Məhkəmə qərarları › İş №2-1(112)-4707/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4707/2020

10.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4707/2020 10.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, cavabdehin nümayəndəsi X2 (Ünvanı: Bakı şəhəri, İ.İsmayılov küçəsi ev 58, mənzil 44; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tebaeliyində Dövlət X1 və insan resursları departmentinin böyük mütəxəssisi) iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 3-cü şəxs - Maliyyə Nazirliyi qarşı “birdəfəlik ödəmənin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı pandemiya dövründə 2020-ci ilin aprel və may ayları üçün iddiaçıya ödənilməli olan 190+190=380 manat birdəfəlik ödəmə məbləğlərinin və onları almaqdan ötrü sərf etdiyi 65 manat, cəmi 445 manatın iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim olunmuşdur. xx.xx.2020-ci il tarixli məhkəmə ilasında iddiaçının “825 manat məbləğində vəsaitin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması” barədə ərizəsi icraata qəbul edilmişdir. Həmçinin, Maliyyə Nazirliyinin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Daha sonra iş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. İddia ərizəsində bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 7 aprel tarixli 127 nömrəli qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın tələblərinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmaq və 190 mant birdəfəlik ödəmə almaq üçün 2020-ci ilin aprel ayında e-sosial.az saytında qeydiyyatdan keçmişdir. Lakin xx xxxxx 2020-ci il tarixdə cavabdeh ona birdəfəlik yardımı verməkdən imtina edərək, buna səbəb kimi ərinin əmək pensiyaçısı olduğunu göstərmişdir. İddiaçının 55 yaşı var, özüm şəkər xəstəsidir, heç bir yerdə işləmir, 26 ildən çoxdur ki, ərindən boşanmışdır və tək yaşayır. Müvafiq sənədləri Sabunçu rayon Məşğulluq Mərkəzinə təqdim edəndən sonra ona bildirdilər ki, boşanması haqqında məlumat müvafiq sistemə daxil edilmədiyinə görə anlaşılmazlıq olub. Bundan sonra onu yenidən qeydiyyatdan keçirib əmin etdilər ki, bundan sonra hər şey düzələr. Lakin bir neçə günün keçməsinə baxmayaraq, müsbət nəticə əldə olunmadığına görə, yenidən Sabunçu rayon Məşğulluq Mərkəzinə müraciət etdikdə, ona dedilər: “Siz məlumat sistemində nikahda olan şəxs kimi qeydiyyata almınısınız, həmin sistemdə olan məlumata görə əriniz əmək pensiyaçısıdır, buna görə sizə birdəfəlik ödəmə verilməyəcək”. Bundan sonra o, Ədliyyə Nazirliyinin Sabunçu Rayon Qeydiyyat şöbəsinə müraciət etdi və nəhayət ki, 26 il əvvəl pozulmuş nikahımın sistemdə qeydiyyata alınmasına nail oldu. Növbəti dəfə Sabunçu rayon Məşğulluq Mərkəzinə müraciət etdikdə, ona yenidən e-sosial.az saytında qeydiyyatdan keçirdilər və əmin etdilər ki, artıq hər şey qaydasında olacaq və ona birdəfəlik ödəmə veriləcək. Amma bu günə kimi ona heç bir cavab gəlməyib. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş iddiaçı və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmçinin “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən işsiz şəxsin əsas meyarlarından biri olan işə başlamağa hazır olan şəxs kateqoriyasına aid olmamışdır. Onların müraciət etməkdə məqsədləri yalnız ödəmə ilə bağlı olmuşdur. Həmin qaydaya əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və sözügedən Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin həmin Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılmışdır. Beləliklə, birdəfəlik ödəmənin verilməsi Nazirlər Kabinetinin 2020ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 2.3.9-cu (əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-İ olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara), 2.3.10-cu (əri və ya arvadı bu Qaydanın 2.3.1 -ci - 2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə), 2.4-cü (birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir)və 3.8-ci (bu Qaydanın 2.3.9-cu və 2.3.10-cu yarımbəndlərinə uyğun olaraq, işsiz şəxslərin ailə vəziyyəti haqqında məlumatlar avtomatlaşdırılmış rejimdə Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrindən yoxlanılır) bəndləri nəzərə alınmaqla həyata keçirilir. Qeyd olunanlar nəzərə alınmaqla MAS tərəfindən iddiaçının məlumatlarının təhlili zamanı Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrində evli kimi qeyd olunmuşdur və əri X3 pensiya aldığından iddiaçıya birdəfəlik ödəmənin verilməsindən imtina edilmişdir. İddiaçı da öz iddia ərizəsində sözügedən reyestirdə pozulmuş nigahın qeydiyyata alınmadığını təsdiqləmişdir. İddiaçı xx.xx.2020-ci il tarixində imtina SMS-i aldıqdan sonra Sabunçu rayon Qeydiyyat şöbəsinə müraciət edərək pozulmuş nigahın sistemdə qeydiyyata alınmasına nail olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İş materiallarından görünür ki, iddiaçı xx xxxxx 2020-ci il tarixdə birdəfəlik ödəmənin alınması üçün “e-sosial” portalında işsiz kimi qeydiyyatdan keçmişdir. İş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixdə iddiaçıya 190 manat birdəfəlik ödəmənin verilməsindən imtina edilmişdir. Səbəb kimi – həyat yoldaşı pensiya aldığına göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının AZE seriyalı 00****** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. Ailə vəziyyəti – subay göstərilmişdir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş Nikahın pozulması haqqında AZ-İ seriyalı 019087 nömrəli xx.xx.2004-cü il tarixli Şəhadətnamədən görünür ki, X3 və İddiaçı ilə olan nikah ləğv edilmişdir. İş materiallarından görünür ki, X4 çıxarışa əsasən İddiaçı şəxsi məlumatları bölməsində ailə vəziyyəti “subay”göstərilmişdir. Göründüyü kimi, iddiaçı subay olduğu halda ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 2.3.10-cu bəndinə əsasən 190 manat birdəfəlik ödəmənin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 1.2-ci bəndinə əsasən birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə. Həmin Qaydanın 2.3-cü bəndinə əsasən dövlət qurumlarından aşağıdakı ödənişləri alan, habelə bu bənddə göstərilən meyarlara cavab verən işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: 2.3.1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə; 2.3.2. əmək pensiyaçılarına; 2.3.3. aylıq müavinət alanlara; 2.3.4. aylıq təqaüd alanlara; 2.3.5. özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə; 2.3.6. işsizlikdən sığorta ödənişi alanlara; 2.3.7. peşə hazırlığına görə təqaüd alanlara; 2.3.8. 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə; 2.3.9. əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara; 2.3.10. bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15-ci yarmbəndlərində göstərilən şəxslərin əri və ya arvadı; 2.3.11. mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara; 2.3.12. mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara; 2.3.13. birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara; 2.3.14. yaşı 18-dən aşağı olanlara; 2.3.15. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara. Həmin Qaydaya əsasən şəxs birdəfəlik ödəmənin alınması üçün “e-sosial” portalında “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın müvəqqəti ləğv edilməsi” xidmətindən istifadə edərək müraciət edir (3.1-ci bənd). İşsiz statusu olanlara münasibətdə MAS tərəfindən bu Qaydanın 3.4-cü və 3.5-ci bəndlərinə uyğun olaraq yoxlama aparılır və müvafiq qərar qəbul olunur(3.2-ci bənd). İşsiz statusu olmayan şəxs isə bu statusun alınması üçün bu Qaydanın 3.1-ci bəndində göstərilən qaydada müraciət edir. Bu zaman MAS tərəfindən şəxsə münasib işin təklif edilməsi mümkün olmadıqda, dərhal işsiz statusunun verilməsi haqqında qərar qəbul olunur və bu Qaydanın 3.4-cü və 3.5-ci bəndlərinə uyğun olaraq yoxlama aparılır (3.3-cü bənd). MAS tərəfindən işsiz şəxsin bu Qaydanın 2.3-cü bəndində göstərilən şəxslərə aid olması yoxlanılır. Yoxlama nəticəsində işsiz şəxsin bu Qaydanın 2.3-ci bəndində göstərilən şəxsə aid olması müəyyən edildikdə, MAS tərəfindən elektron qaydada birdəfəlik ödəmənin verilməsindən imtina olunur, bu barədə işsiz şəxsə imtinanın səbəbi göstərilməklə, mobil telefon vasitəsilə SMS göndərilir və onun elektron kabinetinə əsaslandırılmış bildiriş yerləşdirilir(3.4-cü bənd). Yoxlama nəticəsində işsiz şəxsin bu Qaydaların 2.3-cü bəndində göstərilən şəxsə aid olmaması müəyyən edildikdə birdəfəlik ödəmənin təyin edilməsi haqqında MAS tərəfindən qərar qəbul olunur (3.5-ci bənd). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarının 2-1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən hallar istisna olmaqla, birdəfəlik ödəmənin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarının 2020-ci il 25 aprel tarixinə qüvvədə olan redaksiyasının 1-ci hissəsində göstərilən müddətlərə uyğun olaraq, xüsusi karantin rejiminin tətbiq edildiyi dövrü əhatə edir və cari ilin aprel və may ayları üçün ödənilir. “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 216 nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin. “Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2020-ci il tarixli 283 nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının nikahının ləğv edilməsi iş materialları ilə öz təsdiqi tapdığından, həmçinin iddiaçı mövcud qanunvericiliyə uyğun olaraq birdəfəlik ödəmənin alınması üçün qeydiyyatdan keçdiyindən, həmçinin 190 manat birdəfəlik ödəmə aprel, may, iyun və avqust ayları üçün ödənildiyindən, iddia tələbi qismən, iddiaçıya 190 manat birdəfəlik ödəmənin aprel, may, iyun və avqust ayları üçün cəmi 760 manat birdəfəlik ödəmənin verilməsi hissəsində təmin edilməli, qalan hissədə təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia qismən təmin edilir. İddiaçı cəmi 760 manat birdəfəlik ödəmənin verilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulur. İddia qalan hissədə təmin edilmir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar