Məhkəmə qərarları › İş №2-1(112)-4709/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4709/2023

09.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4709/2023 09.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçıların nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Cavabdeh1nə qarşı «iddiaçıların ölkədən çıxışına və onlara məxsus avtonəqliyyat vasitələrinin üzərinə qoyulmuş məhdudiyyətlərin götürülməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması»na dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Cavabdeh1nə qarşı «iddiaçıların ölkədən çıxışına və onlara məxsus avtonəqliyyat vasitələrinin üzərinə qoyulmuş məhdudiyyətlərin götürülməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehlərə təqdim edilmişdir. Lakin cavabdehlərin iddia ilə bağlı yazılı münasibətləri məhkəməyə daxil olmamışdır. İddia ərizəsində bildirilir ki, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 onların atası X5 ilə birlikdə "xxxx" MTK-mn təsisçiləridir. MTK-nın qanuni təmsilçisi X3r. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1288/2019 saylı 1 sentyabr 2019-cu il tarixli hökmü ilə X5 təqsirli bilinərək 02 il müddətinə şərti cəza almışdır. Həmin cinayət işi ilə iddiaçlların heç bir əlaqəsi yoxdur və şahid qismində də dindirilməmişlər. MTK-nın sədri kimi yalnız onların atası X5 istintaqa cəlb olunsa da, təsisçi kimi iddiaçıların da ölkədən çıxışına və əmlakları üzərinə cavabdehlər tərəfindən məhdudiyyət qoyulmuşdur. Bakı şəhəri Probasiya İdarəsinin 4 oktyabr 2021-ci il tarixli 21-1/3-1213 saylı məktubu ilə təsdiq olunmuşdur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1288/2019 saylı 1 sentyabr 2019-cu il tarixli hökmü ilə onların atası X4 verilmiş 02 il şərti sınaq müddəti cəzası cəza müddəti bitdiyi üçün o, probasiya qeydiyyatından çıxarılmışdır. X1 hal-hazırda məhkumluğu yoxdur. Lakin bu güdək onların ölkədən çıxışına, eləcə də əmlakları üzərinə qoyulmuş məhdudiyyət götürülməmişdir. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin 27 oktyabr 2022-ci il tarixli 138450-1222 nömrəli məktubunda qeyd olunmuşdur ki, Daxili İşlər Nazirliyinin 6 may 2015-ci il tarixli 007-4444-1215 nömrəli məktubu əsasında **-ZU-*** dövlət qeydiyyat nişanlı “VOLKSWAGEN TOUAREG” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı “HYUNDAİ SONATA” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı “VOLKSWAGEN JETTA” markalı, **- LN-*** dövlət qeydiyyat nişanlı “MERCEDES BENZ 240” markalı və **-KK-*** dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı nəqliyyat vasitələrinin üzərinə qeydiyyatla bağlı məhdudiyyət qoyularaq DİN Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində müvafiq qeydlərin aparıldığı və sözügedən məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinə müraciət olunması tövsiyə edilmişdir. Qeyd edilən “VOLKSWAGEN TOUAREG” markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı və “HYUNDAİ SONATA” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobillər İddiaçı1, “VOLKSWAGEN JETTA” markalı **-TN-*** dövlət qeydiyyat nişanlı, “MERSEDES BENZ E240” markalı **-LN-*** dövlət qeydiyyat nişanlı və “VAZ-2107” markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobillər isə İddiaçı3 məxsusdur. İddiaçılar məhdudiyyətlərin götürülməsi ilə bağlı dəfələrlə Daxili İşlər Nazirliyinə, eləcə də Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə müraciət etmişlər. Lakin bu günədək onlara rəsmi cavab verilməmişdir. Məcbur qalıb məhkəməyə müraciət olunur. İPM-nin 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsaslanaraq, iddiaçıların ölkədən getməsi üzərinə qoyulmuş məhdudiyyətin, eləcə də onlara məxsus olan “VOLKSWAGEN TOUAREG” markalı **-ZU- *** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ SONATA” markalı **-UZ-*** dövlət qeydiyyat nişanlı, “VOLKSWAGEN JETTA” markalı **-TN-*** dövlət qeydiyyat nişanlı, “MERCEDES BENZ E240” markalı **-LN-*** dövlət qeydiyyat nişanlı və “VAZ-2107” markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdehlər AR Daxili İşlər Nazirliyinin və AR Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçıların nümayəndəsi gəlmiş, cavabdeh tərəf isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın mümkün sayılaraq təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçıların nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görəinzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi, iddiaçılar hazırda cavabdehlər AR Daxili İşlər Nazirliyinin və Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin cinayət-prosessual fəaliyyəti ilə bağlı qərar və ya hərəkətlərini mübahisələndirdiyindən və mübahisələndirilən qərar və ya hərəkət inzibati icraat çərçivəsində qəbul olunmadığından, cavabdehlər AR Daxili İşlər Nazirliyinə və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qarşı hazıkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Odur ki, məhkəmənin qənaətinə görə iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin vurğulanmışdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair işlər üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Beləliklə qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23.1, 35, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar