Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4701/2025 04.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin 27 aprel 2000-ci il tarixli, 659 saylı Sərəncamı ilə iddiaçıya fərdi yaşayış evi tikmək üçün ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Çaparidze (indiki Aşurbəyovlar) yaşayış sahəsində yerləşən 400 kv.metr torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilməsi, istinad və məsafələrin qeyd edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 27 aprel 2000-ci il tarixli 659 saylı sərəncamına əsasən fərdi yaşayış evi tikmək üçün Bakı şəhəri Suraxanı rayonu Çaparidze (indiki Aşurbəyovlar) yaşayış sahəsində cizgi əsasında istifadə etdiyi 400 kv.m torpaq sahəsi ayrılmış və iddiaçıya fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Həmçinin 28 aprel 2000-ci il tarixdə Suraxanı rayonunun baş memarı, mütəsəssis, Bülbülə qəsəbə nümayəndəliyi və sair şəxslər tərəfindən akt tərtib olunaraq torpaq sahəsinin ölçülərinin naturada ifadəsi ilə pay bölgüsü aparılmış və daimi nişanlar qoyulmuşdur. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Onun müraciətinə xx.xx.2022-ci il tarixdə baxılaraq bildirilmişdir ki, “elektron kadastr məlumatına əsasən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Bundan əlavə torpaq sahəsinə dair təqdim edilən yerləşmə cizgisində istinad və məsafələr qeyd edilmədiyindən sənədlərin göstərilən torpaq sahəsinə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin təqdim edilən sənədlərdə hüquq sahibinin soyadı Babayeva qeyd edilsə də, notariat məktubunda Rüstəmova qeyd olunmuşdur”. Sözügedən torpaq sahəsinə dair təqdim edilən yerləşmə cizgisində istinad və məsafələrlə bağlı cavabdehə müraciət edilmiş, xx.xx.2024-cü il tarixli məktuba əsasən müraciətə baxılmış və qeyd olunmuşdur ki, “RİH-ə surətini təqdim etdiyiniz sənədlərə əsasən müəyyən edilmişdir ki, Bülbülə qəsəbəsi, keçmiş Çaparidze yaşayış sahəsində fərdi yaşayış evinin tikintisi üçün vətəndaş X1 ayrılmış 400,0 kv.m torpaq sahəsi haqqında Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 659 nömrəli sərəncamı əsasında xx.xx.2000-ci il tarixdə sözügedən torpaq sahəsinə dair akt tərtib olunaraq vətəndaş D.Babayevaya verilmişdir”. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin 27 aprel 2000ci il tarixli 659 saylı Sərəncamına əsasən səlahiyyətli şəxslər tərəfindən akt tərtib olunaraq torpaq sahəsinin cizgiləri müəyyən olunmuşdur. Sözügedən torpaq sahəsi ilə bağlı sərəncam və cizgilər Dövlət Arxivinin Bakı Filialında da mövcuddur. Təqdim edilmiş yerləşmə cizgisində istinad və məsafələrin qeyd edilməməsi iddiaçının iradəsindən asılı olmayan səbəbdir. Bu məsələlər müvafiq orqanların tərtib etdiyi sənədlər əsasında müəyyən olunur. Hal-hazırda İddiaçı və ailə üzvləri həmin torpaq sahəsindən istifadə edir. Bu səbəbdən də hazırki imtinada göstərilən əsaslar onun müraciətinə imtina cavabının verilməsi üçün əsas ola bilməz. İddiaçı hesab edir ki, imtina tamamilə qanunsuz va əsassızdır, eyni zamanda onun qanunla qorunan hüquqları pozulmuşdur. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı münasibətdə göstərilmişdir ki, iddia tələbi qanunsuz və əsassız olduğundan mümkün sayılmamalıdır. “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 646-VİQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2023-cü il tarixli Fərmanının 1.2-ci maddəsinə əsasən Torpaq Məcəlləsinin 65-ci maddəsinin 4-cü və 5-ci hissəsində (birinci halda) müvafiq icra hakimiyyəti “orqanı (qurum)” dedikdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi (vəkili) məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1958-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, Bülbülə qəsəbəsi, keçmiş Çaparidze yaşayış sahəsində fərdi yaşayış evinin tikintisi üçün vətəndaş X1 ayrılmış 400,0 kv.m torpaq sahəsi haqqında Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 659 nömrəli sərəncamı əsasında xx.xx.2000-ci il tarixdə sözügedən torpaq sahəsinə dair akt tərtib olunaraq vətəndaş D.Babayevaya verilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 28 dekabr 2024-cü il tarixli məktubu ilə Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 659 saylı sərəncamının təsdiq edilmiş ksero surəti məhkəməyə təqdim edilmişdir. Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 659 saylı Sərəncamına əsasən X1 fərdi yaşayış evi tikmək üçün Çaparidzə yaşayış sahəsində, cizgi əsasında istifadə etdiyi 400 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubla təqdim etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə 400.0 kv.m olsa da, faktiki olaraq 690.0 kv.m təşkil edir (290.0 kv.m artıqdır). Torpaq sahəsi üç tərəfdən mişar daş hasarla, bir tərəfdən isə metal torla sərhədlənib. Sahə üzərində yaşayış evi və köməkçi tikililər mövcuddur. Sahəyə dair yerləşmə cizgisində perimetrik ölçülər göstərilməyib. Göstərilən torpaq sahəsinin üzərindən yüksək gərginlikli 35 kVt-lıq elektrik hava xətti keçir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin bir hissəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir (Balaxanıneft NQÇİ). Həmçinin sahənin təqribən 535.0 kv.m hissəsi (sahə üzərindəki fərdi yaşayış evidə) yüksək gərginlikli (35 kVt-lıq) elektrik xəttinin mühafizə zonasında yerləşir. Sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır. Bundan əlavə torpaq sahəsinə dair təqdim edilən yerləşmə cizgisində istinad və məsafələr qeyd edilmədiyindən sənədlərin göstərilən torpaq sahəsinə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində istifadəsində olan torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: İşdən göründüyü kimi iddiaçıya onun istifadəsində olan torpaq sahəsi Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2000-ci ildə ayrılmışdır. Bu səbəbdən mübahisəyə həmin dövrdə qüvvədə olan qanunvericilik tətbiq edilməlidir. Yeni Torpaq Məcəlləsi qəbul edilənədək qüvvədə olmuş Azərbaycan Respublikasının xx.xx.1991-ci il tarixli Torpaq Məcəlləsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Xalq deputatları Sovetləri onlara aid ərazidə torpağın verilməsinə və geri alınmasına dair müəyyən səlahiyyətlərini müvafiq icra orqanına verə bilərlər. Torpaq məsələlərinə baxmaq və onlara dair qərar hazırlamaq üçün xalq deputatları Soveti torpaq komissiyası yaradır (7). Torpaq Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə yerli icra hakimiyyəti orqanlarının vəsatətlərinə əsasən rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə aşağıdakı məqsədlər üçün verilir: 1) fərdi yaşayış evi və köməkçi tikililərin inşası, habelə şəxsi yardımçı kənd təsərrüfatı (həyətyanı sahə) üçün — həmin ərazidə daimi yaşayanlara;2) əmtəəlik kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə kəndli (fermer) və digər təsərrüfat fəaliyyəti üçün; 3) şəhər (qəsəbə) hüdudunda fərdi və kollektiv bağ təsərrüfatı və fərdi qaraj tikintisi üçün; 4) sahibkarlıq fəaliyyəti ilə əlaqədar tikintilər üçün; 5) ənənəvi xalq sənətləri ilə məşğul olmaq üçün (10). Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də göstərilmişdir ki, yerli icra hakimiyyəti orqanları müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təşkil edir (3.16.2.). “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən şəhər inzibati ərazi vahidlərində dövlət torpaq kadastrının aparılmasını təmin edir (3.16.3.). Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 195-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”yə və Azərbaycan Respublikasının 2009-cu il 29 dekabr tarixli 936- İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”yə uyğun olaraq, ərazi vahidlərinin Dövlət reyestrinin və bələdiyyələrin Dövlət reyestrinin formalaşdırılmasında, habelə ərazi vahidlərinin və bələdiyyələrin xəritələrinin hazırlanmasında iştirak edir (3.16.4.). Qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsində göstərilmişdir ki, yerquruluşu - torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir (43.1). Yerquruluşu torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibini ehtiva edir (43.3). Yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır (43.4). Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir (65.1). Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir (65.2). Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (65.5). Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (68). Yuxarıda qeyd edilən hüquq normalarının məzmunudan görünür ki, hazırkı iş üzrə cavabdeh dövlət mülkiyyətində olmaqla onun idarəçiliyində olan və ayrı-ayrı fiziki və hüquqi şəxslərə ayrılmış torpaq sahələrinə dair yerləşmə sxeminin tərtib edilməsində məsuldur. İşdən göründüyü kimi iddiaçının yerləşmə sxeminin verilməsini xahiş etdiyi torpaq sahəsi Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli Sərəncamı ilə iddiaçıya ayrılmışdır. İddiaçı həmin torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tələbdən imtina etmişdir. Cavabdeh imtina məktubunda Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 659 nömrəli sərəncamı əsasında xx.xx.2000-ci il tarixdə sözügedən torpaq sahəsinə dair aktın tərtib olunaraq iddiaçıya verildiyinə istinad etmişdir. Lakin məhkəmə tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, təqdim edilmiş akt yalnız torpaq sahəsinin naturada yerinin müəyyənləşdirilərək iddiaçıya verilməsi ilə bağlıdır. Eyni zamanda yerləşmə cizgisi qismində iddiaçıya verilmiş sənəd Suraxanı RİH başçısının Bülbülə qəsəbə nümayəndəsi tərəfindən təsdiq edilmiş, həmin sənəddə torpaq sahəsinin konkret koordinat göstəriciləri, istinad və məsafə parametrləri göstərilməmiş, yalnız sxematik xarakterli dislokasiyası əks olunmuşdur. Bu səbəbdən, aktda torpaq sahəsinin geolokasiyasının müəyyən etməyə imkan verən parametrlər əks olunmadığından, həmin akt yerləşmə cizgisi hesab olunmur. Digər əsasa gəldikdə isə qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Qanunda göstərilmişdir ki, qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır (2.0.8.). İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (13.1.). İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır (13.2.). Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (13.3.). İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur (13.4.). Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz (13.5.). Göründüyü kimi torpaq sahəsi iddiaçıya qanuni əsaslarla ayrılmışdır. Belə olan halda sonradan torpaq sahəsinin balanssaxlayıcısının dəyişilməsi iddiaçının həmin torpaq sahəsi üzərində hüquqlarının dəyişdirilməsinə və ya xitamına səsəb ola bilməz. Eyni zamanda qeyd edilməlidir ki, hazırkı iddiada iddiaçı ona ayrılmış torpaq sahəsinin yerləşmə sxeminin verilməsini xahiş edir. Yəni, iş üzrə verilmiş mütəxəssis rəyində həmin torpaq sahəsinin Dövlət Neft Şirkətinin istifadəsində olan ərazidə yerləşdiyi qeyd edilsə də, bu tələbin təmin edilməsindən imtina üçün əsas deyildir. İddiaçı yerləşmə sxemi əldə etdikdən sonra həmin torpaq sahsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün müraciət edərsə, bu halda qeyd olunan məsələ ətraflı araşdırma tələb edə bilər. Torpaq sahəsinin üzərindən yüksək gərginlikli elektrik hava xəttinin keçməsinə münasibətdə Məhkəmə bildirir ki, hal-hazırda qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarıxli qərarı ilə təsdiq edilmiş «Gərginliyi 1000 voltdan yuxari olan elektrik şəbəkələrinin mühafizəsi» Qaydalarının 3-cü bəndində qeyd edilir ki, elektrik şəbəkələrinin qorunmasının təmin edilməsi, istismar üçün normal şəraitin yaradılması və bədbəxt hadisələrin baş verməsinin qarşısının alınması məqsədi ilə torpaq sahələri ayrılır, mühafizə zonaları müəyyən edilir, yaşıllıq zonalarında və meşə massivlərində cığırlar salınır. Həmin Qaydaların 5-ci bəndində qeyd edilir ki, hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində >1≤20 Un, KV gərginliyində 10 metr elektrik şəbəkəsinin mühafizəsi zonası müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli 261 nömrəli Qərarı ilə “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair” Tələblərin 1.4-cü bəndinə əsasən bu Tələblər qüvvəyə minənədək ərazisində elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilən torpağın mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri həmin torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Elektrik şəbəkələrinin mühafizə zonasının ərazilərində təsərrüfat işlərini aparan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu Tələblərə əməl etməlidirlər. Göründüyü kimi elektrik şəbəkələrin mühafizə zonasında yerləşən torpaq sahələrinə münasibətdə yeni mexanizm təsdit olunmuşdur ki, bu Tələblər qüvvəyə minənədək ərazisində elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilən torpağın mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri həmin torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, torpaq sahəsinin üzərindən elektrik hava xəttinin keçməsi iddiaçıya torpaq sahəsinin istifadəçisi kimi yerləşmə cizgisinin verilməsindən imtina üçün əsas ola bilməz. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi əsaslı olduğundan, təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 27 aprel 2000-ci il tarixli, 659 saylı Sərəncamı ilə iddiaçıya fərdi yaşayış evi tikmək üçün ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Çaparidze (indiki Aşurbəyovlar) yaşayış sahəsində yerləşən 400 kv.metr torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilməsi (istinad və məsafələrin qeyd edilməsi) öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-4701/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4701/2025
04.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver