Məhkəmə qərarları › İş №2-1(112)-4720/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4720/2022

11.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4720/2022 11.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Nəsimi rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydində düzəliş edilməsi vəzifəsinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək 730 saylı 23.03.1971-ci il tarixli doğum haqqında akt qeydində “Nərminə” adı “Nərmin” adı ilə əvəz olunması öhdəliyinin Nəsimi rayon qeydiyyat şöbəsinin üzərinə qoyulması tələbi irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1971-ci il tarixində Bakı şəhərində anadan olub. 23.03.1971-ci il tarixində tərtib edilmiş 730 saylı doğum haqqında şəhadətnamədə uşaq haqqında məlumat qrafasında adım ilk öncə səhv olaraq “Nərminə” yazılsa da, daha sonra valideynlərimin müraciəti əsasında “Nərmin” olaraq düzəldilmiş və doğum haqqında akt qeydində də müvafiq düzəlişlərin olunması bildirilmişdir. 1971-ci ilin mart ayından 2021-ci ilin oktyabr ayınadək, yəni 50 il müddətdə bütün sənədləşmə işlərində (şəxsiyyət vəsiqəsi, orta məktəb attestatı, ali məktəb diplomu, nikah haqqında şəhadətnamə, uşaqlarımın doğum şəhadətnamələri, xarici pasport və s.) adı “Nərmin” olaraq qeyd edilmişdir. 2021-ci ilin oktyabr ayında sənədlərin təsdiqi ilə bağlı Notariusa müraciət edən zaman doğum şəhadətnamədə adın “Nərminə”dən “Nərmin”ə düzəldilməsi nəzərə çarpmış və müvafiq sənədin qeydə alındığı Xətai Rayon Qeydiyyat şöbəsinə müraciətdən sonra adın həmin sənədin üzərində dəyişdirilərək “Nərmin" olmasına baxmayaraq, doğum haqqında aktın qeydində dəyişdirilmədiyi və “Nərminə” olması faktı aşkara çıxmışdır. Bu səbəblə mən doğum haqqında akt qeydinə düzəliş edilərək uşaq haqqında məlumat qrafasında adımın “Nərminə”dən “Nərmin”ə düzəliş edilməsi ilə bağlı qeydiyyatda olduğum Nəsimi Rayonu Qeydiyyat İdarəsinə müraciət etmişəm. Qurumun 2 noyabr 2021-ci il tarixli cavab məktubunda təqdim edilən sənədlər arasında ziddiyyət olduğundan qeydiyyat şöbəsində müvafiq düzəlişin edilməsinin mümkün olmaması ilə bağlı imtina cavabı alıb.

3. İddiaçının müraciətinə cavab olaraq cavabdeh qurum tərəfindən sənədlər nəzərdən keçirilərkən Xətai rayon qeydiyyat şöbəsi tərəfindən 23.03.1971-ci il tarixdə tərtib edilmiş 730 saylı doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında adı “Nərminə” yazıldığı halda, 09.05.2021 -ci il tarixdə ASAN 1 tərəfindən verilmiş AA******* seriya nömrəli şəxsiyyət vəsiqənizdə isə adı “Nərmin" göstərildiyi müəyyən edilmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinin tələblərinə əsasən X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbələrinin qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər Təqdim edilən sənədlər arasında ziddiyyət olduğundan qeydiyyat şöbəsində müvafiq düzəlişin edilməsi mümkün olmamışdır.

4. Məhkəmənin sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən bildirilmişdir ki, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı ilk dəfə 04.09.2005-ci il tarixdə şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir.

5. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş SSR vətəndaşının pasportunun surətinə əsasən, şəxsin adı İddiaçı olaraq göstərilmişdir.

6. Məhkəmə iclasında tədqiq edilmiş doğum haqqında şəhadətnamənin əslindən görünür ki, Xətai rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 23.03.1971-ci il tarixli doğum haqqında şəhadətnamənin (730 saylı 23.03.1971-ci il tarixli doğum haqqında akt qeydinə əsasən) “ad” qrafasında sonluğa texniki üsulla düzəliş edilərək doğulmuş şəxsin adı “Nərmin” yazılmışdır. Cavabdeh qurum bildirir ki, doğum haqqında akt qeydində vətəndaşın adı “Nərminə” olaraq yazılmışdır.

7. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir.

8. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) cavabdeh qurum iştirak etmir, məhkəməyə ünvanladığı məktubda işə nümayəndənin iştirakı olmadan baxılması xahiş edilir.

II. İddianın növü

9. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.

10. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

11. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.

12. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

13. İddia öhdəliyin icrasına dair iddiadır. III. İddanın mümkünlüyü və məhkəmənin mövqeyi

14. Məhkəmə mövqeyini iddianın mümkünlüyünə qiymət verməklə bildirməyi zəruri hesab edir.

15. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarilxi, 03 nömrəli Qərarından: 6.1. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) X1 dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər.

16. Hazırki iddia qeydiyyat orqanın hərəkətlərindən şikayətlə, yəni nikah haqqında akt qeydində düzəliş edilməsi ilə bağlıdır bağlıdır.

17. İddia mümkündür.

18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

19. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 1-ci bəndinə əsasən, X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”ndan: 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.12. Adın, ata adının və soyadın dəyişdirilməsi məsələsinin düzgün həll olunması üçün qeydiyyat şöbəsi və ya konsulluq ərizə daxil olduğu vaxtdan 7 gün müddətində ərizə verən şəxsin doğumu, nikahdadırsa nikah haqqında, övladları vardırsa, onların doğum haqqında akt qeydlərinin surətlərini, müvafiq hallarda isə övladlığa götürmə, atalığın müəyyən edilməsi və nikahın pozulması haqqında akt qeydlərinin surətlərini əldə etmək məqsədi ilə bu aktların saxlanıldığı qeydiyyat orqanına, akt qeydi həmin orqanda olmadıqda isə X1 Reyestri Xidmətinə sorğu verir. 6.13. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə bu Qaydaların 6.12-ci bəndində göstərilən akt qeydləri olduqda baxılır. Həmin akt qeydləri itirilmişdirsə və ya onlarda hər hansı uyğunsuzluq vardırsa, ərizə və ona əlavə edilmiş sənədlər ərizə verən şəxsə qaytarılır, itirilmiş akt qeydinin bərpa olunması və ya akt qeydində dəyişiklik aparılması qaydası ona izah edilir. 6.15. Ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərir. 6.17. Qeydiyyat şöbəsi və ya konsulluq əldə olunmuş sənədlərə əsasən ərizənin məzmununu və yoxlamanın nəticələrini nəzərə alaraq, 15 gün müddətində ərizə verən şəxsin soyadının, adının, ata adının dəyişdirilməsinin mümkünlüyünü əks etdirən rəy tərtib edir. 6.18. Adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi və ya konsulluq bundan imtina edilməsi barədə bu Qaydaların 1.5-ci bəndində nəzərdə tutulan qərarı çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarır.

21. X6 Məhkəməsinin presedent hüququna əsasən: - “zəruri” anlayışı “əvəzolunmaz” anlayışının sinonimi deyil, o cümlədən bu anlayış “qəbul edilən”, “adi”, “ağlabatan”, “faydalı” və ya “arzu edilən” ifadələrinə xas olan çevikliyə malik deyil; - Razılğa gələn dövlətlər məhdudiyyətlərin tətbiqi zamanı müəyyən, lakin qeyri-məhdud olmayan qiymətləndirmə sərbəstliyi hüququna malikdirlər, lakin onların Konvensiyaya uyğunluğuna dair yekun qiymətləndirmə Avropa Məhkəməsinin səlahiyyətindədir; - “demokratik cəmiyyətdə zəruri” anlayışı onu ifadə edir ki, müdaxilə Konvensiya ilə uzlaşmaqla “təxirəsalınmaz ictimai ehtiyaca” uyğun və “qarşıya qoyulmuş qanuni məqsədə mütənasib” olmalıdır; - Hüquqların təminatının məhdudlaşdırılmasına dair Konvensiyadakı maddələr məhdud təvsir olunmalıdırlar (X2rşı).

22. Beləliklə, məhkəmə hesab edir ki, doğum haqqında akt qeydində iddiaçının adı “Nərminə” olaraq yazıldığından iddiaçı faktiki olaraq adını “Nərminə”dən “Nərmin”ə dəyişdirilməsini istəyir. Məhkəmə nəzərə alır ki, istər sovet pasportunda, istərsə də şəxsiyyət vəsiqəsində iddiaçının adı “Nərmin” olaraq göstərilmişdir. Odur ki, dəyişikliyin edilməsi üçün kifayət qədər əsas var, əks yanaşma həddən artıq formallıq hesab oluna bilər və müvafiq düzəlişin həyata keçirilməsindən imtina edilməsi demokratik cəmiyyətdə “zəruri” hesab edilə bilməz.

23. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, ədalət mühakiməsinə əlçatanlıq Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ayrılmaz tərkib hissəsi olmaqla demokratik cəmiyyətdə hər kəs üçün ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsini zəruri edir (X4rşı iş üzrə 1975-ci il 21 fevral tarixli Qərar).

24. Qeyd olunanları nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, məhkəmə müdafiəsi hüququnun təmin edilməsi üçün ədalət mühakiməsinə əlçatanlıq böyük əhəmiyyət kəsb edir. Ədalət mühakiməsinə əlçatanlıq hüququn aliliyi prinsipinin əsasını təşkil edərək, hər kəs üçün məhkəməyə müraciət hüququnun bərabər şəkildə tanınmasını, subyektiv hüquq və maraqlarının pozulmasınadək mövcud olmuş vəziyyətin tezliklə və effektiv bərpa edilməsi mexanizminin təmin edilməsini ehtiva edir (“Azərçörək” İstehsalat Birliyinin 18 saylı müəssisəsinin direktoru Rauf Əfəndiyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 1 may 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2019-cu il tarixli Qərarı).

25. Odur ki, doğum haqqında akt qeydində müvafiq düzəlişi etmək öhdəliyi cavabdehin üzərinə qoyulmalı, cavabdeh qurumun imtinası “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 13, 17, 19, 24-cü maddələrinə zidd olduğundan qanunsuz hesab edilməlidir.

26. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. Xətai rayon qeydiyyat şöbəsi tərəfindən 23.03.1971-ci il tarixdə tərtib edilmiş 730 saylı doğum haqqında akt qeydində “ad” bəndində “Nərminə”dən “Nərmin” adına düzəliş edilməsi vəzifəsi cavabdeh Nəsimi rayon qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Cavabdehin imtinası qanunsuz hesab olunsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar