Məhkəmə qərarları › İş №2-1(112)-4714/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4714/2025

28.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4714/2025 28.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin sahəsinə cari dəyişikliklər edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində cari dəyişiklik (faktiki olaraq 6 otaqdan, yaşayış sahəsi 124.7 kv.m, köməkçi sahəsi 89 kv.m və ümumi sahəsi 213.7 kv.m olmaqla) edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi, 2 saylı evin 37/38 nömrəli 4 otaqdan ibarət, ümumi sahəsi 104,30 kv.m, yaşayış sahəsi 59.4 kv.m olan mənzil mülkiyyət hüquqları əsasında iddiaçıya məxsusdur. Buna dair iddiaçıya Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** saylı çıxarış, eləcə də mənzilin texniki pasportu tərtib edilərək verilmişdir. Qeyd edilir ki, iddiaçının mülkiyyətində olan mənzilin dam hissəsində, yəni 15-ci mərtəbəsində apardığı təmir-tikinti və yenidənqurma işləri ilə əlaqədar olaraq mənzilin çıxarışında və texniki pasportunda qeyd edilən yaşayış və ümumi sahəsində fərq yaranmışdır. Bununla bağlı iddiaçı Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin yenidən planlaşdırılması üçün qərar qəbul ediməsi öhdəliyinin cavabdeh Nəsimi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)- 10721/2023 saylı qərarı ilə iddia tələbi təmin edilərək ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin yenidən planlaşdırılması barədə müvafiq qərarın (Sərəncamın) qəbul edilməsi öhdəliyi cavabdeh Nəsimi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Adıçəkilən qərar qanuni qüvvəsini almış və icra edilməsi üçün Nəsimi Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli, 33 nömrəli Sərəncamı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)- 10721/2023 saylı qərarı icra edilərək iddiaçıya məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi, ev 2, 37/38 mənzili faktiki olaraq 6 otaqdan, yaşayış sahəsi 124.7 kv.m, köməkçi sahəsi 89 kv.m və ümumi sahəsi 213.7 kv.m hesab edilmişdir. Həmçinin Nəsimi Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən X1 xx.xx.2024-cü il tarixli, 13 nömrəli Qəbul aktından görünür ki, Komissiya iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi, 2 saylı evin, 37/38 mənzilini faktiki olaraq 6 otaqdan, yaşayış sahəsi 124.7 kv.m, köməkçi sahəsi 89 kv.m və ümumi sahəsi 213.7 kv.m hesablanmasını məqsədəuyğun hesab etmişdir. Bundan sonra iddiaçı ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək həmin mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində cari dəyişiklik edilməsini xahiş etmiş, lakin imtina cavabı almışdır. İmtinanın əsası kimi mənzilin üzərinə əlavə sahələr inşa edilməsi və həmin əlavə sahənin binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan sahədə yerləşdiyi müəyyən edilməsi qeyd edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin müraciətinin təmin edilməməsində ifadə olunan hərəkətləri əsassızdır. Belə ki, tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, Bakı İnzibati Məhkəməsi tərəfindən iddia tələbi təmin edilmiş həmin qərar əsasında mülkiyyətində olan yaşayış sahəsinin yenidən planlaşdırılması üçün qərar qəbul ediməsi öhdəliyi Nəsimi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuş və İcra Hakimiyyəti tərəfindən X1 xx.xx.2024-cü il tarixli, 13 nömrəli Qəbul aktı əsasında xx.xx.2024-cü il tarixli, 33 nömrəli Sərəncam qəbul etmişdir. Həmçinin həmin Sərəncamda hüququn qeydiyyata alınması üçün cavabdeh inzibati orqana göndərilməsi qeyd edimişdir. Göstərilənlərə əsasən iddiaçı tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən iddiaya dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim edilmişdir. Etirazda bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İdarənin mütəxəssisləri tərəfindən texniki baxış və inventarlaşdırma işləri aparılan zaman mənzilin üzərinə əlavə sahələr inşa edildiyi və həmin əlavə sahənin binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan sahədə (çardaq mərtəbəsində) yerləşdiyi məlum olmuşdur. Bundan əlavə, sərəncama əsasən mənzilin faktiki ümumi sahəsi 213,7 kv.m qeyd olunsa da, faktiki 140.2 kv.m təşkil edir. Həmçinin mənzilin üzərində (çardaq mərtəbədə) girişi mənzilin daxilindən olmaqla, yaşayış sahəsi 49.4, ümumi sahəsi 76.7 kv.m olan əlavə 3 otaq inşa edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Bu obyektlərə mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş torpaq sahəsi aiddir. Göstərilənlərə əsasən iddianın mümkün sayılmaması xahiş edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı hazırkı tələbi ilə bağlı əvvəlcə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etdiyinə görə hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddianın mümkünlüyünü istisna edən hər hansı hal mövcud olmadığından məhkəmə hesab edir ki, tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında üzrlü səbəb bildirmədən iştirak etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili verdiyi izahatında iddia ərizəsində göstərilənləri müdafiə edərək tələbin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının hazırkı tələbi üzrə müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun məzmunda imtina cavabı verilmişdir. -xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 104.30 kv.m olan mənzil İddiaçı mülkiyyətindədir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 04/3898 inventar nömrəli texniki pasportdan görünür ki, ünvan 3 ünvanında, 14-cü mərtəbdə yerləşən, 4 otaqlı mənzilin ümumi sahəsi 104.3, yaşayış sahəsi isə 59.4 m2-dən ibarətdir. -Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-10721/2023 nömrəli qərarından görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı “yaşayış sahəsinin yenidən planlaşdırılması üçün müvafiq qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilərək ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin yenidən planlaşdırılması barədə müvafiq qərarın (sərəncam) qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. -Nəsimi Rayon İcra Hakimiyyəti başçısının “Bakı İnzibati Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 2-1(112)-10721/2023 nömrəli qərarının icrası haqqında” 06 fevral 2024cü il tarixli, 33 nömrəli Sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Nəsimi RİH nəzdində İdarələrarası komissiyanın rəyi təsdiq edilərək, vətəndaş İddiaçı məxsus Kövkəb Səfərəliyeva küçəsi 2 saylı evin 37/38 saylı mənzili faktiki 6 otaqdan, yaşayış sahəsi 124.7 kv.m, köməkçi sahəsi 89 kv.m, ümumi sahəsi isə 213.7 kv.m hesab edilməsi, Sərəncamın surətinin hüquqi qeydiyyata alınması üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə göndərilməsi qərara alınmışdır. -Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən X1 xx.xx.2024-cü il tarixli, 13 №-li qəbul aktının surətindən görünür ki, komissiya vətəndaş İddiaçı məxsus Kövkəb Səfərəliyeva küçəsi 2 saylı evin 37/38 saylı mənzili 6 otaqdan, yaşayış sahəsi 124.7 kv.m, köməkçi sahəsi 89 kv.m, ümumi sahəsinin isə 213.7 kv.m hesablanmasını məqsədəuyğun hesab etmişdir. -49 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən tərtib edilmiş, İddiaçı məxsus Kövkəb Səfərəliyeva küçəsi 2 saylı binanın 37/38 saylı mənzilinin planından görünür ki, mənzilin ümumi sahəsi 213,7 m2-dir. Beləliklə, işin hallarından görünən odur ki, hazırkı tələb üzrə iddiaçının məqsədi mülkiyyətində olan yaşayış sahəsində aparılmış yenidən planlaşdırma işləri nəticəsində mənzilin sahəsində yaranmış fərq barədə məlumatların daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsindən ibarətdir. Bununla bağlı iddiaçının cavabdehə müraciəti təmin edilməmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını məhkəmə qaydasında mübahisələndirir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: -23.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. -23.2-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. -24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. -24.5-ci maddəsinə əsasən razılaşdırmanı həyata keçirən orqan razılaşdırma barədə qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -24.6-cı maddəsinə əsasən bu Məcəllənin 24.5-ci maddəsində nəzərdə tutulmuş sənəd yaşayış sahəsinin yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının aparılması üçün əsasdır. -26.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir. -26.2-ci maddəsinə əsasən qəbul komissiyasının aktı razılaşdırmanı həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010-cu il tarixli, 272 nömrəli Fərmanının 1.4-c bəndinə əsasən, həmin Məcəllənin 24.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət (məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş mənzil fonduna münasibətdə Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin razılığı ilə) və xüsusi mənzil fondlarına münasibətdə yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq bələdiyyənin razılığı əsasında yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: -64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. -64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Göründüyü kimi, hazırkı halda iddiaçının mənzilinin yerləşdiyi binada aparılmış yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması işinin nəticələrinin rəsmiləşdirilməsi ilə bağlı müvafiq akt qəbul etmək səlahiyyəti, eləcə də yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatmasına dair qəbul komissiyasının aktının təsdiq edilməsi və həmin aktın dövlət kadastr uçotunun aparılması məqsədilə cavabdeh qeydiyyat orqanına göndərilməsi yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.19-cu bəndinə əsasən, daşınmaz əmlakın kadastr uçotuna alınmasını təmin etmək, daşınmaz əmlakın vahid dövlət kadastrını, dövlət torpaq kadastrını və onun tərkib hissəsi olan torpaq reyestrini tərtib etmək və aparılması isə cavabdeh inzibati orqanın vəzifələrinə daxildir. Hazırkı halda iddiaçı mülkiyyətində olan yaşayış sahəsinin yenidən planlaşdırılmasına dair Bakı şəhəri Nəsimi RİHB-nin 06 fevral 2024-cü il tarixli, 33 nömrəli Sərəncamını və həmin qurumun nəzdində fəaliyyət göstərən X1 xx.xx.2024-cü il tarixli, 13 №-li qəbul aktını təqdim etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. Nəzərə alınmalıdır ki, sözügedən sərəncam Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(112)-10721/2023 nömrəli qərarının icrası nəticəsində qəbul edilmiş və müvafiq tədbirlərin görülməsi üçün qəbul komissiyasının aktı ilə birlikdə cavabdehə göndərilmişdir. Həmin sərəncam hazırda qüvvədədir. Qeyd olunan sərəncamın ləğv edilməsinə, dəyişdirilməsinə, qüvvəsini itirməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Nəsimi RİHB-nin xx.xx.2024-cü il tarixli, 33 nömrəli inzibati aktı və onun qəbul edilməsi üçün əsas olmuş məhkəmə aktı qüvvədədir, iddiaçı həmin inzibati aktın icrasını cavabdeh qeydiyyat orqanından tələb etməkdə haqlıdır. AR Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-2104/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, “...Bununla bağlı nəzərə almaq lazımdır ki, keçirilmə ilə bağlı prosedurlara əməl olunması və keçirilmə ilə bağlı qərarın qəbulu səlahiyyətli dövlət orqanı qismində Göyçay rayon İcra Hakimiyyətinin məsuliyyət sferasına aiddir.. Bu baxımdan cavabdeh həmin sənədin məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur (bununla bağlı bax: Ali Məhkəmənin 2-1(102)-1485/2023 saylı, 28 sentyabr 2023-cü il tarixli qərarı). Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh yaşayış sahəsinin qeyriyaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun, o cümlədən hazırkı mübahisəyə münasibətdə Göyçay rayon İcra Hakimiyyətinin qanuni qüvvəsini almış və etibarlı olan qərarını təftiş etmək səlahiyyətinə malik deyildir və belə yanaşma səlahiyyətlərin bölgüsü prinsipindən irəli gəlir.” Cavabdehin imtina dəlilləri ilə bağlı bildirilir ki, iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin yenidən planlaşdırılması barədə Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 06 fevral 2024-cü il tarixli, 33 nömrəli Sərəncamında və RİH-in nəzdində fəaliyyət göstərən X1 xx.xx.2024-cü il tarixli, 13 №-li qəbul aktında da sözügedən mənzilin faktiki ümumi sahəsinin 213,7 kv.m olması öz təsdiqini tapmışdır. Həmçinin Sərəncamın qəbul edilməsi üçün əsas olmuş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-10721/2023 nömrəli qərarının qəbul edilməsi ilə bağlı aparılmış inzibati məhkəmə icraatı çərçivəsində mənzilin hazırkı yenidən planlaşdırılmasının tikinti norma və qaydalarına uyğun olmaması, qonşuların və ya digər üçüncü şəxslərin hüquqlarını, qanuni mənafelərini pozması, onların həyat və sağlamlığına təhlükə yaratması halları aşkar edilməmişdir. Aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin imtinası qanunazidd və iddiaçını hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Odur ki, iddia əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Nəsimi RİHB-nin 06 fevral 2024-cü il tarixli, 33 nömrəli Sərəncamına və həmin qurumun nəzdində fəaliyyət göstərən X1 xx.xx.2024-cü il tarixli, 13 nömrəli qəbul aktına uyğun olaraq ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus mənzilin sahəsində yaranmış fərq barədə məlumatların daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsi (faktiki olaraq 6 otaqdan, yaşayış sahəsi 124.7 kv.m, köməkçi sahəsi 89 kv.m və ümumi sahəsi 213,7 kv.m olmaqla) edilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri Nəsimi RİHB-nin 06 fevral 2024-cü il tarixli, 33 nömrəli Sərəncamına və həmin qurumun nəzdində fəaliyyət göstərən X1 xx.xx.2024-cü il tarixli, 13 nömrəli qəbul aktına uyğun olaraq ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus mənzilin sahəsində yaranmış fərq barədə məlumatların daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsi (faktiki olaraq 6 otaqdan, yaşayış sahəsi 124.7 kv.m, köməkçi sahəsi 89 kv.m və ümumi sahəsi 213,7 kv.m olmaqla) edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar