Məhkəmə qərarları › İş №2-1(112)-4712/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4712/2021

24.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4712/2021 24.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 57 yaşdan, yəni hüququnun yarandığı 25.05.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, xx.xx.1963-cü il tarixində doğulmuşdur. 01.09.1980-ci ildən 06.03.1982-ci ilədək 87 №-li texniki peşə məktəbində “Elektrik qatarlarının maşinist köməkçisi" peşəsi üzrə təhsil almış, 10.05.1982ci ildən 15.05.1984-cü ilədək hərbi xidmətdə olmuşdur. 03.12.1981-ci il tarixdə "xxxx" QSC-nin Bakı Lokomotiv Deposunda işə başlamış, işlədiyi müddət ərzində elektrik qatarlarının maşinist köməkçisi, elektrik qatarlarında maşinist və növbətçi maşinist vəzifələrində işləmişdir. Ona məxsus əmək kitabçasında işə daxil olma və işdən çıxma barədə əmrlərin tarixləri və nömrələri barədə müvafiq qeydlər aparılmış və qeydlər müəssisənin səlahiyyətli şəxslərinin imzaları və təşkilatın möhürü ilə təsdiq edilmişdir. Eyni zamanda Bakı Lokomotiv Deposundan iş stajının təsdiq olunması barədə verilən açıqlama arayışında həmin məlumatlar öz əksini tapmışdır. Həmin sənədlərdən məlum olur ki, o, 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi və 12 il 6 aydan artıq güzəştli şərtlərlə pensiya hüququ verən vəzifədə işləmişdir. O, cavabdeh orqana güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə müraciət etmiş, cavabdehin 09.09.2020-ci il tarixli məktubu ilə məsələnin həllindən imtina edilmişdir. İmtina məktubunda göstərilmişdir ki, onun işlədiyi motor vaqon maşinisti vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısının nəqliyyat bölməsinin “dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriya işçiləri” bəndində nəzərdə tutulmamışdır. Bu səbəbdən onun 01.01.2006-cı il tarixinədək güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Bundan başqa göstərilmişdir ki, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Bu səbəblərdən pensiya təyin edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Göründüyü kimi, onun müraciət etdiyi vaxt kifayət qədər güzəştli iş stajının olmasına baxmayaraq, cavabdeh orqan tərəfindən əmək pensiyasının təyin edilməsi ilə bağlı hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş və 01.01.2006-cı ilədək qüvvədə olan “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər yarımbölməsində “elektrik qatarlarının maşinistləri” və “elektrik qatarlarının maşinist köməkçiləri” vəzifələri qeyd edilmişdir. Azərbaycan Dəmir Yolları QSC Bakı Lokomotiv Deposunun verdiyi arayışda qeyd olunur ki, “motor vaqonu maşinisti” anlayışı “elektrik qatarlarının maşinistləri” və “maşinist köməkçiləri” vəzifə adları ilə eynilik təşkil edir. Onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il ümumi və 2 nömrəli Siyahı üzrə 12 il 6 ay güzəştli sığorta stajı olduğundan, yaşa görə əmək pensiyası Qanunun 9.8-ci maddəsinə uyğun olaraq 2006-cı ilin yanvarın 1-dək qüvvədə olmuş Qanunun 13-cü maddəsinin “b” bəndi ilə müəyyən edilmiş 57 yaşa çatdığı tarixdən təyin edilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, İddiaçı güzəştli iş stajına malik deyil. Eyni zamanda onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, 04.12.1989-01.01.2006-cı illərdə Azərbaycan Dəmir Yolları QSC Bakı Lokomotiv Deposunda “motor vaqon maşinisti” peşəsində çalışmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 21.06.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının 28-ci bölməsi “Nəqliyyat” (Kod: ********) adlanır. Həmin bölmənin “Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” adlanan (Kod:********) 1-ci bəndində dəmiryol nəqliyyatında güzəştli iş stajı verən peşələr sadalanır. Qeyd edilən bənddə “motor vaqon maşinisti” peşəsi öz əksini tapmamışdır. İddiaçının təqdim etdiyi Azərbaycan Dəmir Yolları QSC Bakı Lokomotiv Deposunun tərtib etdiyi 343 saylı 11.06.2020-ci il tarixli arayışda iddiaçının çalışdığı peşənin hansı bənd (kod) altında nəzərdə tutulduğu göstərilməmiş, ümumi şəkildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına istinad edilmişdir. İddiaçı güzəştli iş stajına malik olsa belə iddiaçıya pensiya təyin edilməsi üçün ən azı 46.801,16 manat məbləğində pensiya kapitalına malik olması tələb edilir. Lakin iddiaçının sahib olduğu pensiya kapitalı cəmi 39.722,48 manat təşkil edir. Cavabdehin imtinası qanuni və əsaslıdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 09.09.2020-ci il tarixli məktubda qeyd olunur: Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bakı 4 saylı “ASAN xidmət” mərkəzi tərəfindən daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin "b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Filiala təqdim etdiyiniz 7 dekabr 1981-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçanızda qeyd olunan 04.12.1989-01 01,2006-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" QSC-nin Bakı Lokomotov Deposunda işlədiyiniz motor vaqon maşinisti vəzifəsi həmin qurumun Sizə dair 11.06.2020-ci il tarixli 343 nömrəli arayışında istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahisı»nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçiləri bəndində (21.4) nəzərdə tutulmamışdır. Bu səbəbdən də Sizin 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajınız 12 il 6 aydan az təşkil edir. Bundan başqa fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq Sizə münasibətdə 46801,16 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 39722,48 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış 14.06.2021-ci il tarixli məktubda qeyd olunur: Məktubunuza baxaraq bildiririk ki, vətəndaş İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 18228,12 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 23618,28 manat olmaqla cəmi pensiya kapitalı 41846,40 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq İddiaçı 01.01.2006-cı il tarixinədək olan 23 il 11 ay 1 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 18228,12 manat müəyyən edilmişdir. İddiaçı həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 23618,28 manat pensiya kapitalı qeydə alınmışdır. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə Mərkəzi Filiala müraciətində qeyd etdiyi kimi 57 yaşının tamam olduğu 25.05.2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 45600,00 manat məbləğində hesablanmışdır. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. İş materiallarında olan Azərbaycan SSR X6 Təhsili Komitəsi tərəfindən 06.03.1982-ci ildə verilmiş A seriyalı 763149 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 01.09.1980ci ildə 87 nömrəli Texniki peşə məktəbinə daxil olmuş və 06.03.1982-ci ildə “Elektrik qatarlarının maşinist köməkçisi" peşəsi üzrə texniki məktəbin tam kursunu bitirmişdir. İmtahan komissiyasının qərarı ilə ona elektrik qatarlarının maşinist köməkçisi 3-cü dərəcəli çilingəri ixtisası verilmişdir. İş materiallarında olan iddiaçıya məxsus NZ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 10.05.1982-ci ildən 15.05.1984-cü ilədək həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Dəmir Yolları QSC Bakı Lokomotiv Deposunun 343 saylı 11.06.2020-ci il tarixli açıqlama-arayışından görünür ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı Bakı Lokomotiv Deposunda 17.10.1984-25.08.1986, 22.01.1987- 04.12.1989-cu illərdə elektrik qatarlarının maşinist köməkçisi, 04.12.1989-01.11.2009-cu illərdə elektrik qatarlarında maşinist, 01.11.2009-06.09.2017-ci illərdə növbətçi maşinist peşələrində işləmişdir. İddiaçı əmək kitabçası üzrə Bakı Lokomotiv Deposunda güzəştli iş stajı - maşinist köməkçisi kimi 04 il 08 ay, maşinist kimi 19 il 11 ay, növbətçi maşinist kimi 07 il 10 ay, ümumi 32 il 05 ay təşkil edir. Qeyd olunan müddət İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı Qərarının Nəqliyyat bölməsinin 21.4-cü maddəsinə əsasən güzəştli təqaüd almasına imkan verir. İş materiallarında olan Azərbaycan Dəmir Yolları QSC Bakı Lokomotiv Deposu tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə ünvanlanmış 338 saylı 04.06.2020-ci il tarixli arayışda qeyd edilir: Şifahi sorğunuza cavab olaraq bildiririk ki, Bakı Lokomotiv Deposunda hal-hazırda maşinist köməkçisi işləyən X3 əmək kitabçasında Sovetlər dönəmində yazılan MVS hal-hazırda tərcümə olunaraq “elektrik qatarları” adlandırılmış və bu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci ilin 23 yanvar tarixli 12 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Qərarının 21. Nəqliyyat bölməsində göstərilən elektrik qatarlarının maşinistləri və maşinist köməkçiləri vəzifə adları ilə eynilik təşkil edir. İş materiallarında olan Azərbaycan Dəmir Yolları QSC tərəfindən İddiaçı ünvanlanmış 48618 nömrəli 11.03.2021-ci il tarixli arayışda qeyd edilir: Verilir, İddiaçı ondan ötrü ki, o, həqiqətən 03.12.1981-ci il tarixdən 21.04.1982-ci il tarixədək və 18.06.1984-cü il tarixdən 17.10.1984-cü il tarixədək Azərbaycan Dəmir Yolları QSC Bakı Lokomotiv Deposunda hərəkətdə olan tərkibin təmiri üzrə çilingər, 17.10.1984-cü il tarixdən 25.08.1986-cı il tarixədək və 22.01.1987-ci il tarixdən 19.02.1987-ci il tarixədək elektrik qatarının maşinist köməkçisi, 19.02.1987-ci il tarixdən 01.11.2009-cu il tarixədək elektrik qatarının maşinisti, 01.11.2009-cu il tarixdən 06.09.2017-ci il tarixədək növbətçi maşinist (ümumilikdə 33 il 02 ay 10 gün olmaqla) peşələrində çalışmışdır. Məlumat üçün bildiririk ki, qeyd olunan peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısına daxildir. İş materiallarında olan Azərbaycan Dəmir Yolları QSC Sərnişin Daşımaları Departamenti Bakı Lokomotiv Deposu tərəfindən verilmiş 37 nömrəli 26.05.2021-ci il tarixli arayışda qeyd edilir: Şifahi sorğunuza cavab olaraq bildiririk ki, Bakı Lokomotiv Deposunda işləyən maşinist və maşinist köməkçilərinin əmək kitabçasında Sovetlər dönəmində yazılan MVS (motor vaqon seksiyası) tərcümə olunaraq MVHH (motor vaqon hərəkət heyyəti) adlandırılmış və bu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci ilin 23 yanvar tarixli 12 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Qərarının 21. Nəqliyyat bölməsində göstərilən elektrik qatarlarının (seksiyalarının) maşinistləri və maşinist köməkçiləri vəzifə adları ilə eynilik təşkil edir. İş materiallarında olan İddiaçı məxsus İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının tərcümə edilmiş və notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 01.09.1980-ci ildən 06.03.1982-ci ilədək müddətdə təhsil almışdır, 03.12.1981-ci ildə Azərbaycan Dəmir Yolları Bakı Lokomotiv Deposu Qaldırıcı sexə 3-cü dərəcəli hərəkət heyətinin təmiri üzrə çilingər qəbul edilmiş, 21.04.1982-ci ildə Sovet ordusuna çağırıldığı üçün işdən azad edilmiş, 10.05.1982-ci ildən 11.05.1984-cü ilədək Sovet Ordusu sıralarında xidmət etmiş, 18.06.1984-cü ildə Azərbaycan Dəmir Yolları Bakı Lokomotiv Deposu Qaldırıcı sexə 3-cü dərəcəli hərəkət heyətinin təmiri üzrə çilingər qəbul edilmiş, 17.10.1984-cü ildə Motorvaqon bölməsi üzrə maşinistin köməkçisinin dublyoru keçirilmiş, 31.10.1984-cü ildə Motorvaqon bölməsi üzrə maşinistin köməkçisi vəzifəsinə sərbəst şəkildə işləməsi üçün icazə verilmiş, 25.08.1986-cı ildə Azərbaycan SSR Bakı Texniki Məktəbinin maşinistlər və motorvaqon bölməsi üzrə kurslara getdiyi üçün işdən azad edilmiş, 25.08.1986-cı ildə Azərbaycan Dəmir Yolları Bakı Texniki Məktəbi elektrik qatarı maşinistlərinin kurslarına daxil olmuş, 21.01.1987-ci ildə elektrik qatarı maşinistlərinin kurslarını bitirmiş, 22.01.1987-ci ildə Azərbaycan SSR Bakı Texniki Məktəbinin motorvaqon bölməsi üzrə maşinistin köməkçisi qəbul edilmiş, 19.02.1987-ci ildə Azərbaycan Dəmir Yolu Bakı Texniki Məktəbi motorvaqon bölməsi üzrə maşinist ixtisası verilmiş, 04.12.1989-cu ildə motorvaqon bölməsi üzrə maşinist keçirilmiş, 24.03.1994-cü ildə MVB maşinistə 3-cü dərəcə verilmiş, 01.03.1996-cı ildə MVB maşinistə 2-ci dərəcə verilmiş, 01.11.2009-cu ildə İstismar sexində depoda növbətçi maşinist keçirilmiş, 06.09.2017-ci ildə Depoda növbətçi təyin edilmişdir və (17.06.2020-ci il) hal-hazıra kimi işləyir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuşdur, 01.09.1980-06.03.1982-ci illərdə 87 nömrəli texniki peşə məktəbində təhsil almışdır, 10.05.1982-15.05.1984-cü illərdə həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçı 03.12.1981-ci ildə Azərbaycan Dəmir Yolları Bakı Lokomotiv Deposu Qaldırıcı sexə 3-cü dərəcəli hərəkət heyətinin təmiri üzrə çilingər qəbul edilmiş, 21.04.1982-ci ildə Sovet ordusuna çağırıldığı üçün işdən azad edilmiş, 18.06.1984-cü ildə Azərbaycan Dəmir Yolları Bakı Lokomotiv Deposu Qaldırıcı sexə 3-cü dərəcəli hərəkət heyətinin təmiri üzrə çilingər qəbul edilmiş, 17.10.1984-cü ildə Motorvaqon bölməsi üzrə maşinistin köməkçisinin dublyoru keçirilmiş, 31.10.1984-cü ildə Motorvaqon bölməsi üzrə maşinistin köməkçisi vəzifəsinə sərbəst şəkildə işləməsi üçün icazə verilmiş, 25.08.1986-cı ildə Azərbaycan SSR Bakı Texniki Məktəbinin maşinistlər və motorvaqon bölməsi üzrə kurslara getdiyi üçün işdən azad edilmiş, 25.08.1986-cı ildə Azərbaycan Dəmir Yolları Bakı Texniki Məktəbi elektrik qatarı maşinistlərinin kurslarına daxil olmuş, 21.01.1987-ci ildə elektrik qatarı maşinistlərinin kurslarını bitirmiş, 22.01.1987-ci ildə Azərbaycan SSR Bakı Texniki Məktəbinin motorvaqon bölməsi üzrə maşinistin köməkçisi qəbul edilmiş, 19.02.1987-ci ildə Azərbaycan Dəmir Yolu Bakı Texniki Məktəbi motorvaqon bölməsi üzrə maşinist ixtisası verilmiş, 04.12.1989-cu ildə motorvaqon bölməsi üzrə maşinist keçirilmiş, 24.03.1994-cü ildə MVB maşinistə 3-cü dərəcə verilmiş, 01.03.1996-cı ildə MVB maşinistə 2-ci dərəcə verilmiş, 01.11.2009-cu ildə İstismar sexində depoda növbətçi maşinist keçirilmiş, 06.09.2017-ci ildə Depoda növbətçi təyin edilmişdir və (17.06.2020-ci il) hal-hazıra kimi işləyir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdeh orqana müraciət etmiş, lakin güzəştli iş stajının 12 il 6 aydan az təşkil etməsi, eləcə də fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi əsas gətirilməklə cavabdeh tərəfindən müraciətin təmin edilməsində imtina edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Lakin həmin Qanunun 21.2-ci maddəsinə sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə müddətlərin daxil edilməsi sadalanmış, təhsil müddətinin sığorta stajına daxil edilməsinin nəzərdə tutulduğu isə göstərilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən təhsil müddəti iş stajına daxil edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, şəxsin pensiya hüququ onun qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur. Pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, lakin təhsil müddətinin əmək stajına daxil edilməsi məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. Təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə deyil, onun təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbləri ilə müəyyən edilməlidir. 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiya hüququna malikdiklər. 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və ya yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının texniki peşə məktəbində təhsil aldığı müddət də sosial sığorta stajına əlavə edilməlidir. Təhsil aldığı müddət və hərbi xidmət müddəti də daxil olmaqla 01.01.2006-cı il tarixədək iddiaçı 25 il 26 gün ümumi sığorta stajına malikdir. Göründüyü kimi, 01.01.2006cı il tarixədək iddiaçının ümumi sığorta stajı 25 ildən artıqdır. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar isə məhkəmə qeyd edir ki, iddiaçı Azərbaycan Dəmir Yolları Bakı Lokomotiv Deposunda 17.10.1984- 25.08.1986, 22.01.1987-04.12.1989-cu illərdə elektrik qatarlarının maşinist köməkçisi, 04.12.1989-01.11.2009-cu illərdə elektrik qatarlarında maşinist peşələrində işləmişdir. İddiaçı 01.01.2006-cı il tarixədək 20 il 09 ay 19 gün güzəştli iş stajına malikdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11.12.2017ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. İddiaçının işlədiyi həmin sahə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı»nda (XXVİİİ Bölmə - Nəqliyyat, 1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər, kod 23001000—14409 elektrik qatarlarının (seksiyalarının) maşinistləri və kod 23001000—16887 elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda (21-ci Bölmə - Nəqliyyat, 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər - elektrik qatarlarının (seksiyalarının) maşinistləri, elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri) nəzərdə tutulmuşdur. Cavabdeh imtina məktubunda iddiaçının 04.12.1989-01 01,2006-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" QSC-nin Bakı Lokomotov Deposunda işlədiyi motor vaqon maşinisti vəzifəsinin qeyd olunan Siyahıda nəzərdə tutulmadığını bildirsə də, Azərbaycan Dəmir Yolları QSC Sərnişin Daşımaları Departamenti Bakı Lokomotiv Deposu tərəfindən verilmiş 37 nömrəli 26.05.2021-ci il tarixli arayışda əsasən Bakı Lokomotiv Deposunda işləyən maşinist və maşinist köməkçilərinin əmək kitabçasında Sovetlər dönəmində yazılan MVS (motor vaqon seksiyası) tərcümə olunaraq MVHH (motor vaqon hərəkət heyyəti) adlandırılması və bu vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci ilin 23 yanvar tarixli 12 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Qərarının 21. Nəqliyyat bölməsində göstərilən elektrik qatarlarının (seksiyalarının) maşinistləri və maşinist köməkçiləri vəzifə adları ilə eynilik təşkil etməsi təsdiq edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qeyd olunan dövrlər güzəştli şərtlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır. Göründüyü kimi, 01.01.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan çoxdur (cəmi 20 il 09 ay 19 gün). Beləliklə, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 6 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahı üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə onun 57 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci və 9.8-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Cavabdeh orqan imtina məktubunda bildirmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının 25 ildən artıq ümumi iş stajına malik olması, o cümlədən 12 il 6 aydan artıq əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması iş materialları ilə öz təsdiqini tapmışdır. İddiaçının əlavə olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləği olan tələbə cavab verməsi, onu digər şəxslərə, yəni ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərə münasibətdə daha ağır vəziyyətə salır və bu hal sosial ədalət prinsipinə ziddir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərin əmək pensiyası hüququnun yaranması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması alternativi nəzərdə tutulmuşdur. Lakin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan şəxslərin əmək pensiyası hüququ həmin şəxslərin (kişilərin) 25 il sığorta stajına malik olması və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışması və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə yaranır, yəni qeyd edilən şəxslərin əmək pensiyası hüququn yaranması üçün göstərilən hər iki tələbin (sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı) mövcud olması nəzərdə tutulmuşdur. Bu isə həmin şəxsləri ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərlə müqayisədə daha ağır vəziyyətə salır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun 8.0.8-ci maddəsinə əsasən normayaratma fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ hissəsində göstərilən prinsiplərlə yanaşı insanların hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsi və sosial ədalət prinsipi əsasında həyata keçirilir. Beləliklə, məhkəmənin qənaətinə görə iddiaçı 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, cavabdeh tərəfindən əlavə olaraq iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tələb edilməsi, iddiaçını ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərə münasibətdə daha ağır vəziyyətə salır və bu hal sosial ədalət prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının təhsil aldığı müddət, həqiqi hərbi xidmət keçdiyi müddət, yuxarıda qeyd olunan işlədiyi dövrlər nəzərə alınmaqla, onun 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Bu səbəbdən də iddia əsaslı hesab edilməli və təmin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı 25.05.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar