Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4721/2024 07.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “yerləşmə cizgisinin verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 2495 saylı sərəncamına əsasən Baki şəhəri, Suraxanı Rayonu, Zığ qəsəbəsinin qərb hissəsində yerləşən 600 kv.m torpaq sahəsinə cizginin verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də Rayon İcra Hakimiyyətləri tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən, çıxa; ışlar vermək və surətini təsdiqləmək səlahiyyətləri nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş, “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətləri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən, həmçinin Azərbaycan Respubikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yerqurluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinin tələblərinə əsasən yerqurluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirildiyindən müraciətinin müsbət həlli səlahiyyətlərləri xaricindədir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 2495 saylı sərəncamına əsasən Bakı şəhəri, Suraxanı Rayonu, Zığ qəsəbəsinin qərb hissəsində yerləşən 600 kv.m torpaq sahəsinə cizginin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli 2495 saylı sərəncamı ilə mərhum həyat yoldaşı X2 fərdi yaşayış evi tikmək üçün Suraxanı rayonu Zığ qəsəbəsinin qərb hissəsində 600 kv.m torpaq sahəsi ayrılmışdır. Bundan sonra mərhum həyat yoldaşı həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. Torpaq sahəsinin sənədləşdirilməsi məqsədi ilə 2 saylı Bakı Asan Xidmət mərkəzinə müraciət etmişdir. Müraciəti əsasında Milli Arxiv İdarəsinə sorğu göndərilmiş və cavab olaraq bildirilmişdir ki, sərəncama akt və cizgi əlavə edilməmişdir. Bundan əlavə, xx.xx.2023-cü il tarixli Suraxanı rayon İH-nin rəsmi məktubuna əsasən mərhum həyat yoldaşına torpaq sahəsinin ayrılması öz təsdiqini tapmışdır. Qeyd edir ki, hazırda yaşadığı fərdi yaşayış evinin altında yerləşən 600 kv.m torpaq sahəsinə mülkiyyət hüququ əldə etmək istəyir. Bununla əlaqədar cavabdeh Suraxanı rayon İH-nə rəsmi müraciət etmişdir. Cavabdeh orqan isə xx.xx.2023-cü il tarixli rəsmi məktubla bundan imtina etmişdir. Cavabdeh yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). III. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə isə məhkəmə qeyd edir ki, işdə olan Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 2495 nömrəli sərəncamından görünür ki, X5 fərdi yaşayış evi tikmək üçün Zığ qəsəbəsinin qərb hissəsində, 600 kv.m torpaq sahəsi ayrılmışdır. Vət. Novruzova ayrılmış sahədə fərdi yaşayış evi tikintisinə icazə verilmişdir. xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı və X3 arasında xx.xx.1982-ci il tarixdə nikah bağlanmışdır. xx.xx.2018-ci il tarixli, 932509 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2018-ci il tarixində ölmüşdür. Bakı şəhəri 10 saylı Notariat kontorunun xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, mərhum, X1 adma olan, Bakı şəhəri, Suraxanı rayon İcra hakimiyyəti başçısının 2495 saylı 17 dekabr 1999-cu il tarixli Sərəncamına əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində yerləşən sahəsi 600 (altı yüz) kv.m. olan torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı, Bakı şəhəri 10 saylı notariat kontoruna, mərhumun arvadı- İddiaçı Mikayıl qızı tərəfindən müraciət olunmuşdur. Mərhum- X1 xx.xx.2018-ci ildə vəfatı ilə əlaqədar vərəsənin ərizəsi əsasında tərəfimizdən vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixli, 163 reyestr nömrəli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 2495 saylı sərəncamına əsasən fərdi yaşayış evi tikmək üçün iddiaçının istifadəsinə ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində yerləşən torpaq sahəsi yaşayış məntəqələrinin torpaqlarına aiddir koordinatları müəyyən edilərək rəyə əlavə edilmiş ortofoto görüntüsündə qeyd edilmişdir. Həmin torpaq sahəsi dövlət mülkiyyətinə aiddir, tikililərin mövqeyində hər hansı uyğunsuzluq yoxdur, 124 kv.metr artıq torpaq sahəsindən istifadə edilmişdir. Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 5-20/2-2- 91/24 nömrəli məktubundan görünür ki, vətəndaş İddiaçı Suraxanı rayonu Zığ qəsəbəsi qərb hissəsində 600 kv m torpaq sahəsində tikilmiş evdə 2000-ci ildən qeydiyyatsız yaşayır. Oğlu -X9, gəlini -X10, nəvəsi-İddiaçı Novruz qızı, nəvəsi-X6, nəvəsi-X7 onunla birgə həmin evdə birgə yaşayanlardır. İddiaçı hazırda fərdi yaşayış evinin tikintisi üçün mərhum əri İddiaçı ayrılmış 600 kv.metr torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilməsini xahiş edir. Cavabdeh isə belə bir səlahiyyətinin olmadığına istinad edərək iddiaçının ərizəsini təmin etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, mübahisəli sərəncamın qəbul edildiyi dövrdə qüvvədə olan xx.xx.1991-ci il tarixli Torpaq Məcəlləsinin: -7-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. - 10-cu madəsinə görə torpaq Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə yerli icra hakimiyyəti orqanlarının vəsatətlərinə əsasən rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə aşağıdakı məqsədlər üçün verilir: 1) fərdi yaşayış evi və köməkçi tikililərin inşası, habelə şəxsi yardımçı kənd təsərrüfatı (həyətyanı sahə) üçün — həmin ərazidə daimi yaşayanlara; - 22-ci maddəsinə görə torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 3) torpaq kadastrının aparılmasını təşkil etmək... 5) yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yertəsərrüfat quruluşu planlarının hazırlanması və həyata keçirilməsini təşkil etmək... - 29-cu maddəsinə görə müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. - 72-ci maddəsinə görə qaraj-tikinti kooperativləri üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetinin qərarı ilə kooperativin üzvlərinin şəxsi avtomobillərinin, digər nəqliyyat vasitələrinin saxlanılması üçün verilir. İstinad olunan normlardan görünür ki, fərdi yaşayış evinin tikinisi üçün icazə verilərkən ayrılmış torpaq sahəsinə dair torpaqayırma aktı da tərtib edilməli idi. İşdən görünür ki, İddiaçı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılsa da, ayrılmış sahənin cizgisi tərtib edilməmişdir. İddiaçı hazırda həmin cizginin, daha doğursu, artıq tərtib edilmiş cizginin “dublikat”ının verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, nə qədər ki, cavabdeh həmin sənədi torpaq ayırma zamanı tərtib etmək vəzifəsi, iddiaçı tələb etdikdə isə onun “dulikatı”nın (surətinin) təqdim edilməsi vəzifəsi daşımışdır, deməli, iddiaçı hazırkı tələbində haqlıdır. Həmin sənədin hazırda cavabdeh orqanda saxlanılmaması, yaxud icra hakimiyyətinin hazırda torpaqayırma səlahiyəytinin olmaması onu bu vəzifəsinin icrasından azad etmir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz, iddiaçının tələbi isə əsaslı olmuşdur. Bu səbəbdən iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1999-cu il tarixli, 2495 nömrəli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün X5 ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən 600 kv.metr torpaq sahəsinə dair yerləşmə cizgisinin tərtib edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-4721/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4721/2024
07.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver