Məhkəmə qərarları › İş №2-1(112)-471/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-471/2025

11.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-471/2025 11.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Leyla Afiq qızının katibliyi, İddiaçı oğlunun, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ailə başçısının itirilməsi ilə əlaqədar olaraq mərhum X2 adının Azərbaycan Respublikası Maliyyə Nazirliyinə göndərilən siyahıya növbədənkənar daxil edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək mərhum həyat yoldaşı X2 adının Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinə göndərilən siyahıya ailə başçısının itirilməsi ilə əlaqədar olaraq növbədənkənar daxil edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçının mərhum həyat yoldaşı X5 1983-cü ilin yanvar ayının 2-də Yevlax rayonunun Aran qəsəbəsində anadan olmuş, 2000-ci ildə orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olmuş, 2004-cü ildə həmin məktəbi yerüstü artileriya ixtisası üzrə bitirərək, 2004-cü ilin iyun ayından 2005-ci ilin iyun ayına qədər Silahlı Qüvvələrin Təlim və X4 artileriya ixtisası üzrə Zabit ixtisası kursunda təhsil almışdır. 2005-ci ilin iyun ayından 2021-ci ilin sentyabr ayınadək düşmənlə təmas xəttində, ən qaynar nöqtələrdə: Tovuz rayonunun Əlibəyli və Muncuqlu kəndlərində, Daşkəsən rayonu və Göygöl rayonu ərazisində Murov dağında ağır dağ şəraitində, soyuqlu-şaxtalı ərazilərdə, daha sonra Füzuli və Hadrut rayonunda xidmət etmiş və 27.09xx.xx.2020-ci il tarixlərdə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, 2005-ci ilin iyun ayından 2012-ci ilin iyul ayına qədər artileriya təlim divizionunda artileriya təlim taqım komandiri, 2012-ci ilin iyul ayından 2013-cü ilin noyabr ayınadək minaatan batareyanın taqım komandiri 2013-cü ilin noyabrından 2016-cı ilin iyun ayınadək Tank əleyhinə batareyada taqım komandiri, 2016-cı ilin iyun ayından isə haubitsalı artilleriya batareyasının komandiri vəzifələrində xidmət etmişdir. 2014-cü ilin iyun ayında qüsursuz xidmətə görə 3-cü dərəcəli, 2016-cı ilin iyun ayında qüsursuz xidmətə görə 2-ci dərəcəli, 2021-ci ilin iyun ayında isə qüsursuz xidmətə görə 1-ci dərəcəli medalları ilə, 2008- ci ildə Azərbaycan Respublikası Silahlı qüvvələrinin 90 illiyi, 2013-cü ildə 95 illiyi və 2018-ci ildə 100 illiyi yubiley medalları ilə təltif edilmişdir. 2017-ci ilin may ayından özündə xəstəlik əlamətlərini müşahidə etmiş, 2018-ci ilin yanvar ayının 25-dən may ayının 2-nə qədər hərbi hospitalda müalicə olunmuş, Ağciyər vərəmi diaqnozu ilə Hərbi Həkim Komissiyasının qərarı ilə müalicəyə göndərilmiş, 18 may 2018-ci ildən 19 iyul 2018-ci il tarixədək orada müalicə olunmuşdur. 2020-ci ilin oktyabr ayından yenidən xəstəliyi ağırlaşmış, "Hər iki ağciyərin ocaqlı vərəmi, bərkimə mərhələsində, KB (-) mənfi, Ağciyərlərin xroniki interstisial xəstəliyi" diaqnozu qoyulmuşdur. Xəstəliyin hərbi xidmət dövründə alınması müəyyən edilmişdir. Nəhayət, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Hərbi-Həkim Komissiyasının 01 iyul 2021-ci il tarixli rəyi ilə “İdiopatik pulmonar fibroz. Qarışıq tipli, əhəmiyyətli dərəcəli ventilyasiya pozğunluğu ilə xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” diaqnozu ilə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yarasız” hesab edilmişdir. Bundan sonra, iddiaçının mərhum həyat yoldaşı xx.xx.2021-ci il tarixdə əlilliklə istefaya göndərildi, təxminən 4 ay ağır vəziyyətdə xəstə yatdı, haldan-heydən düşmüş orqanizmi koronavirus yükünü də dəf edə bilmədi və 26 dekabr 2021-ci ildə ömrünün 39-cu ilində vəfat etdi. İddiaçının həyat yoldaşı formal olaraq şəhid olmasa da, daha ağır müsibətlər və iztirablar keçirmiş, təxminən 4 il hərbi xidmətlə əlaqdar düçar olduğu ağır xəstəliklə mücadilə etsə də, hərbi xidmətdən ayrılmaq istəmirmiş, hərbi xidmətini davam etdirmişdir. 38 yaşında, ağır hərbi şəraitin yaratdığı xəstəlik nəticəsində vəfat etmiş Azərbaycan Ordusunun kapitanı X3 10 yaşlı oğlu Rəsul və 7 yaşlı oğlu İsmayıl iddiaçının himayəsində qalmışdır. İddiaçının nominal yaşayış yeri (rəsmi qeydiyyatı) Bakı şəhəri, Yasamal rayonu olsada, faktiki olaraq heç bir yerdə evi və ya mənzili yoxdur. İddiaçı hazırki tələblə bağlı cavabdehə müraciət etsə də, onun müraciətinin təmin olunmasından imtina olunmuşdur. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə ünvanladığı yazılı münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının ikinci hissəsinə əsasən yaradılmış Komissiyada Azərbaycan Ordusu sıralarında 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzil təminatına baxılır. İddiaçının mərhum həyat yoldaşı X2 adı 1992-2000-ci illərdə Azərbaycan Ordusunda həqiqi hərbi xidmətə başlamış, müvafiq komissiya tərəfindən mənzil növbəsinə qəbul edilmiş hərbi qulluqçuların və ehtiyatda (istefada) olan şəxslərin adlı siyahısında 3525-ci sıradadır. Beləliklə də cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi öz səlahiyyətləri daxilində iddiaçının mərhum həyat yoldaşı X2 adınının 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzil təminatı məsələsi ilə əlaqədar olaraq adı çəkilən Komissiyaya təqdim ediləcək siyahıya daxil etmişdir. Lakin, İddiaçı mərhum həyat yoldaşı X2 dövlət vəsaiti hesabına mənzil növbəsində qabağa çəkilməsinin əsası və qaydası qanunvericilikdə nəzərdə tutulmadığından iddiaçı və iddiaçı ilə eyni vəziyyətdə olan digər ərizəçilərin müraciətlərini müsbət həll etmək mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, cavabdeh müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: AZ-İİ № 013637 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X5 ilə X6 arasında xx.xx.2010-cu il tarixdə nikah bağlanmışdır. AZ-ll № 222800 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Xəstəlik haqqında şəhadətnamədən görünür ki, X5 “İdiopatik pulmonar fibroz. Qarışıq tipli, əhəmiyyətli dərəcəli ventilyasiya pozğunluğu ilə xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” diqnozu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə əsasən həm dinc dövrdə, həmdə müharibə dövründə hərbi xidmətə yararsız hesab olunmuşdur. İş materiallarında olan vəsiqələrdən görünür ki: baş leytenant X5 Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 070t №-li, xx.xx.2008-cı il tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) yubiley medal ilə təltif olunmuşdur. baş leytenant X5 Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0107t №-li, xx.xx.2013-cü il tarixli əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi medal ilə təltif olunmuşdur baş leytenant X5 Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0133t №-li, xx.xx.2014-cü il tarixli əmri ilə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə təltif olunmuşdur baş leytenant X5 Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0117t №-li, xx.xx.2016-cı il tarixli əmri ilə “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə təltif olunmuşdur. baş leytenant X5 Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0178t №-li, xx.xx.2018-cı il tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018) yubiley medal ilə təltif olunmuşdur. kapitan X5 Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0173 t №-li, xx.xx.2021-cı il tarixli əmri ilə “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə təltif olunmuşdur. DƏDRX 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, Azərbaycan Respublikası üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Tİ və MHQ idarələrinin arxiv məlumatlarında, ƏMDK və DTXK tərəfindən təqdim edilmiş elektron bazada İddiaçı barəsində məlumat yoxdur. Cavabdeh tərəfindən verilmiş imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, mərhum X2 adı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq, 1992-2000-ci illərdə Azərbaycan Ordusunda həqiqi hərbi xidmətə başlamış, müvafiq komissiya tərəfindən mənzil növbəsinə qəbul edilmiş hərbi qulluqçuların və ehtiyatda (istefada) olan şəxslərin adlı siyahısında 3525-ci sıradadır. Hərbi qulluqçuların və ehtiyatda (istefada) olan şəxslərin daimi mənzillə təmin olunması yuxarıda qeyd edilən Fərmanının ikinci hissəsinə əsasən yaradılmış Komissiya tərəfindən növbəlilik əsasında prioritet ərazi üzrə həyata keçirilir. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsassızdır. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin 9-cu abzasına əsasən hərbi xidməti qüsursuz keçmiş və Silahlı Qüvvələrin veteranı vəsiqəsini almış, habelə həqiqi hərbi xidmətdən yaşına, xəstəliyinə görə buraxılmış hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və ehtiyatdan çağırılmış zabitlərdən başqa) üçün yaşayış sahəsinə görə güzəştli ödənc hüququ saxlanılır. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və zabitləri və onların ailə üzvlərinin xidmətə qədər tutduqları yaşayış sahələri həqiqi hərbi xidmət keçdikləri müddətdə onlar üçün saxlanılır. Onlar yaşayış sahəsi almaq üçün növbə siyahısından çıxarıla bilməz. “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli 2011-ci il 28 dekabr tarixli Fərmanının:

1. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər.

3. Komissiyaya tapşırılsın ki: 3.1. siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddətini, döyüş əməliyyatlarında iştirakını, hərbi rütbəsini, tutduğu vəzifənin xüsusiyyətlərini, ailə üzvlərinin sayını, yaşayış şəraitini nəzərə alsın; 3.2. hazırlanmış siyahını Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin; 3.3. görülən işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. 3-1. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün “qüsursuz xidmət” müddəti dedikdə, bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulan müddət istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nəzərdə tutulur. 3-2. Aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir: 3-2.1. hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti; 3-2.2. hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti; 3-2.3. məhkumluğun olduğu müddət. 3-3. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulmuş müddətlərdə bu Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz. Fərmanın Preambulasında isə qeyd edilmişdir ki, Azərbaycan iqtisadiyyatının sürətli inkişafı nəticəsində ölkəmizin hərbi qüdrətinin artırılması və ordu quruculuğu tədbirləri uğurla davam etdirilir. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin əhəmiyyətli dərəcədə artırılması ölkənin müdafiə potensialının gücləndirilməsi və ordumuzun madditexniki bazasının müasirləşdirilməsinə imkan vermişdir. Ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərlə yanaşı, Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların əmək haqlarının davamlı olaraq artırılması, verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi onların ailə üzvlərinin də sosial müdafiəsinin gücləndirilməsinə, mənzilməişət problemlərinin həll edilməsinə təkan vermişdir. Məhkəmə diqqətə çatdırır ki, iddiaçı hazırki iddia tələbi ilə mərhum əri, X2 adının “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Fərmanına uyğun olaraq, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə göndərilən siyahıya daxil edilməsi üçün növbədənkənar qaydada daxil edilməsini istəyir. İddiaçı bu tələbi əsaslandıraraq bildirir ki, ərinin adının siyahıya daxil edilməsi ailə başçısının itirilməsi ilə əlaqədar olaraq, həmin Fərmanla müəyyən edilmiş imtiyazlardan yararlanması məqsədini güdür. Yəni iddiaçı ailə başçısını itirməsi səbəbindən növbədənkənat mənzillə təmin olunmasını tələb etməkdədir. Nəzərə alınmalıdır ki, Fərmanın müvafiq bəndlərində hərbi qulluqçunun qüsursuz hərbi xidmətinin anlamı və hansı dövrlərin qüsursuz xidmətə daxil edilmədiyi əsasları göstərilmişdir. Lakin Fərman, hərbi qulluqçuların qüsursuz xidmətinə görə mənzil növbəsinə daxil edilməsi və ya növbədə olan şəxslərin növbədənkənar şəkildə siyahıya daxil edilməsi məsələlərini tənzimləyən xüsusi bir mexanizm təqdim etmir. Başqa sözlə desək, Fərman yalnız hərbi qulluqçuların xidmətlərinin qiymətləndirilməsini və buna əsaslanan hüquqların təmin edilməsini nəzərdə tutur, lakin bu cür vəziyyətlərdə növbədənkənar daxil edilmə və ya növbənin qabağa çəkilməsi məsələsi tənzimlənmir. Hal-hazırda iddiaçı mərhum ərinin adının siyahıya növbədənkənar şəkildə daxil edilməsini istəyir. Lakin bu, Fərmanla müəyyən edilməmiş bir mexanizmə əsaslanır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının tələbi əsasında mərhum ərinin adının növbədənkənar şəkildə daxil edilməsi, növbəsinin qabağa çəkilməsi, bu prosesin digər növbədəki şəxslərin hüquqlarına və mənafelərinə təsir edəcəyini nəzərə almalıdır. Belə bir dəyişiklik, növbədə olan digər şəxslərin mənzil almaq hüquqlarının pozulmasına və nəticədə onların gözlənilən mülkiyyət hüququnun daha gec realizə edilməsinə səbəb olacaqdır. Hər bir şəxs mənzil növbəsinə götürülmə zamanı gözləmə sırasına etibar etmişdir və onların növbə sırası, əvvəlcədən tənzimlənmiş qaydalar əsasında müəyyənləşmişdir. Əgər iddiaçının dediyi kimi mərhum ərinin adının növbədənkənar şəkildə qabağa çəkilməsi baş verərsə, bu vəziyyət eyni kateqoriyada olan digər şəxslərin növbə sırasını dəyişdirəcək və nəticədə onların hüquqlarının realizəsi ləngiyəcəkdir. Beləliklə, bu cür hərəkətlər həm hüquqi olmayacaq, həm də ədalət prinsipinə zidd olaraq, növbə gözləyən şəxslərin hüquqlarını ciddi şəkildə poza bilər. Bu səbəbdən də Məhkəmə hesab edir ki, cavabdeh haqlı olaraq iddiaçının heç bir hüquqi əsası olmayan tələbinin təmin edilməsindən imtina etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslıdır, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X8.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar