Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4715/2021 16.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinə qarşı şir heykəlinim reklam daşıyıcı hesab edilməsi və dövlət rüsumu və xidmət haqqının tutulmasının qadağan edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası X2rşıreklam daşıyıclarına icazə verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı ərizə təqdim edərək cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi ilə əvəz edilməsini xahiş etmiş, məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmiş cavabdeh əvəz edilmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək ünvan 1 ünvanında yerləşən İddiaçı MMC-yə məxsus obyektin giriş hissəsində 2 ədəd şir heykəlinin reklam daşıyıcısı hesab edilməsi və həmin 2 ədə şir heykəlinə görə dövlət rüsumu və (və ya) xidmət haqqının tələb edilməsinin qadağan edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tələbləri 25.09.2020-ci il tarixdə aktda göstərilən reklam daşıyıcılarına faktiki ölçüləri nəzərə alınmaqla B2 zonasına aid edilərək icazə verilməsi hissəsində təmin edilmiş və icazə sənədi verilmişdir.Hal-hazırda təmin edilməyən yeganə tələb 2 ədəd şir heykəlinin fərdi layihə olaraq nəzərdə tutulması ilə bağlıdır. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Cavabdeh iddia tələbinə etiraz vermiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı müvafiq icazə almadan açıq məkanda reklam yerləşdirmişdir. Cavabdeh hesab edir ki, şir heykəlləri reklam obyekti hesab olunur. Belə ki, iddiaçının və onun təsərrüfat obyektinin adında şir sözünün qarşılığı olan “Lion” sözündən istifadə edilmişdir. Obyektin loqosu da şir təsvirindən ibarətdir. Göründüyü kimi şir heykəlləri və şir təsviri obyektin fərdiləşdirmə vasitəsidir. Həmin heykəllər dekorativ xaratker daşımır Məhkəmə iclasında iştirka edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Ötən məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndələri iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə işin materiallarını araşdıraraq iddia tələbinə mahiyyəti üzrə qiymət verilməsi ilə bağlı isə hesab edir ki, iddia təmin edilməlidir Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab edilir. İşin faktiki hallarından da göründüyü kimi hazırkı iş üzrə tərəflər arasında yaranmış inzibati məhkəmə mübahisəsi təsərrüfat obyektinin qarşısında yerləşən 2 ədəd şir heykəlinin reklam daşıyıcı hesab edilib-edilməməsi reklam obyekti kimi qiymətləndirilibqiymətləndirilməməsi, həmin şir heykəllərinin dekorativ xarakterindən savayı reklam məqsədi ilə obyektin qarşısında yerləşdirilib-yerləşdirilməməsi ilə bağlıdır. Məhkəmə reklam sahəsində qüvvədə olan aşağıdakı maddi hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. “Reklam haqqında” Azərbaycan Respublikası Qanunun: 1.1. Bu Qanun Azərbaycan Respublikasının ərazisində reklam fəaliyyətinin subyektləri arasında reklamın sifarişi, istehsalı, yayımı, istehlakı ilə bağlı yaranan münasibətlərə tətbiq edilir. 2.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir: 2.0.1. reklam – reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumat; 2.0.2. reklam fəaliyyəti - reklam istehlakçısının diqqətini reklam obyektinə cəlb etmək məqsədi ilə reklamvericinin, reklam yaradıcısının, reklam istehsalçısının, reklam agentinin və reklam yayıcısının hərəkətlərinin məcmusu; 2.0.3. reklam obyekti – reklam olunan mallar, işlər və xidmətlər (bundan sonra əmtəə), onun fərdiləşdirilmə vasitələri, həyata keçirilən kommersiya və qeyri-kommersiya xarakterli tədbirlər; 2.0.10. reklamın istehlakçısı – diqqəti reklam obyektinə cəlb edilən fiziki şəxs; 2.0.11. reklam daşıyıcısı - reklamın istehlakçıya çatdırılması üçün istifadə olunan daşınmaz və daşınar (o cümlədən ixtisaslaşdırılmış stasionar və səyyar reklam qurğuları, nəqliyyat vasitələri və s.) əmlak, kütləvi informasiya vasitələri, kino, video, audio materiallar və çap məhsulları, telekommunikasiya qurğuları və poçt göndərişləri. 4.1. Reklam bu Qanunla qadağan edilməyən üsul və vasitələrlə reklam istehlakçılarının diqqətini əmtəəyə cəlb etməli, əmtəə barədə məlumat vermək və rəy formalaşdırmaqla ona tələbat yaratmalıdır. 4.2. Reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalı, rəqiblərinin istehsal etdiyi, reklam edilən əmtəə ilə eyni, yaxud onun əvəzedicisi olan başqa əmtəələrin bazar nüfuzuna xələl gətirməməlidir. 26.1. Reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanunun: Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları daşıyır: əmtəə nişanı — sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır) Əmtəə nişanı kimi aşağıdakı nişanlar qeydə alına bilər: sözlər, şəxsi adlar, hərflər, rəqəmlər, təsviri elementlər, əmtəələrin forması və ya onların qablaşdırılması, rənglərin və yuxarıda göstərilənlərin hər hansı uzlaşması. Yuxarıda qeyd olunan müddəaların təhlilindən də aydın olur ki, reklam üçün xarakterik cəhət kimi reklam obyektinə maraq yaratmaq, əmtəəni bazarda tanıtmaq və onun satışını stimullaşdırmaq çıxış edir ki, hazırkı mübahisə üzrə qiymətləndirilməsi zəruri olan halda şir heykəlinin qeyd olunan xarakterik cəhətlərə malik olan reklam daşıyıcısı olub-olmamasıdır. Qanunvericiliyin tələbindən isə müəyyən olunur ki, şir heykəlinin qeyd olunan xarakterik xüsusiyyətlərə malik olması istisna edilmir. Bununla əlaqədar şir heykəlinin reklam obyektinə maraq yaradan daşınar əmlak olması zərurət kimi çıxış edir. Reklam obyekti dedikdə isə reklam olunan mallar, işlər və xidmətlər, başqa sözlə əmtəə, onun fərdiləşdirilmə vasitələri, həyata keçirilən kommersiya və qeyri-kommersiya xarakterli tədbirlər başa düşülür. Beləliklə şir heykəlinin hazırkı iş üzrə reklam daşıyıcısı hesab edilməsi üçün onun reklam olunan əmtəə, fərdiləşdirmə vasitəsi və ya kommersiya və qeyri-kommersiya xarakterli tədbirinə maraq oyatması zəruridir. Hazırkı vəziyyətdə isə təsərrüfat obyekti qarşısında yerləşdirilən şir heykəlləri göstərilən xarakterik xüsusiyyətlərə malik olmayıb, dekorativ xarakter daşıyır. Belə ki, işin faktiki halları ilə də müəyyən edilir ki, iddiaçı təsərrüfat obyektində dizayn və təmir işlərinin, mebel və pərdə satışı ilə bağlı işlərin aparılması ilə məşğul olan hüquqi şəxsdir. İşin faktiki hallarından da aydın olur ki, şir heykəlləri də daxil olmaqla oxşar xüsusiyyətlərə malik fiqurların və digər bu növ məmulatların satışı həmin təsərrüfat obyektində həyata keçirilmir. Cavabdeh özü də iddiaçının şir heykəllərinin satışı ilə məşğul olduğunu iddia etməmiş, həmin heykəllərin reklam olunan xidmətlərin fərdiləşdirmə vasitəsi olduğunu qeyd etmişdir. Məhkəmə bununla bağlı olaraq qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə əmtəə dedikdə iddiaçının dizayn və təmir, mebel və pərdə satışı ilə bağlı həyata keçirdiyi xidmətlər çıxış edir, şir loqosu isə əmtəə yox, əmtəə nişanıdır. Göründüyü kimi şir heykəli üçün reklam obyektinə maraq yaratmaq, əmtəəni bazarda tanıtmaq və onun satışını stimullaşdırmaq kimi xarakterik cəhətlər mövcud deyil. Həmin heykəllərin quraşdırılması pərdə, mebel satışın, eləcə də dizayn təmir kimi işlərə hər hansı maraq yaratmır, stimullaşdırma kimi əlamət də mövcud deyil. Qeyd olunan halların mövcudluğu o zaman mümkün olardı ki, obyektdə heykəl və fiqurların satışı, hazırlanması kimi fəaliyyət həyata keçirmiş olsun. Lakin həmin obyektdə qeyd olunan xidmət mövcud olmamışdır. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, hər nə qədər mübahisənin birbaşa mahiyyətinə aid olmasa da hazırkı işin faktiki halları ilə oxşar ola biləcək hal zamanı aparılan qiymətləndirmə hazırkı iş üzrə gəlinən yekun nəticənin aydınlaşdırılması, başa düşülənliyi baxımından əhəmiyyətlidir. Belə ki, ölkə ərazisində də geniş yayılmış, insan şəklinin loqoda, eləcə də insan ad və soyadının firma adında istifadə edildiyi restoranlar, geyim, zinət əşyası və s mağazaları şəbəkəsinə daxil olan təsərrüfat obyektlərinin qarşısında həmin şəxsin, o cümlədən firma adında ad və soyadının qeyd edildiyi şəxsin heykəlinin quraşdırılması necə ki, reklam fəaliyyəti kimi qiymətləndirilə bilməzsə, hazırkı işin faktiki halları da oxşar qiymətləndirmə tələb edir. Cavabdehin mövqeyi həmin işlər üzrə əsaslı hesab ediləcəyi təqdirdə insan şəklinin və ya heykəlinin obyektin qarşısında quraşdırılması reklam hesab edilməlidir ki, məhkəmə həmin mövqenin qanuni hesab edilməsi üçün əsas müəyyən etmir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən İddiaçı MMC-yə məxsus obyektin giriş hissəsində 2 ədəd şir heykəlinin reklam daşıyıcısı hesab edilməsi və həmin 2 ədə şir heykəlinə görə dövlət rüsumu və (və ya) xidmət haqqının tələb edilməsi cavabdeh Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinə qadağan edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-4715/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4715/2021
16.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver