, diplom işini bitirərək 28 iyul 2020-ci il tarixdə magistr diplomu almışdır. Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Universitetindən əldə edilmiş magistr diplomunun Azərbaycan Respublikasında tanınması məqsədilə lazımi sənədləri hazırlayaraq 29 yanvar 2021-ci il tarixdə cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin internet səhifəsi vasitəsilə müvafiq qaydada elektron imza ilə müraciət etmişdir. Lakin cavabdeh magistr diplomunun tanınmasından 11 fevral 2021-ci il tarixli elektron bildirişlə imtina etmişdir. İmtina belə əsaslandırılmışdır ki, ali təhsil sənədlərinin arşdırılması zamanı X1 Diplomatiya və Beynəlxalq Münasibətlər Universitetinin adının X6 tərəfindən təsdiq olunmuş, bu ölkənin tanınan və akkreditə olunmuş ali təhsil müəssisələrinin siyahısında yer almadığı müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq, 1997-ci ildə imzalanmış «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiyanın İ bəndinə və AR Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 3.7-ci bəndinə əsasən müraciəti üzrə onun aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün sayılmır. Cavabdehin imtinası qanunsuz və əsassız hesab edilir. Cavabdeh tərəfindən istinad edilən qanunvericilik sözügedən diplomun tanınmaması üçün heç bir əsas vermir. Belə ki, Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Universiteti yarandığı gündən etibarən İsveçrə Konfederasiyasının Cenevrə Kantonu tərəfindən beynəlxalq münasibətlər və diplomatiya sahəsində təhsil verən ali məktəb kimi tanınır. Qeyd olunan bakalavr diplomu Cenevrədə notarial qaydada təsdiq edilmiş və Cenevrə Kantonu səlahiyyətli orqanı tərəfindən apostillə təsdiqlənmişdir. Universitet İsveçrə Konfederasiyasının “EduQua” sertifikatına sahibdir. “EduQua” İsveçrə Hökuməti tərəfindən tanınan və dəstəklənən akkreditasiya orqanıdır və sertifikat İsveçrədəki dövlət və özəl təhsil müəssisələri üçün tələb olunan ən qabaqcıl keyfiyyət təsdiqi sənədi sayılır. X7 Özəl Məktəblər Federasiyası – FSEP (CH) üzvüdür. İsveçrə təhsil müəssisələrinin səviyyəsinin digər ölkələr tərəfindən tanınması istiqamətində fəaliyyət göstərən bu qurumun özvlərinin milli və beynəlxalq səviyyədə tanınması üçün keyfiyyət qarantiyası, o cümlədən akkreditasiyaya sahibliyi var. Təhsil Nazirliyinin internet səhifəsində daha öncə diplomları tanınmış şəxslər barədə məlumat bazasından əldə olunan məlumata görə Nazirlik tərəfindən Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Universitetində eyni ixtisas üzrə magistr təhsili almış başqa bir şəxsin diplomu üzrə magistr təhsili almış başqa bir şəxsin diplomu ölkə ərazisində tanınmışdır. Cavabdehin qeyd etdiyi kimi adı İsveçrə Akkreditasiya Şurasının siyahısında yer almayan bir çox başqa İsveçrə universitetlərinin məzunlarının da diplomlarının ölkə ərazisində tanınmasına dair faktlar var. Cavabdehin imtina məktubu ona (iddiaçıya) 11 fevral 2021-ci il tarixdə təqdim edilmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 42, 60-cı maddələrinə, İPM-in 2, 14, 45, 46, 73-cü maddələrinə, «İnzibati icraat haqqında» AR Qanununun 2, 15, 19, 24-cü maddələrinə, «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 1, 2.4, 3.6, 3.7-ci bəndlərinə əsaslanaraq, cavabdehin imtinasının qanunsuz sayılaraq ləğv edilməsi və iddiaçıya Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Universiteti tərəfindən verilmiş müvafiq ixtisas üzrə diplomun tanınması və nostrifikasiya edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndəsinin İPM-in 47-ci maddəsinə müvafiq olaraq məhkəməyə təqdim edilmiş iddiaya qarşı yazılı etirazında aşağıdakılar bildirilir: - İddiaçı diplomu üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə cavabdehə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq, İsveçrə Konfederasiyasının Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Universitetinin adı İsveçrə Akkreditasiya Şurası tərəfindən təsdiq olunmuş, bu ölkənin tanınan və akkreditə olunmuş ali təhsil müəssisələrinin siyahısında yer almadığından, iddiaçıya müvafiq sənədin verilməsindən cavab məktubu ilə imtina etmişdir. Cavabdehin imtinası qanuni və əsaslı hesab edilir. İddiaçının təqdim etdiyi diplom üzrə ixtisasının «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»na uyğun gəlmədiyi Ekspert Qrupu tərəfindən müəyyən edilmişdir. Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Bununla yanaşı, Azərbaycan Respublikasının da qoşulduğu «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Lissabon Konvensiyanın, habelə Xarici kvalifikasiyaların qiymətləndirilməsi meyarları və prosedurlarına dair yenidən işlənilmiş Tövsiyələrin V hissəsinə (qiymətləndirmə meyarları), Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Lissabon Konvensiyanın tətbiqinə dair qəbul edilmiş “Avropa regionu üzrə tanınma Təlimatı”nın 3-cü hissəsinə əsasən qeyd olunur ki, tanınma proseduru zamanı xarici ali təhsil ixtisasının əldə edildiyi ali təhsil müəssisəsinin statusu məsələsinə diqqət yetirilməli, yəni həmin müəsəssisənin qanunvericiliyin tələblərinə uyğun olaraq fəaliyyət göstərməsi, o cümlədən, akkreditasiyasının və lisenziyasının olub-olmaması nəzərə alınmalıdır. Agentlikdə iddiaçının sənədləri araşdırılarkən sözügedən təhsil müəssisəsinin qanunsuz fəaliyyət göstərməsi (akkreditasiyadan keçməməsi) məlum olmuşdur. Belə ki, İsveçrə Akkreditasiya Şurası tərəfindən təsdiq olunmuş, bu ölkənin tanınan və akkreditə olunmuş ali təhsil müəssisələrinin siyahısında sözügedən ali təhsil müəssisəsinin adına rast gəlinməmişdir. Yuxarıda göstərilənlərdən aydın olur ki, iddiaçıya məxsus olan diplomun tanınmasına heç bir hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Göstərilənlərə və İPM-in 73.3-cü maddəsinə əsaslanaraq, iddianın təmin olunmaması barədə qərar çıxarılması məhkəmədən xahiş edilir. Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin məhkəməyə ünvanlanmış 16 sentyabr 2021-ci il tarixli məktubunda iddia ilə bağlı aşağıdakılar bildirilir: - Cavadov X9 Konfederasiyasının Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbi tərəfindən ona verilmiş diplom üzrə ixtisasın ölkə ərazisində tanınması məqsədilə 29 yanvar 2021-ci il tarixdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Məlum olduğu kimi, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması üçün yekun təhsil sənədini verən ali təhsil müəssisənin təhsil alınan ölkənin səlahiyyətli qurumu tərəfindən akkreditasiya olunması başlıca şərtlərdən biri hesab edilir. İddiaçı təqdim etdiyi sənədlərin ekspertizası nəticəsində onun təhsil aldığı ali təhsil müəssisəsinin İsveçrə Konfederasiyasının səlahiyyətli qurumu tərəfindən akkreditasiya olunmadığı müəyyən edilmişdir. Belə ki, sözügedən ali təhsil müəssisəsinin adı İsveçrə Konfederasiyasının dövlət akkreditasiyasına sahib ali təhsil müəssisələrinin siyahısında aşkarlanmamışdır. Nəticə etibarı ilə, vətəndaşın xarici ali təhsil ixtisasının tanınmaması haqqında qərar qəbul edilmiş və ona şəxsi kabineti vasitəsilə bu barədə məlumat 11 fevral 2021-ci il tarixdə təqdim edilmişdir. Yaranmış zərurətlə bağlı, əlaqəli mövzuda İsveçrə Akkreditasiya Şurasına ünvanlanan müraciətə cavabda sözügedən ali təhsil müəssisəsnin dövlət akkreditasiyasına sahib olmadığı təkrarən öz təsdiqini tapmışdır. Həmçinin bildirilir ki, beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə xarici ali təhsil ixtisaslarının tanınması sahəsində bir sıra dövlətlərin səlahiyyətli qurumlarına sorğu ünvanlanmışdır. Ünvanlanan sorğuya müvafiq olaraq Avstriya Respublikası, Gürcüstan, Almaniya Federativ Respublikası və Böyük Britaniya və X8 tərəfindən cavablar daxil olmuşdur. X4 və Beynəlxalq Münasibətlər Məktəbinin dövlət akkreditasiyasına sahib olmaması səbəbilə həmin müəssisədən əldə edilən diplomlar üzrə ixtisasların adıçəkilən dövlətlərin ərazisində tanınmasının mümkün olmadığı qeyd edilmişdir. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «cavabdehin imtinasının qanunsuz sayılması, iddiaçının diplom üzrə ixtisasının tanınması və şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin İ hissəsinə görə hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 2.2.2-ci maddəsinə görə isə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, İddiaçı Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Universiteti tərəfindən “beynəlxalq münasibətlər” ixtisası üzrə 28 iyul 2020-ci il tarixli magistr diplomu verilmişdir. Dolom İsveçrənin səlahiyyətli orqanı tərəfindən apostil olunmuşdur. İddiaçı həmin diplom üzrə ixtisasın tanınması ilə bağlı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmiş, lakin Agentlik məsələnin həllindən imtina etmişdir. Məktubda imtina belə əsaslandırılmışdır ki, iddiaçının sənədləri araşdırılarkən onun təhsil aldığı ali təhsil məktəbinin dövlət akkreditasiyasına sahib olmadığı müəyyən edilmiş və bu səbəbdən də diplom üzrə ixtisasın tanınması mümkün olmamamışdır. Hazırda iddiaçı inzibati orqanın imtinasını mübahisələndirir. AR Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli 907 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Akkreditasiya və Nostrifikasiya İdarəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyi”nin Nizamnaməsinin 1.1-ci bəndinə görə Təhsildə Keyfiyyət Təminatı Agentliyi mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması, habelə peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən dövlət təhsil sənədinin verilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Nizaminamənin 2.2-ci bəndində nəzərdə utulmuş Agentliyin fəaliyyət istiqamətləri sırasına xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyasını) həyata keçirmək də daxildir. «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»ya qoşulmaq barəsində Azərbaycan Respublikasının 5 mart 2004-cü il tarixli 595-İİQ saylı Qanunu ilə Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»ya qoşulmuşdur. Konvensiyanın 1-ci maddəsinə görə bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanının və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər; c) notarial aktlar; d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsnə bərabər tutulan rəsmi sənədlər (qeydlər). Konvensiyanın 2-ci maddəsinə əsasən razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyi, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür. Konvensiyanın 3-cü maddəsinə görə imzanın həqiqliyi, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallaıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz. Konvensiyanın 4-cü maddəsinə əsasən 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. «İnzibati icraat haqqında» AR Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə vurğulayır ki, cavabdeh inzibati orqan Təhsildə Keyfiyyət Təminatı Agentliyi İddiaçı arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərt kimi yuxarıda qeyd edilən təhsil müəssisəsinin fəaliyyətinin qanuniliyinə, bununla da həmin təhsil müəssisəsi tərəfindən iddiaçıya verilmiş magistr diplomunun mötəbərliyinə şübhə edərsə, o bununla bağlı tədbir görməli və zəruri sübutıarı toplamalı idi. Lakin Agentlik ondan asılı olan heç bir hərəkəti yerinə yetirmədən, yalnız “sayt məlumatları” ilə kifayətlənməklə «İnzibati icraat haqqında» AR Qanununun 19.2-ci maddəsində müəyyən edilmiş sübutetmə yükünü daşımaqdan yayınmış və məsələnin əksinin sübuta yetirilməsinin iddiaçının üzərinə qoyulmasına cəhd göstərmişdir. Qeyd olunanlarla yanaşı nəzərə alınmalıdır ki, İsveçrənin səlahiyyətli orqanı İddiaçı Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Universiteti tərəfindən verilmiş 28 iyul 2020-ci il tarixli magistr diplomuna (təhsil sənədinə) apostil verməklə, həmin ölkədə diplomun qanuniliyini tanımışdır. Göstərilənlərə əsasən məhkəmə sonda belə qənaətə gəlir ki, İddiaçı diplom üzrə ixtisasının tanınması ilə bağlı müraciəti üzrə cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin imtinası AR Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 3.7-ci bəndində təsbit olunmuş hallarla uzlaşmır. Odur ki, inzibati orqanın iddiaçının diplom üzrə ixtisasının tanınmasından imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəzticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək cavabdeh Təhsildə Keyfiyyat Təminatı Agentliyinin imtinası qanunsuz sayılmalı və İddiaçı Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Universiteti tərəfindən verilmiş 28 iyul 2020-ci il tarixli magistr diplomu üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamə verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyat Təminatı Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh Təhsildə Keyfiyyat Təminatı Agentliyinin imtinası qanunsuz sayılsın və İddiaçı Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Universiteti tərəfindən verilmiş 28 iyul 2020-ci il tarixli magistr diplomu üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamə verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyat Təminatı Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4701/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4701/2021
25.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver