Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4709/2024 13.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan SSR xalq deputatları Soveti İcraiyyə komitəsinin xx.xx.1989-cu il tarixli 097257 nömrəli orderdə qeyd edilən iddiaçıya məxsus olub Bakı şəhəri, Yasamal rayonu,Mətbuat prospekti, məhəllə 501, 2A saylı evin 1 saylı mənzili üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və mənzilə dair adına xüsusi mülkiyyətə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan SSR xalq deputatları Soveti İcrayə komitəsi tərəfindən təsdiq edilmiş xx.xx.1989-cu il tarixli 097257 nömrəli orderə əsasən ünvan 1 ünvanında yerləşən 28,81 kv.m sahəsi olan 2 otaqlı mənzil iddiaçıya və nənəsi X2 verilmişdir. Nənəsi 8 noyabr 2007-ci ildə rəhmətə getmişdir. Mənzil iddiaçının istifadəsindədir, tək özü qeydiyyatda olmaqla yaşayır. Mənzil üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adına çıxarışın verilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə hüquqmüəyyənedici sənədlər əlavə edilməklə ərizə ilə müraciət etmişdir. Cavabdeh tərəfindən müraciətimin təmin edilməsindən xx.xx.2023-cü il tarixli məktubla imtina edilmişdir. Müraciətinə imtina qeyd edilən tarixdə qəbul edilsə də poçt vasitəsilə ona çatdırılmadan geri qaytarıldığı üçün xx.xx.2023-cü il tarixdə gedib özü götürmüşdür. Cavabdehin qeyd etdiyi hallar tamamilə əsassızdır və onu mənzil üzərində mülkiyyət hüququndan məhrum edə bilməz. Cavabdeh imtinanın əsası kimi qeyd etmişdir ki, guya hüquqmüəyyənedici sənədlər təqdim etməmiş, mənzilin yaşayış sahəsi 28,81 kv.m qeyd edilib, faktiki olaraq isə yaşayış sahəsi 18 kv.m təşkil edir və mənzilə hüququ olan 18 yaşdan yuxarı şəxslərin ərizələri olmalıdır. Cavabdehin imtina məlumatında qeyd edilən hallar mənzilinin dövlət reyestrində qeydə alınmasından imtina üçün əsas ola bilməz. Belə ki, xx.xx.2009-cu il il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 43-cü maddəsinin tələbinə görə vətəndaşın mənzil üzərində hüququnu müəyyən edən yeganə sənəd mənzilə dair verilmiş orderdir. Mənzilə hüququ olan digər şəxslər də yoxdur ki,onların razılıq ərizəsini təqdim edim.Çünki mənzildə məndən başqa qeydiyyatda olan və yaşayan başqa şəxslər yoxdur.Mənzilin sahəsinə gəldikdə isə orderdə hər iki sahə qeyd edilmişdir. Həmin sahəyə mənzilin zirzəmisi də daxildir. Qanunun qeyd edilən tələblərinə uyğun olaraq tərəfimdən mənzilə dair order təqdim edildiyi halda cavabdeh qanunun tələblərini pozaraq əsassız olaraq iddiaçıya imtina cavabı vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamenti iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və **********99 nömrəli, xx.xx.2023cü il tarixli xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 3-48-2F/2-B-04774/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubu ilə Bakı şəhər XDS İK-nın (İndiki Bakı şəhər İH) arxiv fondu üzrə 1989-cu ilə dair arxiv sənədlərinin Dövlət Arxivinin Bakı filialında mövcud olduğu lakin həmin sənədlərdə İddiaçı barəsində heç bir məlumat olmadığı qeyd olunmuşdur. Bundan əlavə hüquqmüəyyənedici sənədə əsasən mənzilin yaşayış sahəsi 28.81 kv.m qeyd edilsə də, faktiki olaraq yaşayış sahəsi 18.0 kv.m təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11 -ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1 -ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən təmin edilməlidir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı filialının xx.xx.2024-cü il tarixli 3-48-2F/2-3232/2024 nömrəli məktubunda qeyd olunur ki, keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə 1988-1989-cu illərə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sənədlərdə İddiaçı mənzil verilməsi barədə heç bir məlumat yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli 18/2- 523/2024 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı xx.xx.2005-ci il tarixdən ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Qeydiyyata alınmaya əsas verən sənədlərin saxlama müddəti (5 il) bitdiyinə görə məhv edildiyindən həmin sənədlərin Sizə təqdim edilməsi mümkün deyildir. Məhkəmənin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli məktubu ilə göndərilmiş Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, 5139 nömrəli registrdən çıxarışda qeyd olunur ki, Bakı şəhəri, Yasamal rayonu, 501-ci məhəllə, Mətbuat prospekti, 2A ünvanında yerləşən 5 mərtəbəli yaşayış binası Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 3575 kodu ilə ***- *******5 registr nömrəsi ilə balansındadır. İş materiallarına əlavə edilmiş Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktına qeyd olunur ki, daşınmaz əmlak hüquqmüəyyənedici sənəd üzrə 1 otaq, faktiki 1 otaq, yaşayış sahəsi 28.81 kv.m; faktiki yaşayış sahəsi 18.0 kv.m, ümumi sahəsi 36.5 kv.m müəyyən edilmişdir. Oxşar mənzillərin texniki pasporta əsasən icra olundu. Sol 1. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********56 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı adına dövlət mənzil fondunun özəlləşməsi nəticəsində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Birliyi 158 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 0xx.xx.2024-cü il tarixi 01 nömrəli məktubunda qeyd olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat pr-ti, məhəllə 501, 2A saylı evin, 1 saylı mənzilin yerləşdiyi binanın balanssaxlayıcısı Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyidir. İddiaçı ünvan 5 ünvanında tək qeydiyyatdadır və yaşayır. Sorğunuza əsasən orderin təsdiq olunmuş surəti, şəxsi hesab vərəqəsinin təsdiq olunmuş surəti Sizə göndərilir. Bu mənzilə aid sərəncam isə yoxdur. -SSR X4 icraiyyə komitəsinin balnakında tərtib edilmiş Bakı şəhər İcrakomu Mənzil Sahəsinin uçotu və bölüşdürülməsi Şəhər Yaşayış sahə dəyişdirilməsi bürosunun möhürü ilə təsdiq edilmiş xx.xx.1989-cu il tarixli 097257 nömrəli orderə əsasən İddiaçı Əhmədov S.B-ya aid B.Abbasovna ilə dəyişdirilən 501 məhəllə, ev 2a, 1 nömrəli mənzilinə köçmək hüququ vardır. -158 saylı MKİS-nin xx.xx.2023-cü il tarixli 260 nömrəli arayışına əsasən İddiaçı ünvan 5 ünvanında xx.xx.1989-cu il tarixdən qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2024-cü il tarixli 3-52-13/2-18/2024 nömrəli məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 25s nömrəli Sərəncamına əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin balansında olan mənzil fondu, o cümlədən ünvan 6 ünvanında yerləşən yaşayış binası 3 saylı Xüsusi Təyinatiı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilmiş və hazırda həmin Birliyin balansındadır. Qeyd edilən binanın 1 saylı mənzili mülkiyyət formasına görə dövlət mənzil fonduna aiddir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2024-cü il tarixli 3-52-13/2-595/2024 nömrəli məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 435s nömrəli Sərəncamının icrası haqqında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 029 saylı Sərəncamı ilə Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 501 -ci məhəllə, 2A ünvanında yerləşən yaşayış binası balansa qəbul edilmişdir. Hal- hazırda qeyd edilən bina dövlət mənzil fonduna aid olmaqla 3 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, **********98 nömrəli məktubunda bildirilmişdir ki, tərəfinizdən müraciətə əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 3-48-2F/2-B-04774/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubu ilə Bakı şəhər XDS İK-nın (İndiki Bakı şəhər İH) arxiv fondu üzrə 1989-cu ilə dair arxiv sənədlərinin Dövlət Arxivinin Bakı filialında mövcud olduğu lakin həmin sənədlərdə İddiaçı barəsində heç bir məlumat olmadığı qeyd olunmuşdur. Həmçinin qeyd edirik ki, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, məhəllə 501, 2A saylı evin 1 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə hüquqmüəyyənedici sənədə əsasən mənzilin yaşayış sahəsi 28.81 kv.m qeyd edilsə də, faktiki olaraq yaşayış sahəsi 18.0 kv.m təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11 -ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. "Mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 8- ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edjJjrıiş tələblərə uyğun olmalıdır. Hazırkı iddiasında iddiaçı cavabdehin imtinasının əsassız olmasını iddia edərək mübahisəli mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, məhkəməyə inzibati orqanın müraciətin təminindən imtinaya dair cavab məktubunu təqdim etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.11-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. -2-ci maddəsinə görə bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. -4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. -5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. -8-ci maddəsinə görə vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. -9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Yerli icra hakimiyyəti orqanı müvafiq mənzilin (evin) özəlləşdirildiyi barədə müvafiq icra hakimiyyəti orqanının məlumatını aldıqdan sonra həmin mənzili (evi) balansdan silir. Sadalanan normalardan müəyyən olunur ki, dövlət mənzil fondunun balansında olan mənzillərin özəlləşdirilməsi üçün mənzilə dair hüquqmüəyyənedici sənədlər aşağıdakılardan ibarətdir: mənzil fondunun mülkiyyətçisi olan yerli icra hakimiyyəti orqanının həmin mənzilə dair sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. Normaların məzmunundan da göründüyü kimi qanunverici mənzilin özəlləşdirilməsi və mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün tələb olunan sənədlərin siyahısını dəqiq müəyyən edib. Həm də qanunverici orderin, kirayə müqaviləsinin və onun verilməsinə dair sərəncamın – hər üç sənədin eyni vaxtda mövcudluğunu şərt kimi müəyyən etmir. Həmin sənədlərdən hər hansı birinin mövcudluğu (“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 8-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan şəxslərin razılıq ərizələri və 2 №-li formada arayış da əlavə edilməklə) mənzilə dair hüququn qeyd alınması üçün əsasdır. Qanunda sadalanan sənədlər sırasında mənzil sahəsinin orderi də nəzərdə tutulub. Məhkəmə hesab edir ki, işin hazırkı vəziyyətində araşdırılmalı olan hal iddiaçının iddia predmeti olan mənzilə xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normalarına əsasən hüquq əldə edib-etmədiyinin, buradan, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun qüvvəyə mindiyi 1993-cü ilədək (və bundan sonra) mənzil hüquq münasibətlərinin iştirakçısı olub-olmadığının müəyyən edilməsindən ibarətdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun qüvvəyə mindiyi 1993-cü ilədək (və bundan sonra) qüvvədə olmuş 8 iyul 1982-ci il tarixli 979-X nömrəli “Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Sovet Sosialist Respublikasının Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. İşin yuxarıda sadalanan faktiki hallarından görünür ki, mübahisə predmeti olan mənzil xx.xx.1989-cu il tarixli 097257 nömrəli dəyişdirmə orderinə əsasən İddiaçı istifadəsinə verilmişdir. Mənzilin yerləşdiyi binanın balanssaxlayıcısı Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyidir. Mənzilin hazırkı balansaxlayıcısının təqdim etdiyi arayışa və şəxsi hesab vərəqinə əsasən iddiaçı hələ xx.xx.1989-cu ildən həmin ünvan üzrə tək qeydiyyatdadır. Mənziə dair əlavə sənəd- sərəncam mövcud deyil. Hazırkı halda iddiaçı order sahibi olmaqla həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır və orderlə istifadəsinə verilmiş mənzilin öz adına özəlləşdiriıməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının məhkəmə təcrübəsinin vahidliyini təmin edən 03/2020 nömrəli 08 oktyabr 2020-ci il tarixli Qərardadında qeyd edilmişdir ki, qazanılmış hüquq – yarandığı an hüquqa uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələb etmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqqdır. Hər hansı bir konkret halda qazanılmış hüququn varlığından söz edə bilmək üçün şəxsə aid artıq yaranmış (tamamlanmış) və hüquqi müdafiə altına alınmış bir vəziyyət mövcud olmalıdır. Qazanılmış hüququn mövcud olması üçün sözügedən hüquq müəyyən bir müddət üçün verilməməlidir. Çünki, həmin müddət ərzində istifadə edilmədikdə müddətin bitiməsindən sonra hüquqla bağlı müdafiə təminatı da ortadan qalxmış olur. Konvensiyaya əlavə 1 saylı Protokolun 1-ci maddəsi özündə qazanılmış daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirən mülkiyyət hüququnu qoruyur (İatridis Yunanıstana qarşı işi üzrə Böyük Palatanın qərarı, § 54; Beyeler İtaliyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 100). Bu maddə, həmçinin şəxsin mülkiyyət hüququnun əldə edilməsinə dair “qanuni gözləntisi”ni də müdafiə edir (X6 S.A. və digərləri Belçikaya qarşı işi üzrə qərarı, § 31). Şəxsin ən azından mövcud (və ya qazanılmış) mülkiyyətinin və ya əmlakının, o cümlədən iddialarının reallaşacağına dair "qanuni gözləntisi" olduğunu iddia edə bildikdə, “qanuni gözləntilər” həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər (X5-Adam İİ Almaniyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 83). Sözügedən “gözlənti” mülkiyyətə dair qanunvericilik aktına və ya normalarına əsaslandıqda “qanuni” hesab olunur (Kopecký Slovakiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 45-52). Mülkiyyət maraqlarına aid "gözlənti" "qanuni" hesab olunması üçün sadəcə ümidə yox, daha konkret bir xarakter daşımalı və hüquq normasına və ya məhkəmə qərarı kimi digər hüquqi akta əsaslanmalıdır (Kopecký Slovakiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 49-50; Sentro Avropa 7 S.R.L. və di Stefano İtaliyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 173; Béláné Naqi Macarıstana qarşı işi üzrə Böyük Palatanın qərarı, § 75). Azərbaycan Respublikası Konstitusiyasının Keçid Müddəalarının 6-cı bəndinə görə Azərbaycan Respublikasının qanunvericiliyi yerli xalq deputatları sovetlərinə aid edilmiş səlahiyyətləri yerli icra hakimiyyəti orqanları həyata keçirir. Məhkəmə hesab edir ki, xx.xx.1989-cu il tarixli 097257 nömrəli orderin, onun əsasında duran mənzilin ayrılması barədə ilkin sənədin və ya iddiaçının adının arxiv sənədlərində aşkar olunmaması iddiaçının hazırkı tələbinin təmin edilməməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçının vəzifəsi ona verilmiş orderin surətinin saxlanılmasından ibarət olmuş, o, sözügedən orderin notarial qaydada təsdiq olunan surətini məhkəməyə təqdim etmişdir. Bundan əlavə mənzilin hazırkı balansaxlayıcı da eyni orderin surətini məhkəməyə təqdim etməklə, mənzlin iddiaçıya aid olduğunu, şəxsi hesab vərəqinin onun adına açılmaqla, iddiaçının həmin ünvanda qeydiyyatda olmaqla onun istifadəsində olduğunu qəbul edir. Bununla yanaşı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hazırkı halda mənzilin yerləşdiyi bina dövlət mənzil fonduna aid olmaqla Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-X1 balansında olsa da sonuncu ilə əlavə olaraq kirayə müqaviləsinin bağlanmasına da hüquqi zərurət yoxdur. Yuxarıda da qeyd edildiyi kimi mənzil fondunun özəlləşməsi ilə bağlı qanunvericilikdə sadalanan sənədlər sırasında mənzil sahəsinin orderi də nəzərdə tutulmuşdur. Mənzil Fondunun özəlləşməsi ilə bağlı Qanunun 6-cı maddəsində dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə biləcəyi qeyd edilmişdir. Başqa sözlə, özəlləşdirilməsi istənilən mənzil yataqxana binasında olduğu halda balansa qəbul etmiş, yeni mülkiyyətçi ilə kirayə müqaviləsi bağlamış şəxslərin mənzili özəlləşdirmək hüququ nəzərdə tutulmuşdur. Hazırkı halda isə mübahisə predmeti olan mənzil yataqxana binasında yerləşmir. Mənzil dövlət mənzil fonduna aid olmaqla vaxtılə balansaxayıcı icra hakimiyyəti orqanının orderi ilə istifadəsinə verilmişdir. Belə olan halda qeyd edilən order mənzilin özəlləşdirilməsi üçün tələb olunan hüquqmüəyyənedici sənəd qismində bilavasitə çıxış edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İş üzrə müəyyən olunur ki, iddiaçı mübahisəli mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birini, yəni mənzil sahəsinin orderini, mənzilə hüququ olan şəxslər və mənzilin kommunalməişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma) təqdim etməsinə baxmayaraq cavabdeh əsassız olaraq iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində İnzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu,Mətbuat prospekti, məhəllə 501, 2A saylı evin 1 saylı mənzili üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, məhəllə 501, 2A saylı evin 1 saylı mənzili üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-4709/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4709/2024
13.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver