Məhkəmə qərarları › İş №2-1(112)-4711/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4711/2021

23.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4711/2021 23.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I.İşin halları İddiaçı (bundan sonra – İddiaçı) 23.06.2020-ci il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) müraciət etmiş, Cavabdeh İddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış **********3 nömrəli, 22.07.2020-ci il tarixli imtina məktubunda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyini bildirmişdir. Bundan sonra İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı 24.05.2021-ci il tarixdə məhkəmənin hazırlıq icraatı iclasında iddiasını dəqiqləşdirərək, iddia tələbinin “ona 20.05.2020-ci il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” şəklində qəbul edilməsini xahiş etmiş, məhkəmənin 24.05.2021-ci il tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsi qəbul edilmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini onunla əsaslandırmışdır ki, müxtəlif vəzifələrdə çalışmaqla 01.01.2006-cı il tarixədək olan müddət üçün ümumilikdə 25 ildən artıq ümumi stajı var və bu müddətin 15 il 9 ayını güzəştli şərtlərlə pensiya hüququ verən əmək şəraitində işləmişdir. Onun əmək fəaliyyətinin çox hissəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın (bundan sonra - 2 nömrəli Siyahı) təsiri altına düşdüyündən onun pensiya təyinatı həmin Siyahıya istinad edilməklə aparılmalıdır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya etirazında bildirmişdir ki, “Əmək pensiyaları haqqında “Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə“ 10 mart 2017-ci il tarixli, 543-VQD nömrəli Azərbaycan Respublikası Qanununa əsasən şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün üç şərt ( yaş, staj və pensiya kapitalı) mövcud olmalıdır. İddiaçının isə fərdi hesabının sığorta hissəsində qeydə alınmış olan pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 46800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 42347,61 manat təşkil edir. Eyni zamanda iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun ümumi iş stajı 25 ildən azdır (24 il 6 ay 28 gün). Nəticə etibarilə 3 vacib şərtdən 2-si mövcud deyil. Buna görə də iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X2 iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. III. Məhkəmənin mövqeyi Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan hüquq normalarından görünür ki, 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün 2006-cı ilin yanvarın 1-dək güzəştli iş stajı 12 il 6 aydan, ümumi stajı 25 ildən az olmamalıdır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən sənədlərdən (AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin, НЗ №4526284 nömrəli hərbi biletin, НТ-İ №552348 və 682453 nömrəli diplomların, ПТ-İ №0326700 nömrəli əmək kitabçasının surətləri) müəyyən olunur ki, iddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuş, 28.06.1980-ci ildə Masis rayonunda Partiyanın 22-ci qurultayı adına sovxozda fəhlə kimi əmək fəaliyyətinə başlamış, 04.06.1981-ci ildə hərbi xidmətə getməsi ilə əlaqədar işdən azad edilmiş, 13.05.1981-27.06.1983-cü il tarixlərində hərbi xidmətdə olmuş, 26.06.1983-cü il tarixdən 20.07.1984-cü il tarixədək Masis rayonu 19 saylı texnikumda Traktorist-maşinist ixtisası üzrə təhsil almış, 17.09.1984-07.07.1986-cı illərdə Ermənistan SSR “Qoskomselxoztexnika” ixtisaslaşdırılmış şöbəsində 1-ci dərəcəli çilingər-tənəkəçi kimi işləmiş, 08.06.1988-11.11.1988-ci illərdə hazırlayıcı sexində 3-cü dərəcəli buxarçınəqledici kimi işləmiş, 1986-1989-cu illərdə Bakı Dəmiryol Nəqliyyatı Texnikumunda elektrikdartma təsərrüfatı ixtisası üzrə təhsil almışdır. Təhsilini bitirdikdən sonra 08.06.1989-cu il tarixdən "xxxx" QSC-nin Bakı Lokomativ Deposunda avtomatik sexə hərəkət heyətinin təmiri üzrə 3-cü dərəcəli çilingər kimi işə başlamış, 06.03.1990-cı ildən 14.10.1993-cü il tarixə kimi elektrovoz maşinist köməkçisi işləmişdir. 08.12.1993-cü ildə yenidən həmin müəssisədə 3-cü dərəcəli çilingər kimi işə başlamış, 17.05.1994- 02.01.2002-ci illərdə Bakı Lokomotiv Deposunda motor-vaqon hərəkət heyətinin maşinist köməkçisi, 02.01.2002-17.10.2015-ci illərdə maşinist, 17.10.2015-17.11.2015-ci illərdə elektrik qatarlarının maşinist köməkçisi, 17.11.2015-15.03.2021-ci il tarixlərdə isə elektrik qatarlarının maşinisti vəzifəsində işləmişdir. Hazırda İddiaçı həmin müəssisədə elektrik qatarının maşinist köməkçisi vəzifəsində əmək fəaliyyətini davam etdirir. Beləliklə, iş materiallarına əsasən İddiaçı 2006-cı ilin yanvarın 1-dək 25 il 2 ay 15 gün ümumi iş stajına malik olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11.12.2017ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. Bu arayışda İddiaçının çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hansı bölməyə aid olması konkret olaraq göstərilmişdir, sənəd məzmunca İddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verir. İddiaçının iş yeri olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Bakı Lokomotiv Deposu tərəfindən verilən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair 01.06.2020-ci il tarixli, 336 saylı arayışdan, habelə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəmə sorğusuna verilən 66329 saylı 24.05.2021-ci il tarixli, 85591 saylı 22.07.2021-ci il tarixli cavab məktublarından görünür ki, İddiaçı: - 08.06.1989-06.03.1990, 08.12.1993-17.05.1994-cü illərdə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Bakı Lokomotiv Deposunda avtomatik sexə hərəkət heyətinin təmiri üzrə çilingər peşəsində işləmişdir (staj 1 il 2 ay 10 gün), 2 nömrəli Siyahı üzrə kodu 23001000—18540 (hərəkətdə olan tərkibin təmiri üzrə çilingərlər); - 06.03.1990-cı ildən 14.10.1993-cü il tarixə kimi elektrovoz maşinist köməkçisi işləmişdir (staj 3 il 7 ay 10 gün), 2 nömrəli Siyahı üzrə kodu 23001000—16885 (elektrovozlarda maşinist köməkçiləri); - 17.05.1994-02.01.2002-ci illərdə motor-vaqon hərəkət heyətinin (elektrin qatarının) maşinist köməkçisi vəzifəsində işləmişdir (staj 7 il 7 ay 17 gün), 2 nömrəli Siyahı üzrə kodu 23001000—16887 (elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri); - 02.01.2002-01.01.2006-cı illərdə motor-vaqon hərəkət heyətinin (elektrin qatarının) maşinisti vəzifəsində işləmişdir (staj 4 il), 2 nömrəli Siyahı üzrə kodu 23001000—14409 (elektrik qatarlarının (seksiyalarının) maşinistləri). Göründüyü kimi, iddiaçının 01.01.2006-cı il tarixədək 16 il 5 ay 2 gün güzəştli iş stajı olmuşdur. Beləliklə, işin sadalanan halları ilə iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 il ümumi əmək stajı olması və onun 12 il 6 ay müddətini 2 nömrəli Siyahı üzrə nəzərdə tutulmuş sahələrdə işləməsi tam sübuta yetirildiyindən onun 57 yaşdan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Lakin cavabdeh göstərilənləri nəzərə almayaraq qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir. Cavabdehin etirazının əsas dəlilini iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış olan pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi və onun ümumi iş stajının 25 ildən az (24 il 6 ay 28 gün) olması təşkil edir. Cavabdehin ilk dəlili ilə bağlı məhkəmə qeyd edir ki, yuxarıda istinad olunan «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsindən də müəyyən olunduğu kimi həmin Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edildiyindən və pensiya kapitalı ilə bağlı tələb qanunvericiliyə sonradan (01.07.2017), Qanunun 9.1-ci maddəsinə daxil edildiyindən, 9.8-ci maddədə bununla bağlı hər hansı bir göstəriş olmadığından həmin şərt hazırkı halda iddiaçıya tətbiq edilə bilməz. İddiaçının ümumi stajı ilə bağlı dəlilə gəldikdə, işdən görünür ki, cavabdeh iddiaçının müraciətinə inzibati icraat çərçivəsində baxarkən, onun stajını mübahisələndirməmişdir. İşə məhkəmədə baxılarkən cavabdeh iddiaya etirazda bu dəlilə istinad etsə də hansı dövrü nəzərə almadığını qeyd etməmiş, məhkəmə iclasında nümayəndənin izahatına və məhkəməyə təqdim edilən sığorta stajının hesablanması ilə bağlı cədvələ əsasən iddiaçının 28.06.1980-ci ildən 04.06.1981-ci ilədək Masis rayonunda Partiyanın 22-ci qurultayı adına sovxozda fəhlə kimi işlədiyi dövrü qəbul etmədiyi müəyyən olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi vaxt qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmin Qanunun 70-ci maddəsinə əsasən pensiya təyin edilməsi üçün müəyyən stajın tələb olunduğu hallarda vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, həmin dövlətlərlə bağlanmış sazişlərdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ayırmaları keçirildikdə iş stajına daxil edilir. Bu zaman 1992-ci ilin yanvarın 10-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış iş stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada iş stajına daxil edilir. Bu tələb eyni zamanda hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunda da nəzərdə tutulmuşdur. Belə ki, həmin Qanunun 23.1-ci maddəsinə əsasən vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Həmin Qanunun 23.2-ci maddəsinə görə 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. 26.09.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, qanunverici əmək kitabçası olmadıqda iş stajının digər sənədlər əsasında hesablanmasını nəzərdə tutmuşdur ki, hazırkı işdən görünür ki, iddiaçının 28.06.1980-ci ildən 04.06.1981-ci ilədək Masis rayonunda Partiyanın 22-ci qurultayı adına sovxozda işləməsi əmək kitabçasında öz əksini tapmışdır. Cavabdeh həmin dövrü sığorta stajına daxil etməsə də, bunu əsaslandırmamış, hansı əsasla qəbul etməməsini göstərməmişdir. Buna görə də cavabdehin bu dəlili əsaslı sayıla və qəbul edilə bilməz. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilsin. İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı 20.05.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar