Məhkəmə qərarları › İş №2-1(112)-4702/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4702/2022

01.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4702/2022 01.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğvi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********983100 saylı “Vergilər, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv olunması tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, uzun müddətdir ki, küçələrdən metal qırıntıları yığıb satmaqla ailəsini dolandırırır. Topladığı metal qırıntılarını müxtəlif metal qırıntı məntəqələri və metal əritmə zavodlarına təqdim edib, malları satarkən ona alıcılar tərəfindən bildirilmişdir ki, onun heç bir vergi öhdəliyi yoxdur, eyni zamanda dəfələrlə 195 çağrı mərkəzindən və vergi ödəyicilərinə xidmət mərkəzlərindən məlumat alıb ki, metal qırıntıları toplayıb satan şəxslərin vergi öhdəliyi alıcı tərəfindən ödəmə mənbəyində 2% məbləğində vergi tutulmaqla icra olunur. O da işini, gəlir və xərclərimi buna uyğun olaraq qurmaqla fəaliyyət göstərib. Lakin bu yaxınlarda Bakı şəhəri X3 üzrə Baş İdarəsindən ona məktub gəlib ki, o, məcburi olaraq öz ərizəsi olmadan xx.xx.2021ci il tarixdə ********** saylı şəhadətnamə ilə vergi uçotuna alınıb. Bundan sonra heç bir xəbərdarlıq etmədən xx.xx.2021-ci il tarixli **********606900 saylı “Vergilər, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən mana 7 922,09 manat məbləğində gəlir vergisi hesablanılmışdır. Həmin qərarın əsaslandırılma hissəsində qeyd olunur ki, "Vergi Məcəlləsinin müddəalarına əsasən ona Gəlir vergisi bəyənnaməsi təqdim etmədiyinizə görə əlaqəli məlumatlara əsasən gəlir vergisi hesablanılmışdır”. Halbuki, onu xx.xx.2021-ci il tarixində vergi uçotuna alıblar və vergi öhdəliyi də bundan sonraki dövrə yarana bilərdi. Vergi orqanı isə hesablamanı vergi ödəyicisi kimi uçotda olmadığı 2020-ci ilə dair aparmışdır. xx.xx.2021-ci il tarixində onun tərəfindən 2020-ci ildə heç bir fəaliyyətinin olmaması barədə “fiziki şəxsin gəlir vergisi bəyənnaməsi” təqdim etsə də vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixli **********983100 saylı “Vergilər, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən yenidən 7 922,09 manat məbləğində gəlir vergisi hesablanılmışdır. Bununla bağlı Dövlət Vergi Xidmətinə inzibati şikayətlə müraciət edib. Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2021 tarixli **********426200 saylı qərarı ilə inzibati şikayəti təmin edilmədi. Vergi orqanının mövqeyi tamamilə qanunsuz və əsassızdır. Belə ki, "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikası Qanununun 3.5.2-ci maddəsinə əsasən əlvan və qara metal qırıntıları vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən nağd qaydada satın alına bilər. Vergi Məcəlləsinin 71-2.1-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. Həmin Məcəllənin 101.6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur. Məcəllənin 150.1.14-cü maddəsinin tələblərinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərə "Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsinə görə (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) ödəmələr verən hüquqi şəxslər və fərdi sahibkarlar ödəmə mənbəyində vergini tutmağa borcludurlar. Azərbaycan Respublikası Konstitusiyasının 73.2-ci maddəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz” Vergi məcəlləsinin 3.5-ci maddəsinə əsasən, heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Belə ki, bu halda gəlir vergisi ödəmə mənbəyində alıcı vergi ödəyicisi tərəfindən tutulur, bildiriş üzrə isə vergi orqanı tərəfindən hesablanır. Bununla da əlavə olaraq Vergi Məcəlləsinin 5-ci maddəsinin tələbləri pozulur. Həmin maddəyə əsasən “Vergi məbləğləri aşağıdakı formalarda tutulur: 5.0.1. bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması); 5.0.2. bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması); 5.0.3. Bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). Həmçinin vergilər vergi orqanı tərəfindən vergi ödəyicisi qeydiyyata alındığı tarixdən əvvəlki dövrlərə hesablanır ki, bunu da qanunsuz hesab edirəm. Qeyd olunan hal üzrə Vergi Məcəlləsinin 5.0.1-ci maddəsinə uyğun olaraq malları təqdim etdiyi şəxs ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti - VÖEN **********) tərəfindən bilavasitə mənbədən vergi tutulmasına baxmayaraq, vergi orqanı Vergi Məcəlləsinin 5.0.2-ci maddəsinə əsasən də bəyənnamə üzrə vergi hesablamışdır. Sadalanan normalardan aşağıdakı nəticələr əldə olunur: Metal qırıntısı satan səxslər həmin malları vergi orqanında uçota durmadan, yəni VÖEN almadan sata bilər (“Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikası Qanunun 3.5.2-ci maddəsi) Metal qırıntısı satan şəxslərdən qanunverciliyin tələbinə alıcı tərəfindən əsasən yalnız ödəmə mənbəyində vergi tutulur (Vergi Məcəlləsinin 150.1.14-cü maddəsi). Satılan metal qırıntılarının həcmi və dəyəri ilə bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. Metal qırıntısı satan və vergi orqanında uçotda olmayan fiziki şəxs malın alıcısına elektron qaimə faktura və ya hər hansı digər sənəd təqdim etməyə borclu deyil və təqdim edə də bilməz. Həmin əməliyyat malın alıcısı tərəfindən tərtib edilən elektron alış aktı ilə rəsmiləşdirilir. Vergi orqanında uçotda olmayan şəxs tərəfindən satılan metal qırıntısına görə həmin şəxsdən malın dəyərinin 2 faizi həcmində vergi, malın alıcısı tərəfindən ödəmə mənbəyində tutulub dövlət büdcəsinə ödənilir (Vergi Məcəlləsinin 101.6-cı maddəsi). Vergi orqanının yanaşmasına əsasən metal qırıntısı satan şəxslər ikiqat vergi tutmaya məruz qalırlar, belə ki, bir dəfə alıcı tərəfindən 2% məbləğində ödəmə mənbəyində vergi tutulub, həmin məbləğə isə vergi orqanı tərəfindən yenidən 5% məbləğində gəlir vergisi hesablayırlar ki, bu da Konstitusiyanın 73.2-ci və Vergi Məcəlləsinin 3.5-ci və 5-ci maddələrinin tələbinə ziddir. Qanunvericiliyin tələbindən göründüyü kimi, metal qırıntısı satan şəxslərin sahibkarlıq subyekti kimi uçota alınması ilə bağlı qanunvericilikdə hər hansı norma nəzərdə tutulmamışdır. Əksinə, həmin şəxslərin vergi orqanında uçotda olmadan elektron alış aktı əsasında nağd qaydada satis həyat keçirmək hüququ qanunvericiliklə təsbit edilmişdir.

3. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2021-ci il tarixli **********983100 nömrəli qərarla vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 2020-ci hesabat dövrü üçün İddiaçı (VÖEN: **********) barəsində 7922,09 manat vergi hesablanmışdır.

4. “İnzibati şikayətin təmin edilməməsi haqqında” Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin qərarına əsasən fərdi sahibkar İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin ləğv edilməsi barədə inzibati şikayəti təmin edilməmişdir. Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2021-ci il tarixli **********983100 nömrəli Qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2021-ci il tarixli **********058000 nömrəli qərarla vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 2020-ci hesabat dövrü üçün İddiaçı (VÖEN: **********) barəsində 7922,09 manat vergi hesablanmışdır. Həmin qərara əsasən əvvəlki xx.xx.2021-ci il tarixli **********983100 nömrəli qərar ləğv edilmişdir.

6. Bununla əlaqədar cavabdeh tərəfindən icraata xitam verilməsi haqqında vəsatət təqdim edilərək bildirilmişdir ki, vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixində cari, xx.xx.2021-ci il tarixində 2020-ci il üzrə dəqiqləşdirilmiş “Gəlir vergisinin bəyannaməsi”, təqdim edilmiş və nəticədə xx.xx.2021-ci il tarixli **********606900 nömrəli və iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2021-ci il tarixli **********983100 saylı Qərar üzrə hesablanmış 7922,09 manat vergi məbləği şəxsi hesab vərəqəsindən azaldılmış, həmin qərarlar ləğv edilmişdir.

7. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi əsasənda iddia tələbi Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2021-ci il tarixli **********05800 nömrəli qərarın ləğv edilməsi kimi dəyişdirilmişdir.

8. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, vergi orqanında mövcud olan uçot-baza məlumatlarına əsasən İddiaçı tərəfindən 2020-ci il ərzində tərtib edilmiş elektron alış aktları üzrə 158441,87 manat dəyərində mal və ya xidmət təqdim edildiyi müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən elektron qaimə-faktura təqdim edilməli olduğu halda vergi orqanında qeydiyyata durmadan sahibkarlıq fəaliyyəti göstərməklə 2020-ci il ərzində elektron alış aktları əsasında 158441,87 manat dəyərində malların (xidmətlərin) təqdim edilməsinə baxmayaraq, 2020-ci il gəlir vergisi bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilən kənarlaşma ilə bağlı vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2021-ci il tarixli **********182700 nömrəli məktub (poçt vasitəsi ilə) göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən müvafiq bəyannamə, araşdırma üçün zəruri olan sənədlər və əsaslandırılmış izahat məktubu təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən, 2020-ci il üçün 7922,09 manat gəlir vergisi hesablanaraq, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********606900 nömrəli Qərar qəbul olunmuşdur. Sonradan vergi ödəyicisi tərəfindən hər hansı bir təsdiqedici sənəd və əsaslı məlumat təqdim etmədən xx.xx.2021-ci il tarixdə 2020-ci il üzrə boş (göstəricisiz) Gəlir vergisi bəyannaməsi təqdim edildiyinə görə kameral vergi yoxlaması ilə hesablanmış məbləğ vergi ödəyicisinin bəyannaməsinə bərpa edilərək xx.xx.2021-ci il tarixli **********983100 nömrəli Qərar qəbul olunmuşdur. Fərdi sahibkar tərəfindən vergi orqanının hesablamasından xx.xx.2021-ci il tarixində inzibati qaydada şikayət verilmiş və 17 noyabr 2021-ci il tarixli **********426200 nömrəli Qərar ilə vergi ödəyicisinin inzibati şikayəti təmin edilməyərək vergi orqanının xx.xx.2021-ci il tarixli **********983100 nömrəli Qərarı qüvvədə saxlanılmışdır. İnzibati araşdırma zamanı fərdi sahibkar tərəfindən "X5" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) xx.xx.2020-ci il tarixdə 18640,22 kiloqram (ümumi dəyəri 158441,87 manat) olmaqla malların alış aktı (elektron) ilə müxtəlif növ metal tullantılarının (mis qırıntıları) təqdim edildiyi müəyyən edilmişdir. İnzibati araşdırma dövründə vergi ödəyicisinin işçi qüvvəsinin, nəqliyyat vasitəsinin, cəlb olunmuş nəqliyyat vasitəsinin və ya metal tullantılarının toplanması (tədarük edilməsi), daşınması üçün hər hansı resursların olması müəyyən edilməmişdir. Həmçinin, uçot baza məlumatlarına əsasən İddiaçı fərdi sahibkar X2 (VÖEN **********) aid təsərrüfat subyektində xx.xx.2020-ci il tarixdən əmək müqaviləsi əsasında detalların yüklənməsi və boşaldılması üzrə ixtisassız fəhlə vəzifəsində çalışdığı müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən yenidən xx.xx.2021-ci il tarixində 2020-ci il üzrə boş (göstəricisiz) dəqiqləşdirilmiş Gəlir vergisi bəyannaməsi təqdim edildiyinə görə kameral vergi yoxlaması ilə hesablanmış məbləğ vergi ödəyicisinin bəyannaməsinə bərpa edilərək xx.xx.2021-ci il tarixli **********058000 nömrəli Qərar qəbul olunmuşdur. “İstehsalat və məişət tullantıları haqqında” 30 iyun 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 12-2-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən əlvan və qara metal tullantılarının idarə olunması və onların özgəninkiləşdirilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Əlvan və qara metal tullantılarının qəbulu fəaliyyətini yalnız qara və əlvan metalların əridilməsi və bunun nəticəsində ərintilərin alınması obyektləri "Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət reyestrində təhlükə potensiallı obyektlər olaraq qeydiyyatdan keçmiş sahibkarlıq subyektləri həyata keçirə bilər. Əlvan və qara metal tullantılarının qəbulu, uçotu, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilməsi qaydaları və onların əldə edilmə mənbəyinə dair tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Əldə edilmə mənbəyi məlum olmayan, qanunsuz yolla əldə edilməsi müəyyən edilən, fiziki şəxslərdən şəxsiyyəti təsdiq edən sənədlər tələb olunmadan, habelə radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilmədən əlvan və qara metal tullantılarının qəbul edilməsi, həmçinin qara və əlvan metalların əridilməsi və bunun nəticəsində ərintilərin alınması obyektləri təhlükə potensiallı obyektlər olaraq dövlət reyestrində qeydiyyatdan keçirilməyən sahibkarlıq subyektləri tərəfindən bu növ tullantıların qəbulu fəaliyyətinin həyata keçirilməsi məsuliyyətə səbəb olur. Əlvan və qara metal qırıntılarının qəbulu ilə məşğul olan tədarükçülər əhalidən (vətəndaşlardan) kiçik həcmli partiyalarla malların qəbul edərkən həmin şəxslərə aparılan ödənişlərdən ödəmə mənbəyində 2 faiz dərəcə ilə vergi tutur. Sahibkarlar tərəfindən həmin şəxslərdən malların alışı “Malların alış aktı” ilə sənədləşdirilməli və həmin sənəddə malları təqdim edən şəxsə dair məlumatlar (şəxsiyyətini təsdiq edən sənədin FİN-i, seriya və nömrəsi, fiziki şəxsin soyadı, adı, atasının adı) əks etdirilməlidir. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsi vergi ödəyicisi kimi uçotda olmayan, təqdimetmə halı sahibkarlıq fəaliyyəti hesab edilməyən (xırda mal partiyası şəklində, mütəmadi xarakter daşımayan, az həcmdə və digər oxşar hallarla xarakterizə olunan) şəxslərə və onların təqdim etdiyi mallara münasibətdə tətbiq edilir. Eyni zamanda, malların təqdim edilməsini həyata keçirməklə vergiyə cəlb olunmalı gəlir əldə edən və bu fəaliyyətlə sahibkarlıq fəaliyyəti qaydasında məşğul olan vergi orqanlarında uçotda olmayan fiziki şəxslər Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi uçotuna durmalı və əldə olunan gəlirlərindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir. Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Həmin Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Həmin Məcəllənin 16.1.11-6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququdur. Həmin Məcəllənin 36-cı maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər əsasında keçirilir.

9. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

10. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verməklə onun təmin olunmasını xahiş etdi.

İİ. İddianın növü və mümkünlüyü

11. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

12. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirilən qərarlar inzibati aktdır.

13. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

14. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən:

13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.

15. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır, iddia mümkündür.

İV. Məhkəmənin mövqeyi

16. İnzibati şikayətin araşdırılması nəticəsinə vergi orqanı tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən "X5" MMC-yə (VÖEN: **********) xx.xx.2020-ci il tarixdə 18640,22 kiloqram (ümumi dəyəri 158441,87 manat) olmaqla malların alış aktı (elektron) ilə müxtəlif növ metal tullantılarının (mis qırıntıları) təqdim edildiyi müəyyən edilmişdir. İnzibati araşdırma dövründə vergi ödəyicisinin işçi qüvvəsinin, nəqliyyat vasitəsinin, cəlb olunmuş nəqliyyat vasitəsinin və ya metal tullantılarının toplanması (tədarük edilməsi), daşınması üçün hər hansı resursların olması müəyyən edilməmişdir. Həmçinin, uçot baza məlumatlarına əsasən İddiaçı fərdi sahibkar X2 (VÖEN **********) aid təsərrüfat subyektində xx.xx.2020-ci il tarixdən əmək müqaviləsi əsasında detalların yüklənməsi və boşaldılması üzrə ixtisassız fəhlə vəzifəsində çalışdığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən 2020-ci il üçün gəlir vergisi bəyannaməsi təqdim edilmədiyi üçün həmin dövr ərzində vergi ödəyicisi tərəfindən təqdim edilmiş elektron alış aktlarına əsasən əldə etdiyi 158441,87 manat gəlir üzrə Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən mikro sahibkarlıq subteki olan fərdi sahibkarlar üçün nəzərdə tutulmuş sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi olan güzəşt hüququ nəzərə alınmaqla 7922,09 manat gəlir vergisi hesablanmışdır.

17. “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununun 12- 2-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən əlvan və qara metal tullantılarının idarə olunması və onların özgəninkiləşdirilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Əlvan və qara metal tullantılarının qəbulu fəaliyyətini yalnız qara və əlvan metalların əridilməsi və bunun nəticəsində ərintilərin alınması obyektləri "Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət reyestrində təhlükə potensiallı obyektlər olaraq qeydiyyatdan keçmiş sahibkarlıq subyektləri həyata keçirə bilər. Əlvan və qara metal tullantılarının qəbulu, uçotu, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilməsi qaydaları və onların əldə edilmə mənbəyinə dair tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Əldə edilmə mənbəyi məlum olmayan, qanunsuz yolla əldə edilməsi müəyyən edilən, fiziki şəxslərdən şəxsiyyəti təsdiq edən sənədlər tələb olunmadan, habelə radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilmədən əlvan və qara metal tullantılarının qəbul edilməsi, həmçinin qara və əlvan metalların əridilməsi və bunun nəticəsində ərintilərin alınması obyektləri təhlükə potensiallı obyektlər olaraq dövlət reyestrində qeydiyyatdan keçirilməyən sahibkarlıq subyektləri tərəfindən bu növ tullantıların qəbulu fəaliyyətinin həyata keçirilməsi məsuliyyətə səbəb olur.

18. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5.2-ci maddəsinə əsasən, vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən əlvan və qara metal qırıntılarının qəbulu nağd qaydada satın alına bilər.

19. Vergi Məcəlləsinin 101.6-ci maddəsinin hazırda olan redaksiyasına əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 5 faiz dərəcə ilə vergi tutulur.

20. 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 101.6-cı maddədə “2” rəqəmi “5” rəqəmi ilə əvəz edilmişdir.

21. Vergi Məcəlləsinin 3.5-ci maddəsinə əsasən, heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz.

22. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçının fərdi sahibkar statusu olmamış, vergi orqanının təşəbbüsü ilə vergi ödəyicisi kimi uçota alınmışdır.

23. Beləliklə, müvafiq hesablama aparılan zamanı qüvvədə olan Vergi Məcəlləsinin 101.6-cı maddəsi vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsinin həcmini, dəyərini, mütəmadi və ya birdəfəlik xarakter daşımasını fərqləndirməmişdir.

24. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, mübahisələndirilən qərar ləğv olunmalıdır.

25. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

26. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

27. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin İddiaçı barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********058000 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar