Məhkəmə qərarları › İş №2-1(112)-4714/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4714/2020

11.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4714/2020 11.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1, 3-cü şəxs Ləğv prosesində olan “xxxxxxxxxxx” ASC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı Ləğv prosesində olan “xxxxxxxxxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəmənin icraatına 3-cü şəxslər qismində cəlb edilməklə«kompensasiya hesablanması və müvafiq siyahıya salınma» tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,sonradan isə dəqiqləşmə ərizəsi verərək, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidnetinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının tələblərinə əsasən kompensasiya ödənişi edilməli olan fiziki şəxslərin siyahısına daxil edilməsi və kompensasiyanın iddiaçıya ödənilməsini təmin edən tədbirlərinin görülməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4714 /2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə Ləğv prosesində olan “xxxxxxxxxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Azərbaycan Respublikası Maliyyə Nazirliyi iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdirlər. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2015-ci ildə “xxxxxxxxxxx” ASC-dən 10.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. xx.xx.2015-ci il tarixdə və xx.xx.2015-ci ildə manat ABŞ dollarına nisbətdə ucuzlaşdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu ilin 28 fevral tarixli 551№-li Fərman imzalanmışdır. Onun kredit borcu xx.xx.2015-ci il tarixə-10000 ABŞ dolları-7862 manat; xx.xx.2015-ci il tarixə-8.425,32 ABŞ dolları-8845,74 manat; xx.xx.2019-cu il tarixə-8.425,32 ABŞ dolları-14.323,04 manat olmuşdur. Bu problemin həll olunmamasının səbəbi konkret olaraq ləğv olunmuş X2 Palatası (Azərbaycan Respublikası Mərkəzi Bankı) tərəfindən 2019-cu ildə onun müraciətindən sonra “xxxxxxxxxxx” ASC-yə heç bir sorğunun verilməməsidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Şifahi məhkəmə baxışı iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmiş, üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada xəbərdar edilmiş, lakin üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsi barədə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq, işə üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X4 iddia tələbinə münasibət bildirərək öz izahatında qeyd etmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı barəsində sistemləşdirilmiş məlumatlar sırasında ləğv prosesində olan “xxxxxxxxxxxxxx” ASC ilə xx.xx.2015-ci il tarixində 10.000 ABŞ dolları dəyərində kredit müqaviləsinin bağlanılması barədə qeydlər daxil edilmişdir. Lakin bu məlumatlar sırasında kreditor bank tərəfindən devalvasiya tarixlərinə İddiaçı kredit borcu barədə heç bir məlumat göstərilmədiyindən sonuncunun adına hər hansı kompensasiya məbləği hesablanmamışdır. Odur ki, cavabdeh iddia tələbinin təmin edilməsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasında 3-cü şəxs qismində iştirak edən Ləğv prosesində olan “xxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X5 iddia ərizəsinə öz münasibətini bildirərək, qeyd etdi ki, İddiaçı ilə “xxxxxxxxxxx” ASC arasında xx.xx.2015-ci il tarixində 10.000 ABŞ dolları məbləğində borcun verilməsinə dair kredit müqaviləsi imzalanmışdır. İddiaçı xx.xx.2015-ci il tarixinə əsas borc qalığı-10.000 ABŞ dolları; xx.xx.2015-ci il tarixinə əsas borc qalığı-8425, 35 ABŞ dolları; xx.xx.2019-cu il tarixinə əsas borc qalığı 8425,35 ABŞ dolları təşkil etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsinə etiraz etmədi. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Kredit və ona hesablanmış faizlərin ödəniş qrafikindən görünür ki, İddiaçı ilə xxxxxxxxxxxxxx ASC-nin Biləsuvar filialı arasında kredit məbləği 10000 ABŞ dolları, illik 18 faiz dərəcəsi ilə 24 ay müddətinə bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə borcun ödəniş qrafiki tərtib olunmuş və ödənilmə tarixləri xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövrü əhatə etmişdir. Göründüyü kimi, iddiaçı ilə kommersiya bankı arasında kredit müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. İşin mübahisəli halı həmin kredit müqaviləsi üzrə Mərkəzi bankın MKR və PK məlumat bazalarında kreditor bank tərəfindən devalvasiya tarixlərinə İddiaçı kredit borcu barədə heç bir məlumatın göstərilməməsi nəticəsində sonuncunun adına hər hası kompensasiya məbləğinin hesablanmaması barədədir. Məhkəmə ilk öncə qeyd edir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti xx xxxxxx 2019-cu il tarixli Fərman imzalamış və bu Fərman xx.xx.2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir. Fərmanın 1-ci bəndinə əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi qərara alınmışdır. 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Həmin Fərmanla təsdiq olunmuşdur ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Yuxarıda qeyd olunan hallar nəzərə alınaraq baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Göründüyü kimi, Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. xx xxxx 2019-cu il tarixli “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 4.1-ci və 4.2-ci bəndlərinə əsasən kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq, ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra – Maliyyə Nazirliyi) və Mərkəzi Banka təqdim edir. Maliyyə Nazirliyi bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq, məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı ləğvetmə hesablarına köçürür. Bank olmayan kredit təşkilatlarına, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarına ödəniş müddəti keçmiş kreditlərin ödənilməsinə yönəldilən kompensasiya onların poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülür. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən, Fərmana uyğun olaraq, fiziki şəxslərin kompensasiya ödəniləcək kreditləri 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Azərbaycan Respublikasının Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır (3.1.1-ci bənd); 2015-ci il dekabrın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır (3.1.2-ci bənd). Qüvvədə olan qanunvericiliyin tələblərindən irəli çıxaraq Məhkəmə qeyd edir ki, xarici valyuta ilə bağlanan kredit müqavilələri üzrə borcalanlara, yəni fiziki şəxslərə kompensasia məbləği o zaman təyin olunur ki, onların devalvasiya tarixinədək (xx.xx.2015-ci il və xx.xx.2015-ci il) əsas kredit borcunun qalıq hissəsi 10.000 ABŞ dollarından çox olmasın. Yalnız həmin xüsuslara malik olan fiziki şəxslərə dövlət tərəfindən kompensasiya məbləği ödənilir. Cavabdehin imtinasının əsasında duran hal odur ki, Mərkəzləşdirilmiş Kredit Reyestrinin məlumat bazasında, İddiaçı ilə xx.xx.2015-ci il tarixində 10000 ABŞ dolları məbləğində kredit müqaviləsinin bağlanması barədə qeydlər olsa da, kreditor bank tərəfindən devalvasiya tarixlərinə iddiaçının kredit borcu barədə məlumat ötürülməmiş və bu səbəbdən iddiaçıya kompensasiya məbləği hesablanmamışdır. Məhkəmə bununla bağlı qeyd etmək istəyir ki, Mərkəzləşdirilmiş Kredit Reyestrinin yaradılmış məlumat bazalarına məlumatlarının ötürülməsi “Banklar haqqında” Qanunun və "Mərkəzləşdirilmiş Kredit Reyestri haqqında Qaydalar”ı ilə tənzimlənir. Belə ki,“Banklar haqqında” Qanunun 35.4-cü maddəsinə əsasən, banklar bank sisteminin etibarlığını təmin etmək məqsədilə borcalanların ödəniş qabiliyyəti və etibarlığı haqqında məlumatı Milli Bankda yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə verməyə borcludurlar. Mərkəzləşdirilmiş kredit reyestrinin iş rejimi, o cümlədən məlumatın xarakteri, məlumatların verilməsi və alınması qaydaları və şərtləri Milli Bankın normativ xarakterli aktları ilə müəyyən edilir. “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydaların 2.1-ci, 2.2-ci və 2.5-ci bəndlərinə görə, Banklar, o cümlədən lisenziyası ləğv edilən və ləğvetmə prosesində olanlar, icbari qaydada hüquqi və fiziki şəxs borcalanlarının kreditləri barədə MKR-ə məlumat verirlər. MKR-ə kreditlər haqqında məlumatlar onların müvafiq mühasibat registrlərindəki qalıq dəyəri ilə (mümkün zərərlər üçün yaradılmış ehtiyat məbləğləri çıxılmadan) təqdim edilir. Banklar kredit tələbləri barədə MKR-ə məlumatları hər təqvim ayının 1-i tarixinə olan vəziyyətə 2 (iki) iş günü ərzində (yəni 1-i və 2-si) saat 18:00-a qədər təqdim etməlidirlər. Yeni verilmiş kreditlər haqda məlumatlar isə kreditin verildiyi tarixdən 2 (iki) iş günü ərzində MKR-ə göndərilməlidir. Bu tarixlər qeyri-iş gününə təsadüf etdikdə məlumatlar növbəti iş günü təqdim edilir. Mərkəzləşdirilmiş Kredit Reyestrinin yaradılmış məlumat bazasına, kredit müqaviləsi üzrə tərəflərin adları, həmçinin hüquqi və fiziki şəxslər qismində çıxış edən borcalanların kreditləri barədə məlumatlar daxil edilir. Həmin məlumatların düzgün və vaxtında daxil edilməsi isə kreditorlar, yəni müvafiq bankların öhdəliyidir. Borcalanın “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri altına düşüb-düşməməsi isə, Mərkəzləşdirilmiş Kredit Reyestrinin yaradılmış məlumat bazasına daxil edilmiş məlumatlar əsasında yoxlanılır. İşin hallarından görünür ki, hazırkı iş üzrə kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğ, həm də digər əsaslara görə Fərmanın təsiri altına düşür. 3-cü şəxs qismində çıxış edən Ləğv prosesində olan “xxxxxxxxxxx” ASC-nin nümayəndəsi də İddiaçı ilə bağlanan kredit müqaviləsinin qeyd edilən Fərmanın təsiri altına düşməsini təsdiq etmiş və aralarında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə kompensasiyanın hesablanmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə araşdırması zamanı da müəyyən edilmişdir ki, İddiaçı sözügedən kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixinə əsas borc qalığı-10.000 ABŞ dolları; xx.xx.2015-ci il tarixinə əsas borc qalığı-8425,35 ABŞ dolları olmuş, belə olan halda iddiaçıya hesablanmalı olan kompensasiya məbləği 7555.21 manat təşkil edir. Odur ki, iddiaçının iddiası əsaslıdır. Azərbaycan Respublikası İPM-nin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmələrdə baxılır. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. . Beləliklə, Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı Ləğv prosesində olan “xxxxxxxxxxx” ASC və Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəmənin icraatına 3-cü şəxs qismində cəlb edilməklə «kompensasiya hesablanması və müvafiq siyahıya salınma »tələbinə dair iddiası əsaslıdır, təmin edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının tələblərinə əsasən “xxxxxxxxxxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit (borc) müqaviləsi üzrə kompensasiya ödənilməsi üçün İddiaçı 7555.21 (yeddi min beş yüz əlli beş manat 21 qəpik) kompensasiya hesablanması və kompensasiya ödənişi edilməli olan fiziki şəxslərin siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar