Məhkəmə qərarları › İş №2-1(112)-4706/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4706/2024

08.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4706/2024 08.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Xidməti, X1 “qeyri yaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Xidməti və X3) qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması tələbinə dair iddiası üzrə inzibati işə 8 aprel 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları Bakı şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının "xxxx" MMC-nin direktoruna ünvanladığı məktubda bildirilmişdir ki, ünvan 2aların qarşısında ticarət, məişət və iaşə xidməti obyektlərinin xx.xx.2008 və xx.xx.2009-cu il tarixlərində razılaşdırılmış memarlıqplanlaşdırma həlli layihəsinin yeni variantı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şəhərsalma əsaslandırılmasına dair müsbət rəyinin alınması şərti ilə Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2013-cü il tarixli 18/03-8/2268 No-li məktubu ilə razılaşdırılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Nizami rayon İcra Hakimiyyətinə ünvanlanmış məktubda qeyd edilmişdir ki, “Sizin xx.xx.2013-cü il tarixli, 03/1306 saylı razılıq məktubunuzu nəzərə alaraq, Memarliq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2008-ci il tarixli, 18/03-8/3561 saylı və xx.xx.2009-cü il tarixli, 13/03- 8/1873 saylı məktubları ilə, "xxxx" MMC-yə ünvan 2aların qarşısında, ticarət, məişət və iaşə xidməti obyektlərinin razılaşdırılmış memarlıq-planlaşdırma həlli layihəsinin təqdim olunmuş yeni variantı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şəhərsalma əsaslandırılmasına dair müsbət rəyinin alınması şərti ilə razılaşdırılır. Nizami rayonu, Q.Qarayev prospekti, 84 saylı yaşayış binasının yaxınlığında İ səviyyə zirzəmili, 3+mansarda mərtəbəli qeyri-yaşayış binası Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/2268 nömrəli, xx.xx.2013-cü il tarixli razılıq məktubu nəzərə alınaraq "xxxx" MMC-nin adına Ö/002585 № li istismara hazırlıq aktına qəbul edilmişdir. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 84 saylı binanın qarşısındakı qeyriyaşayış binasının 1-ci mərtəbəsində yerləşən 230 kv.m. hissəsi iddiaçıya təhvil verilmiş, iddiaçı müqavilədə razılaşdırılmış məbləğdə pul ödəmişdir. xx.xx.2012-ci il tarixli maliyyə arayışına əsasən qeyri-yaşayış sahəsinin dəyəri iddiaçı tərəfindən tam olaraq ödənilmişdir. Bakı İnzibati Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, 2-1(112)-2440/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 84 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin təqdim edilmiş hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə X1 adına qeydiyyata alınaraq müvafiq çıxarış və texniki pasport verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 2- 1(103)-533/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, 2-1(112)-2440/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1263/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehun kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 2- 1(103)- 533/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” 1054 saylı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 84 saylı binanın qarşısındakı qeyri-yaşayış binasının yerləşdiyi 379,7 kv metr torpaq sahəsi X1 icarəsinə verilmişdir. İddiaçı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev küçəsi 84 saylı binanın qarşısında yerləşən 3 mərtəbəli ticarət obyektinin birinci mərtəbəsində yerləşən 230 kv.m. qeyriyaşayış sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ərizə ilə cavabehə müraciət edib. Cavabdeh xx.xx.2023-cü il tarixli qərarla iddiaçının müracitəni təmin etməkdən imtna edərək bildirmişdir ki, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı qeyri-yaşayış sahəsinin 3 mərtəbəli binanın 1-ci mərtəbəsinin bir hissəsində yerləşdiyi məlum olmuşdur. Həmin sahə üzərində hüquqların qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev küçəsi 84 saylı binanın qarşısında yerləşən 3 mərtəbəli ticarət obyektinin birinci mərtəbəsində yerləşən 230 kv.m. qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, cavadehin imtinası əsassızdır. Bəhs edilən ticarət obyektinin digər hissəsi daşınmaz əmlakın dövlət reyestrinə qeydiyyata alınmışdır. Yəni, ticarət obyektinə dair hüquqmüəyyənedici sənədlər qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparan cavabdeh təşkilata təqdim edilmiş, ticarət obyektinin böyük bir hissəsinə dair hüquqlar qeydiyyata alınmışdır. Belə olan halda, cavabdeh təşkilatın məndən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyəndici sənədlərin təqdim edilməsini tələb etməsi əsassızdır. Cavabdehin etirazları: Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı məlum olmuşdur ki, qeyri-yaşayış binası yarımzirzəmili, mansardı olan 3 mərtəbəli tikilidən ibarətdir və qeyri-yaşayış sahəsinin binanın 1-ci mərtəbəsinin bir hissəsində yerləşir. Qeyd olunan ünvanda yerləşən binanın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra təqdim ediləcək notarial qaydada təsdiq edilmiş müqavilə əsasında qeyd olunan daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparıla bilər. Eyni zamanda, iddiaçının iddia etdiyi əmlakın yerləşdiyi qeyri-yaşayış binasının altındakı torpaq sahəsinə dair X3 ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında “Torpaq sahəsinin icarəyə verilməsi” haqqında 1054 nömrəli, xx.xx.2021ci il tarixli müqavilə mövcuddur. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxslər məhkəmə iclasında iştirak etmirlər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Tətbiq edilən hüquq: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: .. 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 101. Tikinti obyektinin istismarına icazənin məqsədi 101.1. Tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. 101.2. Tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə (Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmişdir); (Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə ləğv edilmişdir): Maddə 31. Tikinti, nəqliyyat və rabitə sahələrində rayon, şəhər və şəhər rayonu icra hakimiyyəti başçısının səlahiyyətləri

1. İcra hakimiyyəti başçısının aşağıdakı səlahiyyətləri vardır: 1) rayonun, şəhərin və şəhər rayonunun planlaşdırılması sxemlərinin və layihələrinin hazırlanmasını təşkil etmək və onları təsdiq etmək, həyata keçirilməsini təşkil etmək, rayon və şəhərlərin ərazisində aparılan tikintilərin layihələrini və titul siyahılarını qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq etmək, sosial-məişət və mənzil tikinti obyektlərinin qəbul edilməsi üzrə dövlət komissiyaları yaratmaq və onların istifadəyə verilməsi haqqında aktları qəbul etmək.

Məhkəmənin mövqeyi: İşin hallarına görə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 84 saylı yaşayış binasının yaxınlığında İ səviyyə zirzəmili, 3+mansarda mərtəbəli qeyri-yaşayış binası inşa edilmişdir. İddiaçının hazırkı iddia qaldırmaqda hüquqi marağı, həmin binanın birinci mərtəbəsində yerləşən 230 kv.m qeyri-yaşayış obyektində mülikyyət hüququnun dövlət reyestrində qeydə alınmasından ibarətdir. İddiaçı hüquqmüəyyənedici sənəd kimi, "xxxx" MMC ilə bağlanmış müqaviləyə istinad edir. Cavabdeh imtina məktubunda iddiaçının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim etməməsinə istinad edir. Etirazını dəlillərində isə cavabdeh binanın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra təqdim ediləcək notarial qaydada təsdiq edilmiş müqavilə əsasında qeyd olunan daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatının aparıla bilməsinə, eyni zamanda, iddiaçının iddia etdiyi əmlakın yerləşdiyi qeyri-yaşayış binasının altındakı torpaq sahəsinə dair X3 ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında “Torpaq sahəsinin icarəyə verilməsi” haqqında 1054 nömrəli, xx.xx.2021ci il tarixli müqavilənin mövcud olmasına istinad edir.. Məhkəmə hesab edir ki, cavabdehin imtinası və etirazının dəlillərinin əsası kimi istinad etdiyi hallar əsassızdır. Belə ki, imtinanın dəlili ondan ibarətdir ki, iddiaçı hüquqmüəyyənedici sənəd təqdim etməyib. İşin hallarına görə, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 84 ünvanda yerləşən mövcud qeyri-yaşayış binası xx.xx.2007-ci ildə tikilməyə başlanmış, tikintisi xx.xx.2009-cu ildə başa çatmışdır. Həmin obyektin eskiz həlli Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış, tikinti obyektinin istismarına Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti tərəfindən icazə verilmişdir. İmtina dəlili ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı təqdim edilən qeyri-yaşayış sahəsinin təsdiqlənmiş layihəsi, tikilinin istismarına dair icazə və qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi ilə bağlı torpaq sahəsinin icarəsində olan üçüncü şəxs S.Tarquliyevanın razılıq ərizəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.2-ci maddəsinin tələbinə uyğun olaraq mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün əsas hesab edilir. Digər tərəfdən, məhkəmə qeyd edir ki, mübahisələndirilən qeyriyaşayış sahəsinin tikintisinin xx.xx.2007-ci ildə başlaması, xx.xx.2009-cu ildə başa çatması işin mübahisəsiz halıdır. Həmin dövrdə Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə qüvvədə olmuşdur. Mübahisələndirilən qeyri-yaşayış binasının tikildiyi dövrdə qüvvədə olan “Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməyə əsasən obyektin tikintisinə icazənin verilməsi və istismara qəbul edilməsi rayon, şəhər və şəhər rayonu icra hakimiyyəti başçısının səlahiyyətlərinə aid edilmişdir. Bundan başqa, tikinti obyektinin istismarına icazənin verildiyi vaxtda qüvvədə olan normativ akta əsasən həmin icazəni verməkdə Nizami Rayon İcra Hakimiyyəti səlahiyyətli olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 2017-ci ildə qüvvədə olan redaksiyasının 4.11.11.5 və 4.11.12-ci bəndlərində tikinti obyektinin istismarına icazə ilə bağlı məhdudiyyət nəzərdə tutulmamışdır (Əlavə bax: “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392- İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 23 iyun 2016-cı il tarixli, 963 №-li Fərmanın 4.7-1-ci maddəsi) Məhkəmə bu qənaətə gələrkən o halları da nəzərə alır ki, iddia predmetini təşkil edən qeyri-yaşayış obyektinin yerləşdiyi 3 mərtəbəli binanın digər hissəsi ilə bağlı, hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş S.Tarquliyevanın iddia tələbi təmin edilmiş, məhkəmə qərarları Ali Məhkəməyə qədər mübahisələndirilmiş, nəticədə cavabdeh orqanın imtinası əsassız hesab edilərək məhkəmə qərarı icra edilərək S.Tarquliyevanın adına elektron çıxarış verilmişdir. Məhkəmə qeyd edir ki, həmçinin həmin işdə müəyyən edilmiş hallar baxımından qeyri yaşayış obyektinin yerləşdiyi binanın qanunvericiliyin tələblərinə uyğun olaraq tikilməsi, istismarına icazə verilməsi məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmışdır. Cavabdehin etirazının birinci dəlili ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə ilə MMC inşa etdiyi binadakı qeyri-yaşayış sahəsinin dəyərini almaqla satmışdır. Ona görə də həmin qeyri-yaşayış sahədinə dair MMC hər hansı hüququn sahibi deyildir. Dəyəri tam ödənildiyi üçün 230 kv.m sahəyə mülkiyyət hüququ müqaviləyə əsasən iddiaçıya keçmişdir. Məhkəmə həmçinin vurğulayır ki, qeyd edilən dəlilin mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinaya əsas olmaması ilə bağlı digər işlər üzrə də Ali Məhkəmənin kollegiyasının hüquqi mövqeyi hazırkı məzmunda olmuşdur (Ali Məhkəmənin 2-1(102)- 3108/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı; 2-1(102)-2537/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı; 2-1(102)-2482/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı). Cavabdehin etirazının digər dəlili ilə bağlı məhkəmə qeyd edir ki, iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş S.Tarquliyeva məhkəməyə göndərdiyi notarial qaydada təsdiq edilmiş ərizəsində məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilb iddia tələbinin təmin olunmasını xahiş etmiş, əlavə olaraq qeyd etmişdir ki, torpaq icarəçisi olaraq qeyri-yaşayış obyektinə iddiaçının mülkiyyət hüququnun qeydə alınmasına etiraz etmir. Göründüyü kimi cavabdehin imtinasının və etirazının əsası kimi istinad etdiyi hallar əsassızdır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1, 68-69 və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı:

İddia təmin olunsun. Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev küçəsi 84 saylı binanın qarşısında yerləşən 3 mərtəbəli ticarət obyektinin birinci mərtəbəsində yerləşən 230 kv.m. qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı mülkiyyət hüququ üzrə qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar