Məhkəmə qərarları › İş №2-1(112)-4710/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4710/2022

27.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4710/2022 27.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin “3-cü rüb 2020” hesabat dövrü üzrə 24 fevral 2021-ci il tarixli, **********896400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin “3-cü rüb 2020” hesabat dövrü üzrə 24 fevral 2021-ci il tarixli, **********896400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən kameral vergi yoxlaması nəticəsində müəssisəyə əlavə vergi məbləğləri hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarlarla kameral olaraq hesablanmış muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutalan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sosail sığorta haqqları məbləğləri əsassız olaraq hesablanmışdır. Həmin qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş qərarın bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat hissəsində qeyd edilmişdir ki, bu dövr üzrə təqdim edilmiş məcburi dövlət sosial sığorta hesabatının nəzərə alınması üçün əsaslar müəyyən edilmədiyindən əlavə hesablanmış sosial sığorta məbləği bərpa edilir. Belə ki, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi 2020-ci il 3-cü rüb uyğunsuzluq məktubunda göstərilən uyğunsuzluqlarla bağlı bildirilmişdir ki, müəssisənin işçilərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi uçot baza alt sistemində mövcud əmək haqqı məbləğləri və bəyannamədə göstərilən əmək haqqı məbləğləri arasında fərq yaranmasına səbəb 3-cü rübdə Koronavirusla bağlı əlavə tədbirlər haqqında Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimi ilə bağlı qərarına əsasən işin normal ahənginin pozulması və sosial məsafənin gözlənilməsi ilə əlaqədar işçilərin öz hesabına ödənişsiz məzuniyyətdən istifadə etmələri və bəzi işçilərin növbəli iş rejimində işləməsi olmuşdur. Əlavə olaraq nəzərinizə çatdırılır ki, işçilərə ay ərzində işlədikləri günə mütənasib olaraq əmək haqqı ödənişi edilmişdir. Göstərilənlərlə bağlı təqdim edilən hesabatın “İşçilərin işləmədiyi iş günləri barədə məlumat” bölməsində məlumatlar öz əksini tapmışdır. Yuxarıda göstərilənlərlə bağlı iddiaçı tərəfindən vergi orqanına şikayətlər ünvanlanmasına baxmayaraq vergi orqanı şikayətlərə məhəl qoymamış, müvafiq araşdırma aparmadan, təqdim edilmiş sənədlərə baxmadan vergi qanunvericiliyinin tələblərinə zidd olaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları qəbul etmişdir. Bununla əlaqədar cavabdehə dəfələrlə müraciət etmişdir. Lakin müraciətləri cavabdeh tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmamış və əsassız olaraq hesablanmış vergi məbləğləri azaldılmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, aparılan araşdırma zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişləri” bazasının məlumatlarına əsasən 2020-ci ilin 3-cü rübü (iyul, avqust və sentyabr ayları) ərzində vergi ödəyicisi tərəfindən işə götürülən şəxslərlə bağlanılmış əmək müqavilələri qüvvədə olmasına, muzdlu işdən və muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edilməsinə baxmayaraq, bu dövr üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinin (hesabatının) göstəriciləri azaldılmaqla (və ya boş) təqdim edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Belə ki, vergi ödəyicisi tərəfindən təqdim olunmuş 2020-ci ilin 3-cü rübü üzrə dəqiqləşdirilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari sığorta haqları bəyannaməsi (hesabatı)”nda 901-ci “işçilərin ümumi sayı” sətrinin 1-ci ayı üzrə (iyul) göstərilmiş 10 nəfər işçi sayı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 49 nəfər işçi sayından 39 nəfər az, 2-ci və 3-cü ayı üzrə (avqust və sentyabr) göstərilmiş 10 nəfər işçi sayı ƏƏSMN-in bildiriş bazasında qeyd edilmiş 48 nəfər işçi sayından 38 nəfər az əks etdirilmişdir. Həmçinin bəyannamənin 902-ci “Gəlirlər” sətrinin 1-ci ayı üzrə (iyul) göstərilmiş 795,50 manat gəlirin məbləği, ƏƏSMN-in bildiriş bazasında qeyd edilmiş 12250 manat gəlir məbləğindən 11454,50 manat, 2-ci ayı üzrə (avqust) göstərilmiş 1000 manat gəlirin məbləği, ƏƏSMN-in bildiriş bazasında qeyd edilmiş 12000 manat gəlir məbləğindən 11000 manat, 3-cü ayı üzrə (sentyabr) göstərilmiş 795,50 manat gəlirin məbləği, ƏƏSMN-in bildiriş bazasında qeyd edilmiş 12000 manat gəlir məbləğindən 11204,50 manat əz əks etdirilmişdir. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********670100 nömrəli məktub göndərilmiş, müvafiq təsdiqedici sənədləri, ətraflı izahat məktubunu və 2020-ci ilin 3-cü rübü üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsini (hesabatını) vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və vergi bəyannaməsi təqdim edilmədiyindən, 2020-ci ilin 3-cü rübünün muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) üzrə 8751,20 manat əlavə sosial sığorta haqqı məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********534800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. İddiaçının vergi orqanına ünvanladığı xx.xx.2021-ci il tarixli **********325900 nömrəli məktubunda qeyd edilmişdir: “2020-ci il 3-cü rübü pandemiya dövrünə düşdüyündən işçilərin işə çıxması tabel ilə rəsmiləşdirilmişdir. Davamiyyət tabelində işçilərin qeydiyyatı mövcuddur və işə nə zaman gəlib-getməkləri, ay ərzində neçə gün işdə olmaqları barədə məlumat öz əksini tapır. Xahiş edirik uyğunsuzluqları aradan qaldırasınız”. Vergi orqanı tərəfindən vergi ödəyicisinin həmin müraciətinə baxılmış və xx.xx.2022-ci il tarixli **********145500 nömrəli məktubla cavab verilmişdir. İddiaçının həm vergi orqanına ünvanladığı məktubda, həm də iddia ərizəsində qeyd olunanların əksinə bildirilir ki, vergi ödəyicisinin əsas fəaliyyət növü “Çörək istehsalı: Uzun müddət saxlanıla bilməyən unlu qənnadı məlumatların istehsalı” olmuşdur və bu da Vergi Məcəlləsinin 222.5-ci maddəsinə əsasən pandemiya vaxtı fəaliyyət sahəsi məhdudlaşdırılmayan sahələrə aid edilmişdir. Eyni zamanda vergi ödəyicisinə göndərilmiş xx.xx.2022-ci il tarixli **********145500 nömrəli məktubda müraciətində qeyd olunanları nəzərə alaraq müvafiq dövr üzrə qüvvədə olan (həmçinin dəyişdirilmiş və ya xitam verilən) əmək müqavilələri, vergi orqanına təqdim edilən bəyannamələrdəki işçi sayı və əmək haqları barədə məlumatların, həmçinin qanunvericiliyə əsasən qısaldılmış və ya natamam iş vaxtının dəqiqləşdirilməsi, öz hesabına məzuniyyətə göndərilən işçilərin ərizələri və məzuniyyət əmrləri, bank hesabından çıxarışlar, növbəli işə çıxan işçilərədən aldığı əmək haqqları və işlədikləri iş günləri barədə izahatları müraciətin araşdırılması üçün işçilərin əlaqə vasitələri həmçinin araşdırması üçün zəruri hesab etdiyi digər sənədləri təqdim etməsi bildirilməsinə baxmayaraq vergi ödəyicisi tərəfindən həmin sənədlərin heç biri vergi orqanına təqdim olunmamışdır. Vergi Məcəlləsinin 36-cı maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər əsasında keçirilir. Yuxarıda göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul ediləməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4710/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı “cavabdehin 14 yanvar 2022-ci il tarixli **********534800 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi” barədə iddianın dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş Fiziki şəxsin vergi uçotu haqqında şəhadətnaməyə əsasən İddiaçı xx.xx.2019-cu il tarixdə VÖEN ********** nömrəsi ilə vergi ödəyicisi kimi vergi uçotuna alınmışdır. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixdə İddiaçı ünvanladığı “Təqdim edilmiş bəyannamədə müəyyən edilmiş kənarlaşmalar ilə əlaqədar zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktubda bildirilmişdir ki, 14 yanvar 2021 tarixində təqdim etdiyiniz bəyannamədə, hesabatda kameral vergi yoxlamasının aparılması aşağıda göstərilən səbəbdən (səbəblərdən) mümkün olmamışdır. Səbəblər: 1. Tərəfinizdən təqdim edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatı)”nda 901-ci “işçilərin ümumi sayı” sətirinin 1-ci ayı üzrə göstərilmiş 10.00 nəfər işçi sayı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 49 nəfər işçi sayından 39.00 nəfər az əks etdirildiyinə görə kənarlaşma yaranmışdır. 2. Tərəfinizdən təqdim edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatı)”nda 902-ci “Gəlirlər” sətirinin 1-ci ayı üzrə göstərilmiş 795.50 manat gəlirin məbləği, Azabaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 12250.00 manat gəlir məbləğindən 11454.50 manat az əks etdirildiyi üçün kənarlaşma yaranmışdır. 3. Tərəfinizdən təqdim edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatı)”nda 901-ci “işçilərin ümumi sayı” sətirinin 2-ci ayı üzrə göstərilmiş 10.00 nəfər işçi sayı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 48 nəfər işçi sayından 38.00 nəfər az əks etdirildiyinə görə kənarlaşma yaranmışdır. 4. Tərəfinizdən təqdim edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatı)”nda 902-ci “Gəlirlər” sətirinin 2-ci ayı üzrə göstərilmiş 1000.00 manat gəlirin məbləği, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 12000.00 manat gəlir məbləğindən 11000.00 manat az əks etdirildiyi üçün kənarlaşma yaranmışdır. 5. Tərəfinizdən təqdim edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatı)”nda 901-ci “işçilərin ümumi sayı” sətirinin 3-cü ayı üzrə göstərilmiş 10.00 nəfər işçi sayı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 48 nəfər işçi sayından 38.00 nəfər az əks etdirildiyinə görə kənarlaşma yaranmışdır. 6. Тərəfinizdən təqdim edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatı)”nda 902-ci “Gəlirlər” sətirinin 3.cü ayı üzrə göstərilmiş 795.50 manat gəlirin məbləği, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 12000.00 manat gəlir məbləğindən 11204.50 manat az əks etdirildiyi üçün kənarlaşma yaranmışdır. Bununla əlaqədar olaraq kamcral vergi yoxlamasının başa çatdırılması üçün aşağıdakı zəruri sənədləri (məlumatları) təqdim etməyiniz tələb olunur: Sənədlər: 1. Həmin dövr üçün dəqiqləşdirilmiş Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) bəyannaməsi. Təqdim etdiyiniz bəyannamə, hesabat üzrə kameral vergi yoxlamasının başa çatdırılması üçün 5 (beş) gün ərzində əsaslandırılmış yazılı izahatı və ya zəruri olan sənədləri (məlumatları) vergi orqanına təqdim etməyiniz tələb olunur. Məktubla əlaqədar yaranacaq suallarla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) “Vergi ödəyicilərinə xidmət” və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. Bildirilir ki, kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər (məlumatlar) məktubda göstərilən müddətədək təqdim edilmədiyi halda Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddəlaınin müddəalarına əsasən vergi orqanının sizin vergi, məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı üzrə öhdəliklərinizi yenidən hesablamaq hüququ vardır. İş materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********534800 nömrəli qərarına əsasən 2020-ci ilin 3-cü rübü üzrə muzdlu işlə əlaqədar təqdim edilmiş ödəmə mənbəyində tutalan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sosail sığorta haqları bəyannaməsinə (hesabatı) əsasən hesablanmış vergi və ya sığorta haqqı məbləği 786,30 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı məbləği 9.537,50 manat, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 8.751,20 manat təşkil edir. Beləliklə, işin hallarından müəyyən olunur ki, cavabdeh orqanın “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********534800 nömrəli qərarına əsasən iddiaçıya 2020-ci ilin 3-cü rübünün muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) üzrə 8751,20 manat əlavə sosial sığorta haqqı məbləği hesablanmışdır. Hazırkı iddiasında iddiaçı vergi orqanının qeyd edilən qərarının ləğvini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə müraciət etmiş, iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra cavabdehin mübahisəli dövrlə bağlı vergilərin hesablanması barədə yeni xx.xx.2022-ci il tarixli qərarı qəbul edilmiş və iddiaçı bundan sonra iddia tələbini dəqiqləşdirmiş, bununla da mübahisələndirilən qərara münasibətdə tələb olunan 30 günlük iddia müddətini ötürməmişdir. Beləliklə, iddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia əsasızdır. Belə ki, Vergi Məcəlləsinin: -222.1-ci maddəsinə əsasən bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan fəaliyyəti həyata keçirən vergi ödəyicilərinin, habelə sadələşdirilmiş verginin ödəyicisi olan mikro sahibkarlıq subyektlərinin apardıqları əməliyyatlara tətbiq edilən vergi dərəcələrini, vergi güzəştlərini və azadolmaları, vergilərin ödənilməsi müddətlərini, vergi rejiminin seçilməsi ilə bağlı məsələləri tənzimləyir. -222.2-ci maddəsinə görə bu fəslin müddəaları 2020-ci il yanvarın 1-dən bir il müddətinə tətbiq edilir. Bu maddə ilə müəyyən edilən müddət bitdikdən sonra vergi ödəyicisinin fəaliyyəti üzrə vergi öhdəlikləri, vergi ödəyicisinin hüquq və vəzifələri, vergi ödəyicisinin apardığı əməliyyatlara tətbiq edilən vergi dərəcələri, vergi güzəştləri və azadolmaları, vergilərin ödənilməsi müddətləri bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. -222.4-cü maddəsinə görə bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan şəxslərin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq edilir. -222.5-ci maddəsinə görə bu fəslin müddəaları aşağıdakı fəaliyyəti həyata keçirən şəxslərə şamil edilir: 222.5.1. avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti; 222.5.2. yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlərin fəaliyyəti; 222.5.3. turoperator və turagent fəaliyyəti; 222.5.4. sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının satıcılardan alıcılara daşınması və (və ya) çatdırılması fəaliyyəti; 222.5.5. ictimai iaşə fəaliyyəti; 222.5.6. sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti; 222.5.7. idman-sağlamlıq obyektlərinin fəaliyyəti; 222.5.8. hazırlıq (tədris) və ixtisasartırma kurslarının, məktəbdənkənar təhsil müəssisələrinin, psixoloji mərkəzlərinin fəaliyyəti; 222.5.9. koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla). “Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarına əsasən: -1.1. Aşağıda qeyd edilən iş və xidmət sahələri üzrə fəaliyyət dayandırılsın: 1.1.1. nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti (....). Fəaliyyətinə icazə verilən sahələr: -4. Əsas istehsalat növləri: 4.3. qida məhsullarının və onlar üçün xammal istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanması və topdan satışı. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Nazirlər Kabinetinin 16 may 2020-ci il tarixli 178 nömrəli Qərarına əsasən: 1. Müəyyən edilsin ki, 2020-ci il 30 sentyabr saat 00:00-dək Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə aşağıdakı məhdudiyyətlər qüvvəsini saxlayır və həmin məhdudiyyətlərdən başqa, digər iş, xidmət sahələrində və istiqamətlərdə fəaliyyətə icazə verilir. İş materiallarından görünür ki, iddiaçının əsas fəaliyyət növü çörək istehsalı: Uzun müddət saxlanıla bilməyən unlu qənnadı məlumatların istehsalı” olmuşdur. Göstərilən fəaliyyət sahəsi 2020-ci ilin 01 yanvar tarixindən tətbiq edilən Vergi Məcəlləsinin 222.5-ci maddəsində sadalanan pandemiyadan zərər çəkən sahələrə aid deyildir. Eyni zamanda həmin sahə qida məhsullarının və onlar üçün xammal istehsalı sahəsi olmaqla xüsusi karantin rejimi dövründə fəaliyyətinə icazə verilmiş sahə olmuşdur. İddiaçının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında 49 nəfər işçinin adına aktiv müqavilə olsa da, 2020-ci ilin 3cü rübü-iyul, avqust, sentyabr ayları üzrə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari sığorta haqları bəyannaməsi (hesabatı)”nda cəmi 10 nəfər işçi sayı qeyd edilmiş, eləcə də ƏƏSMN-in bildiriş bazasında qeyd edilmiş gəlir məbləğindən az məbləğ göstərilmişdir. İddiaçının əsas dəlili ondan ibarət olmuşdur ki, 2020-ci il 3-cü rübü pandemiya dövrünə düşdüyündən işin normal ahəngi pozulmuş, işçilər öz hesabına ödənişsiz məzuniyyətdən istifadə etmiş və bəzi işçilərin növbəli iş rejimində işləmiş, işçilərin işə çıxması tabel ilə rəsmiləşdirilmiş, bu barədə davamiyyət tabelində işçilərin qeydiyyatı aparılmışdır. İddiaçı qeyd edilən davamiyyət kitabının surətini məhkəməyə təqdim etsə də davamiyyət kitabındakı məlumatları təsdiq edən müvafiq sənədləri nə inzibati icraat zamanı orqana nə də məhkəməyə təqdim etmişdir. Halbuki, tabel cədvəli, davamiyyət kitabı o zaman mötəbər təsdiqedici sənəd qismində qəbul edilə bilərdi ki, mübahisə dövrü olan 2020-ci ilin 3-cü rübünə aid aylarda 10 nəfər işçi sayı ilə işləmiş iddiaçının əmək müqaviləsi sistemində qeydə alınmış yerdə qalan 39 nəfər işçi ilə dəyişdirilmiş və ya xitam barədə əmək müqavilələri bildirişləri, qısaldılmış və ya natamam iş vaxtı ilə bağlı müvafiq əmrlər, öz hesabına məzuniyyətə göndərilmiş işçilərin məzuniyyət əmrləri, həmin işçilərə, eləcə də işdə qalan və növbəli işə çıxan işçilərə əmək haqqının ödənilməsi ilə bağlı müvafiq bank hesabından çıxarışlar təqdim edilmiş olaydı. Qeyd edilən sənədlər isə hazırkı məhkəmə icraatında da müəyyən olunmamışdır. Belə olan halda vergi orqanı vergi ödəyicisinin vergi bəyannaməsində özünün bəyan etdiyi 786,30 manat vergi məbləğindən əlavə rəsmi işçi sayına uyğun olaraq 8.751,20 manat sosial sığorta haqqı hesabalmaqda haqlı olmuşdur. Vergi Məcəlləsinin 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə qədər qüvvədə olmuş 37.2-ci maddəsinin redaksiyasına əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.3-cü maddəsinə görə kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar əsasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Həmin Məcəllənin 37.4-cü maddəsinə görə kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Bildirişdə hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə¬sinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə “qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar