Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4709/2021 23.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı, Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirаkları ilə, İddiаçı İddiaçı Hacıbaba oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı Hacıbaba oğlu cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı Azərbaycan Respublikası Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, ona güzəştli yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Daha sonra iddiaçı iddianın dəqiqləşməsi barədə ərizə təqdim edərək, ona 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi bardə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1963-cü il təvəllüdlüdür. 07.09.1978-ci ildə Bakı şəhəri 2№-li orta texniki peşə məktəbinə daxil olmuş və 13.07.1981-ci ildə məzun olmuşdur. 13.05.1981-ci il tarixdən “xxxx” QSC-nin Bakı Lokomotiv deposunda işə başlamışdır. İşlədiyi müddətdə elektrik qatarlarının maşinisti köməkçisi və elektrik qatarlarının maşinisti vəzifəsində işləmişdir. 01.02.2021-ci ildə öz xahişinə əsasən işdən azad olunmuşdur. Ona məxsus əmək kitabçasında onun işə daxil olma və işdən çıxma barədə əmrlərin tarixləri və nömrələri barədə müvafiq qeydiyyat aparılmış və qeydlər müəssisənin səlahiyyətli şəxslərinin imzaları və təşkilatın möhürü ilə təsdiq edilmişdir. Eyni zamanda Bakı Lokomotiv Deposundan iddiaçıya iş stajının təsdiq olunması üçün verilən açıqlama arayışında həmin məlumatlar öz əksini tapmışdır. Həmin sənədlərdən məlum olur ki, İddiaçı 01.01.2006-cı il tarixədək 25 ildən çox ümumi stajı olmuşdur və həmin müddətin 12 il 6 aydan çox güzəştli iş stajı olmuşdur. İddiaçı cavabdeh Xüsusi şərtlər təyinat üzrə Mərkəzi filiala güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə müraciət etmişdir. Cavabdeh qurumun 12.10.2020-ci il tarixli cavab məktubuna əsasən, İddiaçı pensiya təyin edilməsindən imtina edilmişdir. Qeyd edilənlərə əsasən, iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” qanunun (bundan sonra - ƏPQ) 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda (qeyd edilən dəyişiklik 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvəyə minməmişdən əvvəl yaş 57), azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 48000,89 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 37334,73 manatdır. Qeyd edilənlərə əsasən, cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş üzrə şifahi məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili X2 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - AZE № ******** seriyalı nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1963-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. - “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 24.07.2020-ci il tarixli, 354 №-li açıqlama arayışdan görünür ki, İddiaçı qeyd olunan illərdə Bakı lokomotiv deposunda göstərilən peşələrdə işləmişdir. 24.02.1992-01.03.2007, 01.09.2008-01.06.2009 və 23.07.2012-01.08.2017-ci illərdə elektrik qatarlarının maşinisti, 16.10.1981-24.02.1992, 01.03.2007-01.09.2008, 01.06.2009-23.07.2012-ci illərdə və 01.08.2017-ci ildən halhazıra kimi elektrik qatarlarının maşinist köməkçisi peşəsində əmək fəaliyyətini davam edir. İddiaçı əmək kitabçası üzrə Bakı lokomotiv deposunda güzəştli iş stajı: maşinist köməkçisi kimi-17 il 11 ay, maşinist kimi-20 il 09 ay 12 gün, ümumi-38 il 08 ay 12 gün təşkil etdiyi qeyd edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 12 oktyabr 2020-ci il tarixli, **********1 saylı imtina məktubundan görünür ki, iddiaçının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalnın aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 48000,89 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 37334,73 manat olması, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi qeyd edilmişdir. - B № 814234 saylı 13 iyul 1981-ci il tarixli diplomun surətindən görünür ki, həmin diplom verilir İddiaçı ondan ötrü ki, o, 01 sentyabr 1978-ci ildə Bakı şəhər 2 №-li orta texniki peşə məktəbinə daxil olmuş və 13 iyul 1981-ci ildə elektrovozun maşinist köməkçisi peşəsi üzrə bu məktəbin tam kursunu bitirərək ümumi orta təhsil almışdır. - “xxxx” Qapalı Səhmdar Cəmiyyəti Sərnişin Daşımaları Departamenti Bakı Lokomotiv deposun tərəfindən verilmiş 26 may 2021-ci il tarixli 38 nömrəli arayışdan görünür ki, Bakı Lokomotiv deposunda işləyən maşinist və maşinist köməkçilərinin əmək kitabçasında Sovetlər dönəmində yazılan MVS (motor vaqon seksiyası) tərcümə olunaraq MVHH (motor vaqon hərəkət heyyəti) adlandırılmış və bu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci ilin 23 yanvar tarixli 12 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı’nın təsdiq edilməsi barədə Qərarının 21. Nəqliyyat bölməsində göstərilən elektrik qatarlarının (seksiyalarının) maşinistləri və maşinist köməkçiləri vəzifə adları eynilik təşkil edir. - İT-İ № ******* nömrəli əmək kitabçasından və onun tərçümə edilib notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx xxxx 1963-cü il təvəllüdlü İddiaçı: -01.09.1978-ci ildən 13.07.1981-ci ilə qədər 2 saylı PTM-də təhsil almışdır. Diplom B № 814234. -13.05.1981-ci ildən Azərbaycan dəmir yolu lokomotiv deposu Avtomat sexinə 1-ci dərəcəli çilingər – avtomatçı kimi qəbul edilmişdir. Əmr № 231/k 12.05.1981-ci il. -29.06.1981-ci il ildən Texniki xidmət sexinə hərəkət qatarının təmiri üzrə 1-ci dərəcəli çilingər keçirilib. Əmr № 338/k 29.06.1981-ci il. -01.08.1981-ci ildən Eyni sexdə hərəkət qatarının təmiri üzrə 3-cü dərəcəli çilingər keçirilir. Əmr № 414/k 29.07.1981-ci il. -16.10.1981-ci ildən Motorvaqon seksiyasının maşinist köməkçisinin dublyoru keçirilmişdir. Əmr № 585/k 16.10.1981-ci il. -26.10.1981-ci ildən Motorvaqon seksiyasının maşinist köməkçisi keçirilir. Əmr № 606/k 26.10.1981-ci il. -07.08.1989-cu ildən Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən öz istəyi ilə işdən azad edilmişdir. Əmr № 563/k 07 avqust 1989-cu il. Depo rəsinin Kadrlar üzrə köməkçisi: “öz istəyi ilə işdən azad edilməsi haqqında qeydin səhvən aparıldığı, səhv hesab edilməsi qeyd edilmiş” imza və möhürü ilə təsdiqlənmişdir. - 24.02.1992-ci ildən Motorvaqon seksiyasının maşinisti vəzifəsinə keçirilmişdir. Əmr № 14/k 19.02.1992-ci il. - 13.01.1995-ci ildə 3-cu klas MVNN maşinisti adı verilib Əmr №22 13.01.1995-ci il - 01.02.2005-ci ildə dizel qatarına maşinist keçirilmişdir. Əmr 30/k 01.02.2005-ci il. - 01.03.2007-ci ildə dizel qatarına maşinist köməkçisi keçirilib. əmr № 28 01.03.2007-ci il. - 01.09.2008-ci ildə dizel qatarına maşinist keçirilmişdir. Əmr № 142k 01.09.2008-ci il. - 01.06.2009-cu ildə dizel qatarına maşinist köməkçisi keçirilmişdir. Əmr № 178 01.06.2009-cu il. - 23.07.2012-ci ildə MVHH-nın maşinsti və gördüyü işə görə ə/h ödənilməklə elektrovoz maşisniti köməkçisi keçirilmişdir.Əmr № 225 23.07.2012-ci il. - 01.08.2017-ci ildə dizel qatarının maşinist köməkçisi keçirilmişdir. Əmr №110k 31.07.2017-ci il. - 01.02.2021-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. Əmr 02/k 01.02.2021-ci il. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1963-cü ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin ona fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, bu imtina əsassızdır. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün təhsil, hərbi və işlədiyi illər daxil olmaqla, pensiya təyin olunmasına əsas verən sığorta stajının nə qədər təşkil etdiyi və iddiaçının xüsusi sahələrdə işlədiyi illər müəyyən edilməlidir. Lakin, bundan əvvəl Məhkəmə iddianın mümkünlük şərtlərinin ödənilib-ödənilməməsinə qiymət verir. İddianın mümkünlüyü: Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçı subyektiv hüquqa malikdir. İddiaçı cavabdeh orqana müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən müraciətə imtina cavabı verilmişdir. İPM-nin 8.1.4-cü maddəsinə əsasən, digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İnzibati işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. İddianın mahiyyəti: 01.07.2017-ci il tarixədək olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə müvafiq olaraq bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin maddənin qeyd olunan tələbi baxımından mübahisəli hüquq münasibətlərinə 01.01.2006-ci il tarixədək qüvvədə olan normalar tətbiq olunmalıdır. Belə olan halda, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq Məhkəmə qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün onun 01.01.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. İşin mübahisələndirilməyən halları iddiaçının 57 yaşına çatması, 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi sosial stajının olması və 12 il 6 aydan artıq xüsusilə zərərli və ağır iş şəraiti olan peşələrdə çalışmasıdır. Belə ki, işdə olan əmək kitabçasından və əlavə edilmiş arayışlardan məlum olmuşdur ki, iddiaçının 01.01.2006-cı il tarixədək təhsil müddəti də nəzərə alınmaqla- 27 il 5 ay 2 gün ümumi sosial sığorta stajı olmuşdur. Məhkəmə bir məsələni də diqqətə çatdırır ki, iddiaçının əmək kitabaçasında 7-cı siradakı qeyd səhv hesab edildiyindən, bu barədə imza və möhür mövcud olduğundan iddiaçının Azərbaycan Dəmir Yolu lokomotiv deposunda 13.05.1981-ci ildən 01.01.2006-cı ilədək fasiləsiz əmək fəaliyyəti mövcud olmuşdur. İddiaçının əmək kitabçasından və “xxxx” QSC Bakı Lokomotiv deposunun 354 saylı arayışından görünür ki, iddiaçının 01.01.2006-cı il tarixədək güzəştli iş stajı – 24 il 2 ay 15 gün təşkil edir. Belə ki, iddiaçı 16.10.1981-24.02.1992-ci ilədək elektrik qatarlarının maşinisti köməkçisi, 24.02.1992-01.02.2005-ci ilədək isə elektrik qatarlarının maşinisti, 01.02.2005-01.01.2006-cı illərdə dizel qatarının maşinisti vəzifələrində işləmişdir. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısının 28-ci bölməsində (Nəqliyyat) dizel qatarların maşinistləri (23001000—13696), elektrik qatarlarının (seksiyalarının) maşinistləri (23001000—14409), elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri (23001000—16887) vəzifələri güzəştli pensiya hüququ verən xüsusilə zərərli və ağır iş şəraiti aid olan peşələr sırasına daxil edilmişdir. İşin mübahisələndirilən halı iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə bağlıdır. Məhkəmə hesab edir ki, cavabdehin bu imtina əsası əsassızdır. Çünki “Əmək pensiyaları haqqında” Qanunun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması şərtlərini müəyyən edən 9-cu maddəsinin 9.8-ci bəndində qeyd edilir ki, Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İşin araşdırılmış hallarından da bəllidir ki, iddiaçı 01.01.2006-cı ilədək qüvvədə olmuş qanunvericiliyin tələbləri üzrə ümumi və xüsusi stajı toplamışdır. 01.01.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün pensiya kapitalının olması tələb olunmurdu. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndinə əsasən, bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi 01 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normaya əsasən iddiaçının 1999-2002-ci illərdəki işlədiyin dövrun pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə, tələb olunmamalıdır. Ona görə də, onun pensiyası hesablanarkən həmin əmək fəaliyyəti dövrü nəzərə alınmalıdır. Göründüyü kimi, 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi müddətin daxil olması barədə müddəa mövcud olsa da, cavabdeh iddiaçı tərəfindən işlədiyi müddətdə sosial sığorta haqlarının ödənilmədiyini bildirmir (mübahisələndirmir), bu barədə hər hansı sübut təqdim etmir və ya bu xüsusatın araşdırılmasını tələb etmir. Sadəcə 01.07.2017-ci il tarixdən qanunun normasında dəyişiklik olduğunu diqqətə çatdıraraq pensiya kapitalının kifayət etməməsini əsas gətirir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinəçatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əməlik qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşədə işləməsi nəzərə alınaraq, pensiya hüququnun yarandığı 19.07.2020-ci il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68-ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı pensiya hüququnun yarandığı 19.07.2020-ci il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-4709/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4709/2021
23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver