Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4703/2024 11.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı 60 yaşı tamam olduğu 2023-cü ilin 04 sentyabr tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı hesab edir ki, onun ümumi iş stajı 25 ildən, güzəştli iş stajının isə 12 il 06 aydan çox olmasına baxmayaraq cavabdeh əsassız imtina verərək onun güzəştli iş stajının kifayət qədər olmadığını qeyd etmişdir. Halbuki, onun əmək stajını təsdiq edən əmək kitabçası və güzəştli arayışlar mövcuddur. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim edilmiş və bildirilmişdir ki, SOCAR “Geofizika və geologiya idarəsi”nin 30 oktyabr 2023-cü il tarixli İddiaçı dair arayışında xx.xx.1983-xx.xx.1988-ci il tarixləri arasıncakı dövr ərzində “Xəzərdənizneftqazsənaye” X11 Birliyinin dənizdə geoloji kəşfiyyat kontorunun kəşfiyyat partiyasında qazmaçı köməkçisi, xx.xx.1988- xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində radioelektrik aparatlarının və cihazlarının tənzimləyicisi, xx.xx.1992-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində X10 Kəşfiyyat İdarəsinin Kəşfiyyatçı kiçik müəssisəsində müdir, xx.xx.1996-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində qazma qurğusunun maşinisti, xx.xx.1996-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində dispetçer, xx.xx.1998-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində Texniki istehsalat şöbəsində mühəndis-texnoloq, xx.xx.2001-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində maditexniki təchizat şöbəsində şöbə rəisi, xx.xx.2012-xx.xx.2012-ci il tarixlə'i arasındakı dövr ərzində mühəndis, xx.xx.2012-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində rəis müavini, xx.xx.2012-xx.xx.2015-ci il il tarixləri arasındakı dövr ərzində isə Geofizika və geologiya idarəsinin Kompleks Mühəndisi X2 mühəndisi geoloji qazma üzrə kəşfiyyat partiyasında buruq ustası vəzifələrində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda iddiaçının işlədiyi vəzifələr yuxarıda qeyd olunan qərarla təsdiq edilmiş siyahının dağ mədən işləri bölməsinin geologiya kəşfiyyat işləri (yerüstü) bəndində nəzərdə tutulan ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər vəzifəsinə aid edilsə də, həmin dövrlər üzrə çöl iş şəraitində işlədiyi vəzifələr üzrə çöl iş günlərinin sayı barədə hər-hansı məlumat göstərilməmişdir. Buna görə də həmin dövrlər üzrə güzəştli iş stajını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda, 1 yanvar 2006-cı il tarixdən bugünədək İddiaçı münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları iddiaçının fərdi hesabının sığorta hissəsində 2016-cı ilin oktyabr, 2017-ci ilin avqust və 2023-cü ilin oktyabr, noyabr ayları üzrə sığorta ödənişləri öz əksini tapmamışdır. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər (ümumilikdə 4 ay) sığorta stajına aid edilmədiyi üçün (Qanununun 21.2- ci maddəsində qeyd edilənlər istisna olunmaqla) yuxarıda qeyd olunan məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi ayları iddiaçının iş stajına daxil etmək mümkün olmamışdır. Göstərilən səbəblərdən də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (6 il 8 ay 10 gün (xx.xx.2015-xx.xx.2016-cı il, xx.xx.2016-xx.xx.2017-ci il, xx.xx.2017-xx.xx.2021-ci il, xx.xx.2022-xx.xx.2023-cü il tarixləri tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflər izahatları: İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X5 iddia tələbinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, ev 96, mənzil 15 ünvanında qeydiyyatdadır. Diplomun surətindən görünür ki, iddiaçı 1988-ci ildən 28 iyun 1994-cü il tarixədək “Neft və qaz quyularının qazılması” ixtisasında təhsil almışdır. Hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək orduda xidmət etmişdir. Geofizika və geologiya İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixindən xx.xx.1988-ci il tarixinə kimi “Xəzərdənizneftqazsənaye” X11 Birliyinin dənizdə geoloji kəşfiyyat kontorunun kəşfiyyat partiyasına qazmaçı köməkçisi (4 il 11 ay 26 gün), xx.xx.1996-cı il tarixindən xx.xx.1996-cı il tarixinə qədər qazma qurğusunun maşinisti (28 gün), xx.xx.2012-ci il tarixindən xx.xx.2015-ci il tarixinə qədər Geofizika və geologiya İdarəsinin Kompleks Mühəndisi X2 mühəndisi geoloji qazma üzrə kəşfiyyat partiyasına buruq ustası, xx.xx.2015-ci il tarixindən xx.xx.2017-ci il tarixinə qədər X1 X9 Ekspedisiyasının mədən-geofiziki dəstəsinə mühəndis, xx.xx.2017-ci il tarixindən xx.xx.2019-cu il tarixinə qədər böyük mühəndis, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixə mühəndis (8 il 11 ay 23 gün), xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinə qədər əsasən X1 Səngəçal-Şirvan mədən geofiziki ekspedisiyasının Yüksək təyziqli quyularda tədqiqatlar dəstəsinə geofizik (1 il 3 ay 5 gün) vəzifəsində çalışıb. Onun cəmi güzəştli iş stajı 15 il 3 ay 21 gün təşkil edir. Eyni zamanda arxiv arayışında qeyd olunmuşdur ki: - İddiaçı çalışdığı qazmaçı köməkçisi, qazma qurğusunun maşinisti, buruq ustası vəzifəsində işləyənlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007 -ci il 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin siyahısı”nda 1.3. kodundakı Geologiya kəşfiyyat işləri (yerüstü) - ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər ilə eyni əmək funksiyasını yerinə yetirir. - İddiaçı çalışdığı mühəndis, böyük mühəndis, geofizik vəzifəsində işləyənlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın ********. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı 1100000b bəndinin 17541 kodunda göstərilmişdir. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, İddiaçı 1 yanvar 2006-cı il tarixinədək əmək stajına uyğun hesablanmış pensiya kapitalı 15925,63 manat, həmin tarixdən sonra isə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 75324,69 manat olmaqla cəmi pensiya kapitalı 91250,32 manat təşkil edir. Eyni zamanda onun təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən onun ümumi iş stajı 33 il 5 ay 11 gün (xx.xx.2006-cı il tarixinədək 17 il 2 ay 11 gün (xx.xx.1981-xx.xx.1983-cü il (hərbi xidmət dövrü), xx.xx.1983-xx.xx.1992-ci il, xx.xx.1996-xx.xx.2003-cü il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 16 il 3 ay), güzəştli iş stajı isə 9 il 8 ay 18 gün (xx.xx.2012-xx.xx.2021-ci il, xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, İddiaçı 01.01,2006-cı il tarixinədək əmək stajına uyğun hesablanmış pensiya kapitalı 15.925,63 manat, həmin tarixdən sonra isə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 82.612,13 manat olmaqla cəmi pensiya kapitalı 98.537,76 manat təşkil edir. MEİS-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi tərəfindən təqdim edilmiş 2016-cı il üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”da (Forma B3) oktyabr ayı və 2017-ci ilin İİİ rübü üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə rüblük hesabafda avqust ayı üçün İddiaçı məcburi dövlət sosial sığortasına cəlb olunan gəliri qeyd olunmamışdır. Eyni zamanda bildiririk ki, MEİS-də Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi tərəfindən 2023-cü ilin İV rübü üçün təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə hesabatda oktyabr-dekabr ayları üzrə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlar İddiaçı və digər sığortaolunanların fərdi şəxsi hesablarında öz əksini tapmışdır. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1963-cü ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətinə qiymət verilən zaman, cavabdeh imtina üçün bir əsas gətirmişdir:
1. İddiaçının güzəştli iş stajının 12 il 06 aydan az olmamasıdır.
Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən sığorta stajının və xüsusi sahələrdə işlədiyi illərinin nə qədər təşkil etdiyi müəyyən edilməli, bundan başqa mübahisələndirilən vəzifələrin Siyahıda nəzərdə tutulub-tutulmadığına qiymət verilməlidir. Məhkəmə bu istiqamətdə zəruri qiymətləndirmənin aparılması üçün “Əmək pensiyaları haqqında” Qanunun müddəalarına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Əvvəla Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlü olduğundan, onun 60 yaşı xx.xx.2023-cü il tarixdə tamam olur. Bu səbəbdən də Məhkəmə hesab edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranıb-yaranması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinin hazırki redaksiyasında nəzərdə tutulan şərtlər əsasında müəyyən edilməlidir. Məhkəmə diqqətə çatdırır ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır: a)İddiaçının 60 yaşına çatması; (2023-cü ildə kişilərdə yaşa həddi – 65 yaş olduğundan) b)İddiaçının azı 25 il ümumi iş stajının mövcud olması; c)İddiaçının azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması Məhkəmə yaş şərti ilə bağlı bildirir ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlü olduğundan, onun 60 yaşı xx.xx.2023-cü il tarixdə tamam olmuşdur ki, bu da onun yaş ilə bağlı şərtin ödənilməsini göstərir. Ümumi iş stajı ilə bağlı qeyd edir ki, hər nə qədər ümumi iş stajı ilə bağlı şərtin ödənilməsi cavabdeh tərəfindən mübahisələndirilməsə də, məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq ümumi iş stajının nə qədər təşkil etdiyinə münasibət bildirilməsini zəruri hesab edir. Ümumi iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsi, həmçinin iddiaçının əmək fəaliyyəti üzrə dövrlərin ümumi sığorta stajına daxil edilməsi üçün əmək kitabçasının kifayət olub-olmaması ilə bağlı məhkəmə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının müddəalarınına istinad edir “Ümumi iş stajı” anlayışı ilə bağlı isə 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında”Azərbaycan Respublikasının Qanununda aşağıdakılar müəyyən olunmuşdur: 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir; 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Sonuncu maddəyə əsasən qəbul edilmiş və 26 sentyabr 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 638 saylı, 25 noyabr 1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 3-cü bəndində müəyyən edilmişdir ki, əmək kitabçası olmadıqda (...) əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri (...) nəzərə alınır. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;
3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;
6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; Məsələyə hüquqi qiymət verərkən məhkəmə həmçinin qeyd edir ki, əmək pensiyası hüquqlarına əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri aid edilir ki, onlar müxtəlif vaxtlarda müxtəlif qaydada qanunvericiliklə tənzimlənmişdir. Qeyd olunmalıdır ki, həm xx.xx.2006-ci il tarixədək qüvvədə olmuş, həm hüquq münasibətləri yarandığı vaxtda qüvvədə olmuş, həmçinin hazırda qüvvədə olan qanunvericilik əmək kitabçasına əsasən əmək stajının müəyyən edilməsinə dair imperativ norma nəzərdə tutmamış, əksinə əmək kitabçası olmadıqda işəgötürənin arayışı əsasında müəyyən edilməsini şərtləndirmişdir. İş materiallarında olan iddiaçının əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı: -xx.xx.1983-cü il tarixdən “Xəzərdənizneftqazsənaye” X11 Birliyinin dəninzdə geoloji kəşfiyyat kontorunun partiyasına qazmaçı köməkçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.1988ci il tarixdən radiolektrik aparatlarının və cihazlarının tənzimləyicisi peşəsinə keçirilmiş və xx.xx.1992-ci il tarixdən öz xahişi ilə işdən azad edilmişdir; (08 il 01 ay 16 gün) -xx.xx.1992-ci il tarixdə X10 Kəşfiyyat İdarəsinin “Kəşfiyyatçı” kiçik müəssisəsinə müdir vəzifəsinə işə qəbul olunmuş və xx.xx.1996-cı il tarixdə işdən azad edilmişdr; (04 il 02 ay 05 gün) -xx.xx.1996-cı il tarixdə kəşfiyyat partiyasına 4-cü dərəcəli qazma qurğusunun maşinisti vəzifəsinə qəbul edilmiş, xx.xx.1996-cı il tarixdə 8-ci dərəcəli dispetçer vəzifəsinə keçirilmiş, xx.xx.1998-ci il tarixdə Texniki İstehsalat şöbəsinə mühəndis-texnoloq vəzifəsinə keçirilmiş, xx.xx.2001-ci il tarixdə Maddi-texniki təchizat şöbəsinə şöbə rəisi vəzifəsinə keçirilmiş, xx.xx.2003-cü il tarixdə Təchizat şöbəsinə 14-cü dərəcəli şöbə rəisi vəzifəsinə keçirilmiş, xx.xx.2012-ci il tarixdə X6 Xidmətə 13-cü dərəcəli mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2012-ci il tarixdə həmin xidmətə rəis müavini keçirilmiş və xx.xx.2012-ci il tarixdə onun əmək müqaviləsinə xitam verilmişdir; (16 il 04 ay 23 gün) -xx.xx.2012-ci il tarixdən Geofizika və geologiya İdarəsinin Kompleks Mühəndisi X4 mühəndisi geoloji qazma üzrə kəşfiyyat partiyasına 12-ci dərəcəli buruq ustası vəzifəsinə qəbul edilmiş, xx.xx.2015-ci il tarixdə mədən-geofiziki dəstəsinə mühəndis keçirilmiş, xx.xx.2017-ci il tarixdən böyük mühəndis, xx.xx.2019-cu il tarixdə mühəndis vəzifəsinə keçirilmiş və xx.xx.2021-ci il tarixdə işdən azad edilmişdir; (08 il 11 ay 23 gün) -xx.xx.2022-ci il tarixdə yüksək təzyiqli quyularda tədqiqatlar dəstəsində geofiziki vəzifəsinə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə mədən geofiziki dəstəsinə geofizik keçirilmişdir. (xx.xx.2023-cü il tarixədək: 11 ay 1 gün) Məhkəmə diqqətə çatdırır ki, iddiaçının təhsil aldığı müddət onun əmək fəaliyyəti ilə məşğul olduğu dövr ilə üst-üstə düşdüyündən, “Əmək pensiyaları haqqında Qanunun” 22.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının razılığı əsasında iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu dövr iş stajına daxil edilir. Bundan başqa Məhkəmə qeyd edir ki, iddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən iddiaçının işlədiyi müddətlə yanaşı iddiaçının hərbi xidmət müddəti də pensiya təyinində nəzərə alınmalıdır. İş materialları ilə də müəyyən edilir ki, iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək hərbi xidmətdə olmuşdur ki, həmin müddət ümumilikdə 02 il 01 ay 07 gün təşkil edir. Qeyd olunmalıdır ki, iddiaçının hərbi xidmətdə olduğu, həmçinin əmək kitabçasında əmək fəaliyyəti ilə məşğul olduğu dövrü cəmlədikdə müəyyən olunur ki, onun 60 yaşı tamam olduğu vaxtadək ümumi iş stajı 25 ildən çox təşkil edir. Məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, iddiaçının xx.xx.2006-cı il tarixdən sonraki illərdə işlədiyi müddət üzrə məcburi sosial sığorta haqqları ödənilmiş, onun yalnız 2016-cı ilin oktyabr ayı, 2017-ci ilin İİİ rübü üzrə avqust ayı üçün məcburi dövlət sosial sığortasına cəlb olunan gəliri müəyyən olunmamışdır. İddiaçının məcburi dövlət sosial sığorta haqqları ödənilməyən dövrü nəzərə alınmasa belə onun 60 yaşı tamam olduğu müddətə ümumi iş stajının 25 ildən çox olması təkzib olunmazdır ki, bu da ümumi iş stajı ilə bağlı şərtin ödənildiyinin göstəricisidir. Beləliklə Məhkəmə hesab edir ki, iddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini arzuladığından, ona tələb olunan ümumi iş stajı 25 il təşkil edir ki, iddiaçı tələb olunan ümumi iş stajını toplamışdır. Məhkəmə cavabdehin imtina məktubunda göstərdiyi əsasa münasibətdə bildirir ki, iddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun qazanılması üçün güzəştli iş stajı ilə bağlı şərti də ödəmişdir. İlkin olaraq qeyd olunmalıdır ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Məhkəmə iddiaçının güzəştli iş stajına münasibətdə bildirir ki, cavabdeh iddiaçının güzəştli iş stajı ilə bağlı şərtin ödənilmədiyini iddia edərkən, onun işlədiyi vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın (1) geologiya kəşfiyyat işləri (yerüstü) bəndində (1.3) ekspedisiyalarının, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqafiya, meşə quruluşu və axtariş işlərində çalışan işçilər vəzifəsinə aid etsə də, həmin dövrlər üzrə çöl iş şəraitində işlənilən müddəti, yəni çöl iş günlərinin sayının qeyd olunmamasını əsas götürmüşdür. İddiaçının işlədiyi vəzifələr güzəştli pensiya hüququ verdiyi halda iddiaçının çöl iş günlərinin nə qədər təşkil etməsi ilə bağlı məlumatın olması onun güzəştli iş stajının müəyyən edilməsinə maneə yaratmır. Çünki, ümumiyyətə bu vəzifələrin güzəştli vəzifələr olması çöl iş günlərinin sayından asılı deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 1.3-cü bəndində konkret olaraq ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçiləringüzəştli pensiya hüququ almaq hüququ yaranır. Həmin Siyahıda ümumiyyətlə adıçəkilən vəzifələr üzrə çöl iş günlərinin sayından bəhs olunmur. Məhkəmə iddiaçının işlədiyi vəzifələrin güzəştli pensiya hüququna imkan verən vəzifələrə aid olması ilə bağlı bildirir ki, Geofizika və geologiya İdarəsi təqdim etdiyi güzəştli arayışda iddiaçının işlədiyi qazmaçı köməkçisi, qazma qurğusunun maşinisti, buruq ustası vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007 -ci il 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin siyahısı”nda 1.3. kodundakı Geologiya kəşfiyyat işləri (yerüstü) - ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər ilə eyni əmək funksiyası ilə eyni olduğunu; eyni zamanda mühəndis, böyük mühəndis, geofizik vəzifəsində işləyənlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın ********. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı 1100000b bəndinin 17541 kodunda göstərildiyi təsdiq etmişdir. Eyni zamanda Məhkəmə diqqətə çatdırır ki, hətta məcburi sosial sığorta haqqları ödənilməyən dövr (2016-cı il oktyabr və 2017-ci ilin avqust ayı) nəzərə alınmasa belə onun 60 yaşı tamam olduğu vaxtadək güzəştli iş stajı 12 il 06 aydan çox təşkil edir. Odur ki, güzəştli iş stajı ilə bağlı şərt də iddiaçı tərəfindən ödənilmişdir. Beləliklə, qanunvericilikdə tələb olunan şərtlər iddiaçı tərəfindən ödənildiyindən, ona xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı 04 sentyabr 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin olunması və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov