Məhkəmə qərarları › İş №2-1(112)-4708/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4708/2021

17.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4708/2021 17.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6 qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidmətinə qarşı “yanğın təhlükəsizliyi haqqında aktın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu, 139 saylı sahədə inşa edilmiş 2 mərtəbəli, zirzəmili, mansardlı qeyri-yaşayış binasına yanğın təhlükəsizliyi haqqında aktın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli Qərarının icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin 38 saylı 12 fevral 2018-ci il tarixli sərəncamı ilə Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu, 139 saylı sahədə mülkiyyətində olan torpaq sahəsində şəhərsalma və tikinti normalarına cavab verməyən mövcud tikililərin sökülərək yerində 2637.4 kv.m. 2 mərtəbəli, zirzəmili, mansardlı yeni qeyri-yaşayış binasının tikintisinə icazə verilmişdir. Binanın tikintisi ilə əlaqədar olaraq qanunla nəzərdə tutulan bütün idarə və müəssisələrin razılığı əldə edilmiş və hazırda binanın tikintisi başa çatdırılmışdır. Binanın istismara qəbul edilməsi ilə bağlı tikinti normalarına riayət edilməsini qiymətləndirmək məqsədi ilə tələb edilən aidiyyəti təşkilatlardan müsbət rəy alınmışdır və eyni zamanda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidmətinə müraciət olunmuş, lakin yanğın təhlükəsizliyi aktın verilməsindən əsassız olaraq imtina olunmuşdur. Birinci nöqsan su hovuzunun həcminin az olması ilə bağlıdır. Hovuzun ölçüləri və layihəsi Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılmış və sonradan inşa edilmişdir, normalara tam uyğundur və artıq tikintisi başa çatdırılmış, istismara verilmişdir. İkinci nöqsan qonşu obyektlərlə ara məsafəsinin az olması qeyd edilmişdir, lakin nəzərə alınmamışdır ki, həmin ara məsafəsi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə razılaşdırılaraq inşa edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidməti məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu, sahə 139-da inşa olunmuş zirzəmili (avtodayanacaq), üçmərtəbəli ofis binasının tikintisi üçün tərtib olunmuş lahiyə sənədlərinə yanğın təhlükəsizliyi ekspertizasının nəticələri barədə X4 Xidməti tərəfindən 26.07.2018-ci il tarixli, 37/Ə-00673 nömrəli məktubla 25.07.2018-ci il tarixli, YTNƏŞ-0731 nömrəli müsbət rəyin verildiyi müəyyən edilmişdir. Obyektdə tikinti işləri yekunlaşdıqdan sonra inşa olunmuş zirzəmili (avtodayanacaq), üçmərtəbəli ofis binasına yanğın təhlükəsizliyi haqqında aktın verilməsi ilə əlaqədar vətəndaş tərəfindən 16 dekabr 2020 və 29 yanvar 2021-ci il tarixlərində Xidmətə daxil olmuş müraciətlərə baxılmış və yanğın təhlükəsizliyi sahəsində nöqsan və çatışmazlıqları özündə əks etdirən 27 yanvar 2021-ci il tarixli, 37/Ə- 00045 nömrəli və 18.02.2021-ci il tarixli, 37/Ə-00127 nömrəli məktublarla cavablandırılmışdır. Belə ki, yanğın su hovuzu tələb olunan həcmdə inşa edilməmiş (təqdim olunmuş layihə sənədlərində 216 m3 həcmində yanğın su hovuzunun tikintisinin nəzərdə tutulduğu qeyd olunsa da, 120 m3 yanğın su hovuzu inşa edilmişdir), qonşu obyektlərlə yanğınaqarşı ara məsafəsi gözlənilməmiş, qeyri-yaşayış obyektinin layihə sənədlərində avtomatik yanğın siqnalizasiya sisteminin detektorları ünvanlı göstərilsə də, zonalı quraşdırılmış, qəza-enerji sistemi mövcud deyil və quraşdırılmış avtomatika qurğuları Mərkəzi İdarəetmə pultuna qoşulmamışdır. Respublikada qüvvədə olan 2.6-1 “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” Azərbaycan Respublikasının Dövlətlərarası Tikinti normalarının, 2.11-1 “Su Təchizatı. Xarici xətlər və qurğular” Tikinti Norma və Qaydalarının, 2.08.02-89 “İctimai bina və qurğular” Tikinti Norma və Qaydalarının, 2.02.01-97 “Bina və qurğuların yanğın təhlükəsizliyi” Dövlətlərarası Tikinti Normalarının, 2.04-09-84 “Bina və qurğuların yanğın avtomatikası” Tikinti Norma və Qaydalarının yanğınaqarşı tələblərinə riayət olunmadığından obyektə yanğın təhlükəsizliyi haqqında aktın verilməsi mümkünsüzdür. