Məhkəmə qərarları › İş №2-1(112)-4710/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4710/2024

20.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4710/2024 20.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırova Ayla Fuad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinə qarşı “ünvan 1 ünvanında, yerləşən fərdi yaşayış evinə dair torpaq sahəsinin ölçülərini Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş “Şəxsi mülkiyyət hüquqi ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportun” baş planında qeyd olunan ölçülər qalmaqla (evin arxa eni 6,60, evin ön eni 6,90) cavabdeh tərəfindən verilmiş xx.xx.2023 cü il tarixli, reyestr nömrəsi **********19- 10301 olan texniki pasporta dəyişiklik edilməsi və yeni texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vərəsəlik üzrə qalan ünvan 1 ünvanında, yerləşən fərdi yaşayış evinə dair torpaq sahəsinin ölçülərini Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş “Şəxsi mülkiyyət hüquqi ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportun” baş planında qeyd olunan ölçülər qalmaqla (evin arxa eni 6,60, evin ön eni 6,90) cavabdeh tərəfindən verilmiş xx.xx.2023 cü il tarixli, reyestr nömrəsi **********19-10301 olan texniki pasporta dəyişiklik edilməsi və yeni texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, X1 1959 və 1965 ci illərdə ünvan 2 ünvanında, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş “Şəxsi mülkiyyət hüquqi ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportun” baş planında qeyd olunan (mülkiyyətində olan) torpaq sahəsində fərdi yaşayış evini inşa etmişdir. Həmin fərdi yaşayış evində 7 (yeddi) uşaq dünyaya gəlmiş və həmin ünvanda boya başa çatmışlar. İddiaçının valideyni X1 həmin ünvanda dünyasını dəyişmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən iddiaçı vərəsə olaraq Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş “Şəxsi mülkiyyət hüquqi ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportun” əslini götürərək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinə müraciət etmişdir. Atasının adına olan texniki pasportla Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin arxivində olan texniki pasportun eyni olduğu yoxlanılmış, təsdiqlənmiş və iddiaçıya yeni çıxarış və texniki pasport verilmişdir. Lakin iddiaçıya verilən texniki pasportun heç bir hüquqi əsası olmadan (koordinatları) ölçüləri arxivdə olan texniki pasport ilə üst üstə düşmədi. Yəni Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş “Şəxsi mülkiyyət hüquqi ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportun” baş planında qeyd olunan (evin arxa eni 6,60, evin ön eni 6,90) olduğu halda yeni verilən texniki pasportda (evin arxa eni 5,28, evin ön eni 5,70) göstərilmişdir. Belə ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində ********** nömrəli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 Saylı Bakı ərazi idarəsinə müraciət edilsə də xahişi təmin edilməmişdir. İddiaçıya xx.xx.2023 cü il tarixində 3-21-3-30/2-N-03xx-xx/2023 **********54 nömrəli cavab məktubu təqdim edilmişdir. Cavab məktubunda bildirilir ki, sözü gedən ünvanda yeni inşa edilmiş tikilinin bir hissəsi həmin əlavə torpaq sahəsində yerləşir. İddiaçı qeyd edir ki, kimsə qanunsuz yerə mülkiyyətdə olan (1971 ci ildə mülkiyyəti təsdiqləyən sənəd Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib olunan texniki pasport olub) torpaq sahəsinin üzərində tikili tikibsə bu onun mülkiyyəti deyil, zəbti sayılır. Bu isə iddiaçının Konstitusion mülkiyyət hüquqlarımın pozulmasına gətirib çıxarır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli, **********54 nömrəli imtina məktubunda qeyd etmişdir ki, texniki pasportda göstərilən yaşayış evində əsaslı rekonstruksiya və yenidənqurma işləri aparılmışdır. Torpaq sahəsinin sahəsi, konfiqurasiyası və giriş qapısının yeri dəyişdirilmişdir. Fərdi yaşayış evinə və həyətinə giriş ümumi istifadədə olan həyətdəndir. Həmçinin əlavə torpaq sahəsi istifadə edilir və həmin sahəyə dair hüquqmüəyyəneidci sənəd təqdim edilməmişdir. Sözügedən ünvanda yeni inşa edilmiş tikillinin bir hissəsi həmin əlavə torpaq sahəsində yerləşir. Eyni zamanda fərdi yaşayış evinin faktiki vəziyyətini əks etdirən layihə təqdim edilməmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-ci il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmiş və xx.xx.2023-ci il tarixli **********54 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, idarə tərəfindən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli elektron çıxarış və texniki pasport tərtib edilərkən, idarənin mütəxəssisləri tərəfindən yerli baxış keçirilmiş, mövcud faktiki vəziyyətə uyğun texniki pasport tərtib edilmişdir. Məlumat üçün bildirilir ki, təqdim edilmiş texniki pasportda göstərilən yaşayış evində əsaslı rekonstruksiya və yenidənqurma işləri aparılmışdır. Belə ki, idarənin mütəxəssisləri tərəfindən fərdi yaşayış evinə texniki baxış keçirilən zaman müəyyən edilmişdir ki, ümumi sahəsi 104.4 kv.m olan 5 otaqlı, 2 ədəd fərdi yaşayış evi tikilmiş, torpaq sahəsinin sahəsi, konfiqurasiyası və giriş qapısının yeri dəyişdirilmişdir. Fərdi yaşayış evinə və həyətinə giriş ümumi istifadədə olan sahədəndir. Həmçinin iddiaçı tərəfindən əlavə torpaq sahəsi istifadə edilir və həmin sahəyə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Sözügedən ünvanda yeni inşa edilmiş tikilinin bir hissəsi həmin əlavə torpaq sahəsində yerləşir. Eyni zamanda fərdi yaşayış evinin faktiki vəziyyətini əks etdirən layihə idarəyə təqdim edilməmişdir. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: **********19-10301 reyestr, **********7 qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanı İddiaçı adına qeydiyyata alınmışdır və daşınmaz əmlakın ümumi sahəsi 53.30 kv.m-dir. Çıxarışda torpaq sahəsinin ölçüsü 0,01460 ha, təyinatı yaşayış məntəqələrinin torpaqları, mülkiyyət növü xüsusi mülkiyyət olaraq qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinin Daşınmaz Əmlakın Kadastrı Texniki İnventarlaşdırması şöbəsinin xx.xx.2023-cü il tarixli, **********19-10301 reyestr nömrəli yaşayış evinin texniki gösəricilərinə əsasən “A” tikilisinin ümumi sahəsi 30,4 kv.m, yaşayış sahəsi 19,2 kv.m, köməkçi sahəsi 11,2 kv.m, “ B” tikilisinin ümumi sahəsi 22,9 kv.m, yaşayış sahəsi 12,4 kv.m, köməkçi sahəsi 10,5 kv.m qeyd olunmuşdur. Cavabdeh tərəfindən elektron məhkəmə sistemi vasitəsilə təqdim olunmuş xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, Maştağa qəsəbəsində yerləşən mübahisələndirilən torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə yaşayış sahəsi 31,6, ümumi sahəsi 53,3 kv.m, faktiki Atikilisinin yaşayış sahəsi 46,4, ümumi sahəsi 86,3 kv.m, texniki pasportda əksini tapmamış torpaq sahəsində sonradan tikilmiş “B” tikilisinin (1-otaq) yaşayış sahəsi 10/8 kv.m, ümumi sahəsi 18,1 kv.m-dir. Texniki pasportda göstərilən mülkdə əsaslı yenidənqurma və rekonstruksiya işləri aparılmışdır. Ü/s-104,4m2 olan 5 otaqlı, 2-ədəd f/y evi düzəldilmişdir. Torpaq sahəsinin sahəsi, konfiqurasiyası və girişin qapısının yeri dəyişdirilmişdir. Ərizəçinin həyətinə və mülkünə giriş ümumi istifadədə olan həyətdəndir. Həmin ümumi istifadə həyətdə ərizəçinin istifadəsində, tikinti altı sahəsi 23,6 m2 olan, t/p-da əksini tapmamış bir otaqlı f/y evi aşkar edildi. Əlavə olunmuş -12,3 m2 + 23,60 m2 torpaq sahəsinə dair sənəd təqdim edilməyib. Ərizəçinin həyətində yeni inşa edilmiş tikilinin bir hissəsi həmin artırılmış torpaq sahəsində yerləşir. Mülkün faktiki vəziyyətini əks etdirən layihə idarəyə təqdim edilməyib. Məlumat üçün cavabdeh tərəfindən tərtib edilmiş baş plan (tikililərlər birlikdə) akta əlavə edildi. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2024-cü il tarixli **********33 nömrəli məktubunda qeyd edilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, texniki pasportda göstərilən mülkdə əsaslı yenidənqurma və rekonstruksiya işləri aparılmışdır. Ümumi sahəsi 104.4 kv.m olan beş otaqlı iki ədəd fərdi yaşayış evi düzəldilmişdir. Torpaq sahəsinin sahəsi, konfiqurasiyası və girişin qapısının yeri dəyişdirilmişdir. İddiaçının həyətinə və mülkünə giriş ümumi istifadədə olan həyətdəndir. Həmin həyətin digər hissəsində, iddiaçının istifadəsində tikinti altı sahəsi 23,6 kv.m olan, texniki pasportda əksini tapmamış bir otaqlı yaşayış evi aşkar edilmişdir. Əlavə olunmuş 12,3 kv.m torpaq sahəsinə və həyətin digər hissəsində mövcud olan tikiliyə həmçinin, yerləşdiyi 23,6 kv.m tikinti altı torpaq sahəsinə dair sənəd təqdim edilməmişdir. Yeni inşa edilmiş tikilinin bir hissəsi həmin artırılmış torpaq sahəsində yerləşir. Mülkün faktiki vəziyyətini əks etdirən layihə idarəyə təqdim edilməmişdir. Əlavə olaraq qeyd edilir ki, əvvəlki texniki pasportla mövcud vəziyyət arasında konfiqurasiya fərqi var. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 16.1-ci maddəsinə görə qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2-ci hissəsinə əsasən müəyyən edilir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” na əsasən: 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 27 iyul tarixli 308 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları”na və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunu aparmaq məqsədi ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması mexanizmini müəyyən edir. 1.2. Torpaqların elektron kadastr uçotu informasiya sisteminin (bundan sonra – sistem) yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir... 5.1. Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. 5.2. Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır. 5.3. Sistemə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsi təmin olunur. Yuxarıda qeyd olunan normaların tələbindən də göründüyü kimi, normativ aktlarla uyğunsuzluqların aradan qaldırılması mexanimzini faktiki istifadə vəziyyətinə nəzərən müəyyənləşdirilmiş və inzibati orqanın səlahiyyətlərin dəqiq dairəsi hüquqi aktlarda təsbit edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş (1 nömrəli əlavə) “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”na əsasən: 4.2. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının mülkiyyətində olan daşınmaz əmlaka münasibətdə hüquqların qeydiyyata alınması zamanı faktiki istifadə vəziyyətinə, yerləşməsinə və quruluş formasına nəzərən torpaq sahəsi və tikiliyə münasibətdə texniki pasport tərtib edilmiş və iddiaçıya verilmişdir. İddiaçı isə hazırkı tələblə məhkəməyə müraciət edərək texniki pasportun daşınmaz əmlakın (torpaq sahəsinin) faktiki vəziyyətinə deyil, ilkin 1971-ci il tarixli texniki pasportun ölçülərinə uyğunlaşdırılmasını tələb etməkdədir. Beləliklə, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. İddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslıdır, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinə qarşı “ünvan 1 ünvanında, yerləşən fərdi yaşayış evinə dair torpaq sahəsinin ölçülərini Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş “Şəxsi mülkiyyət hüquqi ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportun” baş planında qeyd olunan ölçülər qalmaqla (evin arxa eni 6,60, evin ön eni 6,90) cavabdeh tərəfindən verilmiş xx.xx.2023 cü il tarixli, reyestr nömrəsi **********19- 10301 olan texniki pasporta dəyişiklik edilməsi və yeni texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X3.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar