Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4712/2025 14.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (DTSERA) qarşı “əlilliyin müəyyən edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona 2-ci dərəcəli əlilliyin verilməsi ilə bağlı öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının ərizəsi nəzərə alınaraq, məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi “İddiaçı orqanizmin funksiyalarının pozulma faizinə uyğun olaraq müvafiq əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2001-ci il təvəllüdlü iddiaçı xx.xx.2019-cu il tarixdə müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. 2-ci Qarabağ müharibəsi iştirakçısıdır. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan mərmi partlayışı nəticəsində “Sol sarğı nahiyəsinin dəlib keçən odlu silah yarası” diaqnozu ilə xəsarət almış, ilk tibbi yardım göstərildikdən sonra ixtisaslı müayinə üçün təxliyyə olunmuşdur. Bundan sonra, səhhətində ağırlaşmalar baş vermişdir. Psixi durumu pis olduğundan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X7 stasionar müalicədə olmuşdur. Həmin xəstəxananın 19 fevral 2024-cü il tarixli, 3698 nömrəli həkim psixiatr komissiyasının rəyində də, qeyd edilmişdir ki, Azərbaycan Respubikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il tarixli, 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun olaraq, mən Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuşdur və diaqnozu: Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, dissosiativ daxilolmalar, somnambulizm əlamətləri ilə F62.0 qeyd edilmişdir. Yuxarıda qeyd edilən diaqnoz Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının 24 aprel 2024-cü il tarixli 3661 nömrəli xəstəlik haqqında şəhadətnaməsi ilə də, öz təsdiqini tapmışdır. İddiaçının ona əlilliyin təyin edilməsi ilə əlaqədar müraciətinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmış və 21 avqust 2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, “Hərbi xidmətlə əlaqədar əlillik vəziyyətinin qiymətləndirilməsi barədə daxil olmuş müraciətlərinizə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində (bundan sonra - Agentlik) baxılmış, lakin təqdim edilən tibbi sənədlərin və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən iddiaçının adına rəsmiləşdirilən göndərişdə qeyd edilmiş diaqnozların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən barəsində “Diaqnozun öz təsdiqini tapmaması qərarı qəbul edilmişdir.” İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və qanunaziddir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir.” İddiaçı tərəfindən mümkünlük şərtlərinə də əməl edilməmişdir. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız və qanunsuzdur. Baxılan halda xx.xx.2024-cü il tarixində iddiaçı müayinə olunmuş və müayinənin nəticəsinə dair məlumat ona xx.xx.2024-ci il tarixində SMS bildiriş vasitəsilə göndərilmişdir. Lakin həmin Qərar xx.xx.2024-cü il tarixinədək, yəni məhkəməyə müraciət edilənək mübahisələndirilməmişdir. Hesab edilir ki, qərarın mübahisələndirilməsi hazırkı mərhələdə iddia müddəti ötürüldüyü üçün mümkünsüz hesab edilməlidir. Göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək iddia tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. İddianının mümkünlüyü ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan iddianın mümkünlüyü məsələsini qaldırsa da, məhkəmə iclasında cavabdehin nümayəndəsi ilə müzakirə zamanı əlilliyin təyin edilməsindən imtina barədə məlumatın iddiaçının elektron kabinetində yerləşdirilmiş (məhz məlumatlandırılması üçün) və xx.xx.2024-cü il tarixli, P00203020XYQ nömrəli göndərişində (Forma 88-də ) qeyd olunmuş əlaqə nömrəsinə deyil, elektron sistem vasitəsilə axtarış nəticəsində əldə edilmiş aktiv olmayan mobil nömrəyə (***-***-**-**) göndərildiyi müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı əlilliyin təyin edilməsindən imtina edilməsi barədə cavabdeh tərəfindən lazımi qaydada məlumatlandırılmadığından iddia müddətinin ötürülməsindən söhbət gedə bilməz. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəldikdə, məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikası Müdafiə Nazirliyi 706 saylı Hərbi hissə tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 1007 nömrəli travma haqqında arayışın surətindən görünür ki, əsgər İddiaçı xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən düşəmən tərəfindən atılan mərmi partlayışı nəticəsində “Sol sarğı nahiyəsinin dəlib keçən odlu silah yarası” diaqnozu ilə xəsarət almışdır. Xəsarət (yaralanma, travma, kontuziya) döyüş tapşırığını yerinə yetirərkən alınmışdır. -xx.xx.2024-cü il tarixli, 3661 nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, iddiaçıya “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra ağır (kəskin) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, dissosiativ daxilolmalar somnambulizim əlamətləri ilə. Partlayış travması (xx.xx.2020). İkitərəfli xroniki koxlear nevrit. İkitərəfli neyrosensor ağıreşitmə. Pıçıltı nitqini hər iki qulaqda 5 (beş) metr məsafədən eşitməsi ilə. Sol sağrı nahiyyəsinin dəlib-keçən odlu silah yaralanmasından (xx.xx.2020) sonra bərkimiş dəri çapığı” diaqnoz “Diskogen mənşəli xroniki bel-oma radikuliti, natamam remissiya mərhələsində. Hər gözün sadə miopik astiqmatizmi Em və M 0,75D nəticəsində görmə itiliyinin 0.8-ə qədər azalması korreksiya ilə 1.0 olmaqla” ümumi xəstəlikdir, “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” təsdiq olunmuşdur. -“Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3628 nömrəli Həkim Psixiatr Komissiyasının rəyindən görünür ki, İddiaçı “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, dissosiativ daxilolmalar, somnambulizm əlamətləri ilə” (F62.0) müəyyən olunmuşdur. -AR ƏƏSMN Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatlardan görünür ki, iddiaçının əlillik vəziyyəti Bakı 2 nömrəli X2 xx.xx.2024-cü il tarixdə verilmiş, P00203020XYQ nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, dissosiativ daxilolmalar, somnambulizm əlamətləri ilə” diaqnozunun əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina verilmişdir. -AR ƏƏSMN tabeliyində DTSERA-nın Tibbi sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-5813/2024 saylı qərarından görünür ki, İddiaçı əyani müayinəsi keçirilmiş və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 187 saylı 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. -İşin məhkəmə araşdırması zamanı məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilərək ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X5 Hüquqi Şəxsə tapşırılmış və ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. xx.xx.2001-ci il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla (zərurət yarandıqda instrumental müayinə vasitələrindən istifadə olunmaqla) xəstəlik (xəstəliklər) diaqnozu müəyyən edilsin.
2. İddiaçı canlı müayinəsi zamanı xx.xx.2024- cü il tarixli, P00203020XYQ nömrəli göndərişdə (Forma 88) qoyulmuş diaqnoz təsdiqini tapırmı?
3. İddiaçı canlı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar (X1 10-cu yenidən işlənmiş variantında göstərilmiş kodlara uyğun göstərilməklə) aşkar olunur?
4. İddiaçı xəstəliklərinin qiymətləndirilməsi zamanı onda fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi (F62.0) müəyyən edilirsə, bu diaqnoz onda tez-tez baş verdiyi qeyd edilən dekompensasiyaların davam etmə müddəti (ildə 3 dəfədən çox, yoxsa az) və periodları (il, ay) müəyyən edilsin.
5. İddiaçı xəstəliklərinin qiymətləndirilməsi zamanı onda fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi (F62.0) müəyyən edilirsə, bu diaqnoz onda ətrafdakılarla münasibətdə ailə, peşə və sosial dezadaptasiyaya, ətrafdakılarla münasibətdə münaqişəli vəziyyətə səbəb olurmu? Bu vəziyyət onun özünə və ya ətrafa zərər yetirmə riski ilə müşayiət oluna bilərmi?
6. İddiaçı xəstəliklərinin qiymətləndirilməsi zamanı onda fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi (F62.0) müəyyən edilirsə, bu diaqnoz onda reallığı qiymətləndirmək, adekvat qərarlar qəbul etmək və ya öz davranışına nəzarət etmək qabiliyyətinin olmamasına səbəb olmuşdurmu? Əgər bu hallar iddiaçıda aşkar edilirsə qeyd olunan dəyişikliklərin onda nə vaxtdan yarandığı müəyyən edilsin. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş 952 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar bildirilmişdir: 1-ci, 2-ci, 3-cü və 6-cı suallara cavab olaraq: İddiaçı hal- hazırda Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, dissosiativ daxilolmalarla (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F62.0) müəyyən edilir. İddiaçı canlı müayinəsi zamanı xx.xx.2024-cü il tarixli, P00203020XYQ nömrəli göndərişdə (Forma 88) qoyulmuş diaqnoz öz təsdiqini tapır. İddiaçı hazırda aşkar edilən Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, dissosiativ daxilolmalarla diaqnozu onda reallığı qiymətləndirmək, adekvat qərarlar qəbul etmək və ya öz davranışına nəzarət etmək qabiliyyətinin aşkar enməsinə səbəb olmuş və həmin dəyişikliklər onda il Qarabağ uğrunda döyüşlər zamanı aldığı barotravma və sarğı nahiyəsindən dəlib keçən odlu silah yaralanmasından sonra yaranmış və hazırda İddiaçı psixi vəziyyətinə və həyat keyfiyyətlərinə aşkar nəzərə çarpan mənfi təsir göstərmişdir. 4-cü suala cavab olaraq: Ekspertlər qarşısında qoyulmuş bu suala cavab olaraq bildirmək olar ki, şəxsdə aşkar edilmiş xəstəliyin davam etmə müddəti, dekompensasiyası müxtəlif faktorlardan (sosial-tibbi reabilitasiya və kompleks müalicə tədbirlərinin düzgün aparılması, şəxsin fərdi psixoloji xüsusiyyətləri, adekvat qoruyucu müalicənin vaxtlıvaxtında qəbuluna nəzarət və s.) asılı olaraq müxtəlif olduğu üçün proqnoz verilməsi mümkün deyil. 5-ci suala cavab olaraq: İddiaçı aşkar edilən Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, dissosiativ daxilolmalarla diaqnozlu xəstəlik onda ətrafdakılarla münasibətdə ailə, peşə və sosial dezadaptasiyaya, ətrafdakılarla münasibətdə münaqişəli vəziyyətə səbəb olması, bu vəziyyətdə onun özünə və ya ətrafa zərər yetirmə riski istisna edilmir. Məhkəmə iddianın qanuni əsasları ilə bağlı aşağıdakı normalara istinad edir: Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Həmin Qanunun 3.4-cü maddəsinə əsasən, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və Agentliyinin” Nizamnaməsinin: -1.1-ci bəndinə əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir; -2.1-ci bəndinə əsasən strukturuna daxil olan tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsini həyata keçirmək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin fəaliyyət istiqamətlərinə daxildir; -3-cü bəndinə əsasən müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək, fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: -1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. -1.6-cı bəndinə əsasən, əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. -1.8-ci bəndinə əsasən, əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. -2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra- Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. -2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.9-cu bəndinə əsasən, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: -3.1-ci bəndinə əsasən, anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 – xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. Beləliklə, hazırkı halda iddiaçının hüquqi marağı və məqsədi Bakı 2 nömrəli X4 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, P00203020XYQ nömrəli tibbi göndərişi (Forma 88) üzrə əlilliyinin müəyyən edilməsindən ibarətdir. Bununla bağlı cavabdehə müraciəti “Diaqnoz öz təsdiqini tapmaması” səbəbi ilə təmin edilməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutları nəzərdən keçirərək hesab edir ki, cavabdehin imtinası qanunauyğun olmamışdır. Ona görə də iddiaçıya xx.xx.2024-cü il tarixli göndəriş əsasında əlillik təyin edilməlidir. Belə ki, Bakı 2 nömrəli X4 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, P00203020XYQ nömrəli tibbi göndərişdən (Forma 88) görünür ki, iddiaçıda əsas diaqnoz kimi XBT-10 kodu F62.0 olan “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, dissosiativ daxilolmalar, somnambulizm əlamətləri ilə” qeyd edilmişdir. Məhkəmə iddiaçının əlilliyinin qiymətləndirildiyi xx.xx.2024-cü il tarixli göndərişdəki (Forma 88) və ekspert rəyində müəyyən edilmiş xəstəliklər diaqnozunu nəzərdən keçirərək hesab edir ki, iddiaçıya əlilik dərəcəsinin təyin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, xx.xx.2024-cü il tarixli, P00203020XYQ nömrəli tibbi göndərişdə qeyd edilən əsas diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə aşağıdakı kimi öz əksini tapmışdır:
7. Psixi və davranış pozuntuları 7.7.1. Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi – F62.0. Məhkəmə qeyd edir ki, iddiaçıda fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi iş materiallarında olan iddiaçıya dair tibbi sənədlərdə və keçirilmiş ekspertiza rəyi ilə öz təsdiqini tapmışdır. Belə ki, Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş 952 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyindən göründüyü kimi, iddiaçıda hazırda “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, dissosiativ daxilolmalarla” (F62.0) aşkar olunmuş və P00203020XYQ saylı göndərişdə qeyd olunan psixiatriyaya aid diaqnoz təsdiqlənmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.7.1-ci bəndində F62.0 XBT kodu altında nəzərdə tutulan “fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” xəstəliyi aşağıdakı hallarda əlilliyin təyini üçün əsas verir: 7.7.1.1. fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski. 7.7.1.2. bütün həyat fəaliyyətində dezadaptasiyaya səbəb olan 2 ildən çox davam edən dekompensasiya; reallığı qiymətləndirmək, adekvat qərarlar qəbul etmək və uzun müddət ərzində öz davranışına nəzarət etmək qabiliyyətinin olmaması. Göründüyü kimi, istinad olunan Meyarlara əsasən şəxsə F62.0 kodu altında diaqnoz qoyularkən 7.7.1.1-7.7.1.2-ci altbəndlərdə nəzərdə tutulmuş ağırlaşmalar üzrə qiymətləndirilmə aparılmalıdır. Həmin qiymətləndirilmədən asılı olaraq şəxsin sağlamlıq vəziyyətində müvafiq ağırlaşmalar müəyyən edildiyi halda, orqanizmin funksiyalarının pozulmasının faiz dərəcəsi və müddəti müəyyən edilməklə əlillik dərəcəsi təyin edilir. Məhkəmə işin araşdırılması ilə iddiaçının sağlamlıq vəziyyətinin Meyarların 7.7.1.1-ci yarımbənddə göstərilən hallara uyğun gəldiyini hesab edərək bildirir ki, 7.7.1-ci bənddə diqqət yetirilməli məqam odur ki, bu diaqnoz fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlara (3 aydan çox davam edən dekompensasiyalar), münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibətə, ailə, peşə və sosial dezadaptasiyaya, özünə və ya ətrafa zərər yetirmə riski mövcudluğuna səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar şəklində özünü büruzə vermiş olmalı, həmçinin bütün həyat fəaliyyətində dezadaptasiyaya səbəb olan 2 ildən çox davam edən dekompensasiya, reallığı qiymətləndirmək, adekvat qərarlar qəbul etmək və uzun müddət ərzində öz davranışına nəzarət etmək qabiliyyətinin olmaması ilə müşayiət edilməlidir. Məhkəmə o qənaətdədir ki, hazırkı halda, iddiaçıda “fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu mövcudluğu müəyyən edilmişdir və bu pozuntu ilə bağlı iddiaçının bütün həyat fəaliyyətində dezadaptasiyaya səbəb olan 2 ildən çox davam edən dekompensasiya, reallığı qiymətləndirmək, adekvat qərarlar qəbul etmək və uzun müddət ərzində öz davranışına nəzarət etmək qabiliyyətinin ümumilikdə olmamasını müəyyən etmək mümkün olmasa da, müvafiq ekspert rəyindən də göründüyü kimi fəlakət keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, dissosiativ daxilolmalarla diaqnozu onda reallığı qiymətləndirmək, adekvat qərarlar qəbul etmək və ya öz davranışına nəzarət etmək qabiliyyətinin aşkar enməsinə, ətrafdakılarla münasibətdə ailə, peşə və sosial dezadaptasiya, münaqişəli vəziyyətə səbəb olma, bu vəziyyətdə onun özünə və ya ətrafa zərər yetirmə riskini istisna etmir. Bu isə əlilliyin təyininə əsas verən xəstəliyin iddiaçıda mövcud olması deməkdir. Bu baxımdan, məhkəmə nəticəyə gəlir ki, iddiaçıda müşahidə olunan pozuntu 7.7.1.1-ci altbənddə nəzərdə tutulmuş “fərdin fəaliyyətinə mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski” halına uyğundur. Göstərilən xəstəlik iddiaçının orqanizminin funksiyalarının 35-60 faiz pozulması kimi qəbul edilməsinə və ona əlillik təyin edilməsi üçün əsas verir. Oxşar mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1882/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti mümkün sayılmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “…kassasiya şikayətinin məhkəmələr tərəfindən cavabdehin səlahiyyəti ilə bağlı əsassız qərar qəbul edilməsi dəlilinə münasibətdə kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-522/2024 nömrəli, 2-1(102)-1428/2024 nömrəli 2-1(102)-1148/2024 nömrəli, 2-1(102)-1218/2024 nömrəli, 2-1(102)-2378/2023 nömrəli, qərarları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bundan əlavə, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2500/2023 nömrəli, 2- 1(102)-1218/2024 nömrəli, 2-1(102) 2378/2023 nömrəli qərarları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi (məhkəmə tibbi ekspertizası vasitəsi ilə) və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır. “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə bu qənaətə gəlir ki, cavabdeh inzibati orqanın imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı Bakı 2 nömrəli X4 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, P00203020XYQ nömrəli tibbi göndəriş (Forma 88) əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.7.1.1-ci yarımbəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 35-60 faiz olmaqla 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məlikov