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili X3 iddianı müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, etirazın dəlillərinə uyğun izahat vermiş və etirazın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu, sahə 139-da inşa olunmuş zirzəmili (avtodayanacaq), üçmərtəbəli ofis binasının tikintisi üçün tərtib olunmuş lahiyə sənədlərinə yanğın təhlükəsizliyi ekspertizasının nəticələri barədə X4 Xidməti tərəfindən 25.07.2018-ci il tarixli, YTNƏŞ-0731 nömrəli müsbət rəy verilmişdir. Obyektdə tikinti işləri yekunlaşdıqdan sonra inşa olunmuş zirzəmili (avtodayanacaq), üçmərtəbəli ofis binasına yanğın təhlükəsizliyi haqqında aktın verilməsi ilə əlaqədar iddiaçı tərəfindən cavabdeh inzibati orqana müraciət olunmuş, 18.02.2021-ci il tarixli, 37/Ə-00127 nömrəli məktubla müraciətin təmin edilməsindən imtina olunmuşdur. Məktubda imtinanın əsasları qismində aşağıdakılar göstərilmişdir: - yanğın su hovuzu tələb olunan həcmdə inşa edilməmiş (normaya əsasən ≥374 m3 yağın su hovuzu tələb olunur); - qonşu obyektlərlə yanğınaqarşı ara məsafəsi gözlənilməmiş (normaya əsasən ≥6 metr yanğınaqarşı ara məsafəsi tələb olunur); - qeyri-yaşayış obyektinin layihə sənədlərində avtomatik yanğın siqnalizasiya sisteminin detektorları ünvanlı göstərilsə də, zonalı quraşdırılmış, - qəza-enerji sistemi mövcud deyil; - quraşdırılmış avtomatika qurğuları Mərkəzi İdarəetmə pultuna qoşulmamışdır. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, qeyri-yaşayış binasına yanğın təhlükəsizliyi haqqında aktın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. Azərbaycan Respublikasının Şəhərsalma Və Tikinti Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən, yanğından, təbii və ya texnogen xarakterli təhlükəli təsirlərdən müdafiə ilə bağlı tələblərə uyğunluğu baxımından tikinti ərazisinin və tikinti obyektinin təhlükəsizliyi təmin edilməlidir; 9.2-ci maddəsinə əsasən, bu Məcəllədə və digər normativ hüquqi aktlarda müəyyən edilmiş tələblər əsasında şəhərsalma və tikintiyə dair normativ sənədlərdə tikinti ərazilərinin və obyektlərinin yanğından, təbii və ya texnogen xarakterli təhlükəli təsirlərdən mühafizəsi ilə bağlı təhlükəsizlik tədbirləri nəzərdə tutulmalıdır. 57.2-ci maddəsinə əsasən, tikinti obyekti aşağıdakı tələblərə uyğun layihələndirilməli və tikilməlidir: 57.2.1. yanğın təhlükəsizliyi baxımından etibarlı və yanğına qarşı davamlı olmalıdır; 60.1-ci maddəsinə əsasən, bina və qurğuların layihələndirilməsi və tikintisi zamanı tikinti ərazisinin baş planı, memarlıq-planlaşdırma və konstruksiya bölmələri, mühəndiskommunikasiya təminatı və inşaat materialları ilə bağlı yanğın təhlükəsizliyinə dair ümumi tələblər bu Məcəllənin 15.1.4-cü maddəsində nəzərdə tutulmuş şəhərsalma və tikintiyə dair texniki normativ hüquqi aktlar əsasında müəyyən edilir. 25 may 2001-ci il tarixdə təsdiq olunmuş “Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları”nın: 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları Azərbaycan Respublikası ərazisində yanğın təhlükəsizliyi tələblərini müəyyən edir. Bu qaydaların tələblərinə riayət edilməsi təşkilatı hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq, bütün dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları, təşkilatlar, müəssisələr, birliklər, digər hüquqi şəxslər, onların vəzifəli şəxsləri Azərbaycan Respublikası vətəndaşları, xarici vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər (sonradan vətəndaşlar) üçün məcburidir; 1.2-ci bəndinə əsasən, Yanğın Təhlükəsizliyi təmin edilərkən Qaydalarla bərabər, standartlar, tikinti norma və qaydaları, texnoloji layihələşdirmə normaları, həmçinin müəyyən edilmiş qaydada təsdiq olunmuş digər normativ sənədlər rəhbər tutulmalıdır; 9.3-cü bəndinə əsasən, yanğın avtomatika qurğuları layihə sənədlərinə uyğun olmalı, daima hazır və saz vəziyyətdə saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən istinad olunan yanğın təhlükəsizliyi sahəsində nöqsan və çatışmazlıqların faktiki olaraq mövcudluğunun yoxlanılması, sözügedən obyektin X4 Xidməti tərəfindən müsbət rəy verilmiş layihə sənəndlərinə uyğunluğu və yanğın-texniki tələblərə cavab verib-verməməsinin aydınlaşdırılması üçün 04 iyun 2021-ci il tarixdə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 oktyabr 2021-ci il tarixli, 10/3330 nömrəli rəyində aşağıdakı nəticəyə gəlinmişdir: - Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu, sahə 139-da inşa olunmuş qeyri-yaşayış obyektinin həyətində inşa olunmuş yanğın və içməli su hovuzunun həcmi İddiaçı məxsus qeyri-yaşayış (ticarət və ofis) obyektinin “Şəhərsalma əsaslandırılması”nda (iş/v 5) qeyd olunan həcm ilə uyğundur (en 4 metr, uzunluq 6 metr, dərinlik 4.5 metr); - Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu, sahə 139-da inşa olunmuş qeyri-yaşayış obyekti inşa olunan zaman qonşu sahələrlə saxlanılan ara məsafəsi İddiaçı məxsus qeyri-yaşayış binasının “İşçi Layihəsi”ndə qeyd olunan ölçülərlə uyğundur; - FHN-nin X8 Xidməti tərəfindən verilmiş 27 yanvar 2021-ci il tarixli, 37/Ə-00045 nömrəli və 18 fevral 2021-ci il tarixli, 37/Ə-00127 №li məktublara görə, qeyri-yaşayış obyektinin layihə sənədlərində avtomatik yanğın siqnalizasiya sisteminin detektorları ünvanlı göstərilsə də, zonalı quraşdırıldığına görə, yuxarıda qeyd olunan məktublara əsasən, faktiki vəziyyətdə mövcud olan siqnalizasiya sisteminin layihə sənədlərinə uyğun quraşdırılmadığı müəyyən edilir. Bu da, 'Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydalarının 9.3 bəndinin tələblərinə ziddir; - Baxış keçirilən zaman obyektdə qəza-enerji sisteminin mövcud olduğu, obyektin həyətində daxiliyanma mühərrikli generator quraşdırıldığı və həmin generatorun mərkəzi elektrik sisteminə qoşulu olmaqla qəza rejiminə hazır vəziyyətdə olduğu müəyyən edilmişdir. Lakin, obyektin qəza-enerji sisteminin sxemi mülki iş materiallarında olan layihə sənədlərində öz əksini tapmaması səbəbindən, qəza-enerji sisteminin yanğın-texniki tələblərə cavab verib-vermədiyini müəyyən etmək mümkün olmadı. Məhkəmə ekspert rəyini iş materialarında olan digər sənədlərlə birlikdə tədqiq edərək qeyd edir ki, “İşçi Layihə”də (iş/v 106, 107), o cümlədən Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət Ekspertiza Baş İdarəsinin 27.08.2018-ci il tarixli 25907 №-li rəyində (iş/v 41) yanğına qarşı su anbarının həcmi 216 m3 (en 6 metr, uzunluq 8 metr, dərinlik 4.5 metr) nəzərdə tutulsa da, “İçməli və yanğın su anbarının layihəsi”ndə (iş/v 5) yan-yana hər biri 108 m3 (en 4 metr, uzunluq 6 metr, dərinlik 4.5 metr) olan içməli və yanğın su anbarı nəzərdə tutulmuşdur. Ekspert rəyində də faktiki vəziyyətin “İçməli və yanğın su anbarının layihəsi”nə uyğunluğu yoxlanılmış və sonuncu qeyd olan layihəyə uyğun olması, yanğın su anbarının 108 m3 olması müəyyən edilmişdir. Bundan əlavə, faktiki vəziyyətdə mövcud olan siqnalizasiya sisteminin layihə sənədlərinə uyğun quraşdırılmadığı ekspert rəyi ilə müəyyən edilmişdir. Belə ki, layihə üzrə avtomatik yanğın-siqnalizasiya sisteminin detektorlarının “ünvanlı” göstərilməsi cavabdeh tərəfindən bildirilsə də (iddiaçı tərəfindən təkzib edilməmişdir), faktiki vəziyyətdə layihəyə uyğun olmayaraq “zonalı” quraşdırılmışdır. Bu da, yuxarıda istinad olunan 25 may 2001-ci il tarixdə təsdiq olunmuş “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 9.3-cü bəndinin tələblərinə ziddir. Qəza-enerji sistemi ilə bağlı qeyd olunan nöqsan isə məhkəmə prosesinin gedişi zamanı iddiaçı tərəfindən aradan qaldırılmışdır. Göründüyü kimi, iddiaçıya məxsus tikilinin X4 Xidməti tərəfindən müsbət rəy verilmiş layihə sənədlərinə uyğunluğu məhkəmə araşdırması zamanı əldə olunmuş sənədlər, o cümlədən ekspert rəyi ilə təsdiqini tapmamışdır. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidməti tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İPM-in: 108.1-ci maddəsinə əsasən, prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir; 109-cu maddəsinə əsasən, prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir; 110.1-ci maddəsinə əsasən, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın təmin edilməməsi nəticəsinə gəldiyindən, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq, 50 manat məbləğində pul İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1, 108.1, 109 və 110.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidmətinə qarşı “yanğın təhlükəsizliyi haqqında aktın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar