Məhkəmə qərarları › İş №2-1(112)-4702/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4702/2025

02.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4702/2025 02.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ödənilməyən Prezident təqaüdünün ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş oğlu X3 qulluğa görə iddiaçıya 2024-cü ilin yanvar-sentyabr ayları ərzində ödənilməmiş Prezident təqaüdünün ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu xx.xx.2006-cı il təvəllüdlü X1 spasik serebral iflic və kvadroplegik serebral iflic diaoqnozu ilə müddətsiz birinci dərəcəli əlildir. Onun kənar şəxslərin qulluğuna və nəzarətinə daim ehtiyacı olmuşdur. Onun köməksiz vəziyyətdə yaşaması, özünü idarə etməsi mümkün deyil. Oğlu daim iddiaçının himayəsində olmuşdur və ona iddiaçı baxmışdır. 2023-cü ilin may ayında oğluna 1-ci qrup əlillik dərəcəsi təyin olunmuşdur və həmin vaxtdan etibarən oğluna qulluğa görə “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikasının Prezidentinin təqaüdü”nün təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 15 aprel 2019-cu il tarixli 643 nömrəli Fərmanı ilə hər ay 100 manat məbləğində Prezident təqaüdü almışdır. Ancaq 2024-cü ilin yanvar ayında həmin təqaüd iddiaçıya ödənilməmişdir. Buna səbəb olaraq oğlunun 18 yaşı tamam olduğuna və ona qəyyum təyin edilmədiyinə görə təqaüdün ödənilməsinin dayandırıldığı bildirilmişdir. İddiaçı 2024-cü ilin fevral ayında oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə iddia tələbi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(008)-2389/2024 nömrəli qətnaməsi ilə iddiaçının oğlu X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli, 229 №-li Sərəncamı ilə iddiaçının oğluna qəyyum təyin edilməsi qərara alınmışdır. İddiaçıya Prezident təqaüdü 2024-cü ilin oktyabr ayından etibarən verilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, xx.xx.2006-cı il təvəllüdlü X3 Azərbaycan Respublikası Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2011-ci il tarixdən 18 yaşınadək əlillik müəyyən edilmişdir. X3 Azərbaycan Respublikası Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2023-cü il tarixdən müddətsiz olaraq orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (şəxsə münasibətdə 100 faiz) əlillik müəyyən edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11,07.2024-cü il tarixli 2(008)-2389/2024 nömrəli qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli 229 nömrəli sərəncamına əsasən İddiaçı Sabunçu Rayon Məhkəməsi tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş 08.01,2006-cı il təvəllüdlü X2 üzərində qəyyum təyin edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdən qəyyum təyin edilməsi səbəbindən iddia ərizəsində qeyd edilən dövrlər üzrə Prezident təqaüdünün təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək, onunla oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya yazılı etirazı mdafiə edərək, onunla oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1986-cı ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə elektron portaldan çıxarışdan görünür ki, X3 xx.xx.2023-cü ildən ümumi xəstəlik səbəbindən birinci dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Sosial Ödənişlər Altsistemindən çıxarışa əsasən müəyyən edilir ki, X4 ümumi səbəbdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxdir. Həmçinin ona xx.xx.2011-ci ildən 18 yaşı tamam olana qədər sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2389/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə hazırkı iş üzrə iddiaçının xüsusi icraat qaydasında ərizəsi təmin edilmiş, xx.xx.2006-cı ildə doğulmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Bakı şəhəri Sabunçu rayon İcra hakimiyyəti başçısının 229 saylı, xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddiaçı xx.xx.2006-cı il təvəllüdlü X2 üzərində qəyyum təyin edilmişdir. İddiaçının müraciətinə cavab olaraq cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda iddiaya yazılı etirazda göstərilən əsaslar qeyd edilmişdir. Məhkəmə sorğusuna əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2389/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2389/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi xx.xx.2024-cü il tarixində qanuni qüvvəsini almış, icra edilməsi üçün Sabunçu rayon İcra hakimiyyətinin nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik komissiyasına göndərilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində 2024-cü ilin yanvar-sentyabr ayları ərzində ödənilməyən Prezident təqaüdünün ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrasıhaqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır (1.0.1.). Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir (3.1.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 294 saylı Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi Qaydası”nda göstərilmişdir ki, bu Qayda “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanının 3.1.2-ci yarımbəndinə əsasən hazırlanmışdır və “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün (bundan sonra – təqaüd) ödənilməsi mexanizmini müəyyən edir (1.1.). Təqaüd, əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ olmasından, məşğulluq vəziyyətindən asılı olmayaraq, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə verilir (1.2.). Bir nəfər orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə qulluğa görə yalnız bir şəxsə təqaüd ödənilir (3.2.). Aşağıdakı hallarda təqaüdün ödənişi dayandırılır: 3.5.1. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxs, habelə Şəxs vəfat etdikdə və ya yaşayış yerini dəyişdikdə; 3.5.2. Şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə; 3.5.3. “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin həmin faiz dərəcəsi dəyişdirildikdə və ya ləğv edildikdə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsin əlilliyinin müddəti bitdikdə və ya ləğv edildikdə; 3.5.5. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və ya əlilliyi müəyyən edilmiş 14-18 yaşınadək uşaq (14 yaşadək uşaqlara münasibətdə qəyyumluq və himayə orqanı) təqaüd alan şəxsin onlara qulluq etmədiyi barədə müraciət etdikdə (3.5.). Təqaüdün ödənişi bu Qaydanın 3.5.1-3.5.4-cü yarımbəndlərində göstərilən hallardan birinin yarandığı gündən, 3.5.5-ci yarımbəndində göstərilən halda isə müraciət edildiyi gündən dayandırılır (3.6.). İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının oğlu X4 xx.xx.2006-cı ildə anadan olmuşdur. O, 2011-ci ildən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə sağlamlıq imkanları məhdud uşaq hesab edilmişdir. X3 2023-cü ildə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə birinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı həmin uşağa qulluq etdiyi üçün müəyyən edilmiş Prezident təqüdünü almışdır. X4 xx.xx.2024-cü ildə 18 yaşına çatmışdır. Həmin vaxtdan cavabdeh iddiaçıya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyəyn edilmiş şəxs qəuluq etdiyinə görə iddiaçıya ödənilən Prezident təqaüdünün ödənilməsini dayandırmışdır. Bundan sonra iddiaçı X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmiş və məhkəmənin qətnaməəsi ilə ərizə təmin edilmişdir. Həmin məhkəmə qətnaməsi əsasında iddiaçı xx.xx.2024-cü il tarixindən X2 üzərində qəyyum təyin edilmişdir. Bundan sonra isə iddiaçıya Prezident təqaüdünün ödənilməsi bərpa edilmişdir. Lakin, cavabdeh xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək olan dövr üzrə iddiaçıya Prezident təqaüdünün ödənilməsindən imtina etmişdir. Cavabdeh bunu iddiaçının həmin dövr ərzində X4 üzərində qəyyum təyin edilmədiyi ilə əsaslandırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir (33.1.). On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir (33.4.). On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar üzərində, habelə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində himayəçilik təyin edilir (33.6.). Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 136.2-ci maddəsinə əsasən qəyyumluq 14 yaşınadək, himayəçilik 14 yaşından 18 yaşınadək olan uşaqlar üzərində təyin edilir. Yuxarıda qeyd edilən hüquq normalarının məzmunundan görünür ki, şəxslər üzərində qəyyumluq 2 halda təyin edilir: 1. Yetkinlik yaşına çatmayan (14 yaşınadək) uşaqlar bu və ya digər səbəbdən valideyn himayəsindən məhrum qaldıqda. 2. Yetkinlik yaşına çatmış şəxslər psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıldıqda. İşdən göründüyü kimi X3 psixi pozuntu səbəbindən 18 yaşınadək və bundan sonra birinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı onun valideyni olaraq 18 yaşınadək ona qulluq etdiyinə görə müəyyən edilmiş Prezident təqaüdünü almışdır. Lakin, X4 2024-cü ilin yanvar ayında 18 yaşına çatmış olsa da, onun fəaliyyət qabiliyyəti faktiki olaraq bərpa edilməmişdir. İddiaçı ona qulluq etməyə davam etsə də, yalnız 2024-cü ilin sentyabr ayında onun üzərində qəyyum təyin edilmişdir. Belə olan halda iddiaçıya 2024-cü ilin yanvar-sentyabr ayları ərzində X3 qulluq etməyə görə verilən Prezident təqaüdündən məhrum edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Qeyd edilməlidir ki, X2 məhkəmə qətnaməsinə əsasən fəaliyyət qabiliyyətsiz şəxs hesab edilməsi ona 18 yaşınadək təyin edilmiş psixi pozuntuya görə görə birinci dərəcəli əlilliyin davamı olaraq qiymətləndirilməlidir. Yəni, X4 2024-cü ilin yanvar ayında 18 yaşına çatmış olsa da, onun fəaliyyət qabiliyyətsizliyi faktiki olaraq davam etmişdir. Eyni zamanda qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 294 saylı Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi Qaydası”nın 3.5-ci bəndində təqaüdün ödənişinin dayandırıldığı hallar sadalanmışdır ki, cavabdehin hazırda əsaslandığı hal onların heç birinə uyğun gəlmir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olmamış, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu səbəbdən iddia təmin edilməli, iddiaçıya 2024-cü ilin yanvar-sentyabr ayları ərzində ödənilməmiş Prezident təqaüdünün ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş oğlu X3 qulluğa görə 2024-cü ilin yanvar-sentyabr ayları ərzində ödənilməmiş Prezident təqaüdünün ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar