Məhkəmə qərarları › İş №2-1(112)-4717/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4717/2020

24.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4717/2020 24.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-74/1 saylı xx.xx.2020-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarın ləğv edilməsi, cavabdehin üzərinə İddiaçı xx.xx.2020-ci il tarixli vəsatətini təmin edərək ona qaçqın statusu verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqdləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-74/1 saylı xx.xx.2020-ci il tarixli və 125 saylı xx.xx.2020-ci il tarixli qərarlarının qanunsuz hesab edilməsi, İddiaçı “qaçqın” statusunun verilməsi barədə vəsatətinin təmin edilərək İddiaçı “qaçqın” statusunun verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkiliddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasına gəlmiş, xx.xx.2020-ci il tarixdə sığınacaq vəsatəti ilə müraciət etmişdir. Dövlət Miqrasiya Xidməti onun vəsatətini 18-2020 saylı iş nömrəsi ilə qeydiyyata almış, iddiaçı ilə müsahibə aparılmışdır. İddiaçı müsahibə zamanı bildirmişdir ki, Əfqanistanda anadan olmuş, milliyyətçə puştu, dini etiqadına görə müsəlmandır (sunni). Taliblər onun övladlarının dövlət orqanlarında işlədiklərinə, iki oğlunun talibanın sıralarına qoşulmaq təkliflərini rədd etdikləri üçün təhdid edərək ölümlə hədələnmişlər. Ona görə də oğlu və qızı ilə birlikdə xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasına gələrək bir daha Əfqanistatana qayıtmaq istəmirlər.xx.xx.2020-ci ildə Dövlət Miqrasiya Xidməti İQ-74/1 saylı qərarı ilə iddiaçının sığınacaq vəsatətini rədd etmişdir. Dövlət Miqrasiya Xidmətinin qərarı onunla əsaslandırılmışdır ki, iddiaçının sığınacaq üçün əsasları mövcud deyildir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli İQ-74/1 saylı qərarının surətindən görünür ki, Əfqanıstan İslam Respublikasının vətəndaşı İddiaçı qaçqın statusu verilməsindən imtina edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli 125 saylı qərarının surətindən görünür ki, qaçqın statusu verilməsindən imtina edilməsinə dair Dövlət Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli İQ- 74/1 saylı qərarından Əfqanıstan İslam Respublikasının vətəndaşı İddiaçı tərəfindən verilmiş şikayət əsassız olduğuna görə təmin edilməyərək qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Taliblərin onun övladlarının dövlət orqanlarında işlədiklərinə, iki oğlunun talibanın sıralarına qoşulmaq təkliflərini rədd etdikləri üçün təhdid edərək ölümlə hədələndikləri üçün öz ölkəsinə geri qayıtmaq istəmədiyini bildirmiş, ona görə də cavabdehin qərarı ilə razılaşmayaraq qərarların qanunsuz hesab edilməsini və ona qaçqın statusu verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəməyə təqdim edilmiş inzibati icraat materiallarından aydın olur ki, iddiaçı hər iki oğlunun taliblər tərəfindən təhdid edildiklərini, taliblərin onları öz sıralarına cəlb etməyə çalışdığını desə də, iddiaçının hazırda bir oğlu Əfqanıstanda yaşayır və ölkəni tərk etməmişdir. Bundan başqa onun söylədiklərindən oğlu və qızı ilə birlikdə Azərbaycan Respublikasına gəlməmişdən əvvəl Hindistana getdikləri, təxminən 7-8 ay orada yaşadıqları, həmin müddət ərzində qaçqın statusu almaq məqsədilə X1 Qaçqınlar üzrə Ali Komissarlığının yerli nümayəndəliyinə müraciət etdikləri, lakin müraciətin cavabını gözləmədən Əfqanıstana qayıtdıqları, daha sonra Pakistan islam Respublikasına gedərək bir müddət orada qaldıqları və sonradan Əfqanistana qayıdaraq Azərbaycan Respublikasına gəldikləri məlum olmuşdur. İnzibati icraat materiallarından həmçinin aydın olur ki, iddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İddiaçının nə özü, nə də ailə üzvləri vətəndaşları olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. İddiaçı ümumi təhlükəsizlik səbəbindən ölkəsində qala bilmədiyini, təqibə məruz qaldığını və bu səbəbdən də ölkəsini tərk etdiyini bildirsə də, iddiaçının qorxu və həyəcanları ehtimallara əsaslanmaqla məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçı barəsində əsaslandırılmış təqibin mövcud olmadığı müəyyən edilmişdir. Göstərilən dəlillər «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» xx xxx 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində «qaçqın»a verilən anlayışın tələbləri ilə əhatə olunmadığı, həmçinin Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası»nın 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyi üçün, məhkəmə cavabdeh tərəfindən qəbul edilmiş qərarları qanuni və əsaslı hesab edir. «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Beləliklə, iddia tələbinin əsası kimi istinad edilən hallar iş materialları ilə sübut edilmədiyindən, bundan fərqli olaraq isə mübahisələndirilən qərarın qanunauyğunluğu məhkəmə araşdırması zamanı təsdiq edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68, 69, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar