Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4715/2023 21.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçının nümayəndəsi (vəkili) X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «cavabdehin qərarının ləğv edilməsi və iddiaçının fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı əsasında qulluq stajına görə əlavə azaldılma aparmadan əmək pensiyasının yenidən hesablanması»na dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «pensiyanı yenidən hesablanması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 090 saylı 1 mart 2003-cü il tarixli əmri ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “b” bəndi ilə (yaşa görə) hərbi xidmətdən tərxis olunmuşdur və həmin vaxtdan əmək pensiyası alır. Əmək pensiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 27 avqust 135 saylı qərarı ilə təsdiq edilmiş məlumat vərəqində göstərilən pul təminatından hesablanmışdır. O, istefada olan 2-ci dərəcəli kapitandır. Pensiya təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirir və bu günədək fərdi şəxsi hesabında 51.237,46 manat məbləğdə pul toplanmışdır. Toplanılan pul hər altı ildən bir onun pensiyasına əlavə ödənilməli idi. 2006-cı ildən qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 37.3.1-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 fevral 2022-ci il tarixli qərarına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə müraciət etmişdir. Onun ərizəsinə cavab olaraq 19 aprel 2022-ci il tarixli məktubla cavab verilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassız və hesablamalar qanunsuzdur. Göstərilənlərə və «Əmək pensiyaları haqqında» Qanunun 37.3.1-ci maddəsinə əsaslanaraq, əmək pensiyasının yenidən hesablanması (fərdi şəxsi hesabda toplanmış məbləği qanunvericiliyə müvafiq olaraq 72-yə bölərək) barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. «İnzibati icraat haqqında» Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Məhkəmənijn qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında bildirilir ki, İddiaçı iddiası əsassız hesab edilir və rədd edilməlidir. İddiaçı DSMF orqanına müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı verilmiş 16 may 2022-ci il tarixli **********3 nömrəli cavab məktubu ilə müraciətin müsbət həlli mümkün olmamışdır. İddiaçıya Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 12 mart 2003-cü il tarixdə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixdən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını DSMF həyata keçirdiyindən, əmək pensiyası həmin tarixdən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə tərəfindən ödənilir. Sonrakı artımlar nəzərə alınmaqla iddiaçıya hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 1.765 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilmişdir: əmək pensiyasının sığorta hissəsi – 243,30 manat; qulluq stajına görə əmək pensiyasına əlavəsi – 1.521,70 manat. X3 əmək pensiyasının yenidən hesablarması ilə bağlı 21 fevral 2022-ci il tarixli müraciəti əsasında əmək pensiyasının sığorta hissəs pensiya təyin edildikdən sonra topladığı pensiya sığorta kapitalına görə həmin tarixdə qüvvədə olmuş qanunvericiliyə uyğun olaraq yenidən hesablanmışdır. Belə ki, əmək pensiyası təyin edildikdən sonra fərdi hesabın sığorta hissəsində qeydə alırmış 51.237,46 manat pensiya sığorta kapitalı əsasında «Əmək pensiyaları haqqında» Qanunun 37.3.1, 29.2 və 45-ci maddələrinə uyğun olaraq əmək pensiyasının: sığorta hissəsi 860,62 manat; qulluq stajına görə əmək pensiyasına əlavə 904,38 manat müəyyən edilmişdir. Həmin Qanurun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Həmin Qanunun 29.2-ci maddəsinə əsasən bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin (qulluq stajına görə əmək pensiyasına əlavələr alan şəxslər) əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Sözügedən Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlərlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11-ci maddəsinə əsasən həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödəniş müddəti 144 ay nəzərdə tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 2 fevral 2022-ci il tarixli Qərarının təsviri əsaslandırıcı hissəsində də təsbit edilmişdir ki, «Əmək pensiyaları haqqında» Qanunun 29.2-ci maddəsinə əsasən əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiyası yenidən hesablanarkən pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği azaldılır. Məlum olduğu kimi, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən Konstitusiya Məhkəməsi Plenumunun qərarı giriş, təsviri-əsaslandırıcı və nəticə hissələrindən ibarətdir. Sözügedən Qanunun 65.3.3-cü və 65.3.4-cü maddələrinə əsasən təsviri-əsaslandırıcı hissədə konstitusiya işinə baxılması zamanı müəyyən edilmiş hallar və qərarın çıxarılması üçün rəhbər tutulmuş Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikasının başqa qanunlarınınn maddələri göstərilir. Göründüyü kimi, «Əmək pensiyaları haqqında» Qanunun 29.2-ci maddəsinə uyğun olaraq pensiyasının siğorta hissəsindəki artım qədər qulluq stajına görə əlavənin azaldılması Konstitsuiya Məhkəməsinin Plenumunun sözügedən Qərarının təsviriəsaslndırıvcı hissəsində müəyyən edilmiş hallardan biri olmalqa həmin qərarın tərkib hissəsidir. Pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əlavənin azaldılması Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən Qərarının təsviriəsaslandırıcı hissəsində müəyyən edilmiş hallardan biri olmaqla həmin qərarın tərkib hissəsidir. Yuxarıda qeyd olunanlardan başqa, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarının 13 may 2022 ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən sözügedən Qərarın 5.3-cü bəndinin tətbiqi ilə bağlı həmin bəndin tərkib hissəsi olan 47 nömrəli misalların tələblərinə görə «Əmək pensiyaları haqqında» Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının yenidən hesablanması hüququ olan şəxs müraciət etdikdə fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyası onun müraciət etdiyi tarixdən sonrakı ayın birindən ödənilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 fevral 2022-ci il tarixli «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissplərinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Qərarı ilə əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların «Əmək pensiyaları haqqında» Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanma məsələsinə aydınlıq gətirilmişdir. Həmin Qərara əsasən əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun 2 fevral 2002-ci il tarixli Qərarında əmək pensiyasının sığorta kapitalı əsasında yenidən hesablanmasının müraciət edildiyi gündən həyata keçirildiyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarında isə yenidən hesablanmış əmək pensiyasının növbəti ayın 1-dən ödənildiyi qeyd olunub. 2023-cü il yanvar ayının 1-dən qüvvəyə minən 5 noyabr 2022-ci il tarixli 627-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən «Əmək pensiyaları haqqında» Qanunun 29.2-ci maddəsi ləğv edilmişdir. Bununla bağlı bildirilir ki, həmin qanunun keçid müddəalarının 2.2-ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» Qanunun 29.1-ci maddəsi həmin Qanunun 20-ci maddəsinə uyğun olaraq qullıq stajına görə əlavələr təyin edilmiş şəxslərin əmək pensiyalarının 2023-cü il yanvarın 1-dək olan dövr üçün yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Göstərilənlərə əsasən müəyyən olunur ki, Qanunun 29.2-ci maddəsinin 1 yanvar 2023-cü il tarixdən ləğv edilməsinin həmin tarixdən əvvəlki münasibətlərə tətbiqinin heç bir hüquqi əsası yoxdur. Qeyd olunanlardan aydın görünür ki, iddiaçının fərdi hesabında toplanmış pensiya kapitalı əsasında onun əmək pensiyasının sığorta hissəsi yenidən hesablanıb. Yəni iddiaçının fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı artıq onun pensiyasının yenidən hesablanması məqsədilə istifadə olunub. Odur ki, hazırda onun fərdi hesabında istifadə olunmamış pensiya kapitalı qalmadığından iddia tələbində göstərilin qaydada pensiyanın yenidən hesablanması istər nəzəri-hüqıjqi istərsə də praktiki proqram təminatının imkanları baxımından mümkün deyil. Növbəti yenidən hesablanma qeyd olunan tarixdən sonra iddiaçı davam etdiyi halda 6 ildən sonra və ya işdən çıxması ilə əlaqədar işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi halda mümkün olacaqdır. Göstərilənlərə əsaslanraq, İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın və cavabdehin dəyişdirilərək «cavabdehin iddiaçının əmək pensiyasının yenidən hesablanması barədə qərarının ləğv edilməsi və iddiaçının əmək pensiyası təyin olunduqdan sonra fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı əsasında qulluq stajına görə əlavə azaldılma aparmadan əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X4 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. «Əmək pensiyaları haqqında» Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.3-cü maddəsinə görə hərbi qulluqçular – Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Həmin Qanunun 1.0.4-cü maddəsinə əsasən xüsusi rütbəli şəxslər – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. Həmin Qanunun 3.3-cü maddəsinə görə bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. Həmin Qanunun 29.1-ci maddəsinin 12 iyul 2019-cu il tarixədək qüvvədə olan tələblərinə əsasən əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Həmin Qanunun 29.2-ci maddəsinin 01 yanvar 2019-cu il tarixədək qüvvədə olan (Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli 1362-VQD №-li Qanunu ilə) tələblərinə əsasən 2017-ci il iyulun 1-dən əmək pensiyasına çıxmış bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Həmin Qanunun 29.2-ci maddəsinin 01 yanvar 2023-cü tarixədək qüvvədə olan tələblərinə əsasən bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Həmin Qanunun 37.3.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Həmin Qanunun 45-ci maddəsinin 1 yanvar 2019-cu il tarixədək qüvvədə olan tələblərinə görə bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Qeyd olunmalıdır ki, «Əmək pensiyaları haqqında» Qanunun 37.3.1-ci maddəsinin hazırda qüvvədə olan tələblərinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş «2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq atajına görə əlavənin yenidən hesablanması Qaydası» 1.1-ci bəndinə görə bu Qayda «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən hazırlanmışdır və 2017-ci il iyulun 1-dək «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən edir. Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2022-ci il tarixli Fərmanı (Fərman 1 yanvar 2023-cü il tarixdən qüvvəyə minmişdir) ilə «2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq atajına görə əlavənin yenidən hesablanması Qaydası»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ləğv edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2021-ci il tarixli qərarında «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 21.1 və 21.2-ci maddələrinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 21.3-cü maddəsinə görə inzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: (21.3.1) maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda, (21.3.2) ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda, (21.3.3) dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda, (21.3.4) ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda, (21.3.5) barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda, (21.3.6) inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 61-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Hazırkı iş üzrə İddiaçı iddiasında cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının “əmək pensiyasının yenidən hesablanması haqqında” 19 aprel 2022-ci il tarixli **********5 nömrəli qərarını mübahisələndirərək, həmin qərarın ləğv olunmasını və onun əmək pensiyasının fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı həcmində artırılmaqla, lakin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği həmin artım qədər azaldılmamaqla yenidən hesablanmasını tələb edir. Məhkəmə ilk növbədə iddia tələbinin birinci hissəsinə, yəni əmək pensiyasının yenidən hesablanması haqqında 19 aprel 2022-ci il tarixli qərarın ləğv edilməsinə münasibət bildirir. Qanunvericiliyin tələblərinin təhlili nəticəsində aydın olur ki, istər inzibati aktın qəbulu, dəyişdirilməsi, istərsə də ləğvi üzrə aparılan inzibati icraat barədə inzibati orqan maraqlı şəxsə məlumat verməyə borcludur. «İnzibati icraat haqqında» Qanun məlumatlandırmanın həyata keçirilməsindən imtinaya dair inzibati orqana səlahiyyət versə də, qeyd olunan imtinanın hansı hallarda nəzərdə tutulduğu konkret olaraq adıçəkilən Qanunun 21.3-cü maddəsində qeyd edilmişdir. İcraat nəticəsində qəbul edilən yeni inzibati akt da qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Hazırkı iş üzrə iddia ərizəsindən və cavabdehin iddiaya qarşı yazılı etirazında əks olunan mövqeyindən aydın olur ki, mübahisə predmeti olan 19 aprel 2022-ci il tarixli **********5 nömrəli (əmək pensiyasının yenidən hesablanması barədə) qərarın qəbul edilməsi ilə nəticələnmiş inzibati icraat aparılarkən işin faktiki hallarından, inzibati orqanın təqdim etdiyi materiallarla da təsdiq edilir ki, inzibati orqanın səlahiyyətli əməkdaşları tərəfindən ümumiyyətlə göstərilən normanın tələbləri nəzərə alınmamış, iddiaçının qərarların qəbul edilməsinə münasibəti öyrənilməmiş, araşdırma onun iştirakı olmadan aparılmışdır, sonda əmək pensiyasının məbləğinin artırılmamaqla hesablanması barədə 19 aprel 2022-ci il tarixli qərar qəbul edilmişdir. Həmçinin qeyd olunmalıdır ki, inzibati orqan tərəfindən inzibati icraat zamanı tam hərtərəfli və obyektiv araşdırma aparılmalıdır ki, qəbul edilmiş 19 aprel 2022-ci il tarixli qərarın təsviri-əsaslandırıcı hissəsindən isə görünür ki, qərarın qəbulu ilə bağlı heç bir araşdırma aparılmamış, onun qəbul edilməsi üçün əsas olan məlumatların nədən ibarət olduğu müəyyən edilməmiş, sübutların hansı qaydada qiymətləndirildiyi barədə heç bir xüsusat qərarda əks olunmamışdır. Yuxarıda qeyd olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, cavabdeh inzibati orqanın 19 aprel 2022-ci il tarixli **********5 nömrəli qərarı «İnzibati icraat haqqında» Qanunun 21, 24, 58-ci maddələrinin tələbləri pozulmaqla qəbul olunmuşdur. Bundan başqa, məhkəmə sözügedən 19 aprel 2022-ci il tarixli qərarın qəbulunda qanunvericiliyin digər müddəalarının pozulmasına da diqqəti çəkir. Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edən «Əmək pensiyaları haqqında» Qanunun müddəalarında əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi qaydası təsbit olunmuşdur, Həmin qaydalarda yaşa görə əmək pensiyası təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanmasının davam etdirilməsi, eləcə də pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu gündən sonra 6 il işlədikdə onun əmək pensiyasının müvafiq qaydada yenidən hesablanması nəzərdə tutulur. Həmin Qanunun 1 yanvar 2023-cü il tarixədək qüvvədə olmuş 29.2-ci maddəsində isə, bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin (o cümlədən hərbi qulluqçuların) əmək pensiyasının sığorta hissəsinin qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğinin həmin artımlar qədər azaldılmaqla yenidən hesablanması nəzərdə tutulsa da, bu, həmin şəxslərin əmək pensiyasının sığorta hissəsinin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldığı və ya yenidən hesablandığı hallara şamil olunur. Məhkəmə xüsusilə vurğulayır ki, «Əmək pensiyaları haqqında» Qanunun 29-cu maddəsi “əmək pensiyalarının indeksləşdirilməsi” barədədir və həmin Qanunun 29.2-ci maddəsi 1 yanvar 2023-cü il tarixdən qüvvədən düşmüşdür. Bundan başqa qeyd olunmalıdır ki, 25 iyun 2018-ci il tarixdə qəbul edilmiş və 1 yanvar 2023-cü il tarixədək qüvvədə olmuş «2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavənin yenidən hesablanması Qaydası»nda 2017-ci il iyulun 1-dək «Əmək pensiyaları haqqında» Qanunun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, Hazırkı İddiaçı əmək pensiyası 2003-cü ildə, yəni 1 iyul 2017ci il tarixdən əvvəlki dövrdə təyin edildiyindən, «Əmək pensiyaları haqqında» Qanunun 29.2-ci maddəsinin 1 yanvar 2019-cu il tarixdən əvvəlki dövrdə qüvvədə olan redaksiyada – “2017-ci il iyulun 1-dən əmək pensiyasına çıxmış bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır” tələbləri onun pensiyasının sığorta hissəsində toplanan pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasına münasibətdə tətbiq edilə bilməz. Eləcə də, iddiaçının müraciəti üzrə əmək pensiyasının yenidən hesablanmasına dair icraat onun işləmiş olduğu vəzifə üzrə əmək haqqının artırılması və ya əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi halları ilə bağlı olmamışdır. Belə olan halda, məhkəmənin qənaətinə görə «Əmək pensiyaları haqqında» Qanunun 37.3.1 və 45-ci maddələrinə müvafiq şəkildə onun pensiyasının sığorta hissəsində toplanan pensiya kapitalı nəzərə alınmaqla onun əmək pensiyasının artırılmaqla, lakin Qanunun 29.2-ci maddəsi tətbiq edilmədən, yəni əmək pensiyasına əlavələrin məbləğinin həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanmasına imkan verir. Bununla da, cavabdehin 19 aprel 2022-ci il tarixli **********5 nömrəli qərarının maddi hüquq normaları pozulmaqla qəbul olunduğu isbat olunur. Digər tərəfdən, cavabdeh inzibati orqanın iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasını mübahisələndirilən 19 aprel 2022-ci il tarixli **********5 nömrəli qərarda göstərilən qaydada hesablayarkən istinad etdiyi (qərarın özündə deyil, iddiaya qarşı yazılı etirazda istinad etdiyi) «Əmək pensiyaları haqqında» Qanunun 29.2-ci maddəsi “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Azərbayvan Respublikasının 5 noyabr 2022-ci il tarixli 627-VİQD nömrəli Qanunu ilə ləğv edilmişdir. Həmin Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvəyə minsə də, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Məhkəmə «Əmək pensiyaları haqqında» Qanunun 29.2-ci maddəsinin ləğv olunmasının hazırkı İddiaçı münasibətdə onun hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi akt olmasını nəzərə alaraq hesab edir ki, iddiaçı «Əmək pensiyaları haqqında» Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq yaşa görə pensiyası təyin olunduğu gündən sonra 6 il və daha çox işlədiyindən onun təyin edilmiş əmək pensiyasının qulluq stajına görə əlavənin məbləğinin azaldılmamaqla yenidən hesablanmasını tələb etmək hüququ var. Bütün qeyd olunanların məcmusunda məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 19 aprel 2022-ci il tarixli **********5 nömrəli qərarı qanuna zidd və İddiaçı sosial təminat hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməli və cavabdeh tərəfindən iddiaçının yaşa görə əmək pensiyası pensiya təyin olunduqdan sonrakı dövdə fərdi hesabının sığorta hissəsi qeydə alınmış pensiya kapitalı artırılaraq, lakin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği həmin artım qədər azaldılmamaqla yenidən hesablanmalıdır. «İnzibati icraat haqqında» Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı əmək pensiyasının yenidən hesablanması haqqında 19 aprel 2022-ci il tarixli **********5 nömrəli qərarı ləğv edilməli və İddiaçı əmək pensiyası təyin olunduqdan sonra fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı əsasında qulluq stajına görə əlavə azaldılma aparmadan əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı əmək pensiyasının yenidən hesablanması haqqında 19 aprel 2022-ci il tarixli **********5 nömrəli qərarı ləğv edilsin və İddiaçı əmək pensiyası təyin olunduqdan sonra fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı əsasında qulluq stajına görə əlavə azaldılma aparmadan əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4715/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4715/2023
21.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver