Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4718/2020 29.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə iddiaçı “xxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «su təsərrüfatı pasportunun hazırlanması və verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxxxxxxxxx” ASC Cavabdeh ASC-yə qarşı «su təsərrüfatı pasportunun hazırlanması və verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, “xxxxxxxxxxxxxxxxxxx” ASC Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 310 ünvanında fəaliyyət göstərir. Müəssisə suya olan təlabatını ödəmək üçün həyətdə qazılmış artezian quyusundan istifadə edir. Quyudan çıxan suya görə sayğac quraşdırılmışdır. Cavabdeh ASC-nin Nizami rayon Su kanal idarəsi tərəfindən hər ay kanalizasiyadan istifadəyə görə verilən hesab-fakturalarda quyudan çıxan bütün suya görə ödəniş tələb olunur. Guya “xxxxxxxxxxxxxxxxxxx” ASC quyudan sıxan bütün suyu kanalizasiyaya axıdır. Təbii ki, təqdim edilən hesab-fakturalar reallığıa qətiyyən uyğun gəlmir. Bununla əlaqədar olaraq, qurum 2014-cü il tarixdən başlayaraq, bu günədək dəfələrlə Cavabdeh ASC-yə müraciət edərək “Su təsərrüfatı pasportu”nun hazırlanmasını xahiş etmişdir. Sonuncu müraciət 2020-ci ilin mart ayında olmuşdur. Lakin bu məsələ hələ də öz həllini tapmamışdır. Bu isə müəssisənin fəaliyyətinə ciddi zərər vurur. Cavab verilmişdir ki, su təsərrüfatı pasportunun hazırlanması barədə müraciətə “Su təsərrüfatı pasportunun nümunəsi, tərtibi və razılaşdırılması Qaydaları” təsdiq edildikdən sonra baxıla bilər. “«Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının xx xxx 2014-cü il tarixli 970-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2014-cü il tarixli 192 nömrəli Fərmanının 1.1-ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “«Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması ilə bağlı təklifləri iki ay müddətində Azərbaycan Respublikası Prezidentinə təqdim edilsin. Həmin Fərmanın 1.2-ci bəndində qeyd olunur ki, «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin 5-ci hissəsinə uyğun olaraq su təsərrüfatı pasportunun nümunəsi, tərtibi və razılaşdırılması qaydası üç ay müddətində Azərbaycan Respublikası Prezidenti ilə razılaşdırılmaqla müəyyən edilsin. Fərmanın 1.3-cü bəndinə isə, həmin Qanunun 12-ci maddəsinin “a” yarımbəndinə uyğun olaraq istehlakçıların məişət (təsərrüfat) - işməli, istehsalat və digər məqsədlər üçün təmin edilməli olduqları suyun miqdarının müəyyən edilməsi göstərilmişdir. Yuxarıda qeyd olunanlara əsaslanaraq, “xxxxxxxxxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 310 ünvanında sudan istifadəyə görə “Su təsərrüfatı pasportu”nun hazırlanması və verilməsi öhdəliyinin Cavabdeh ASC-nin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı münasibətdə (etirazda) aşağıdakılar bildirilmişdir: - İddia tələbi rədd edilməlidir. Belə ki, «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin 5-ci bəndinə əsasən istehlakçının su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulması üçün texniki şərtlərin verilməsi, habelə su təsərrüfatı pasportunun nümunəsi, tərtibi və razılaşdırılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddədə göstərilən müvafiq icra hakimiyyəti orqanı dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edilmişdir. Hazırkı şəraitdə su təsərrüfatı pasportunun nümunəsi, tərtibi və razılaşdırılması qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edildiyi üçün su təsərrüfatı pasportunun verilməsi mümkünsüzdür. Digər tərəfdən, “xxxxxxxxxxxxxxxxxxx” ASC-nin istifadə etdiyi və su xəttinin özərinə su sayğacı quraşdırılmışdır. İddiaçı tərəfindən kanalizasiyaya axıdılan tullantı sularının hesabatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 262 saylı xx xxxx 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Sudan istifadə Qaydaları»na uyğun olaraq həmin su sayğacının göstəricisinə əsasən aparılır. Həmin Qaydaların 7.25-ci bəndində qeyd edilir ki, kanalizasiya şəbəkəsinə axıdılan istehsalat tullantı sularının uçotu müəssisənin su təsərrüfatı pasportunun və (və ya) suölçən cihazının göstəricisinə əsasən hesablanır. Bu fakt həmçinin, iddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” müqavilənin 3.4-cü bəndində öz əksini tapmışdır. Göstərilənlərə əsaslanaraq, iddianın rədd edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə müvafiq məlumat verilmişdir. Məhkəmə iclasına iddaçı tərəf gəlməmiş, cavabdehin nümayəndəsi gəlmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 27-ci maddəsinə əsasən aşağıdakılar inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar: iddiaçı (və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi), cavabdeh, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər. MPM-in 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun 1ci maddəsinə əsasən su təsərrüfatı pasportu – əhali qrupuna aid olan istehlakçılar istisna olmaqla, su təchizatı və kanalizasiya obyektinin fəaliyyət, istismar və texniki xüsusiyyətlərindən asılı olaraq istifadə etdikləri (edəcəkləri) suyun, kanalizasiya sistemlərinə axıdılan (axıdılacaq) tullantı sularının normativ həcmini və tərkibindəki çirkləndirici maddələrin yol verilən qatılıq həddini müəyyənləşdirən texniki sənəddir. Həmin Qanunun 23-cü maddəsinin beşinci hissəsinə əsasən istehlakçının su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulması üçün texniki şərtlərin verilməsi, habelə su təsərrüfatı pasportunun nümunəsi, tərtibi və razılaşdırılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin “«Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx xxxxxx 2000-ci il tarixli 266 nömrəli Fərmanının 2-ci bəndinə görə həmin qanunun 23-cü maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 262 nömrəli xx xxxx 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Sudan istifadə Qaydaları»nın 7-ci bəındinə görə suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Su təchizatı və kanalizasiya müəssisəsi smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini su təchizatı və kanalizasiya müəssisəsi ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Göründüyü kimi, qanun qanunvericilikdə istehlakçının su təchizatı və tullantı sularının axıdılması ilə bağlı texniki sənəd kimi su təsərrüfatı pasportunun verilməsi nəzərdə tutsa da, müvafiq Fərmanla həmin sənədin tərtibi və razılaşdırılması qaydalarının müəyyən edilməsini müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinə həvalə olunmuşdur. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 262 nömrəli xx xxxx 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Sudan istifadə Qaydaları»nın müddəaları suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılma ilə bağlı sərfiyyata görə ödənişin aparılmasını tənzimləyir, həm də bununla bağlı inzibati praktika da mövcuddur. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabineti müvafiq icra hakimiyyəti orqanı kimi «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin 5-ci hissəsində nəzərdə tutulan qaydaları təsdiqləməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Bununla da məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh ASC tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmadığından, iddia mümkün sayıla bilməz. AR Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü və 9-cu bəndlərində vurğulanmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərəəsasən və İPM-in 23, 35, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə(Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4718/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4718/2020
29.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver