Məhkəmə qərarları › İş №2-1(112)-4703/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4703/2021

08.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4703/2021 08.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, işləmir), cavabdehin nümayəndəsi X1 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialında mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya yaşa görə təyin edilmiş əmək pensiyası məbləğinin azaldılması hissəsində bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq iddiaçıya yaşa görə təyin edilmiş əmək pensiyası məbləğinin azaldılmış hissəsində bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı ildə Cəbrayıl rayonunda doğulmuşdur. 2017-ci ildə 60 yaşı tamam olduqdan sonra ona yaşa görə əmək pensiyası təyin edilmişdir. 2017-ci ilin yanvar ayından 2021-ci ilin yanvar ayınadək 234 manat pensiya alsa da, 2021-ci ilin yanvar ayında ona təyin edilmiş pensiyanın məbləği ona məlum olmayan səbəblərdən azaldılaraq 130 manat əmək pensiyası təyin edilmişdir. Pensiyanın azaldılmasının səbəbini öyrənmək üçün cavabdehə müraciət etmiş və ona 17.12.2020-ci il tarixli məktubla bildirilmişdir ki, ilkin pensiya təyin edilməsi zamanı pensiya sığorta kapitalının düzgün müəyyən edilməməsi səbəbindən 17.12.2017-ci il tarixdən 31.01.2021-ci il tarixədək pensiya ödənişində artıq ödəmə müəyyən olunmuşdur.İddiaçı hesab edir ki, cavabdehin qeyd edilən hərəkəti ilə onun pensiya hüququ pozulur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı təqdim etdiyi iddiaya dair etirazında cavabdeh göstərmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin 1841 nömrəli, 12.10.2017-ci il tarixli Qərarı ilə sığortaolunan İddiaçı hüququnun yarandığı 01.10.2016-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının təqdim etdiyi 29.02.1976-cı il tarixli ******* saylı əmək kitabçasına əsasən onun 01.01.2006-cı il tarixə 19 il 4 ay ümumi iş stajı və buna uyğun olaraq 6340,32 manat pensiya kapitalı hesablanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İri Sığorta edənlərlə İş üzrə İdarəsi tərəfindən təqdim edilmiş 99/08/04-17571 saylı, 21.10.2016-cı il tarixli arayışa əsasən, vətəndaşın 01.05.2007-ci il tarixdən 01.01.2016-cı il tarixədək 3165.25 manat pensiya kapitalı vardır. Beləliklə vətəndaşın əmək pensiyasının məbləği 01.10.2016-cı il tarixdən 175,48 manat (110 manat baza hissəsi + 44.03 manat 01.01.2006-cı il tarixədək sığorta hissəsi + 21,45 manat 01.05.2007-ci ildən sonra pensiya kapitalına uyğun müəyyənləşdirilmiş sığorta hissəsi) yaşa görə əmək pensiyası təyin edilmişdir. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 26-cı maddəsi dəyişdirilərək yeni redaksiyada verilmişdir. Belə ki, Qanunun 26.1-ci maddəsinə əsasən 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. Həmin Qanunun 26.2-ci maddəsinə əsasən 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən bu Qanunun 19-cu maddəsinə uyğun əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sığortaedənlərlə İş üzrə İdarəsi tərəfindən təqdim edilmiş 99/08/04-7253 nömrəli 27.03.2018-ci tarixli arayışına əsasən 01.01.2016-cı il tarixdən 01.01.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 1474,62 manat pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyasının məbləği yenidən hesablanaraq 191,87 manata çatdırılmışdır. Qanunun 29.1 və 29.2-ci maddəsinin tələblərinə əsasən 01.01.2017-ci il tarixdən İddiaçı pensiyası 181,47 manata çatdırılmışdır. 01.01.2016-cı il tarixdən 01.01.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 1474,62 manat pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyasının məbləği yenidən hesablanaraq 191,87 manata çatdırılmışdır. Vətəndaş İddiaçı Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala daxil olmuş 17.12.2020-ci il tarixli əmək pensiyasının yenidən hesablanmasına dair müraciətinin araşdırılması zamanı əmək pensiyasının məbləğində artıqvermə aşkar edilmişdir. Belə ki, 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. İddiaçının 1976-1985-ci illərdə kolxozda işlədiyi dövrlər üzrə müəyyən edilmiş illik əmək iştirakı minimumunu yerinə yetirmədiyi dövrlər 01.01.2006-cı ilədək hesablanmış ümumi iş stajından çıxılmışdır. Nəticədə, vətəndaşın hüququnun yarandığı 01.10.2016-cı il tarixə 16 il 7 ay ümumi iş stajı və 5456,57 manat pensiya kapitalı (01.01.2006-ci il tarixədək) hesablanmışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi cavabdehin iddia ərizəsinə etirazında göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1956-cı ildə doğulmuşdur. Sosial Ödənişlərin Təyinatı Mərkəzi Filialının İddiaçı ünvanlanmış məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, ilkin pensiya təyinatı zamanı pensiya sığorta kapitalının düzgün müəyyən edilməməsi səbəbindən 17.12.2017-ci il tarixdən 31.01.2021-ci il tarixədək pensiya ödənişində artıq ödəmə müəyyən edilmişdir. Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən cavabdehə ünvanlanmış 30 iyun 2021-ci il tarixli, **********5 nömrəli məktubuna əsasən bildirilmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin 1841 nömrəli, 12.10.2017-ci il tarixli Qərarı ilə sığorta olunan İddiaçı hüququnun yarandığı 01.10.2016-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Vətəndaşın təqdim etdiyi 29.02.1976-cı il tarixli ******* saylı əmək kitabçasına əsasən onun 01.01.2006cı il tarixə 19 il 04 ay ümumi iş stajı və buna uyğun olaraq 6340,32 manat pensiya kapitalı hesablanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş üzrə İdarəsi tərəfindən təqdim edilmiş 99/08/04-17571 saylı, 21.10.2016-cı il tarixli arayışa əsasən vətəndaşın 01.05.2007-ci il tarixindən 01.01.2016-cı il tarixinədək 3165,25 manat pensiya kapitalı vardır. Beləliklə vətəndaşın əmək pensiyasının məbləği 01.10.2016-cı il tarixdən 175,48 manat yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 29.1 və 29.2-ci maddəsinin tələblərinə əsasən 01.01.2017-ci il tarixdən vətəndaşın pensiyası 181,47 manata çatdırılmışdır. Sonradan onun pensiyası 191,87 manata çatdırılmışdır.İddiaçının əmək pensiyasının yenidən hesablanması barədə müraciətinin araşdırılması zamanı əmək pensiyasının məbləğində artıq ödəmə aşkar olunduğu üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən, Sosial ödənişlərin təyinati üzrə mərkəzi filialinin **********4 saylı, 04.03.2021-ci il tarixli qərarı ilə 31.12.2017-ci il tarixindən 31.01.2021-ci il tarixədək artıq ödənilmiş vəsait bölünərək vətəndaşın aylıq pensiyasından tutulacaqdır. Azərbaycan Respubliaksının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinati üzrə mərkəzi filiali tərəfindən məhkəməyə ünvanlanmış **********9 nömrəli, 08 sentyabr 2021-ci il tarixli məktubuna əsasən bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 05.11.2020-ci il tarixli, 2- 1(112)-4095/2020 nömrəli qərarına əsasən inzibati orqan təsnifatına aid edilən Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı vətəndaşa pensiyanın təyin edilməsi barədə qərarı əlverişli inzibati akt sayılır və onun qanunsuz sayılmaqla “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin tələbləri çərçivəsində ləğvi inzibati orqanın özünün də səlahiyyətindədir. Belə olan halda, inzibati orqan kimi Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinati üzrə mərkəzi filiali həmin Qanunun 82.1; 82.2;82.3-cü maddələrinin tələblərinə əsaslanaraq, vətəndaşa münasibətdə əlverişli inzibati aktın ləğvinə dair və pensiya kimi ona ödənilmiş pul vəsaitinin qaytarılması barədə yeni inzibati akt qəbul etməklə icraya yönəldilməsi haqqında qərar icra sənədi kimi çıxış edir. İnzibati akt əsasında tərtib olunmuş qərarın icrası isə qanunvericiliyin tələblərinə əsasən icra məmurları tərəfindən həyata keçirilir. Bu növ olan işlərdə isə məhkəmə qərarı tələb olunmur. Eyni zamanda Şəki Apellyasiya Məhkəməsinin 23.10.2020-ci il tarixli, 2(107)-1960/2020 nömrəli qərarına əsasən pul tələblərinin icra edilməsi digər növ inzibati aktların icra edilməsindən fərqlənir. Hazırki icraat daxilində tələb yönəldilmiş borclu inzibati akt ilə üzərinə konkret hərəkəti həyata keçirmək vəzifəsi qoyulmuş şəxsdir. Pul tələblərinin icra edilməsi zamanı tələbin icraya yönəldilməsi haqqında qərar icra sənədi kimi çıxış edir. Bundan sonra məhkəmə qaydasında icra sənədinin əldə edilməsinə heç bir ehtiyac yoxdur. Tələbin icraya yönəldilməsi haqqında qərar birmənalı şəkildə hansı tələbin (məbləğ, forma, müddət) irəli sürdüyünü əks etdirməlidir. Bu qərar özü müstəqil olaraq inzibati akt hesab edilir və ona qarşı müstəqil qaydada inzibati şikayət və inzibati iddia irəli sürülə bilər. Göstərilənlərə istinad edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının qəbul etdiyi inzibati akt faktiki olaraq icraya yönəldilməli olan sənəddir. Həmin qərarda inzibati orqanın gəlmiş olduğu nəticəsi ilə bağlı yenidən məhkəmə qərarının əldə edilməsinə ehtiyac yoxdur. İnzibati orqan müvafiq olaraq artıq tutulması qərara alınmış pul məbləğinin yenidən məhkəmə qaydasında tutulmasına dair tələbi irəli sürülməli deyil, müvafiq icra qurumuna göndərilməlidir. Qeyd olunanlara əsasən, Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinati üzrə mərkəzi filialinin 16.01.2021-ci il tarixli, **********8 nömrəli qərarına əsasən vətəndaş İddiaçı 01.01.2018-ci il tarixindən 31.01.2021-ci il tarixinədək ödənilmiş artıq ödəmə məbləği bölünərək hər ay onun aylıq əmək pensiyasından Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial ödənişlərin təyinati üzrə mərkəzi filialinin 16 yanvar 2021-ci il tarixli, **********8 nömrəli “Artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında” Qərarına əsasən, xx.xx.1956-cı il tarixində Cəbrayıl rayonunda anadan olmuş, ünvan 1 ünvanında yaşayan vətəndaş İddiaçı təyin olunmuş əmək pensiyasının məbləğinin dəyişdirilməsi və 01.01.2018-ci il tarixindən 31.01.2021-ci il tarixinədək 256,01 manat bölünərək onun aylıq əmək pensiyasından tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və mühasibatliq üzrə mərkəzi filialinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialina ünvanladığı 09.07.2021-ci il tarixli, **********3 nömrəli məktubuna əsasən, İddiaçı 17.12.2017-ci il tarixindən 31.01.2021-ci il tarixinə kimi 250,47 (iki yüz əlli manat 47 qəp) manat ümumi tutulması yaranmış və 01.02.2021-ci il tarixindən başlayaraq hər ay cari pensiya məbləğindən 34,99 (otuz dörd manat 99 qəp) manat tutulma aparılır. İddiaçının pensiya işinin surətində olan sənədlərə əsasən iddiaçıya 01.10.2016-cı ildən yaşa görə əmək pensiyası təyin edilmişdir, 17.12.2017-ci ildən 31.12.2017-ci ilə qədər yaşa görə əmək pensiyasının məbləği 181,47 manat təyin edilmişdir, yenidən hesablamadan sonra 16.01.2021-ci il tarixli qərara əsasən onun məbləğinin 179,26 manat müəyyən edilmişdir, 31.12.2017-ci ildən 01.01.2018-ci ilə qədər pensiya məbləği artırılaraq 181,47 manat, 01.01.2018-ci ildən 01.01.2019-cu ilə qədər 203,16 manat müəyyən edilmişdir, yenidən hesablama nəticəsində isə pensiyasının 196,77 manat olmalı olması müəyyən edilmişdir, 01.01.2019-cu ildən 01.01.2020-ci ilə qədər 209,25 manat pensiya məbləği müəyyən edilmiş, yenidən hesablamadan sonra pensiyasının məbləğinin 202,67 manat olmalı olması müəyyən edilmişdir, 01.01.2020-ci ildən 243,99 manat hesablanmışdır, yenidən hesablamadan sonra iddiaçının pensiyasının məbləği azaldılaraq 236,31 manat müəyyən edilmişdir. Cavabdehin 04.03.2021-ci il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarına əsasən iddiaçının hazırki pensiya məbləği 263,25 manat təşki edir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1956-cı il təvəllüdlüdür, iddiaçıya 01.10.2016-cı ildə yaşa görə əmək pensiyası təyin edilmiş, 17.12.2017-ci ildən 01.01.2018-ci ilə qədər pensiya məbləği 181,47 manat, 01.01.2018-ci ildən 01.01.2019-cu ilə qədər 203,16 manat, 01.01.2019-cu ildən 01.01.2020-ci ilə qədər 209,25 manat pensiya məbləği müəyyən edilmiş, 01.01.2020-ci ildən 243,99 manat hesablanmışdır, 16.01.2021-ci ildə iddiaçının pensiyası cavabdeh tərəfdən yenidən hesablama nəticəsində azaldılaraq 236,31 manat olmuşdur, iddiaçı cavabdeh orqana müraciət edərək, pensiyasının azaldılma səbəbinin bildirilməsini xahiş etmişdir. Cavabdeh iddiaçıya ünvanlanmış məktubu ilə bildirmişdir ki, ilkin pensiya təyin edilməsi zamanı pensiya sığorta kapitalının məbləği düzgün müəyyən edilməmişdir.İddiaçı cavabdeh tərəfindən pensiyasından tutulmaların qanunsuz olduğunu hesab edərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən cavabdehin hərəkətlərini qanunsuz hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinə əsasən İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının Konstitusiyasının 15-ci maddəsinə əsasən Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 16-cı maddəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Həmin Qanunun 29.1-1-ci maddəsinə əsasən sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Həmin Qanunun 29.3-cü maddəsinə əsasən əmək pensiyasının indeksləşdirilməsi bu Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş əmək pensiyasının ödənişinin maliyyə mənbələrinə uyğun olaraq müvafiq qaydada nəzərdə tutulmuş vəsaitlər dairəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 30.1-ci maddəsinə əsasən əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyasının təyinatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Yuxarıda sadalanan qanunvericilik normalarının məzmunundan göründüyü kimi hər kəsə şamil edilən sosial təminat hüququ insanın əsas sosial-iqtisadi hüquqlarından biridir və sosial təminatın səviyyəsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş müddəalara əsasən hər il istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirməklə getdikcə daha da yüksəlməsi nəzərdə tutulur. İşin faktiki hallarına əsasən isə iddiaçı əmək qanunvericiliyi ilə müəyyən edilmiş yaşa çatdığı üçün ona əmək pensiyasının məbləği cavabdeh tərəfindən müəyyən edilməklə yaşa görə əmək pensiyası təyin edilmiş və sonradan isə cavabdehin əmək pensiyasının yenidən hesablanması barədə 16.01.2021-ci il tarixli qərarı ilə əmək pensiyasının məbləği azaldılmışdır, həmçinin cavabdeh 16 yanvar 2021-ci il tarixli, **********8 saylı qərarı ilə iddiaçının əmək pensiyasının müəyyən hissəsinin tutulması haqqında qərar qəbul etmişdir ki, məhkəmə cavabdehin qeyd edilən hərəkətlərini həm “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa, həm də “İnzibati icraat haqqında “ Azərbaycan Respublikasının Qanunun tələblərinə zidd hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanınının müəyyən etdiyi dövr üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda və Azərbaycan Respublikasının qanunvericiliyində cavabdeh inzibati orqan tərəfindən təyin edilmiş pensiyanın məbləğinin cavabdeh inzibati orqanın özü tərəfindən azaldılması, pensiya təyin edilən zaman sığorta stajı kimi qəbul edilmiş və sənədlərlə təsdiq edilmiş iş stajlarının sonradan nəzərə alınmaması və ya müddətinin az nəzərə alınması kimi norma nəzərdə tutulmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.3-cü maddəsinə əsasən əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydaları ilə cavabdeh inzibati orqan tərəfindən pensiya təminatı ilə bağlı qəbul edilən qərarların formaları müəyyən edilmişdir, belə ki, qeyd edilən Qaydaların 5 nömrəli əlavəsində pensiya təyin edilməsi qərarın forması, 6 nömrəli əlavəsində isə pensiya təyin edilməsindən imtina edilməsi haqqında qərarın forması göstərilmişdir. Yuxarıda qeyd edilən qaydalarda “Əmək pensiyasının yenidən hesablanması haqqında Qərarı” kimi inzibati aktın forması müəyyən edilməmişdir. Faktiki olaraq cavabdehin iddiaçıya pensiya təyin edilməsi haqqında ilkin qərarını ləğv edərək yeni, pensiyanın yenidən hesablanması haqqında adlandırılan, əslində isə mahiyyəti etibarı ilə yenidən pensiya təyin edilməsi barədə qərar qəbul etməkdə ifadə olunan hərəkətləri “İnzibati icraat haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunlarının tələblərinə zidd olmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.4-ci maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Həmin Qanunun 67.6-ci maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda;67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda;67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Həmin Qanunun 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Lakin iddiaçıya pensiya təyin edilən zaman həmin qanunun 67.6-cı maddəsində nəzərdə tutulan (67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda) halların mövcud olması inzibati qaydada işə baxan zaman müəyyən edilməmiş və bu hallar barədə cavabdeh məhkəməyə məlumat verməmişdir. Bundan əlavə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsində qanunverici imperativ qaydada müəyyən etmişdir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Hazırki vəziyyətdə iddiaçıya münasibətdə iddiaçının razılığı olmadan və məhkəmə qərarı olmadan cavabdeh iddiaçının pensiyasından tutulma barədə qərar qəbul etməklə qanunvericilik normalarını pozmuşdir. Belə ki, “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Hazırda iddiaçının pensiya məbləğinin azaldılması ilə nəticələnən cavabdehin qərarları (inzibati aktlar) iddiaçıya pensiya təyin edilmə haqqında qərarda yazı və hesab səhvinin düzəldilməsi ilə bağlı qəbul edilməmişdir, iddiaçıya təyin edilmiş pensiyasından müəyyən məbləğin, cavabdehin artıq ödənilmiş hesab etdiyi məbləğin tutulması barədə qəbul edilmişdir ki, bu da yuxarıda göstərilmiş qanun normalarına ziddir. Cavabdehin iddiaçıya artıq pensiya ödənilməsini hesab etməsi ilə bağlı göstərdikləri ilə əlaqədar məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.3-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Qanunun 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1dən dayandırılır:37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Həmin Qanunun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Beləliklə, yuxarıda qeyd edilən hallar baş verdikdə (məsələn əmək pensiyaçısı vəfat etdikdə, əmək pensiyaçısının dul arvadı yeni nikah bağladıqda, əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda, əlilliyi olan şəxslərin əlillik müddəti bitmiş olduqda) həmin halların baş verdiyi andan sonra ödənilmiş pensiya məblləğləri artıq ödənilmiş pensiya hesab edilirlər. Lakin iddiaçıya münasibətdə qeyd edilən halların baş verməsi –yəni cavabdeh tərəfindən iddiaçıya artıq pensiya ödəməsi halları hazırki işə baxılan zaman müəyyən edilməmişdir. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Cavabdehin 08.09.2021-ci il tarixli məktubunda qanunsuz inzibati aktı qəbul etmiş inzibati orqan tərəfindən həmin aktı ləğv etmək hüququ olması barədə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa istinad etməklə bildirdiklərinə gəldikdə isə məhkəmə bir daha qeyd edir ki, həmin qanunda qanunsuz inzibati aktın həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən ləğv oluna bilməsi nəzərdə tutulsa da “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda imperativ qaydada artıq ödənilmiş pensiyanın məbləğinin yalnız pensiyaçının razılığı ilə və ya məhkəmə aktı əsasında həyata keçirilə bilməsi nəzərdə tutulmuşdur, heç bir halda inzibati orqanın qərarı ilə pensiyadan tutulmalar aparılması qeyd edilən qanunda və ya başqa qanunvericilik aktlarında nəzərdə tutulmamışdır, bundan əlavə cavabdeh məktubda hansısa inzibati aktın qanunsuz olması əsası ilə ləğv edilməsini göstərsə də məhz hansı inzibati aktın, hansı hissədə və nəyə əsasən qanunsuz olmasını konkret göstərməmişdir. Cavabdehin etirazında 01.01.2006-cı ilə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinə istinad etməklə göstərdiklərinə gəldikdə isə cavabdeh iddiaçının işlədiyi kolxozun üzvləri üçün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunun nə qədər olmasını, iddiaçı tərəfindən həmin minimumumdan nə qədər az iştirak etməsini, hansı dövrlərdə minimumu yerinə yetirməməsini məhkəməyə bildirmədiyi və buna dair sübutları məhkəməyə təqdim etmədiyi üçün məhkəmə cavabdehin bu barədə bildirdiklərini də iddia tələbinin təmin edilməməsi üçün əsas hesab etmir. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, iddiaçıya yaşa görə təyin edilmiş əmək pensiyası məbləğinin azaldılmış hissəsində bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı yaşa görə təyin edilmiş əmək pensiyası məbləğinin azaldılmış hissəsində bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinati üzrə mərkəzi filialinin üzərinə qoyulsun. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar